23.08.2019 13:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
MÜSAHİBƏ| Azərbaycan Müstəqillik gününü bayram edir

 
 



Veçyorka, Tacikistan
23.05.2019


Müəllif: S.Vazobzadə

Azərbaycan Respublikasının Tacikistandakı səfiri, fəlsəfə elmləri namizədi cənab Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Respublika günü və diplomatik xidmət orqanlarının 100 illiyi ərəfəsində müxbirimizə müsahibə verib.

- Cənab səfir, ölkələrimiz arasında diplomatik münasibətlər 25 ildən çoxdur qurulub. Bü müddət ərzində hansı əlamətdar siyasi hadisələr qeyd edilib və onlar nə ilə yadda qalıb?

- 2018-ci ildə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub. Bu il isə biz müstəqilliyimizin – AXC-nin 101 illiyini qeyd edirik. 1918-ci il mayın 28-də yaradılmış Respublikanın mövcudluğuna cəmi 23 ay sonra,1920-ci ildə Azərbaycanı işğal edən 11-ci Qızıl ordu tərəfindən son qoyulub. Azərbaycan müstəqilliyini yalnız 1991-ci ildə bərpa edib. O, AXC-nin varisi elan olunub. Bununla da Demokratik Azərbaycanın atributlarını – bayrağı, herbi və himni özünə qaytarıb.

AXC müsəlman aləmində ilk dünyəvi demokratik müstəqil dövlət olub. O, özündə Avropanın liberal-demokratik dəyərlərilə öz xalqının zəngin mənəvi irsini cəmləşdirmişdi. Azərbaycan müsəlman dünyasının respublika üsul-idarəsinə malik ilk parlament demokratiyası idi. Onun Qərb üslubunda formalaşdırılmış Nazirlər Kabineti və müstəqilliyi tam təmin olunmuş məhkəmə sistemi var idi.

Bu il biz həmçinin Azərbaycanın diplomatik xidmətinin 100 illiyini qeyd edəcəyik. Yarandığı gündən fəal xarici siyasət yürüdən AXC 1919-cu il Paris Sülh Konfransında müstəqil dövlət kimi tanınmışdı. Bu gün Azərbaycan Respublikası müstəqil, suveren və demokratik dövlət olaraq, prezident İlham Əliyevin rəhbərliyi altında özünün yaxşı və səmərəli idarəetməsi, sosial-iqtisadi və insan kapitalı, həmçinin beynəlxalq münasibətlərdə artan rolu, nüfuzu ilə AXC ideallarını həyata keçirməkdədir. Bu gün Azərbaycan beynəlxalq arenada nüfuzlu dövlət, regional əməkdaşlığa təkan verən irimiqyaslı layihələrin təşəbbüskarı və iştirakçısı kimi tanınır.

- Ölkələrimiz arasında ikitərəfli əməkdaşığın hansı istiqamətlərini uğurlu hesab edirsiniz?

- Əlbəttə ki, bizim ikitərəfli münasibətlərimiz dinamik inkişaf edir. Münasibətlərimizin müsbət tərəflərindən danışarkən ilk növbədə Azərbaycanla Tacikistan arasında siyasi sahədə hər-hansı fikir ayrılığının olmadığını qeyd etmək lazımdır. Azərbaycan xalqının ümummilli lideri və Tacikistan prezidenti Emomali Rahmon arasında çox sıx əlaqələr və səmimi dostluq olub. Bu iki liderin sayəsində münasibətlərimiz möhkəm təməllər üzərində qurulub. Azərbaycanla Tacikistan arasında ikitərəfli əməkdaşlıq dostluq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir, prezidentlərimiz arasında olan səmimi dostluq ümumi atmosferə müsbət təsir göstərməkdədir. İki dövlət bir-birini həm ikitərəfli formatda, həm də beynəlxalq arenada dəstəkləyir.

- Azərbaycanla Tacikistan arasında son iki ilin (2017-2018-ci illər) ticarət dövriyyəsindən danışaq. Dövriyyəmiz nə qədər olub?

