18.07.2019 17:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
MÜSAHİBƏ| “Qarşı tərəfə iradəmizi qəbul etdirəcəyimizə ümidin perspekti yoxdur”

 
 



Tert.am, Ermənistan
08.04.2019


Müəllif: Tiqranuhi Martirosyan

Danışıqlar prosesinin indiki, nisbətən əlverişli şərtlərini əbədi qoruyub-saxlamaq mümkün deyil. Bizim öz, başqalarının da öz anlayışı var.

Bunu “Tert.am”a müsahibəsində Amerika Birləşmiş Ştatlarının Miçiqan Universitetinin professoru, tarixçi, 1994-97-ci illərdə Ermənistan prezidenti Levon Ter-Petrosyanın baş müşaviri olmuş Jirayr Liparityan deyib. “Biz bir şeyi anlamalıyıq: öz məntiqimizi nə qədər sarsılmaz hesab etsək də, başqalarının da öz məntiqi var və onlar da öz məntiqini sarsılmaz hesab edir”, - deyə Jirayr Liparityan bildirib. Onun fikrincə, müharibədən yayınmaq bizim qərarlarımızda asılı deyil: “Erməni tərəfi anlamalıdır ki, qarşı tərəfin hesablamaları bizim hesablamalardan fərqlənir”.

- Baş nazir Nikol Paşinyan “DQR”i (dırnaq işarəsi bizə aiddir - WM) danışıqlar masası arxasına qaytaracağını bəyan edib. Neçə düşünürsünüz, Ermənistan bu istəyini Bakıya qəbul etdirə biləcəkmi?

- Nikol Paşinyan bu ciddi məsələni praktiki çətinliklərdən irəli gələn qayğı üzündən qaldırıb. Qarabağ münaqişəsi kifayət qədər mürəkkəb problemdir. Biz çox çətin danışıqlar prosesinin iştirakçısıyıq. Güman edirəm ki, Bakını “DQR”in danışıqlar prosesinə bərabərhüquqlu tərəf kimi cəlbinə razı salmaq həddindən artıq çətin işdir. Ümid edirəm ki, heç olmasa, “DQR”in prosesdə iştirakının parametrlərini genişləndirməyə nail olacağıq.

- Nikol Paşinyanın ““DQR”in danışıqlara cəlbini təmin edəcəyi” haqda bəyanatından sonra ATƏT-in Minsk qrupu həmsədrləri danışıqlar formatının dəyişdirilməsinə qarşı çıxıblar. Halbuki, onlar illər öncə əlverişli şərait yaranan zaman bunun baş tuta biləcəyini deyirdilər. Neçə düşünürsünüz, ATƏT-in Minsk qrupu “DQR”in prosesə cəlbinə qarşıdır? Yəni onların mövqeyi dəyişib?

- Həmsədrlər məsələyə Bakı buna qarşı olduğu üçün etiraz edir. Onlar düşünür ki, Paşinyanın təklifi danışıqların gedişinə mane ola bilər. Hər halda, bildiyimə görə, Ermənistanın baş naziri bu təklifi danışıqların davam etdirməsi üçün ön şərt kimi irəli sürmür.

- Bu gün Ermənistanda siyasi dairələr və ekspertlər Dağlıq Qarabağın danışıqlar prosesindən nə vaxtdan kənarda qaldığına dair də müzakirələr aparır. Bu haqda müxtəlif fikirlər var. Məsələn, Viktor Soğomonyan deyir ki, “DQR” danışıqlarda fiziki olaraq heç zaman iştirak etməyib. Siz necə düşünürsünüz, “DQR” prosesdə fiziki baxımdan nə vaxt iştirak edib və hansı hakimiyyətin dövründə danışıqlar prosesindən kənarlaşdırılıb?

- Viktor Soğomonyanın bu məlumatı kimdən aldığını, haradan götürdüyünü deyə bilmərəm. Məgər bunu proseslərdə fəal iştirak etmiş şəxslərdən soruşmaq çətindir? Məsələn, “DQR”in keçmiş “xarici işlər naziri”, daha sonra isə “prezident”i olmuş Arkadi Ğukasyandan. O bir vaxtlar Azərbaycan nümayəndələrilə danışıqlar masası ətrafında əyləşirdi. “DQR” bu günədək Minsk qrupu çərçivəsində aparılan danışıqlarda müxtəlif formalarda iştirak edib.

Minsk qrupu prosesinin lap əvvəlində tam heyətlə ilk görüş 1992-ci il iyinun 1-də Romada keçirilib. O zaman Yerevanın bütün səylərinə baxmayaraq, “DQR” nümayəndələri danışıqlarda iştirak edə bilməyib. Lakin Romada keçirilmiş ikinci iclasda onların fiziki iştirakı təmin edilmişdi. Bundan sonra Minsk qrupunun tam heyətlə fəaliyyət göstərdiyi dövrdə “DQR” də danışıqlar prosesində iştirak edib.

Səhv etmirəmsə, bu, 1996-cı ilə qədər davam edib. Müəyyən vaxtdan sonra görüş Minsk qrupunun 11 üzvünün 9-nun iştirakı ilə, yəni Ermənistansız və Azərbaycansız aparılmağa başladı. Məhz bu 9 üzv müəyyən təkliflər hazırlayaraq münaqişə tərəflərinə təqdim edirdi. 1997-ci ildən Minsk qrupunun adından üç həmsədr ölkələr çıxış etməyə başlayıb. Halbuki, Yerevan öz iradəsini Dağlıq Qarabağa zorla qəbul etdirməyəcəyini hər zaman deyib. O, “DQR”i hər zaman münaqişə tərəfi hesab edib. Lakin 1998-ci ildən vəziyyət dəyişib. Ermənistanın ikinci prezidenti Robert Köçəryan münaqişənin həllinin məsuliyyətini tam olaraq öz üzərinə götürmüşdü. Çünki o, “DQR”in rəhbəri olmuşdu və özünü “müharibədə qalib gəlmiş şəxs” hesab edirdi.

