23.08.2019 12:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
Novruz: əsrlərdən gələn, eyni zamanda çox müasir bayram

 
 



Eurolatio, Fransa
14.04.2019


Müəllif: Vüsalə Əliyeva

Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu bayram dünyada 300 milyon insan tərəfindən qeyd olunur. Bu gün o, nəsillər arasında sülh və həmrəylik kimi dəyərləri təşviq edən dünyəvi bayramdır. İndiki dövrdə bundan yaxşı nə ola bilər?

Martın 21-dən Parisin mərkəzində Novruz bayramına həsr olunmuş tədbirlər bir-birini əvəz edir. Çoxsaylı bayram şənlikləri, mahnılar, milli rəqslər, xoş arzularla müşayiət olunan tamaşalar və təqdim edilən milli xörəklər Fransa paytaxtında yaşayan müxtəlif xalqların nümayəndələrini bir araya gətirir.

Parisin mərkəzində qazaxların tədbiri

Qazaxıstanın Fransadakı səfirliyi aprelin 5-də paytaxtın mərkəzində yerləşən Luvr meydanının “Halles” bağında Parisin birinci rayonunun meri Jan-Fransua Leqarenin iştirakı ilə Novruz (qazax dilində Nauruz) bayramına həsr edilmiş bayram tədbiri keçirib. Qazaxıstanın milli musiqisi və moda nümayişindən sonra qazax milli musiqi alətlərinin müşayiəti ilə Co Dassənin oğlu Conatan Dassənin ifasında bütün fransızların sevdiyi və tanıdığı “Aux Champs Elysée” və “A toi” mahnıları səsləndirilib. O, buraya milli geyimdəki qazax bacı və qardaşları ilə Novruz bayramını qeyd etməyə gəlmişdi.

Qazaxıstanın Fransadakı səfiri Jan Qaliyev mərasimdə çıxış edərək bildirib ki, Novruz dostluq, qardaşlıq, sülh və barış bayramıdır. Novruz əsrlər boyu düşmənçiliyə son qoymaq, sülhü bərpa etmək üçün vasitə olub.

Bu gün dünyada 300 milyondan artıq insan Novruz bayramını qeyd edir. Fransada da dinindən asılı olmayaraq (yəhudilər, xristianlar, müsəlman və s. bu şənliklərdə birlikdə iştirak edir), ayrı-ayrı icmalar Novruz tədbirlərinə qatılır.

Martın 19-da UNESCO-nun mənzil-qərargahında keçirilən Novruz tədbirində qurumun baş direktorunun müavini Ernesto Ottone Ramirez deyib: “Novruz bayramı bəşəriyyətin mədəni müxtəlifliyini əks etdirir və xalqlar arasında dostluğa kömək edir. Məhz buna görə Novruz bayramı UNESCO Konvensiyasına əsasən, qorunan qeyri-maddi mədəni irs nümunəsi kimi qeydə alınıb”.

Həmin axşam 11 ölkənin nümayəndələri Novruzu qeyd etmək üçün bir araya gəlmişdi.

Yaşı iki min ildən çox olan tarix

Artıq qeyd etdiyimiz kimi, dünyada 300 milyondan artıq insan Novruz bayramını yeni ilin başlanğıcı (gecə ilə gündüzün bərabərləşdiyi gün) kimi qeyd edir. Asiya və Qafqazın bir çox ölkələrində, həmçinin dünyanın digər bölgələrində bu bayram ənənəvi şənlik kostyumları, rəqslər, şeir, musiqi, idman və digər sahələrdə zənginliyi, insan yaradıcılığını dəyərləndirməyə imkan verir.

Novruz haqqında ən qədim əlamətlər Parfiya (Arşakilər) dövrünə (e.ə. 247 və bizim eranın 224-ci illəri) aiddir. Parfiya şahı I Vologez dövründən (bizim eranın 51-78-ci illəri) də Novruzun bayram olduğuna dair xüsusi qeydlər var. Novruz bayramının qeyd edilməsilə bağlı ətraflı məlumatlar Sasanilər dövlətinin (bizim eranın 224-650-ci illəri) banisi I Ərdəşirin taxta çıxmasından sonra ortaya qoyulub.

2010-cu ildə BMT Baş Assambleyası hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına dair A/RES/64/253 saylı qətnamə qəbul edib. Sənəd Novruzu qeyd edən üzv dğvlətlərin mədəniyyətin, bu bayramla bağlı adət-ənənələrin qorunması, inkişaf etdirilməsi səylərini alqışlayır. Üstəlik, qətnamə onları dünya ictimaiyyətini Novruz dəyərləri haqda məlumatlandırmağa, eləcə də müxtəlif şənliklərin təşkilinə təşviq edir.

Təbiətin oyanışının, ətraf mühitə hörmətin, yaxşı qonşuluğun bayramı

“Beynəlxalq Novruz Günü hər kəsə bu bayramın dəyərlərinə sahib olmaq, sülh və harmoniya mesajı vermək üçün bir imkandır. Biz mədəni müxtəlifliyə hörmətlə yanaşan inkluziv sosial münasibətləri təşviq etməklə, təhlükəsizliyə və rifaha, həmçinin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verə bilərik”. Bu fikirlər UNESCO-nun baş direktoru Odri Azuleyin beynəlxalq ictimaiyyətə 21 mart – Beynəlxalq Novruz Günü münasibətilə ünvanladığı təbrik mesajında yer alıb.