- Son 3 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfə artsa da, bu, potensialımıza cavab vermir. Səfirliyimizin əsas vəzifərindən bri də iqtisadi münasibətlərin inkişafıdır. Buna mane olan amillər sırasında Azərbaycanla Tacikistan arasında birbaşa gediş-gəlişin olmaması da var. Bununla yanaşı, Azərbaycanla Tacikistan arasında iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın rolunu qeyd etmək istərdim. Komissiya bu və ya digər problemlərin həlli istiqamətində ciddi səylər göstərməkdədir. Bu mənada onun 2018-ci il dekabrın 28-də Düşənbədə keçirilmiş son görüşünü vurğulamaq yerinə düşər. Həmin görüşdə nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi, Transxəzər nəqliyyat dəhlizinə əlavə yüklərin cəlbi, Azərbaycanın kosmik peykləri, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, Düşənbə-Bakı birbaşa aviareysinin bərpası ilə bağlı bir sıra sənədlər imzalanıb. Tacikistan tərəfi Azərbaycanın iqtisadi inkişaf təcrübəsinə, o cümlədən qədim və zəngin tarixə malik xalçaçılıq sahəsinə böyük maraq göstərir. Bundan başqa Azərbaycanın “ASAN Xidmət» brendi də Tacikistanın marağına səbəb olub.

Azərbaycan öz növbəsində, topladığı təcrübəni bölüşə bilər. Bu, ölkədə aparılan islahatların və iqtisadi siyasətin dərin düşünülmüş və ölçülüb-biçilmiş olduğunu və artıq müsbət nəticələr verdiyini göstərir.

İkitərəfli iqtisadi münasibətlərimizin əsas göstəricisi alüminium sahəsində əməkdaşlığa aiddir. TALCO zavodu giltorpaq, koks və digər neft-kimya məhsullarını Azərbaycandan idxal edir və biz bu təhcizatın həcmini artırmaq istəyirik. Bu sahədə əməkdaşlıq davam edir və biz ona hərtərəfli dəstək veririk. Hazırda bu əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üzərində iş aparırıq. Öz tərəfimdən Azərbaycanın Tacikistandakı səfiri kimi, ölkələrimiz arasında bütün mümkün istiqamətlər üzrə əməkdaşığın möhkəmləndirilməsi üçün səylərimi əsirgiməyəcəm.

- Sizcə, Tacikistanda işgüzar mühit Azərbaycan şirkətlərinin buraya sərmayə yatırması üçün nə dərəcədə inkişaf edib və bu, yetərincədirmi? Məsələn, kənd təsərrüfatı, dağ-mədən sənayesi, neft hasilatı və sair.

- Qeyd etdiyimiz kimi, hər iki ölkənin iş adamları müxtəlif vaxtlarda bir araya gələrək, biznes qurmağın yollarını araşdırır. Bu münasibətlərin qurulması üçün bəzi maneələr var idi, lakin artıq onlar aradan qaldırılır. Ümid edirik ki, yaxın gələcəkdə bunun müsbət nəticələrini görəcəyik.

Biznes elə bir fəaliyyət sahəsidir ki, o, özü üçün maraqlı olan, gəlir vəd edən yerə mütləq bir yol tapacaq. Bununla yanaşı, Tacikistanda sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi də ölkənin investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərir. Əlbəttə, səfirliyin məşğul olduğu məsələlərdən biri də Azərbaycan şirkətlərinin Tacikistan iqtisadiyyatının bu və ya digər sahəsinə investisiya yatırmağa cəlb etmək və nəticələr əldə etməkdir. 

- Artıq belə nümunələr varmı? Hansısa Azərbaycan şirkətləri Tacikistanda, və ya əksinə, Tacikistan şirkətləri Azərbaycanda fəaliyyət

göstərirmi?

- Tacikistanda infrastruktur, körpü və yol tikintisi, hidroqurğular, meliorasiya və su təhcizatı obyektlərinin inşası ilə məşğul olan Azərbaycan şirkətləri var. Bundan başqa, mebel və əczaçılıq sahəsində də şirkətlərimiz çalışır. Səfirlik Azərbaycanın işgüzar dairələrinin Tacikistana cəlb olunmasını, həmçinin kənd təsərrüfatı və buraya qida sənayesi məhsullarının tədarükünü hər zaman dəstəkləyib.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansı irəliləyişlər var? Yeri gəlmişkən, Xocalı faciəsinə həsr olunmuş filmin nümayişinə görə sizə təşəkkür etmək istərdik. Bu film bizə insanlıq üçün dəhşətli olan bir faciə barədə geniş məlumat verdi.

- Bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruri olduğu vurğulanır. Münaqişə 30 ildir davam edir və 1 milyondan artıq qaçqın öz hələ də doğma torpaqlarına qayıda bilmir. Bu illər ərzində onların sayı xeyli artıb, doğma yurdlarını tərk etməyə məcbur olmuş insanların övladları və hətta artıq nəvələri dünyaya gəlib. Əlbəttə, müharibədən hər iki tərəf çox şey itirir. Qeyd etdiyim kimi, Azərbaycan da bu müharibədə çox şey itirib, lakin buna baxmayaraq bu gün Azərbaycan bölgənin güclü dövlətidir. Dövlətlər onunla dövlət hesablaşır, o, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin qovşağıdır. Azərbaycanda müxtəlif beynəlxalq forumlar keçirilir. Bundan başqa Avropa Oyunarı, İslam Həmrəyliyi Oyunları, Formula 1 də Azərbaycanda təşkil olunub. Bu günlərdə UEFA Avropa Liqasının finalı da Bakıda keçiriləcək.

