18.07.2019 17:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
FOTOREPORTAJ| Azərbaycanın ən yaxşı 10 turistik bölgəsi

 
 



Titreshahr, İran
26.04.2019


Zəngin tarixə və unikal təbiətə malik Azərbaycan səyahət və istirahət üçün ideal məkandır. Azərbaycandan macəra sevənlər də zövq ala bilər. Bu yazıda sizi Azərbaycanın ən yaxşı turistik bölgələrilə tanış edəcəyik.

Azərbaycana səyahət bəlkə də bir çox insanın ağlına belə, gəlmir. Halbuki, bu ölkə macəranı sevənlər üçün möhtəşəm yerdir. Bu diyarın tarixi minilliklər ərzində dərin köklü ənənələr yaradıb. Azərbaycanın görməli yerləri landşaft, mədəniyyət, vəhşi təbiət və maraqlı təcrübə baxımından böyük müxtəlifliyə malikdir.

Son illərdə Azərbaycan turizm istiqaməti olaraq çox inkişaf edib və artıq o, iranlıların da ən çox üz tutduğu ölkələrdəndir. Yazıda Azərbaycanın gözəlliklərini daha ətraflı təqdim etmək üçün sizi ölkənin ən yaxşı turizm məkanları ilə tanış edəcəyik.

Bakı

Azərbaycanın paytaxtı Bakı, adətən, turistlərin bu ölkəni ziyarət edərkən seçdiyi ilk məkandır. Tarixi orta əsrlərədək uzanan İçərişəhər (şəhərin qədim hissəsi), sirli Qız qalası ilə birlikdə paytaxtın mərkəzi hissəsidir. XIX əsrə aid şəhərin daxili və mərkəzi hissəsi Rusiya imperiyasının memarlıq üslubu və müasir göydələnlərilə Bakının zahiri görünüşünü formalaşdırır.

Paytaxtda görməli yerlərindən biri kimi Bakı bulvarını (Xəzər dənizi boyunca uzanır), “Alov qüllələri”ni və mağazalarla, alış-veriş mərkəzlərilə dolu Nizami küçəsini qeyd etmək mümkündür. Qonaqlar Bakıda hər büdcəyə uyğun münasib mehmanxana tapa bilər. Bu şəhərdə restoranlar, barlar və kafelər də əlçatandır.

Gəncə

Gəncə Azərbaycanın ikinci böyük şəhəri, XII əsrin dahi şairi Nizami Gəncəvinin doğulduğu yerdir. Doğrudur, o, Bakı ilə müqayisədə daha az turist cəlb edir. Bakıdan 370 kilometrlik məsafədə yerləşən Gəncəyə avtomobillə təxminən 4,5 saata çatmaq mümkündür. Qədim şəhər olan Gəncənin tarixi VI əsrə gedib çıxır. Burada marağınızı cəlb edəcək qədim məscidlər, köhnə karvansaralar, kilsələr və bir çox tarixi bina var.

Quba

Təbii mənzərələr, qədim dağ kəndləri və Qafqaz mədəniyyətinə dalmaq istəyən hər kəs mütləq Qubaya səyahət etməlidir. Quba şəhəri Bakıdan 170 kilometr şimal-şərqdə yerləşir. Azərbaycanın bir sıra gözəl turistik məkanı məhz bu bölgədə yerləşir. Qubanı yerləşdiyi bölgənin mədəni mərkəzi də adlandırmaq olar. Şəhər dəniz səviyyəsindən 600 metr yüksəkdə, Şahdağ dağının ətəyində yerləşir.

Olduqca zəngin mədəniyyətə malik rayonun təmiz havası, gözəl iqlimi var. Böyük Qafqaz dağlarının təbii landşaftı, Tenqi dərəsi (Tenghi Canyon) və şəlalələr Qubanın gözəlliklərinin yalnız bir hissəsidir.

Qırmızı qəsəbə

Qəsəbənin tarixi 2500 il əvvələ gedib çıxır. Orada yəhudilər yaşayır. Qubaya getdikdə Qudyalçay çayı üzərindəki körpüdən keçin və Qırmızı qəsəbəyə baş çəkin. Deyilənə görə, İsraildən kənarda ən böyük yəhudi icması məhz bu qəsəbədə məskunlaşıb.

Qubada Xınalıq, Qusar, Lahıc və Sarıbaş bölgələrinin sakit təbiətindən də zövq ala bilərsiniz.

Şəki

Azərbaycanın ən görməli yerləri arasında Qafqazın ən qədim yaşayış məskənlərindən olan Şəki də var. Oraya mütləq gedin. 60 minədək əhalisi olan Şəki rayonu böyük Qafqaz dağlarının qoynunda yerləşir. O, turistləri ən çox cəlb edən bölgələrdəndir. Şəki ipəyi vaxtilə buranı kiçik bir şəhərdən İpək Yolunun ən önəmli nöqtələrindən birinə çevirib. Şərqdən və Qərbdən hərəkət edən tacirlər məhz Şəkidəki karvansaralarında qalıb.

