26.06.2019 10:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Azərbaycanda xam neft dərman kimi reklam olunur - FOTO

 
 



AFP, Fransa
12.04.2019


Boynuna qədər yapışqan, qara mayenin içərisində uzanmış Sulfiya məmnunluqla gülümsəyir. Çünki bu pis qoxulu mayenin onu sağaldacağına əmindir.

60 yaşlı rus qadın Sulfiya Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərinə gəlib. O ümid edir ki, yerli sanatoriyada xam neft vannası qəbul etdikdən sonra uzun müddətdir əziyyət çəkdiyi oynaq xəstəliyi – poliartrit yox olacaq.

“Bu, çox xoşdur”, - deyə Sulfiya xam neftin pis qoxusuna rəğmən, məmnunluqla bildirir.

O, hərarəti bədən temperaturundan bir az yüksək olan xam neft vannası qəbul edir. Bu, 10 dəqiqə çəkəcək. Daha sonra qadının dərisi qəhvəyi rəngdə olan neftdən təmizlənəcək və o, duş qəbul etməyə göndəriləcək.

Rusiyanın Tatarıstan regionundan olan Sulfiya deyir ki, o və dostları müalicə üçün Naftalana gəlməyi çoxdan arzulayırlarmış. Enerji resusrları ilə zəngin olan Qafqaz ölkəsindəki bu neft kurortu Dağlıq Qarabağ bölgəsinə yaxın olsa da, xarici turistləri cəlb edir. Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında mübahisəyə səbəb olmuş Dağlıq Qarabağ uğrunda iki ölkə uzun müddətdir ki, silahlı münaqişə vəziyyətindədir.

10 gün neft vannası qəbul etmiş Sulfiya özünü çox yaxşı hiss etdiyini deyir. O, xəstəliyi üzündən 12 ildir qəbul etdiyi dərmanları belə, azaldıb.

“Bu, Allahın bizə hədiyyəsidir”, - deyə 48 yaşlı azərbaycanlı jurnalist, müxalifət partiyasının üzvü Rüfət deyir. O, da “Sehirli” sanatoriyasında müalicə alır.

Azərbaycanda böyük neft ehtiyatı 19-cu əsrin ortalarında aşkar olunub. Nəticədə həmin dövrdə Rusiya imperiyasının tərkibində olan Azərbaycan dünyanın neft hasilatına başlanılan bölgələrindən olub. Bu gün isə o, dünya bazarına neft ixrac edir. Odur ki, neft Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir.

Naftalandan hasil olunan nefti isə satmaq, bununla da gəlir əldə etmək mümkün deyil. Əvəzində, yerli əhali bu neftdən əzələ, dəri, sümük, həmçinin ginekoloji və nevroloji xəstəliklərin müaliəcəsi üçün istifadə edir.

Kiçik Naftalan şəhəri paytaxt Bakıdan 300 kilometr məsafədə yerləşir. O, hələ 1920-ci illərdə Sovet vətəndaşları üçün məşhur kurort olub.

“Keçmişdə burada otellər, sanatoriyalar olmayıb. Odur ki, Naftalana gələn insanlar yerli əhalinin evlərində qalmalı olub”, - deyə “Sehirli” sanatoriyasının həkimlərindən olan Fabil Əzizov öz kabinetində, Azərbaycan prezidenti İlham Əliyevinin portreti altında oturaraq bildirir: “Amma zaman keçdikdə sanatoriyalar tikilib və müalicə üsulları inkişaf etdirilib”.

Mübahisəli müalicə növü?

Bəzi ekspertlər bu müalicə növünün təhlükəli əks-təsirlərinin ola biləcəyini düşünür. “Keçmişdə bu üsulla müalicə alındığına dair hekayələrə rəğmən, Qərb ölkələrinin həkimləri xam neftdən müalicə üsulu kimi istifadəni pisləyir. Onların fikrincə, bu üsulla müalicə xərçəng xəstəliyilə nəticələnə bilər”, - deyə keçmiş jurnalist Maryam Omidi 2017-ci ildə Böyük Britaniyada nəşr olunmuş, Sovet dövrünün sanatoriyalarına həsr edilmiş kitabında yazıb.

Naftalan neftinin təxminən 50%-i naftalindən ibarətdir. Naftalin isə xərçəngə gətirib çıxara bilən maddədir. Böyük miqdarda naftalin eritrositləri zədələyə və ya məhv edə bilər.

Naftalandakı həkimlər və pasiyentlər isə bu narahatlıqları qəbul etmir. Hətta sanatoriyada balaca muzey belə, var. Orada Naftalanda sağalmış keçmiş pasiyentlərin qoltuq ağacıları saxlanır.

“Atəş səsləri eşitmişik”

1980-ci illər Naftalanın ən çox inkişaf etdiyi dövrdür. Həmin vaxt bu şəhər il ərzində 70 mindən çox qonaq qəbul edirmiş. Lakin 1988-ci ildə qonşu Ermənistanla Azərbaycan arasında qanlı müharibə başlayıb. Onlar Azərbaycanın 1991-ci ildə Bakıdan birtərəfli qaydada müstəqilliyini elan etmiş separatçı Dağlıq Qarabağ regionuna nəzarət uğrunda mübarizə aparır. Bu münaqişə nəticəsində ümumilikdə 30 min insan həyatını itirib, yüz minlərlə insan doğma evlərini tərk etmək məcburiyyətində qalıb.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsinin imzalanması ilə hərbi əməliyyatlar başa çatıb. Lakin onlar indiyədək sülh sazişi imzalamayıb. Nəticədə təmas xəttində tez-tez atəş səsləri eşidilir. Yeri gəlmişkən, Qarabağ müharibəsi zamanı təmas xəttindən bir neçə kilometr məsafədə yerləşən Naftalandakı sanatoriyalar yaralı əsgərlər üçün xəstəxanalara, məcburi köçkünlər üçün isə müvəqqəti sığınacaqlara çevrilibmiş.

Azərbaycan rəhbərliyi son iki onillikdə Naftalanın kurort kimi nüfuzunun bərpası üçün böyük işlər görüb. Burada məskunlaşmış məcburi köçkünlər Azərbaycanın digər regionlarna köçürülüb, Sovet dövrünün sanatoriyaları isə yeni turistik obyektlərlə əvəzlənib. Nəticədə bu gün müasir Naftalanda yüksək keyfiyyətli sanatoriyalar var. Buradakı sanatoriyaların bəzilərində həftəlik müalicə 1000 avro, daha ucuz sanatoriyalarda isə günlük 100 avrodur.

Doğrudur, “qaynar” Dağlıq Qarabağ münaqişəsi buraya gələn qonaqlardan aralıdadır. Amma bu, ziyarətçilərdə narahatlıq yarada bilər. “2016-cı ilin aprelində baş vermiş qanlı hərbi əməliyyatlar zamanı atəş səsləri eşidirdik”, - deyə Naftalandakı dəbdəbəli “Garabag spa”nın əməkdaşı bildirir. Bununla yanaşı, o, həmin vaxt buranı heç kəsin tərk etmədiyini deyir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AFP


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az