Hər zaman demişəm və indi də bəyan edirəm ki, o öz qeyri-legitim hakimiyyətini qorumaq üçün başqa ölkələrə və beynəlxalq ictimaiyyətə bir fikri sırıyırdı: əgər mən danışıqlarda həm Ermənistanı, həm də “DQR”i təmsil edərəmsə, danışıqlar daha uğurlu, münaqişənin həlli daha asan olar.

Bu format Robert Köçəryanın hakimiyyətindən sonra da, 2018-ci ilədək davam edib. Bildiyimə görə buna “DQR” də etiraz etməyib. Yəni onlar danışıqlarda birbaşa iştirakda israr etməyiblər. Fikrimcə, danışıqların formatından, rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq, Ermənistanın prosesdəki rolunu müsbət qiymətləndirmək olar. “DQR” yox, məhz Ermənistan Respublikası beynəlxalq təşkilatların üzvüdür. Ona görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Bu BMT Təhlükəsizlik Şurasının 1993-cü il 12 noyabr tarixli 884 saylı qətnaməsində də öz əksini tapıb. Sənəddə deyilir ki, Ermənistan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının daha öncə qəbul etdiyi üç qətnamənin yerinə yetirməsi üçün “DQR”ə təsiri imkanlarından istifadə etməlidir. Həmin qətnamələrdə osə erməni qoşunlarının ərazidən çıxarılması tələb olunur.

- “DQR”in danışıqlarda iştirakı münaqişənin həllini yaxınlaşdırarmı?

- Düşünürəm ki, “DQR”in müzakirələrdə iştirakı danışıqlar prosesi üçün faydalı olar. Amma istənilən halda, münaqişənin həlli üçün tərəflər qarşılıqlı güzəştlərə getməlidir. Əgər tərəflərdən biri danışıqlarda maksimum tələblər irəli sürürsə və minimum tələblərin çərçivəsini müəyyən etməyibsə, “DQR”in danışıqlarda iştirak edib-etməməsinin heç bir fərqi yoxdur. Onların prosesdə iştirakı nə qədər vacib görünsə də, bu, fikrimizi münaqişənin həllinə dair əsas məsələlərdən yayındırmamalıdır. Bir şeyi bilməliyik ki, danışıqlar prosesinin indiki, yəni nisbətən əlverişli şərtlərini əbədi qoruyub-saxlamaq mümkün deyil. Bu gün münaqişənin həlli istiqamətində ciddi irəliləyişə nail olmaq üçün yaxşı imkan yaranıb. Bizim öz zaman anlayışımız var, başqalarının öz anlayışı. Biz anlamalıyıq ki, öz məntiqimizi sarsılmaz hesab etsək də, başqalarının da öz məntiqi var, və onlar da öz məntiqini sarsılmaz hesab edir. Müharibədən yayınmaq bizim qərarlarımızdan asılı deyil. Erməni tərəfi onu da bilməlidir ki, qarşı tərəfin hesablamaları bizim hesablamalardan fərqlənir. Bütün dünyaya və qarşı tərəfə öz iradəmizi qəbul etdirəcəyimizə ümid etmək kifayət qədər perspektivsiz strategiyadır.

O ki qaldı müharibəyə, bunun nə ilə nəticələnəcəyini heç kəs indidən proqnozlaşdıra bilməz. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu nəzərə alaraq, xatırlatmaq istərdim ki, Rusiya-ABŞ münasibətləri də çətin dövrünü yaşayır. İndiki şəraitdə ən təhlükəlisi münasibətlərin hansı məcrada gedəcəyini proqnozlaşdırmağın mümkünsüzlüyüdür. Ümumiyyətlə hazırda ABŞ tarazlaşdırılmamış xarici siyasət yürüdür. Onun ənənəvi müttəfiqi olan Fransa ilə belə, ciddi problemləri yaranıb. Hesab edirəm ki, böyük dövlətlərin münasibətləri daha da korlanmamış, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq lazımdır.

- Siyasi dairələr və ekspertlər hələ də Nikol Paşinyanla İlham Əliyevin Vyana görüşü müzakirə edir. Bəziləri deyir ki, görüşlər nəticəsizdir, digərləri isə görüşün keçirilməsi faktının nailiyyət olduğunu düşünür. Bu haqda nə düşünürsünüz?

- Fikrimcə görüşün keçirilməsi istənilən halda müsbət faktdır. Azərbaycan və Ermənistan rəhbərlərinin bir-birini yaxından tanıması lazımdır. Tərəflər bir-birinin mövqeyini öyrənməlidir. Onlar bir-birinin sözlərinə inanmalı, etibar etməlidir. Məhz bunun nəticəsidir ki, son zamanlar qoşunların təmas xəttində nisbi sakitlik müşahidə olunur. Hesab edirəm ki, Ermənistanın yüksək rütbəli məmurları baş nazirin söylədiyi fikirlərə zidd, yaxud bu fikirləri şübhə altına qoyan bəyanatlarla çıxış etməməlidir. Bu, çox prinsipial məsələdir. Baş nazir etimad mühiti yaratmaq üçün əlindən gələni edir. Bu işdə ona heç kəs mane olmamalıdır.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Tert.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az