23.08.2019 13:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
Azərbaycan: əsrarəngiz və gözəl ölkə

 
 



Əxbarul-ədəb, Misir
10.05.2019


Müəllif: Fatimə Bədəvi

Azərbaycan Qafqaz regionunda, Avropa ilə Asiyanın arasında yerləşir. Şərqlə Qərb məhz burada kəsişir. Xəzər dənizinin sahilində yerləşən bu ölkəyə səfər hər bir turist üçün zövqvericidir. Ölkə boyu çox sayda gözəl, subtropik istirahət məkanları tapmaq mümkündür.

Azərbaycan sözünün “Odlar yurdu” mənasını verdiyi deyilir. Yanar dağların, palçıq vulkanlarının olduğu ölkədə qədim məscidlərlə, minarələrlə zəngin xeyli bölgə var. Maraqlı müasir memarlıq nümunələrindən olan “Alov qüllələri” isə paytaxt Bakıdadır. Beləliklə, Azərbaycana səfərinin vaxtını yaxşı hesablamalısan. Çünki orada heyran olacağın çox yer var. Avropa ilə Asiyanın kəsişməsində yerləşən bu ölkəni gəzmək həqiqətən insana zövq verir. Azərbaycanın özəlliklərindən biri Şərq və Qərb mədəniyyətlərinin sintezidir.

Bu yaxınlarda Azərbaycana yollanmaq niyyətiniz varsa, bu reportajı oxuyun. Yazıda ailə üzvlərinizlə birgə xoş vaxt keçirə biləcəyiniz ən gözəl turizm məkanlarından danışacağıq.

Xəzər dənizinin sahilində yerləşən paytaxt Bakıda qədim qala divarları ilə əhatələnmiş İçərişəhərlə yanaşı, müasir memarlıq bumunun nəticəsi olan göydələnlər qeyri-adi sintez yaradır. Bu göydələnlərin bir çoxunun fasadına LCD monitorlar quraşdırılıb. Belə göydələnlərdən biri “Alov qüllələri” kompleksidir. Kompleks alov formalı 3 binadan ibarətdir. Gecə saatlarında bu binalar alov kimi alışıb yanır.

Bakıda Müasir İncəsənət Muzeyinə də baş çəkə bilərsiniz. Hazırda muzeydə 900-dan çox incəsənət əsəri sərgilənir. Xüsusi gözəlliyilə seçilən bu nümunələr regionun peşəkar sənətkarlarının əl işidir.

Maraqlı yerli məhsullar almaq istəyirsinizsə, yolununuzu Təzə bazardan salın. Bura xüsusilə yerli pendir və ədviyyat növlərinin satışı ilə məşhurdur.

Bakıda kababın dadına da baxa bilərsiniz. Şəhərin hər yanında açıq yeməkxanalara rast gəlinir. Orada yerli mətbəxin dadlı təamları ilə tanış olmaq mümkündür.

Bakının ən gözəl turizm məkanları

Paytaxtın qədim hissəsi İçərişəhər adlanır. O, UNESCO-nun Dünya İrsi siyahısına salınıb. İçərişəhərin hər yanında heyrətamiz memarlıq nümunələrinə rast gəlinir. XII əsrə aid Qız qalası da buradadır. O, qala divarları ilə əhatə olunmuş qədim şəhərin bir hissəsidir.

XIII əsrdə tikilmiş Şirvanşahlar sarayı İçərişəhərin daha bir görməli məkanıdır.

İçərişəhərdəki çoxsaylı dükanlarda keramika məhsulları, yerli xalçalar və digər əl işləri satılır. Xatirə hədiyyəsi almaq üçün ideal məkan məhz buradır.

Abşeron Milli Parkı

Abşeron Milli Parkı da Bakıda yerləşir. Sahəsi 783 hektar olan park qoruq ərazisidir. Burada heyrətamiz bitkilərə, heyvanlara rast gəlmək mümkündür. Milli Parkın faunası çox zəngindir: ceyran, çaqqal, porsuq, xəzər suitisi, müxtəlif quşlar və s. Bura həm də təmiz, saf suları ilə tanınır. Ərazidə dəniz ilanlarına da rast gəlinir. Vəhşi təbiətdə ov etməyi xoşlayanlar buraya sentyabrdan sonra üz tuta bilər.

