18.07.2019 17:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
MÜSAHİBƏ| Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı Romada təqdim olunub

 
 



Il Messaggero.it, İtaliya
16.04.2019


Müəlliflər: Yelena Panarella, Rosella Fabiabi

Romanın Ara Paçis dini ibadətgahında 14-18 yaşlı gənc idmançılar üçün ən önəmli idman tədbiri olan Avropa Gənclərinin Yay Olimpiya Festivalının təqdimat mərasimi keçirilib. Bu yarış iyulun 21-dən 27-dək Azərbaycanın paytaxtı Bakıda baş tutacaq.

Mərasimd iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Qafqazdan olan üç idmançı – Fərid Mansurov, Kəramət Hüseynov və Raziyə Əliyeva ilə birgə Olimpiya məşəlini alovlandırıb.

İdman festivalının başlamasına yüz gün qalmış keçirilən mərasimə İtaliya Nazirlər Şurası sədrinin müavini Cankarlo Corcetti də qatılıb.

Avropadan olan müxtəlif idman növləri üzrə 14-18 yaşlı idmançıları bir araya gətirəcək yarışa 50 ölkə qatılacaq. Onlar 10 idman növündə yarışacaqlar.

Suallıarımızı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov cavablandırıb.

- Azərbaycan gənclərinin idmana münasibəti necədir?

- Bizim üçün birici Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Dünya şahmat olimpiadası, Formula 1, UEFA Avropa Liqasının finalı, həmçinin Avropa Gənclərinin Yay Olimpiya Festivalına ev sahibliyi etmək qürurvericidir. Bu tədbirlər beynəlxalq arenada Azərbaycanın imicinə müsbət təsir göstərib və göstərməkdədir. Məsələn, Bakıda bu il keçiriləcək Formula 1 yarışını izləmək üçün dünyanın 63 ölkəsindən insanlar bilet alıb. Ən çox bilet almış ölkələrin sıralaması belədir: Azərbaycan, Rusiya, Monako, Böyük Britaniya, Avstriya, Gürcüstan, Niderland, Ukrayna, Finlandiya... Yəni satışa çıxarılmış biletlərin 89%-ni yalnız bu ölkələrdən olan insanlar alıb.

Ötən ilki Formula 1 yarışlarını 94 min tamaşaçı izləmişdi. Bununla yanaşı, hər il yarışı televiziya vasitəsilə 500 milyona yaxın insan izləyir.

- Bu, Azərbaycanın nüfuzlu idman yarışlarına ev sahibliyi etməsi nəticəsində əldə etdiyi şöhrətin, uğurun göstəricisi sayıla bilərmi?

- Baxın, bu ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı yeni idmançı nəslinin formalaşmasına, gənclərin idmana, istər yeni, istərsə də artıq bəzi səbəblərdən unudulmaqda olan köhnə idman növlərinə marağının artmasına təkan verəcək. Bakıda baş tutacaq bu yarışda 14-18 yaşlı gənclər bədii gimnastika, atletika, basketbol, velosiped yarışı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş və digər idman növlərində güclərini sınayacaqlar. Yarışlarda iştirak etmək üçün idmançılar və texniki heyət də daxil olmaqla, 50 Avropa ölkəsindən 3600-dən çox insan Azərbaycana gələcək.

Yarışların keçiriləcəyi məkanların çoxu, məsələn “Kristal Zalı”, Su Oyunları Sarayı, Bakı Atıcılıq Mərkəzi birinci Avropa oyunları və VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq zamanı tikilib. Onlar bu gün idman strukturu olaraq fəaliyyətdədir.

- Ölkənizdə keçirilməsi planlaşdırılan ən mühim idman yarışları hansılardır?

- Bir neçəsini misal gətirmək lazımdırsa, apreldə keçiriləcək Formula 1 yarışlarını, mayda təşkil olunacaq Cüdo turnirini, UEFA Avropa Liqasının finalını, yenə də iyulda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalını, sentyabrda baş tutacaq bədii imnastika üzrə 37-ci Dünya Çempionatını qeyd edə bilərəm.

- Azərbaycanda gənclərin ən çox sevdiyi, ən çox məşğul olduğu idman növləri hansılardır?

- Güləş, boks, cüdo, taekvondo... Bu gün Azərbaycanda 45 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bu il daha iki regionda belə kompleksin açılması nəzərdə tutulub. Bölgələrdə yaşayan gənclər bu komplekslərdə müxtəlif olimpiya idman növlərilə pulsuz məşğul ola bilir. Ümumiyyətlə, bölgələrdə idmanın inkişafı bizim üçün prioritetdir.

Kür çayında hər il avarçəkmə üzrə beynəlxalq turnirlər təşkil olunur. Aprelin 9-da paytaxt Bakıdan təxminən 270 kilometr aralıda yerləşən Şəmkir şəhərində məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 6-cı “Şəmkir Chess” şahmat turniri keçirilib. Vüqar özünəməxsus şahmat üslubu və xarakterilə dünya şahmatçıları arasında böyük hörmət qazanmış idmançımız idi. Dünyanın şahmat nəhənglərinin hər dəfə onun xatirəsini yad etmək məqsədilə Azərbaycana gəlməsi bunu bir daha təsdiq edir. Builki turnirdə çempion Maqnus Karlsen, keçmiş dünya çempionları Visvanatan Anand və Veselin Topalov, 2015-ci il dünya çempionatının finalçısı, dünya kubokunun qalibi Sergey Karyakin, dünyanın ilk onluğunda yer alan 6 şahmatçı, həmçinin Azərbaycanın iki milli şahmatçısı – 3 dəfə Avropa çempionu olmuş Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak ediblər.

- Ölkənizlə bağlı hansı arzularınız var?

- Azərbaycan müstəqilliyini cəmi 28 il əvvəl qazansa da, çox sınaqlardan keçib. Bu gün Azərbaycan əhalisinin 27%-ni 14-29 yaşlı gənclər təşkil edir. Onlar nəsildən-nəslə miras qalmış ölkəmizin, müstəqilliyimizin gələcəyidir. Ümid edirəm ki, onların sayəsində Azərbaycan daha da böyüyəcək, daha da inkişaf edəcək.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Il Messaggero.it


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az