Burada XVIII əsrə aid Şəki xan sarayının gözəlliyini, heyranedici çayları, şəlalələri, dağları gəzə, dar cığırlarla dolaşa bilərsiniz.

Şamaxı

Tarixsevərlərin ziyarət etməli olduğu yerlərdən daha biri Şamaxıdır. Bu kiçik şəhər özünün 2500 illik tarixilə öyünür. Keçmişdə o, Şirvan imperiyasının paytaxtı olub. Bakıdan Şamaxıya avtomobillə 2 saata çatmaq mümkündür.

Orta əsrlərə aid qədim xarabalıqlar və təxminən min illik tarixi olan dağılmış Gülüstan qalası Şamaxını turistlər üçün cazibədar yerə çevirib. Rayon tarixi baxımdan xalçaçılıq məktəbinin mərkəzi, eləcə də bir neçə məşhur Azərbaycan şairinin doğulduğu yerdir.

Göygöl

Göygöl Gəncə yaxınlığında yerləşir. Turistlər şəhərə yaxın olan bu gözəl təbii məkana asanlıqla baş çəkə bilər. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Göygöl Murovdağın ətəyindəki təpələrdə ecazkar bir mənzərə yaradıb. Sıx meşələrlə əhatə olunmuş dərin mavi göl XII əsrdə baş vermiş zəlzələ nəticəsində yaranıb. Adətən Gəncədən başlayan bir günlük populyar tura Göygöl gəzintisi də daxildir.

Gölə dağların arası ilə çəkilmiş yolla gedilir. Yeri gəlmişkən, bu yolun gözəlliyi gölün cazibəsindən heç də geri qalmır. Demək, Göygölə yollanmaqla, “bir oxla iki dovşan vurursunuz”

Bir vaxtlar bu bölgədə almanlar yaşayırmış. Sonralar onlar Sovet İttifaqı tərəfindən sürgün edilib. Burada almanların irsi, onların bəzi kəndlərə təsirini müşahidə etmək mümkündür.

Qafqaz dağları

Xəzər dənizindən Qara dənizə qədər iki dağ silsiləsi uzanır və onlar Azərbaycanla Ermənistanı bir-birindən ayırır. Sonda iki silsilə başlayır – Böyük Qafqaz və Kiçik Qafqaz. Mütəxəssislər deyir ki, Qafqaz dağlarının ətrafındakı bölgələr mədəni və dil baxımdan planetin ən müxtəlif bölgələrindəndir. Burada ən müxtəlif etnik qruplara, Azərbaycan dili də daxil olmaqla, müxtəlif dillərə rast gəlinir. Bütün bunlar bölgədə müxtəliflk yaradır.

Lənkaran

Bakıdan cənuba, Xəzər dənizi sahili boyunca İran sərhədinə tərəf gedin. Qarşınıza Lənkəran adlanan turistik şəhər çıxacaq. Orada az qala hər zaman turist görmək mümkündür. Bölgənin tarixi Yeni daş dövrünə gedib çıxır. O, dənizin sahilində yerləşir. Lənkəran Azərbaycanın yerli əhalisi arasında da populyar gəzməli yerlərdəndirr. Şəhərdə dəniz mayakı, Lənkəran meşəsi, Heydər Əliyev adına memorial park və qədim həbsxananı ziyarət edə bilərsiniz.

Dəniz və çimərlik həvəskarları Kənarmeşəyə çatmaq üçün bir neçə kilometr cənuba getməlidir; açıq havada gəzmək istəyən əyləncə tərəfdarları Qızılağac dövlət qoruğuna bir günlük turlara qatıla bilər. Bura 200-dən çox quş növü, qurd və çöl donuzunun məskənidir.

Naftalan

Azərbaycanlılar neft vannası qəbul etmək üçün Naftalana yollanır. Naftalan adətən Azərbaycana səfər veb-saytları və yol xəritələrində yer almır. Amma bu şəhərə səyahət etməyə dəyər. Gəncə yaxınlığında yerləşən kiçik bir şəhər olan Naftalanda qəribə spa (qaynar bulaqlar) mərkəzləri var. Bu bölgənin min ildən çox tarixə malik olduğu deyilir. O, hələ SSRİ dövründə məşhurlaşıb.

Bu gün azərbaycanlılar neft vannası qəbul etmək üçün Naftalana gedir. Bəziləri hesab edir ki, buradakı xüsusi neft vannasının sağlamlığa böyük faydası var. Naftalan nefti o cümlədən, dəri problemlərinə, nevroloji problemlərin müalicəsinə müsbət təsir göstərir. Bir sözlə, macərapərəst turistlər neft vannası qəbul etmək üçün Naftalana da gedə bilər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Titreshahr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az