26.06.2019 10:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
“Azərbaycan üçün güləşməyim Allahın istəyi idi! İranda yalnız özlərini düşünürlər”

 
 



ISNA, İran
12.04.2019


İran yığmasının keçmiş ağır çəkili güləşçisi, Azərbaycan vətəndaşlığını qəbul etmiş və bundan sonra bu ölkə üçün güləşəcək Məhəmmədrza Azərşakib: “İranda unudulmuşdum və mənimlə heç kəs maraqlanmırdı”.

Məhəmmədrza Azərşakib ISNA-ya müsahibəsində Avropa Çempionatında sərbəst güləş üzrə Azərbaycanın milli komandasında çıxışı və bu ölkənin vətəndaşlığını qəbul etməsi haqda danışıb: “3 aya yaxındır Azərbaycana gəlmişəm və bir müddət sonra, nəhayət, bu ölkə yığmasına düşə bilmişəm. İlk mərhələdə Azərbaycanı Rumıniyada keçiriləcək Avropa Çempionatında 125 kiloqram çəki dərəcəsində təmsil edəcəyəm. Halbuki, İranda bir neçə il idi yaşlandığımı deyir, mənə qarşı laqeyid yanaşırdılar. Mən isə güləşmək və medal qazanmaq istəyirdim”.

2010-cu ildə böyüklər arasında Asiya çempionatının bürünc medalını, 2006 və 2007-ci illərdə gənclər üzrə dünya çempionatının iki gümüş medalını, eləcə də 2006-cı ildə gənclər arasında Asiya çempionatının gümüş medalını qazanmış Azərşakib deyib: “İranda ağır çəkidə çox yaxşı güləşçilər var. Bu üzdən də faktiki olaraq, İran milli komandasına üzv olmaq şansım yox idi. Sonda Allahın istəyilə Azərbaycana gəldim və hazırda məqsədim dünya çempionatında və Olimpiya oyunlarında bu ölkə üçün güləşmək, medal qazanmaqdır. Əvvəlcə Avropa çempionatında iştirakım nəzərdə tutulmurdu. Odur ki, hədəfim dünya birinciliyi idi. Lakin Rusiyada keçirilən bir neçə təlim-məşq toplantısından sonra bu yarışda da güləşməyimə qərar verildi”.

“8-9 ay idi ki təlim məşqlərinə yenidən başlamışdım. Yarış meydanlarından 1-2 il uzaq düşsəm də, hazırda yaxşı formadayam. Ümid edirəm ki, bu çempionatda öz bacarığımı nümayiş etdirə biləcəyəm. İndi, 30 yaşındayam və maksimum Olimpiya Oyunlarınadək və ya daha bir il güləşə bilərəm. Odur ki, bütün hədəfim çempionatda medal qazanmaqdır”, - deyə güləşçi əlavə edib.

Azərşakib Azərbaycan vətəndaşlığı almasının qeyd olunan səbəblərlə bağlı olduğunu söyləyib: “Bəli, Allahın izni ilə bu, baş tutdu. İndi, Azərbaycan vətəndaşıyam. Azərbaycana yalnız güləşmək, medal qazanmaq üçün gəlmişdim. Başqa heç nə düşünmürdüm. İlk günlərdən məni maliyyə çağırmaları ilə bağlı təklifi irəli sürmədim və elə bu üzdən, azərbaycanlıların məndən xoşu gəldi. İndi, Camaləddin Maqomedov adlı rəqibim var və hansımız daha yaxşı nəticə göstərsək, dünya çempionatı və Olimpiya yarışına da o gedəcək. Gərək çox çalışaq”.

“İki ildən çoxdur İran yığmasında yer almırdım. Odur ki, Azərbaycanda güləşməyim üçün İran Güləş Federasiyasından icazə almağa ehtiyac yox idi. Bununla bağlı heç bir problem yoxdur”, - deyə idmançı qeyd edib.

