19.10.2019 10:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Çinin Cənubi Qafqazda dəyişən maraqları

 
 



Moderndiplomacy, Aİ
14.05.2019


Müəllif: Orxan Bağırov

Bu il aprelin 25-28-də Çinin paytaxtı Pekində “Bir kəmər-bir yol” təşəbbüsü üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib. Foruma 36 yüksək rütbəli lider dəvətə olunmuşdu. Cənubi Qafqazdan isə tədbirdə yalnız Azərbaycan prezidenti İlham Əliyev iştirak edirdi.

“Bir kəmər-bir yol” üzrə 2017-ci ildə keçirilmiş birinci Beynəlxalq Əməkdaşlıq Forumunda Azərbaycan nazir səviyyəsində təmsil olunmuşdu. İkinci foruma Azərbaycan prezidentinin qatılması tərəflərin “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində sıx əməkdaşlıq etmək niyyətini göstərir.

Çin bu təşəbbüslə ortaya Avropa bazarlarına çıxmaqla bağlı böyük iddia qoyub. Bu arada təşəbbüsdə Gürcüstan vacib ölkələrdən olsa da, onun yüksək rütbəli rəsmiləri Foruma qatılmamışdı.

Cənubi Qafqazın “Bir kəmər-bir yol” təşəbbüsünün irəli sürüldüyü 2013-cü ilədək Çinin diqqət mərkəzində olduğunu söyləmək mümkün deyildi. Pekinin bu regiona yanaşması zamanla dəyişib. Bu gün Mərkəzi Asiya-Qərbi Asiya İqtisadi Dəhlizinin bir hissəsi olan Cənubi Qafqaz Çin üçün strateji əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu və Anaklia dərin dəniz limanı bu regionun əhəmiyyətini daha da artırıb.

Məsələnin geosiyasi tərəfinə gəlincə, Azərbaycanda mövcud olan sabitlik və Gürcüstanın Rusiya ilə siyasi problemləri Çinin Cənubi Qafqazda mövcudluğuna zəmin yaradır. Aydındır ki, Qərblə problemləri olan Rusiya Çinə qarşı getmək istəmir. Odur ki, bu imkanlardan istifadə edən, həm Gürcüstan, həm də Azərbaycanla yaxşı əlaqələri olan Çin Avrasiyadakı ən böyük rəqibinin maneəsilə üzləşmədən, Avropa bazarlarına çıxış üçün ən qısa marşrutdan yararlana bilər.

Bütün bunlarla yanaşı, Cənubi Qafqazın heç də bütün ölkələri “Bir kəmər-bir yol” təşəbbüsü üçün eyni əhəmiyyət daşımır. Məsələn, Ermənistanın bu təşşəbüsə qoşulmaq potensialı çox azdır. Məsələ ondadır ki, onun nəqliyyat infrastrukturu yaxşı inkişaf etməyib, üstəlik, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədi bağlıdır. Ermənistan indiki şəraitdə Avrasiya İqtisadi İttifaqı ilə İran arasındakı bazarlar üçün dəhliz rolu oynaya bilər. Amma onun bu quruma daxil olan ölkələrlə ümumi sərhədi yoxdur və Ermənistan-İran dəmir yolu layihəsi çox baha başa gəldiyi üçün (3,2 milyard dollar) “dalana dirənib”.

Çininsə Avrasiya İqtisadi İttifaqı üzvü olan 2 böyük dövlətlə ümumi sərhədi var. Odur ki, o, bu bazara asanlıqla daxil ola bilər.

Gürcüstana gəlincə, Çin bu ölkəyə investisiya qoyan əsas dövlətdir. Məsələn, Çinin “Hualing Group” şirkəti Kutaisi azad sənaye zonasına nəzarət edir. Bundan əlavə, şirkət Gürcüstanda “Basis Bank”ın, bir çox otelin, şərab ixrac edən müəssisələrin də sahibidir. “Hualing Group” hazırda Tbilisi yaxınlığında “Tbilisi Sea New City” layihəsini həyata keçirir. Bu layihəyə artıq 150 milyon dollar investisiya qoyulub.

Digər Çin şirkəti “CEFC Energy” isə Poti azad sənaye zonasının 75%-nə sahibdir.

Gürcüstandan fərqli olaraq, Azərbaycana Çinin əsasən dövlət şirkətləri investisiya qoyub. Məsələn, Azərbaycanda ən böyük sement zavodunu 2014-cü ildə “CTIEC Group” şirkəti tikib. Çin şirkətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına da böyük maraq göstərir. Məsələ ondadır ki, bu liman “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində əsas limanlarındandır. Xatırladaq ki, hökümətlərarası qrant sazişinə əsasən, Çin bu dəniz limanına 2 milyon dollar dəyərində avadanlıq göndərib.

Maraqlıdır ki, Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı olsa da (Çinin Cənubi Qafqazla ticarət dövriyyəsinin 43%-i Azərbaycanın payına düşür), ən çox investisiya qoyduğu region ölkəsi Gürcüstandır. Bu vəziyyət əsasən Cənubi Qafqaz ölkələrinin xarici siyasət istiqamətlərilə əlaqələndirilir. Tbilisi aşkar Qərbpərəst siyasət yürütdüyündən, Oekin üçün daha cəlbedicidir. Azərbaycan isə balanslaşdırılmış xarici siyasətilə tanınır. Odur ki, Bakı üçün Pekinin təzyiqlərilə qarşılaşmaq arzulanan deyil. Bundan başqa, Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycanın maliyyə yardımına da ehtiyacı yoxdur. Onun kifayət qədər maliyyə resusu var.

“Bir kəmər-bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Bakı ilə Pekin arasında əlaqələrin inkişafı Çinin Cənubi Qafqazda mövcudluğu üçün yeni perspektivlər açır. Hər halda, bu Forum çərçivəsində Azərbaycanla Çin arasında 821 milyon dollarlıq 10 sənəd imzalanıb. Onlar qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edir. Məsələn, imzalanmış sazişlərdən birinə əsasən, Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodu qurulacaq, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikiləcək, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parkları yaradılacaq.

Çinin şirkətlərinin Azərbaycanın müstəqillik qazanmasından bu yana bu ölkəyə 800 milyon dollarlıq investisiya qoyduğunu nəzərə alsaq, Forum çərçivəsində 821 milyon dollarlıq müqavilələrin imzalanması Çinin Azərbaycana marağının artdığının göstəricisidir.

Bu, əlbəttə ki, Çinin Gürcüstana münasibətinin dəyişdiyi anlamına gəlmir. Çünki “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində həm Tbilisi, həm də Bakı Pekin üçün geosiyasi əhəmiyyət kəsb edir. Odur ki, Çin hər iki ölkə ilə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlıdır. Artıq qeyd etdiyimiz kimi, Çin Gürcüstana böyük həcmdə investisiya qoyub. Bu gün isə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyin vaxtı çatıb.

Bütün bunlarla yanaşı, Bakı balanslanşdırılmış siyasətindən imtina etmək niyyətində deyil. Buna baxmayaraq, Forumda Azərbaycanla müqavilə imzalamış Çin şirkətləri dövlət şirkətləridir. Bu, tərəflərin əməkdaşlığı istənilən halda genişləndirmək niyyətində olduğunu göstərir. Amma bu əməkdaşlıq Azərbaycanın daxili iqtisadiyyata təzyiq göstərilməsinə yol verməyəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moderndiplomacy

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az