Palçıq vulkanları

Azərbaycana səfər edənlərin çoxu bilmir ki, dünyada ən çox palçıq vulkanı məhz bu ölkədədir. Orada 350-dək palçıq vulkanı var. Ölkənin ən məşhur palçıq vulkanı olan Qarasu püskürən zaman palçıq 1000 metr yüsəkliyə atılır. Buna yerın altında yığılmış qaz səbəb olur.

Deyilənə görə, Azərbaycanda ilk palçıq vulkanı 25 milyon il əvvəl püskürüb. Qarasu vulkanını görənlər onu Ayın səthinə oxşadır.

Milli Azərbaycan Tarixi Muzeyi

Bakıda yerləşən Milli Azərbaycan Tarix Muzeyində qədim və yeni dövrləri, etnoqrafiya sahəsini əhatə edən 300 mindən çox tarixi artefakt, qədim eksponat saxlanılır. O, Azərbaycanın ən böyük muzeyi və Bakıda turistlərin üz tutduqları ən mühüm məkanlardandır. Muzey bir neçə bölmədən ibarətdir. Orada eramızdan qabaqkı dövrlərə, orta əsrlərə aid eksponatlar, eləcə də qədim pullar, geyimlər, hərbi vasitələr, qədim qəbir nümunələri, insan heykəllərindən nümunələr və şəhərdə tapılmış başqa artefaktlar saxlanır.

Xalça Muzeyi

Bakıda 1967-ci ildə yaradılmış Xalça Muzeyinə də baş çəkə bilərsiniz. Muzeyin binası naxışlarla bəzədilmiş bükülü xalça formasındadır. Burada Azərbaycan mədəniyyətinin ənənəvi xalça toxunması işilə də tanış olmaq mümkündür. Muzeydə iş vaxtı saat 10:00-dan 18:00-dəkdir.

Qız qalası

Qız qalası Bakıda turistlərin ən çox getdikləri məkanlardandır. O, ümumilikdə Azərbaycanın ən məşhur tikililərinəndir. Turistlər ona böyük maraq göstərir. Onları xüsusilə qalanın zirvəsindən şəhərə açılan gözəl mənzərə heyran edir.

Qız qalasında digər tarixi abidə olan Şirvanşahlar sarayına piyada getmək olar.

Şirvanşahlar sarayı

Şirvanşahlar sarayı İçərişəhərin divarları arxasındadır. O, Bakı şəhərinin ən qədim rəmzlərindəndir. Saray Bakının Şirvanşahlar dövlətinin paytaxtı olduğu dövrdə – XV əsrdə tikilib. Buna baxmayaraq, o, dövrümüzə yaxşı vəziyyətdə gəlib çatıb. Tikili 2000-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına da salınıb. Möhtəşəm formaya, çox sayda otağa malik sarayda çoxlu eksponat da var və bura Azərbaycan memarlığının incilərindən sayılır. Saraya metronun “İçərişəhər” stansiyasından piyada 5 dəqiqəyə getmək mümkündür.

Bakı bulvarı

Bakının dəniz sahilində yerləşən bulvar rəsmən Dənizkənarı Milli Park adlanır. Bulvarda Xəzər dənizinin gözəl peyzajından, Bakı şəhərinin gözəl gecə mənzərəsindən zövq ala bilərsiniz. Bu gözəl məkandakı dükanlarda, ticarət mərkəzlərində bazarlıq etmək, yeməkxanalarda milli mətbəxi dadmaq hər birinizə zövq verəcək. Bulvar dənizdən əsən təmiz havadan zövq almaq üçün də ideal yerdir.

Bakı bulvarına gün batdıqdan sonra gedin. Bu zaman təmiz havadan zövq ala, gözəl Bakının sayrışan işıqlarını müşahidə edə biləcəksiniz.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi məşhur iraqlı memar Zaha Hadidin layihəsi əsasında tikilib. 2014-cü il iyulun 1-də o, “İlin ən yaxşı layihəsi” adına layiq görülüb. Mərkəzin binası dəniz dalğalarını xatırladır. Onun interyeri və eksteryeri möhtəşəmdir.

