26.06.2019 10:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Qarabağda atəşkəsin 25-ci ildönümü: atəş kəsilibmi?

 
 



Güneş, Türkiyə
18.05.2019


Müəllif: Araz Aslanlı (Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri)

Ermənistanla Azərbaycan arasında düz 25 il əvvəl atəşkəs razılaşması imzalansa da, bu müddət ərzində Qarabağ problemi həll olunmayıb.

Bu günlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı problemin (qısa və daha çox istifadə edilən adı ilə desək, Qarabağ problemi) tarixində əhəmiyyətli bir günün növbəti ildönümü qeyd edilib. Mayın 12-də tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs sazişinin 25 ili tamam olub.

25 il əvvəl atəşkəs razılaşması imzalanan zaman bir çoxları tərəflərin tezliklə sülh müqaviləsi də imzalayacağına, bununla da Qarabağ probleminin birdəfəlik həll olunacağına inanmağa başlamışdı. Amma bu, baş verməyib. Üstəlik, hüquqi cəhətdən qüvvədə olan atəşkəs dövründə tərəflər arasında atışmalar da səngiməyib. Bəzi hallarda bu, yeni müharibənin başlanğıcı kimi belə, qəbul olunub. Odur ki, münaqişənin həllilə məşğul olan beynəlxalq vasitəçilər uzunmüddətli sülh və sabitliyin bərqərar olmasını istəyirlərsə, işğala son qoyulması istiqamətində konkret və həlledici addımlar atmalıdırlar. Lakin vasitəçilər ya bu riskin fərqində deyillər, ya da müharibənin regiona kənar qüvvələrin müdaxilə eyməsi üçün vasitə olması onara daha cazibəli görünür.

Atəşkəs necə əldə olunub?

1994-cü ildə imzalanmış atəşkəs sazişinədək tərəflər buna bir neçə dəfə cəhd etmişdi. Lakin son cəhdədək bütün bu təşəbbüslər uğursuz olmuşdu. Üstəlik, Azərbaycan tərəfi hər dəfə bu cür xoş niyyət göstərdikdə, əvəzində ziyan görürdü. Gəlin, belə cəhdlərdən bəzilərini yada salaq.

1991-ci ilin sentyabrında Rusiya prezidenti Boris Yeltsinin, ardından isə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin regiona səfərindən sonra tərəflər arasında sülh danışıqlarına başlanmışdı. 1991-ci il sentyabrın 23-də tərəflər Rusiyanın cənubundakı Jeleznovodsk şəhərində bir araya gəlmiş, bir gün sonra isə Azərbaycan və Ermənistan rəhbərləri Yeltsin və Nazarbayevin zəmanətilə razılıq belə, əldə etmişdilər. Beləliklə, Jeleznovodsk sazişi Qarabağ münaqişəsində əldə olunmuş ilk atəşkəs razılaşması idi. İndi, bu razılaşmaya əsasən əlavə addımlar atılmalı idi. Lakin Ermənistan bu addımları atmadı. Nəticədə Azərbaycan qarşı tərəfin atəşkəsə riayət etmədiyini göstərmək üçün Rusiya və Qazaxıstandan müşahidəçiləri regiona çağırdı.

Bu azmış kimi, 1991-ci il noyabrın 20-də içərisində Azərbaycan hökumətinin üzvləri (dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, daxili işlər naziri Mühümməd Əsədov, baş prokuror İsmət Qayıbov), ədliyyə və təhlükəsizlik rəsmiləri, iki rus general, Qazaxıstan və Rusiya müşahidəçilərinin (Qazaxıstan Daxili İşlər nazirinin müavini, Sanlal Dasumoviç Serikov və digərləri), məşhur jurnalistlərin olduğu vertolyot ermənilərin nəzarət etdyi bölgədən açılan atəşlə vuruldu. Vertolyotdan heç kəs sağ çıxmadı və bu, Azərbaycanın Ermənistan tərəfinin atəşkəs məsələsindəki səmimiyyətinə inamı məhv etdi.

