07.06.2020 01:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraillə Azərbaycan uzunömürlülüyün sirrini bilir?
 
06.06.2020
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə
 
05.06.2020
IRNA, İran
 

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

 
 
“Ermənistan XİN-in bəyanatı itirdiklərini geri qaytarmağa uğursuz cəhddir”

 
 



Tert.am, Ermənistan
15.05.2019


Müəllif: Hripsime Hovanisyan

“Voskanapat” analitik mərkəzinin rəhbəri, politoloq Hrant Melik-Şahnazaryanın fikrincə Ermənistan baş naziri və Xarici İşlər Nazirliyinin son bəyanatlarının Dağlıq Qarabağda sülhün təmin olunması baxımından heç bir dəyəri yoxdur. O, bunu Ermənistan Xarici İşlər Nazirliyinin atəşkəsin əldə edilməsinin 25-illiyilə bağlı bəyanatını Tert.am-a şərh edərkən bildirib.

“Bu bəyanatın gündəmlə əlaqəsi yoxdur. Gördüyümüz odur ki, Ermənistan tərəfinin bütün səylərinə baxmayaraq, ATƏT-in Minsk qrupunun bəyanatlarında və birgə qəbul edilmiş sənədlərdə Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmalar əks olunmayıb. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı həmin razılaşmaları bərpa etməyə, başqa sözlə, itirdiklərini qaytarmağa yönəlmiş uğursuz cəhddir”, - deyə Hrant Melik-Şahnazaryan qeyd edib.

Məsələ ondadır ki, XİN-in Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə edilməsinin 25 illiyi münasibətilə yaydığı bəyanatda Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmalardan (cəbhə xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi) bəhs edilsə də, ATƏT-in Minsk qrupunun son bəyanatlarında bu razılaşmalar yada salınmır. “Son günlərdə atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan-Ermənistan sərhədində bir, qoşunların təmas xəttində isə iki əsgərimiz ağır yaralanıb. Bu insidentlər atəşkəsə riayət olunmasının, atəşkəs rejiminin möhkəmləndirilməsinin vacibliyini bir daha ortaya qoyur. Başqa sözlə, Vyanada və Sankt-Peterburq sammitlərində 2016-cı ilin aprel döyüşlərindən sonra əldə edilmiş razılaşmalara əməl olunmalıdır”, - deyə XİN-in bəyanatında bildirilir.

Hrant Melik-Şahnazaryan isə əmindir ki, bu razılaşmaların danışıqların gündəminə qaytarılması çox müşkül məsələdir. O, Yerevanın bu istiqamətdə atacağı addımların uğurlu olacağına inanmır: “Mən bu ehtimalın yüksək olduğunu düşünmürəm. Çünki Vyana və Sankt Peterburq görüşlərindən sonra yeni razılaşmalar əldə edilib, həmsədrlər və münaqişə tərəfləri yeni bəyanatlarla çıxış edib. Təbii ki, Azərbaycan tərəfi və vasitəçilər yeni razılaşmaları önə çəkəcək”.

Politoloq baş nazir Nikol Paşinyanın jurnalistlərlə görüşdə dediyi “Azərbaycan prezidenti İlham Əliyev belə bir razılaşmanın əldə olunduğunu qəbul etmir” fikrinə də münasibət bildirib: “Bir daha təkrar edirəm, indiki vəziyyətdə həmin razılaşmalardan danışmaq sadəcə, onları bərpa etməyə uğursuz cəhddir. Ermənistan hakimiyyətinin məqsədi bəlkə də bu məsələni gündəmə gətirmək yox, erməni ictimaiyyətini aldatmaqdır. Gördüyümüz odur ki, Ermənistan danışıqlar prosesində də təklənıb. Hər halda, ATƏT-in Minsk qrupunun bəyanatları Azərbaycan tərəfindən alqışlarla qarşılanır. Cəmi bir il öncə isə Ermənistanla Minsk qrupunun mövqeyi bir çox məsələlərdə üst-üstə düşürdü. Bu gün vəziyyət tam dəyişib”.

Politoloqun fikrincə, 2017-ci ildə əldə edilmiş sözügedən razılaşmaların danışıqların gündəmindən çıxarılması məhz Ermənistan rəhbərliyinin səriştəsizliyinin nəticəsidir. “Son dövrlərdə, yəni Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsindən sonra çox şey itirmişik. Səbəb yeni hakimiyyətin Dağlıq Qarabağ danışıqlarının incəliklərindən xəbərsiz olduğu halda, yeni təşəbbüslərlə çıxış etməsidir. Onlar hakimiyyətə gələr-gəlməz, Azərbaycan rəhbərliyilə dialoqa girdi və bunu böyük nailiyyət kimi qələmə verirdi. Lakin bu görüşlər nəticəsində Azərbaycan danışıqlar prosesində üstünlüyü tam ələ aldı. Ermənistan tərəfinin hansı itkilərlə üzləşdiyini anlamamaq üçün axmaq olmaq lazımdır. Bu barədə çox danışılıb. Fikrimcə, artıq Ermənistanın səhvlərini, nələr itirdiyini hakimiyyət də anlayıb”, - deyə o, vurğulayıb.

Hrant Melik-Şahnazaryan son dövrlərdə Ermənistanla Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin yenidən gərginləşdiyini də xatırladıb. Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyanla prezident İlham Əliyev arasında Tacikistan paytaxtı Düşənbədə əldə edilmiş razılaşmalar yerinə yetirilmir: “Azərbaycan liftdə əldə edilmiş razılaşmalardan cəbhə bölgəsində öz mövqeyini daha da möhkəmləndirmək üçün istifadə etdi. İndi, Ermənistanın hərbi və siyasi rəhbərliyi Azərbaycan tərəfinin cəbhə bölgəsində tikdiyi hərbi obyektləri görür, hansı problemlərlə üzləşdiyini anlamağa başlayır. Bu problemlərin aradan qaldırılması üçün perspektiv isə hələ ki, görünmür”.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Tert.am

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az