Azərbaycan xalqının İran xalqına böyük hörmətlə yanaşdığını deyən İran yığmasının sabiq üzvü fikrini belə davam etdirib: “Məsələn, İranda bu yaxınlarda baş vermiş sel daşqınları zamanı çox sayda azərbaycanlı idmançı, güləşçi İran xalqına yardım etmək istəyirdi. Onlardan bir çoxu mənimlə və ya Sabah Şəriəti (Azərbaycan yığmasında güləşən iranlı legioner) ilə görüşərək necə yardım edə biləcəklərini soruşurdular. Biz bu ölkədə özümüzü rahat hiss edirik və yaşamağımız üçün heç bir çətinlik yoxdur”.

Azərşakib Azərbaycan dövlətinin idmançılara, o cümlədən güləşçilərə qayğısından da söz açıb: “Azərbaycan dövləti idmana böyük əhəmiyyət verir və öz çempionlarına hərtərəfli dəstək göstərir. Məsələn, Cəbrayıl Həsənov, Toğrul Əsgərov, Şərif Şərifov və ya dünya çempionatı və Olimpiya oyunlarının mükafatçıları olan digər güləşçilər hər ay İran valyutası ilə 25-30 milyon tümən maaş alır. Onlar mənzillə, avtomobillə, bütün sosial, maddi şəraitlə təmin olunurlar. Əgər bir Azərbaycan idmançısı, o cümlədən güləşçisi Avropa çempionatlarında qızıl medal qazanarsa, İran valyutası ilə 2,5 milyard tümənədək mükafat alır. Dünya çempionatı, yaxud Olimpiya oyunlarından sonra da burada müxtəlif dövlət orqanları idmançıları dəstəkləyir, medal qazanmış idmançılara kifayət qədər böyük pul mükafatı ilə yanaşı, avtomobil, mənzil hədiyyə edilir. Medal qazanmayan güləşçilər nisbətən sadə həyat tərzinə malikdir. Medal qazanmış idmançılar isə əldə etdikləri mükafatlar sayəsində olduqca yaxşı həyat sürür”.

İranda idmançıların “istifadə müddəti”nin olduğundan təəssüflənən Azərşakib deyib: “Məsələn, bu gün Əlirza Qudərzi 30 yaşa çatdığı üçün diqqətdən kənarda qalıb. Ona artıq yaşlandığını deyirlər. Azərbaycanda isə yaş həddi meyar hesab olunmur. Burada stənilən bacarıqlı və uğurlu idmanmçı yarışlara aparılır. Azərbaycan öz idmançılarına olduqca böyük motivasiya, ruh yüksəkliyi verir, onlara hörmətlə yanaşılır. Azərbaycanda güləşçilər İran güləşçiləri qədər məşq də etmir. Lakin yüksək əhval və motivasiya onların daha yaxşı nəticələr əldə etməsinə imkan verir”.

“Azərbaycan bayrağı altında güləşdiyiniz üçün İran xalqı tərəfindən mənfi qarşılanacağınızdan narahat deyilsiniz?” sualına idmançı belə cavab verib: “İranda mənə diqqət göstərilmirdi. Bir neçə il heç kəs mənimlə maraqlanmadı, heç bir yarışa göndərilmədim və artıq demək olar ki, güləşi tam buraxmışdım. İndi, İranda vəziyyət elədir ki, hər kəs yalnız özü haqda düşünür. Amma İran xalqı idmançıları sevir və onların problemlərini, qayğılarını gözəl anlayır. Mən də ölkəmi sevirəm və başqaları kimi, İrana gedib-gələcəyəm”.

Sonda İranda baş vermiş sel fəlakətinin qurbanlarına başsağlığı diləklərini çatdıran Azərşakib deyib: “İranda daşqınlar nəticəsində öz evlərini, həyat şəraitini itirmiş, böyük kədər içərisində olan bütün insanların əlindən öpür və ümid edirəm ki, mən Azərbaycan idmançılarının yardımlarını onlara çatdıra biləcəyəm. İnsanın qəflətən ev-eşiyini itirməsi çox ağırdır. Ümidvaram ki, Allahın köməyi və dövlət rəsmilərinin daha çox diqqəti, daha çox qayğısı ilə insanlar bu vəziyyətdən tez bir zamanda çıxacaq. Fəlakət qurbanlarına və zərərçəkənlərə yardıma getmiş iranlı məşqçilərdən Qulamrza Məhəmmədi, Əlirza Heydəri, Talıb Nemətpur, Əsğər Bəzri və digərlərinə təşəkkürümü bildirirəm”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az