Ermənistan-Azərbaycan münaqişənin həli üçün növbəti ciddi cəhd İrandan gəlib. 24 fevral 1992-ci ildə İranın xarici işlər naziri Əli Əkbər Vilayəti tərəflər arasında vasitəçilik etmək məqsədilə bölgəyə səfər edib. Tərəflər arasında atəşkəsin təminilə bağlı ciddi danışıqların aparıldığı həmin günlərdə erməni tərəfi Xocalı soyqırımını törədib. Başqa sözlə, İranın bənzər təşəbbüsü atəşkəs cəhdlərinin uğursuzluğu, üstəlik Azərbaycan üçün daha bir işğalla başa çatıb.

1992-ci il mayın 8-də Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov, Ermənistan prezidenti Levon Ter-Petrosyan və İranın dövlət başçısı Haşimi Rəfsəncani arasında baş tutmuş danışıqların yekununda 8 maddəlik saziş imzalanıb. Amma elə həmin gün erməni ordusu bölgənin “açar”ı sayılan Şuşanı, bir neçə gün sonra isə bölgəni Ermənistanla birləşdirən Laçını işğal edib.

1992-ci il avqustun 26-da daha bir atəşkəs cəhdi Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən gəlib. Bir gün sonra Azərbaycan və Ermənistana səfər edən Minsk qrupunun rəhbəri Mario Rafaelli tərəfləri atəşkəs razılaşmasının tətbiqinə, Minsk konfransı çərçivəsində müzakirələrə dəvət edib.

Elə avqustun 27-də Azərbaycan, Ermənistan və Qazaxıstanın xarici işlər nazirləri Alma-Ata Bəyannaməsini imzalayıblar. Həmin il sentyabrın 3-də isə tərəflər Minsk qrupunun çağırışı əsasında bu sənədi icra etmək məqsədilə İncevanda protokol imzalayıb. Ancaq Ermənistan tezliklə Alma-Ata Bəyannaməsindən çıxdığını elan edib və Qazaxıstan hökumətinin onu bu fikrindən daşındırmaq cəhdləri uğursuz olub. Eyni ayda Rusiya və ATƏT-in müxtəlif təşəbbüsləri yenə də Ermənistanın yeni şərtlər irəli sürməsi nəticəsində müvəffəqiyyətsizliklə nəticələnib.

1993-cü il fevralın 20-də Romada Azərbaycan, ABŞ, Ermənistan, Rusiya nümayəndələrinin, həmçinin Minsk Konfransı rəhbəri Rafaellinin iştirakı ilə Roma müzakirələrinə başlanıb. Müzakirələr nəticəsində tərəflər atəşkəsin təmini və bölgəyə müşahidəçilərin göndərilməsinə dair razılıq əldə edib. Lakin 1993-cü il martın 27-də Ermənistan Azərbaycanın Kəlbəcər rayonuna hücuma keçib və onu işğal edib. Məhz bu işğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edərək, Ermənistanın əməllərini pisləyib. Qətnamədə Yerevandan işğala dərhal son qoyması tələb olunub.

Bununla yanaşı, digər beynəlxalq təşkilatlar, eyni zamanda, Türkiyə Ermənistandan hücumları dayandırmasını, işğala son qoymasını tələb edib. Müxtəlif vaxtlarda Rusiya və ABŞ da oxşar çağırışlarla çıxış edib.

1993-cü ilin qalan hissəsi yenə də uğursuz atəşkəs cəhdləri, Ermənistanın Azərbaycan daxilidəki qarışıqlıqdan istifadə edərək, ciddi xarici hərbi dəstəyin də köməyilə Azərbaycan torpaqlarının işğalını davam etdirməsilə yadda qalıb. 1993-cü ilin sonunda BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalını pisləyən daha 3 qətnamə (853, 874 və 884) qəbul edib.

