18.04.2019 22:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Sanki Vaşinqtonla Paris Moskvanın Qarabağ ssenarisinin tətbiqinə razılaşıb - MÜSAHİBƏ

 
 



1in.am, Ermənistan
12.04.2019


Müəllif: Maryan Qriqoryan

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Vyanada keçirilmiş görüş hələ də ictimai-siyasi dairələrin, Ermənistan mətbuatının, həmçinin xarici KİV-in diqqət mərkəzindədir.

Faktiki olaraq, bu danışıqlarda ciddi irəliləyiş əldə edilməyib. Əksinə, İlham Əliyev Bakıya qayıtdıqdan dərhal sonra Ermənistanın ünvanına yenidən sərt bəyanatlar səsləndirməyə, müharibəyə hazırlıq haqda danışmağa başlayıb.

Vyana görüşü ilə bağlı beynəlxalq qurumların və xarici siyasi xadimlərin şərhləri də diqqətəlayiqdir. Məsələn, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini qeyd edib ki, “Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş Vyana görüşünün nəticələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyişin əldə olunacağına ümid verir”.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə öz növbəsində, Moskvanın Azərbaycan və Ermənistana Vyana görüşündə əldə edilmiş razılaşmaların həyata keçirilməsində kömək edəcəyini söyləyib.

Rusiyalı ekspert Stanislav Tarasov isə ümumiyyətlə, Vyana görüşünü “gözlənilməz” sayır. O, “1in.am”a müsahibəsində deyib: “Böyük intriqa var idi. Münaqişə tərəfləri bir-birinə zidd bəyanatlarla çıxış edirdi və elə təsəvvür yaranmışdı ki, onlar heç zaman görüşməyəcək”.

- Cənab Tarasov, baş tutmuş görüş və ondan sonra səsləndirilən bəyanatları necə qiymətləndirirsiniz?

- Görüş 3 saat davam edib. Bu, o deməkdir ki, onlar boş oturmayıb, hansısa vacib məsələni müzakirə ediblər. Üstəlik, görüşdən sonra bəzi qeyri-standart hadisələr baş verib: Nikol Paşinyan Vladimir Putinə zəng edib, daha sonra Əliyevlə Putin arasında telefon danışığı olub. Başqa sözlə, Putin-Paşinyan-Əliyev üçbucağı yaranıb. Hazırda xarici işlər nazirləri arasında görüşün keçirilməsi məsələsi müzakirə olunur. Daha sonra növbəti yüksək səviyyəli görüş olmalıdır.

Diplomatiyada belə proseslər o zaman baş verir ki, dialoq üçün predmet, müəyyən edilmiş layihə olsun. Əgər dialoq üçün predmet yoxdursa, tərəflər belə intensiv danışıqlar aparmır. Lakin təəssüf ki, əvvəllər olduğu kimi, bu gün də iki prosesin şahidi oluruq. Birincisi, danışıqlar qapalı gedir. Bu üzdən onunla bağlı çox şey məlum deyil. İkinci, Bakı ilə Yerevan arasında gedən “söz müharibəsi”dir. Bu məsələdə Yerevanın daha fəal olması Ermənistanın daxili vəziyyətilə bağlıdır. Ermənistanın müdafiə nazirinin bəyanatını yadınıza salın... Elə təsəvvür yaranır ki, Paşinyanla Əliyev başqa planetdədirlər, müharibənin necə və nə vaxt olacağını isə müdafiə naziri müəyyən edir. Jurnalistlər Mariya Zaxarovadan Ermənistanın müdafiə nazirinin bəyanatı haqda soruşan zaman o, yalnız iki ölkə liderlərinin bəyanatlarını şərh edəcəyini deyib. Çünki danışıqları məhz onlar aparır.

Fikrimcə, hazırda aparılan danışıqlar həm Ermənistan, həm də Azərbaycan üçün əlverişlidir. Əminəm ki, tərəflər münaqişənin qarşılıqlı güzəştlər əsasında həllini istisna etmir. Amma bu güzəştlərin nədən ibarət olduğunu söyləmək çox çətindir. Son dövrlərdə Nikol Paşinyan danışıqlar prosesinə Dağlıq Qarabağın qoşulmasının vacibliyi barədə danışmağa başlayıb. Fikrimcə, bu məsələ də gündəmdən çıxarılmayıb. Qarabağ erməniləri danışıqların müəyyən mərhələsində prosesə qoşulacaq.

- Mariya Zaxarova hansı nəticələrdən danışır? Vyana görüşündə hansı nəticələr əldə edilib ki?

- Yaxşı sualdır. Zaxarovanın sözləri də sübut edir ki, müəyyən nəticələr əldə edilib. Amma bu nəticələrin nədən ibarət olduğunu heç kəs bilmir. Tam əmin olmasam da, düşünürəm ki, müzakirə olunan məsələlər arasında Dağlıq Qarabağ ermənilərinin danışıqlara qoşulması, Qarabağın gələcək statusu, bəzi rayonların geri qaytarılması və sair var. Amma yenə təkrar edirəm, bu barədə heç kəs dəqiq heç nə bilmir.

- Bəzi politoloqlar deyir ki, Vyana görüşü Rusiyanı qane etməyib və o gələn görüşü öz ərazisində, Moskvada və ya Sankt-Peterburqda keçirmək istəyir. Bu, doğrudurmu?

- Söhbət ATƏT-in Minsk qrupu daxilində fikir ayrılığının olmasından getmir. Bir neçə gün öncə Elmar Məmmədyarov Moskvada Sergey Lavrovla görüşüb. Onlar təbii ki, ciddi müzakirələr aparıb. Görüşdən sonra Məmmədyarov Lavrovun danışıqlarda iştirak etmək istədiyini açıqlayıb. Bu arada onu da qeyd etmək lazımdır ki, prosesdə Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərindən daha fəaldır. Səbəb Ukraynada baş verənlər, həmçinin NATO-nun Gürcüstan istiqamətində fəallaşmasıdır. Belə bir şəraitdə vəziyyəti nəzarətə götürmək Dağlıq Qarabağda hərbi əməliyyatların bərpasını istisna etməkdir. Məsələnin birdəfəlik həllinə nail olunmasa da, tərəflərin danışıqlara cəlb edilməsi müharibənin alovlanma ehtimalını azaldır.

- Bunu danışıqlarda yeni format hesab etmək olarmı?

- Məmmədyarovun bəyanatı bunu deməyə əsas verir. Lavrov-Mnatsakanyan-Məmmədyarov. Fransa ilə Birləşmiş Ştatlar susur. Əgər münaqişə tərəflərinin rəhbərləri Putinlə danışırlarsa, demək, Moskva bu istiqamətdə təkbaşına siyasət yürüdür.

- Demək, bu tam başqa bir formatdır?

- Belə deməyə əsasımız yoxdur. Əgər Fransa və ya ABŞ buna etirazını bildirsəydi, o zaman deyə bilərdik ki, Moskva oyunu təkbaşına oynayır. Güman ki, onlar Moskvanın Qarabağ məsələsində öz ssenarisini tətbiq etməsinə razılıq veriblər. Hər halda, onlar buna mane olmurlar.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 1in.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az