Böyük İpək Yolunun sələfi olan “Bir kəmər-bir yol” layihəsini də Azərbaycansız təsəvvür etmək çətindir. Bu yerdə sual yaranır: bəs Ermənistan bu müharibədən nə əldə edib? Onun həmsərhəd olduğu dörd dövlətdən ikisi ilə sərhədi bağlıdır, bütün regional neft-qaz layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistandan yan keçib. Lakin Ermənistan işğal etdiyi əraziləri boşaltmaq əvəzinə, qeyri-konstruktiv siyasət yürütməkdə davam edir, münaqişənin həllini, Dağlıq Qarabağın və ətraf 7 rayonun azad edilməsini uzadır. Prosesi başa çatdırmaq üçün nizamlanmaya ciddi siyasi yanaşma lazımdır – bu, substantiv danışıqlar adlanır. Xatırlatmaq istərdim ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad edilməsini tələb edən 4 qətnamə qəbul edib. Ermənistan bu qətnamələrə də əməl etmir və bu üzdən ATƏT-in Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqlar nəticə vermir.

“Sonsuz dəhliz” filminə gəlincə, bu sənədli film litvalı hərbi jurnalist Riçard Lapaytisin müstəqil jurnalist materiallarının əsasında çəkilib. O, vaxtilə başqa jurnalistlərlə birlikdə hadisələrin mərkəzində olub və baş verənlərlə barışa bilməyən insan kimi, bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasını özünə borc bilib. Biz diplomatlar ümid edirik ki, silahlar səslənməyəcək, bölgədə və onun ətrafında sülh və təhlükəsizlik bərqərar olacaq, 30 ildən artıqdır doğma torpaqlarından qovulmuş insanlar, nəhayət, öz evlərinə qayıda biləcək.

Mən Düşənbəyə təyin olunmazdan əvvəl Avropada işləmişəm və avtomobillə bir ölkədən digərinə səyahət edərkən dövlət sərhədlərini hiss etməmişəm. Ümid edirəm ki, bizim də bölgədə belə olacaq. Lakin bunun üçün bir qonşu digərinin torpaqlarına iddia etməməlidir. Təsəvvür edirəm, əgər müharibə olmasaydı bu, bütövlükdə bölgənin inkişafına necə təsir edərdi.

- Təhsil və elm nazirliklərimiz arasında əməkdaşıq barədə məlumat verərdiniz. Bizim tələbə və aspirantlarımız Bakıda və əksinə, azərbaycanlı tələbələr Düşənbədə oxuyurmu? İki ölkənin alimlərinin iştirakı ilə elmi konfranslar keçirilirmi?

- Artıq bir neçə ildir ki, Azəprbaycan Tacikistan vətəndaşlarına kvota ayırıb. İki ölkənin Təhsil nazirlikləri arasında illik kvotaların ayrılması barədə imzalanmış Protokola əsasən, bu il tələbə mübadiləsinin baş tutacağı gözlənilir. Azərbaycan Tacikistan vətəndaşları üçün İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də 4 təhsil qrantı ayırıb. Həm Azərbaycanda, həm də Tacikistanda təhsil alan tələbələr gələcəkdə ölkələrimiz arasında körpü rolunu oynaycaq. Bəzən mən sovet vaxtı Azərbaycanda təhsil almış insanlarla rastlaşıram və onların ölkəmiz haqqında xoş xatirələri məni qürurlandırır.

- Mədəniyyət sahəsində əməkdaşlıq məsələləri də maraqlıdır. Bir neçə il əvvəl Düşənbədə qastrolda olan “Muğam ansamblı tamaşaçıları öz ifası ilə heyrətləndirmişdi. Bu il Azərbaycandan başqa janrlarda çıxış edən artistlərin buraya səfərləri gözlənilirmi?

- Azərbaycanla Tacikistan arasında mədəni əlaqələrin dərin tarixi kökləri var və respublikalarımızın müstəqillik qazanmasından sonra bu əlaqələr daha da inkişaf edib. Sevindirici haldır ki, Düşənbə şəhərindəki Əbuəli ibn Sina, Sədrəddin Ayeni və Rudakinin heykəllərinin müəllifləri Azərbaycan heykəltaraşlarıdır.