Mərkəzdə Heydər Əliyevin (1969-1982-ci illərdə Azərbaycan SSR-in rəhbəri, 1993-2003-cü illərdə isə prezidenti) xatirə muzeyi var. Bundan başqa, binada incəsənət sərgisi, musiqi zalları, kitabxanalar, eləcə də restoran, konfrans zalları, ölkənin zəngin tarixi və keçmişini nümayiş etdirən sərgilər yerləşir.

Bibiheybət məscidi

Bakıya səfəri gözəl məkanlardan olan Bibiheybət məscidini ziyarət etmədən başa vurmayın. Məscidin binası əsl unikal memarlıq layihəsidir. O, heyrətamiz dini yazıları, müqayisəyəgəlməz gözəl naxışları ilə seçilir.

Qobustan milli parkı

Qobustan milli parkında qayalar üzərində tarixi 40 min il əvvələ gedib çıxan rəsmlər var. Bura Azərbaycanda ən qədim insan məskənlərindən sayılır. Şəkillərdə qədim insanların rəqsləri, ov səhnələri, müxtəlif heyvan rəsmləri əksini tapıb. Park Bakıdan cəmi 64 kilometrlik məsafədə yerləşir.

Akvapark

Akvapark Bakı şəhərinin ən gözəl turizm məkanlarından sayılır. Bura xüsusilə uşaqlı ailələrin istirahəti üçün gözəl məkandır. Akvaparkda geniş hovuzlar, müxtəlif su oyunları, möhtəşəm su atraksionları var. Orada əylənmək, vaxtı xoş keçirmək üçün bütün imkanlar yaradılıb.

Atəşgah məbədi

Bu məbəd şəhərin mərkəzindən 30 kilometr aralı, Suraxanı qəsəbəsində yerləşir. Onun tarixi XVIII əsrə gedib çıxır. Həmin dövrlərdə hindistanlı tacirlər Bakıya gəlir, burada hind dərmanları və müxtəlif mallar satırlarmış. Bakı İpək yolunun üzərində yerləşdiyindən, Şərqdən gələn tacirlər tez-tez burada qalırmış.

Atəşgah məbədində müxtəlif heykəllər, fiqurlar, oyma nümunələri var. Burada qədimdə məbədə gəlmiş insanıarın geyimləri və xüsusi əşyalarından ibarət sərgi də fəaliyyət göstərir. Başqa sözlə, maraqlı məkanlarla tanış olmaq istəyirsinizsə, bu məbədə də baş çəkin.

Quba

Quba Azərbaycanda eyniadlı rayonun mərkəzidie. O, Şahdağın şimal-şərq yamacında, Bakıdan 168 kilometr aralı yerləşir. Əsrarəngiz Quba paytaxta yaxın məşhur turizm istiqamətidir. Onun gözəl, özünəməxsus iqlimi var. Şəhər meşələrə, Xəzər dənizi sahilinə yaxındır. Qarlarla örtülü vüqarlı Qafqaz dağları, meşələrlə örtülü yamaclar, bulaqları, gözəl təbiət mənzərələri Qubanın gözəlliyini, əsrarəngizliyini daha da artırır. Rayonda ən müxtəlif meyvə-tərəvəz yetişsə də, turistlər Qubanı həmişə özünəməxsus alması ilə xatırlayır.

Qubada gözəl məscidlər, sehrli təbiət mənzərələri, tarixi mədəni məkanlarla tanış ola, əllə toxunan Quba xalçasını əldə edə bilərsiniz.

Qəbələ

Qəbələ Azərbaycanın ən gözəl bölgələrindəndir. Zəngin tarix, gözəl təbiət mənzərələri, şabalıd, qoz meşələri, dağ bulaqları, şəlalələr, çaylar və s.

Rayonda otellərdən, istirahət və əyləncə mərkəzlərindən ibarət müasir infrastruktur da qurulub. Bir sözlə, Qəbələ Azərbaycana səfər zamanı baş çəkməli olduğunuz ideal məkanlardandır.

(Ərəb dilindən tərcümə WorldMedia.Az)

Mənbə: Əxbarul-ədəb


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az