1994-cü ilin yanvar-mart ayları tərəflər arasında artıq kiçik miqyaslı atışmalar, eyni zamanda, ATƏT-in və Rusiyanın vasitəçilik səylərilə keçib. 1994-cü il 31 mart-3 aprel tarixlərində Qırğızıstan Ali Sovetinin sədri və Rusiya prezidentinin xüsusi nümayəndəsi MDB Parlamentlərarası Şurasının nümayəndələri kimi, Bakı və Yerevana səfər ediblər. Aprelin 15-də isə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri MDB dövlət başçılarının Moskvada təşkil olunmuş sammitində bir araya gələrək, danışıqlar aparıblar.

1994-cü il aprelin sonu, mayın əvvəlində bölgəyə ATƏT-in nümayəndə heyəti gəlib. Mayın 4-5-də Qırğızıstan parlamentinin və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri Bişkekdə Ermənistan və Azərbaycan parlamentinin rəhbərlərilə görüşüb. Məhz bu danışıqların nəticəsi olaraq, Bişkek Protokolu imzalanıb. Bununla da tərəflər arasında atəşkəs razılaşması əldə olunub. Onun tətbiqinə 1994-cü il mayın 12-dən başlanıb.

1994-cü il atəşkəsi nə qədər uğurludur?

1994-cü ildə qüvvədə olan atəşkəs rejimi mütəmadi müzakirə mövzusudur. Çünki razılaşma demək olar ki, hər gün pozulur. Tərəflər bir-birini hər həftədə atəşkəs rejimini təxminən 100 dəfə pozmaqda günahlandırır. İttihamlara görə, bəzən atəşkəsin pozulması halları gün ərzində belə, 100-ü keçir. 1994-cü ildən bu yana atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən çox sayda əsgər və mülki şəxs həlak olub, yaxud yaralanıb. Bu illərdə qarşılıqlı olaraq əsir düşənlər də olub. Bəzi dövrlərdə atəşkəsin pozulması o qədər miqyaslı xarakter alıb ki, müharibənin bərpa oluna biləcəyinə dair xəbərdarlıqlar belə, səsləndirilməyə başlayıb. Məsələn, 2009-cu ilin sentyabrında, 2010-cu ilin yayında və 2017-ci ilin fevralında atəşkəsin pozulması kiçikmiqyaslı qarşıdurmalara, 2016-cı ilin aprelində isə dörd günlük müharibəyə səbəb olub.

Göründüyü kimi, atəşkəs razılaşmasına baxmayaraq, cəbhədə atəş səngimir. Ermənistan üçün “işğalın leqallaştırılması”, Azərbaycan üçün isə torpaqlarının işğaldan azad olunması üçün uyğun məqamın gözlənilməsi vasitəsi kimi qəbul edilən atəşkəs razılaşması əslində, müharibə riskini daim qüvvədə saxlayır. Bu dövrdə BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların Ermənistandan Azərbaycan torpaqlarının işğalına dərhal son qoymasını tələb edən qətnamələrinə məhəl qoyulmayıb. Başqa sözlə, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir, üstəlik, zaman-zaman cəbhə xəttində müəyyən təxribatlara belə, əl atır. Halbuki, ortada regionun bir anda müharibə meydanına çevrilə, bölgədə qlobal böhran yarana biləcəyini göstərən 2008-ci ilin avqust hadisələri (Rusiya ilə Gürcüstan arasında) təcrübəsi var.

Şərtlərin bu qədər aydın olduğu bir şəraitdə vasitəçilər həqiqətən də davamlı sülh və sabitlik istəyirsə, işğala son qoyulması üçün daha konkret, daha qətiyyətli addımlar atmalıdırlar. Lakin vasitəçilər ya bu riskin fərqində deyillər, ya da müharibənin regiona kənar qüvvələrin müdaxilə eyməsi üçün vasitə olması onara daha cazibəli görünür. Bu iki ehtimaldan hansının daha güclü olduğu ayrıca bir təhlilin mövzusudur.

(Türk dilindən tərcümə WorldMedia.Az)

Mənbə: Güneş


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az