Hər iki dövlət zəngin tarixi irsə malikdir. Tacikistanda muğam dinlənildiyi kimi, Azərbaycanda da Şaşməqam və Fələk sevilir. Bir neçə ildir Azərbaycanda musiqi festivalları keçirilir və orada Tacikistanın da mədəniyyət xadimləri iştirak edir. Onlar öz yaradıcılıqları ilə fərqlənirlər. Biz ölkələrimizi mədəni sahəsində daha da yaxınaşdırmaq üçün bir sıra yeni tədbirlərin keçirilməsini planlaşdırırıq. Hazırda onlar qərarların verilməsi mərhələsindədir.

- 2019-2020-ci illər Tacikistanda Turizm və Yaradıcı Sənətkarlıq İli elan edilib. Bununla bağlı Azərbaycandan Tacikistana və buradan Azərbaycana turistləri necə cəlb etmək olar?

- Azərbaycanda 2006-cı ildən turizmin fəal inkişafı başlayıb və ötən illərdə əldə olunmuş uğurlar öz sözünü deməkdədir. 2016-cı ili bu işdə dönüş ili hesab etmək olar. Hətta xarici mütəxəssislər belə, qeyd edir ki, dünyanın heç bir ölkəsinə turist axınında Azərbaycandakı kimi sıçrayış qeydə alınmayıb. Prezident İlham Əliyev turizm sektoruna böyük diqqət göstərir. Dövlət başçısı tərəfindən viza rejiminin sadələşdirilməsi tarixi bir qərar idi və Azərbaycana turist axınının belə yüksək olmasını məhz bu şərtləndirib.

Bundan başqa, Azərbaycanın populyarlığı “Eurovision”, birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-Prisi, UEFA Avropa Liqası kimi tədbirlər və müxtəlif forumlar sayəsində daha da artıb.

- Siz Tacikistanda fəaliyyət göstərən ən fəal səfirlərdənsiniz və bu, özünü yerli insanların Azərbaycan səfirliyi tərəfindən təşkil olunan tədbirlərə marağında da göstərir. Buna necə nail olursunuz? Qısaca olaraq, diplomatiyaya gəlişinizdən də danışın. Əgər diplomat olmasaydınız, hansı  sahədə çalışardınız? Hansı xarici dilləri bilirsiniz? Tacikistanda sevimli yeməyiniz hansıdır? Heyvanlara, quşlara münasibətiniz necədir?

- İlk növbədə Tacikistanda Azərbaycan diplomatlarının fəaliyyəti üçün yaradılmış şəraiti qeyd etməliyəm. Əvvəl də qeyd etdiyim kimi, ölkələrimiz arasında heç bir problemli məsələ yoxdur. Bu bizə iqtisadi-ticari, humanitar əməkdaşlıq kimi, digər sahələrdə də fəaliyyət üçün əlverişli imkanlar açır. Bu il tacik dilinə tərcümə edilmiş kitabların təqdimatını keçirməyi düşünürük. Bu, Azərbaycan ədəbiyyatının oxucuları üçün yaxşı hədiyyə olacaq.

O ki qaldı mənim diplomat olmağıma, mən uşaqlıqdan fars və ərəb dillərinə maraq göstərdiyim üçün şərqşünas olmaq istəyirdim. Məktəbi bitirənə qədər baxışlarım bir neçə dəfə dəyişib, lakin sonda ilk arzum həyata keçib.

Mətbəxlərimizə gəldikdə, onlar çox oxşardır. Mən yalnız bir yeməklə kifayətlənməzdim. Laqmanla başayıb, sambusa ilə davam edib, plovla başa vurardım.

Heyfanları da sevirəm, evdə itimiz də var. İt dünyanın ən sadiq canlılarındandır. Burada çox gözəl kəkliklər də görmüşəm.

Dillərdənsə ingilis, rus, ərəb, fars, türk dillərini və danışıq səviyyəsində urdu dilini bilirəm.

- Sonda, ölkələrimizin vətəndaşları üçün ağrılı bir sual. Bakı-Düşənbə aviareysləri nə vaxt bərpa olunacaq?

- Bakı-Düşənbə birbaşa aviareysinin bərpası ilə bağlı danışıqlar gedir. Bu, iqtisadi-ticari, elmi-mədəni əməkdaşlıq sahəsində onlarla layihənin reallaşdırılmasına yol açacaq. Buna görə hər iki ölkənin xalqları bu reysin bərpasını səbrsizliklə gözləyir.

- Cənab səfir, bizə ayırdığınız vaxta görə bir daha təşəkkür edirik. Sizi və sizin simanızda bütün Azərbaycan vətəndaşlarını Respublika günü münasibətilə təbrik edirik!

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Veçyorka


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az