25.05.2019 17:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Erməni fanatizmi Qərb geosiyasətinin xidmətində

 
 



Turquie News, Fransa
16.05.2019


Müəlliflər: Engin, İlkər Təkin

Bu gün Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayır. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulub.

Erməni diasporu beynəlxalq ictimaiyyət arasında bu işğala haqq qazandırmaq üçün ciddi təbliğat işi aparır və bu təbliğarın istiqamətlərindən biri də guya işğalın zərurət olduğu haqda fikirlərdir. Guya əks halda, “azərbaycanlı azğınlar ermənilərin kökünü kəsərmiş”.

Lakin fanatizmin, ksenofobiyanın hansı tərəfdə olduğunu bilənlər bu təbliğatın faktlarla açıq-aşkar ziddiyyət təşkil etdiyini görür. Əslində, SSRİ-nin dağılması və o vaxtkı sovet respublikalarının müstəqillik qazanmasından sonra Ermənistanda bir prinsip hakim olub: “Türklərdən təmizlənmiş Ermənistan qurmaq”. Elə o vaxtdan, ermənilər bu prinsipin həyata keçirilməsinə başlayıb: 1988-ci ilin fevralından təşkil olunmağa başlamış kütləvi nümayişlərdə yerli əhali hiddətlə Ermənistan azərbaycanlılarının ölkədən çıxarılmasını tələb etməyə başlayıb. Nümayişlərin davamında ölkədəki nadir məscidlərdən biri dağıdılıb və bu, əslində, azərbaycanlıların Ermənistandan qovulmasının başlanğıcı olub.

Beləliklə, Ermənistanın bütün azərbaycanlı əhalisi öz yurdlarından faciəli şəraitdə qovulub. Bu gün Ermənistanda bir nəfər də olsun, Azərbaycan mənşəli insan qalmayıb. Halbuki, Azərbaycanda erməni mənşəli minlərlə insan heç bir ayrı-seçkilik hiss etmədən yaşayır…

Amma iş bununla bitməyib. Ermənilər azərbaycanlılara qarşı ayrı-seçkilik və “təmizləmə” siyasətini… Azərbaycan Respublikasının ərazisində davam etdirib. Məhz bu siyasətin tərkib hissəsi olaraq, 1992-ci ildə Dağlıq Qarabağın minlərlə sakini erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib. Təkcə Xocalı şəhərində minə yaxın azərbaycanlı öldürülüb. Sovet qüvvələri tərəfindən dəstəklənən erməni silahlıları işğal etdikləri Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqəni təmin etmək üçün Azərbaycanın qərb torpaqlarına hücuma keçib və bu zaman 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan qovulub.

Sual yaranır: kimin kimlə ədavəti var?

Ermənilərin “təbliğat aləti”nin “sim”ləri çox yöndəmsizdir. Amma bu, geosiyasi maraqları ermənilərin maraqları ilə uyğun gələn, aralarında mədəni yaxınlıq olan Qərb dövlətlərinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, bu qanunsuzluğun, ədalətsizliyin davam etməsinə göz yummasına kifayət edir. Bu təbliğatın özünü xüsusilə Fransa və ABŞ televiziyalarında, bu ölkələrdə təşkil olunan konfranslarda aydın şəkildə göstərdiyi bir vaxtda Ermənistanın əsas generallarından olan Arkadi Ter-Tadevosyanın bəyanatları yalan pərdəsini qaldıraraq, əsl həqiqəti bir daha ortaya qoyub.

Əslində, erməni general nə deyirdi?

Arkadi Ter-Tadevosyan bildirib ki, azərbaycanlılar kəskin çıxışlarına rəğmən, müharibə tərəfdarı deyil və müharibə istəmir.

O, deyir ki, Ermənistan tərəfi Azərbaycana qarşı “yeni müharibə, yeni ərazilər” doktrinası əsasında yeni müharibəyə başlamalı, Ermənistanın müdafiə nazirinin də dediyi kimi, daha çox Azərbaycan ərazisi işğal olunmalıdır.

O, açıq şəkildə deyir ki, Ermənistanın Azərbaycana hərbi müdaxiləsinin vaxtı çatıb: “Mən 10 ildir deyirəm ki, düşmənə hücum etmək lazımdır!”.

O, deyir ki, Ermənistan böyük karbohidrogen ehtiyatlarına malik Azərbaycana iqtisadi və ekoloji ziyan vurmaq üçün onun istehsal sahələrinə zərbələr endirməlidir.

Bir sözlə, Ermənistanın əsas hərbi nümayəndələrindən birinin bu bəyanatı düşmənçiliyi kimin apardığını, yeni ərazilərin ələ keçirilməsi, məhv edilməsi niyyətinin, fanatizm kimi prinsiplərin hansı tərəfdə olduğunu açıq şəkildə ortaya qoyur.

Əlbəttə, Azərbaycana qarşı olan və heç bir obyektivliyə, həqiqətə əsaslanmayan qüvvələr tərəfindən idarə edilən təbliğatın məqsədi Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılmasıdır. Bunun üçün onlar Azərbaycan haqqında həqiqətdən uzaq məlumatları öz nöqsanlarını görməyənlər arasında yaymaqda davam edir.

Ümumiləşdirmə aparsaq, özlərini “beynəlmiləlçilər” kimi qələmə verən, lakin digər dövlətlərə, xalqlara xidmət edən PKK və digər terrorçu təşkilatlar kimi, “erməni məsələsi” də asan istifadə oluna bilən geosiyasi vasitədir. Ondan müxtəlif aktorlar, xüsusilə Qərb dairələri istifadə edir. Fəaliyyətində təzyiq, yalan və s. bu kimi meyllərə əsaslanan ölkələrdən obyektivlik, ədalətin bərpası işində kömək gözləmək boş xülyadan başqa bir şey deyil.

(Fransız dilindən tərcümə WorldMedia.Az)

Mənbə: Turquie News


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az