25.05.2019 17:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Azərbaycanla Pakistan qardaş ölkələrdir – Azərbaycanın Pakistandakı səfirilə müsahibə

 
 



Pakistan OBSERVER, Pakistan
13.05.2019


Müəllif: Norin Hayder

- Zati-aliləri, Azərbaycanla Pakistan arasında ikitərəfli ticarət əlaqələrini necə xarakterizə edərdiniz?

- Bizim əla ikitərəfli və strateji əlaqələrimiz var. Azərbaycanla Pakistan müxtəlif sahələrdə bir-birini dəstəkləyir. Ölkələrimiz arasındakı iqtisadi-ticari əlaqələrə gəlincə, hər iki ölkə bunu daha da yaxşılaşdırmağa, yaxın gələcəkdə daha da genişləndirməyə çalışır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 25% artıb. Onun daha da artacağını gözləyirik.

Ümumiyyətlə, Azərbaycanla Pakistan arasında ticarət münasibətlərinin potensialı böyükdür. 2017-ci ildə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Ticarət əlaqələrininin ən vacib sahəsi isə əlbəttə ki, enerji sahəsidir. Çünki Pakistanda neft-qaz məhsullarının tədarükündə böyük tələbat var. Odur ki, hazırda bu ölkədə enerji sahəsində yeni imkanları öyrənirik.

Xoşbəxlikdən, Pakistan Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsi Pakistan Dövlət Neft Şirkəti ilə Azərbaycanın dövlət neft şirkəti arasında ticarət sazişinin imzalanmasına razılıq verib. Bu, yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına yardım göstərəcək.

Yeri gəlmişkən, Bakı ilə İslamabad müdafiə sənayesi sahəsində də əməkdaşlıq edir. Məsələn, Azərbaycan Pakistandan “Muşaq” qırıcıları alır. Ölkələrimiz kənd təsərrüfatı sahəsində də əlaqələr qurub. Azərbaycan Pakistandan kənd təsərrüfatı məhsulları, xüsusilə, manqo, kartof daxil olmaqla, müxtəlif meyvə-tərəvəz tədarükündə maraqlıdır.

Ölkəmizdən Pakistana kimyəvi məmulatlar, quru meyvələr, meyvə şirələri, çox sayda müxtəlif məhsullar ixrac olunur. Odur ki, ölkələrimiz arasında yaxşı ticarət əlaqələri var və bu əlaqələr daha da genişlənir.

- Azərbaycanın müstəqillik qazanmasından bu yana Pakistan onu hər zaman qətiyyətlə dəstəkləyib. Bu dövrdə Azərbaycanla qardaşlıq münasibətləri qurulub. Ötən dövrdə ölkələrimiz arasında əlaqələrin daha da gücləndiyini düşünürsünüzmü?

- Əlbəttə. Azərbaycanla Pakistan qardaş ölkələrdir. Bizim hörmətə və inama əsaslanan sıx, mehriban əlaqələrimiz var. Ölkələrimiz yaxşı və pis günlərini bölüşür.

Məlum olduğu kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan suveren ərazisinin 20%-i Ermənistan tərəfindən işğal olunub. İslamabad bu münaqişədə hər zaman ölkəmizi, yəni Azərbaycanın işğal altındakı ərazilərlə bağlı hüquqlarını dəstəkləyib. Pakistan hətta Ermənistanı rəsmi dövlət kimi tanımır, onunla diplomatik əlaqələr qurmur. Beləliklə, İslamabad Bakı üçün dəyərli dost və qardaşdır.

Yeri gəlmişkən, Azərbaycanla Pakistan fövqalədə hallarda da fəal əməkdaşlıq edir. Məsələn, Pakistanda 2005 və 2010-cu illərdə baş vermiş zəlzələlər zamanı biz geniş əməkdaşlıq etmişik. Həmin zəlzələlər Pakistana ciddi ziyan vurmuşdu. Azərbaycan höküməti, həmçinin ölkəmizdə fəaliyyət göstərən çox sayda təşkilat buna dərhal reaksiya vermiş, Pakistana yardım göstərmişdi. Azərbaycan höküməti zəlzələnin ziyan vurduğu bölgələrə kömək etmişdi.

- Bəs iki ölkə arasında mədəni sahədə əməkdaşlığın inkişafı ilə bağlı hansı addımlar atılır?

- Ölkəmiz mədəni əlaqələrin, həmçinin xalqlar arasındakı münasibətlərin inkişafında maraqlıdır. Ötən il Pakistandan Azərbaycana səfər etmiş turistlərin sayı təxminən 42 min nəfər olub. Bu, çox ümidverici göstəricidir. Azərbaycan pakistanlı turistlər üçün sadələşdirilmiş, onlayn viza təklif edir. Turistlər 3 gün və ya hətta bir neçə saat ərzində viza əldə edə bilir. Belə viza rejimi ölkəmizə çox sayda turist cəlb edir.

Amma bu sahədə də hələ çox iş görməliyik. Pakistandan Azərbaycana daha çox turistin cəlbi, həmçinin pakistanlıların Azərbaycan mətbəxi, musiqisi daxil olmaqla, ölkəmizin mədəniyyətilə daha yaxından tanış olması üçün burada daha çox səyahət şirkəti olmalıdır.

Hesab edirəm ki, Azərbaycan mədəniyyətinin tanıdılmasında, onun pakistanlı turistləri cəlb etməsində KİV də vacib rol oynaya bilər. Yeri gəlmişkən, son aylarda Pakistandan çox sayda jurnalist Bakıya səfər edib. Bu gün pakistanlıların ən sevimli turizm istiqaməti kimi Azərbaycanı seçməsi çox yaxşı haldır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Pakistan OBSERVER


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az