Novruz bayramı əslində, fevralın sonlarından qeyd olunmağa başlanır. O vaxtdan hər çərşənbə axşamı təbiətin 4 elementindən biri – su, od, yel və torpaqla əlaqələndirilir. Bayram boyunca insanlar ağaclar əkilir və bu, illərdən bəri Novruzub adət-ənənəsinə çevrilib. Bu qədim ənənə dövlətlər tərəfindən müasir cəmiyyətlərimizin əsas problemlərindən birinə çevrilmiş ətraf mühitin qorunması ilə əlaqədar yürüdülən ekoloji siyasətlə də səsləşir.

Ta qədimdən, imkanlı ailələrdə Novruz bayramı münasibətilə hazırlanan milli xörəklərdən imkanı daha zəif olan ailələrə, tənha, yoxsul və tərk edilmiş insanlara pay göndərilib. Bu, insanları lap gənc yaşlarından sosial təcrid və yoxsulluq kimi hallarla bağlı maarifləndirmək üçün ən yaxşı vasitələrdən biridir. Bu sosial risklər bu gün hətta inkişaf etmiş ölkələrdə belə, mövcuddur.

Novruz adət-ənənələrinə görə, bayramda küsülü insanlar barışmalı, ailələr, dostlar və yaxud qonşular onlar arasında vasitəçi rolu oynamalıdır. Beləliklə, dinlər və mədəniyyətlər arasında dialoq əsrlərdən bəri Novruz ənənələrinin əsasını təşkil edib. Biz isə bu dəyərləri öz həyatımıza yalnız ötən əsrdən inteqrasiya etmişik.

Novruz bayramında Azərbaycanda yoxsullara milli xörəklər paylanır

Kle-Suiyi şəhərinin meri İv Albarello Azərbaycanın Dostları Assosiasiyası tərəfindən Azərbaycanın Fransadakı səfirliyinin dəstəyilələ təşkil edilmiş Novruz tədbirində “Odlar yurdu”na çoxsaylı səfər dəvətləri alıb. Mer deyib ki, dəvət edənlər onun Azərbaycana gedərək, bu ölkənin qədim mədəniyyəti, multikultural dəyərlərilə tanış olmasını istəyirlər.

Azərbaycanda Novruz bayramı qeyri-iş günüdür. Sovet İttifaqı dövründə bu bayram rəsmi şəkildə tanınmasa da, dini aspekt olmadığından, onun keçirilməsinə icazə verilib. Lakin o zaman Novruz ailə daxilində, dostlar arasında, yəni məhdud çərçivədə qeyd olunub.

Novruz günlərində azərbaycanlılar ata-babalarının xatirəsini yad etmək üçün ilk olaraq qəbiristanlığa gedirlər. Daha sonra imkansız ailələrə milli yeməklər paylanılır, evlər təmizlənir, yeni ağaclar əkilir, yumurtalar boyanır, şəkərbura, paxlava, şorqoğalı kimi milli şirniyyatlar hazırlanır. Ümumiyyətlə, çoxsaylı milli xörəklərin hazırlanması azərbaycanlılara xas xüsusiyyətdir.

Novruz həm də boyanmış yumurta, şirniyyat toplamaq üçün mahnı oxuyaraq qapı-qapı gəzən uşaqların bayramıdır. Bu bayramda yetimlər evləri ziyarət olunur, valideyn himayəsindən məhrum olmuş uşaqlara bayram hədiyyələri paylanır.

Bayram günləri həyətlərdə tonqallar qalanır, insanlar xəstəliklərini, problemlərini köhnə ildə qoymaq, yeni ilə xoş əhval-ruhiyyə ilə başlamaq üçün alovun üzərindən atılır.

Bayram axşamı bütün ailə süfrə arxasına əyləşir. Bayram bir neçə gün davam edir və milli rəqslərlə, folklor qruplarının çıxışları və idman yarışları ilə yekunlaşır. Azərbaycanda bayram süfrəsində xonça xüsusi yer tutur. O, mis və ya gümüşdən hazırlanmış böyük məcməyinin ortasına qoyulan səmənidən (buğda dənəsindən çıxan yaşıl cücərtilərdən), şamlardan və boyanmış yumurtalardan ibarət olur. Ənənəyə görə, bayram süfrədə ən azı yeddi növ yemək olmalıdır.

Bəşəriyyət üçün ümumi dəyərlər

UNESCO-da Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə çıxış edən səfir, UNESCO yanında daimi nümayəndə Əhməd Jalali deyib: “Çox təəssüflə deməliyəm ki, dünyamız gündən-günə daha çox sayda insanın ölümünə səbəb olan düşmənçiliyə, qarşıdurmalara şahidlik edir. Novruz isə daşıdığı sülh, hörmət, birgəyaşayış, bölüşmək mesajları ilə dünyada 300 milyon insanı yaxınlaşdırır”.

Bundan yaxşı nə ola bilər?

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eurolatio


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az