17.09.2019 16:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar

 
 



INDEPENDENT, Böyük Britaniya
24.05.2019


Müəllif: Saymon Kolder

Xəzər dənizinin sahilində sanki keçmiş Sovet İttifaqı ilə Dubay şəhəri qovuşur. Bu gün “Arsenal” ilə “Çelsi” klubunun azarkeşləri bolşeviklərin hakimiyyəti dövründə də Azərbaycanın paytaxtı olmuş Bakı şəhərinə səfər etmək üçün reys axtarır. Londonun bu iki futbol klubu mayın 29-da UEFA Avropa Liqasının finalında məhz Bakı Olimpiya Stationunda qarşılaşacaq.

Bakı Londondan çox uzaqdır. O, Qafqazın ən şərqindəki şəhərdir. Bakı dəniz səviyyəsindən də ən aşağıda yerləşir. Maraqlıdır ki, Xəzər dənizinin özü Ölü dəniz kimi, dəniz səviyyəsindən aşağıdadır.

Ümumiyyətlə, Bakı çox maraqlı istiqamətdir. Burada heyranedici qədim İçərişəhərlə yanaşı, möhtəşəm, müasir memarlıq nümunələrini də görmək mümkündür. Bakı ətrafında yerləşən qəsəbələr isə qeyri-adi təbiəti, görməli yerlərilə fərqlənir.

İçərişəhəri ziyarət edin

Bakının mərkəzində ucalan möhkəm qala divarları İçərişəhəri qorumaqdadır. Şəhərin mərkəzindən Qoşa qala qapılarını keçərək İçərişəhərə daxil olar-olmaz, buranın Avropanın hüdüdlarından kənarda yerləşdiyi hiss olunur. Həqiqətən də, Bakı Bağdaddan belə, şərqdə yerləşir. İçərişəhərdəki qədim karvansaralar, tacirlərin böyük evləri bu gün restoranlara, otellərə və qalereyalara çevrilib. Amma tarixi 12-ci əsrə uzanan Qız qalasının timsalında buranın orta əsr dövrünə aid olan xüsusiyyəti qorunur. İçərişəhərin ən məşhur mədəni incisi Şirvanşahlar sarayıdır: qumdaşından tikilmiş, insanların vaxtilə şahlara dua etdiyi, mərhəmət istədiyi kompleks.

Bakını gəzin

İçərişəhərdən çıxdıqd Fəvvarələr meydanına doğru gedin. Bura şəhərin həm ticari, həm də sosial baxımdan mərkəzi sayılır. Bakının bu hissəsində çox sayda fəvvarə, heykəl görəcəksiniz. Məsələn, bürüncdən hazırlanmış, telefonla danışan gənc qadın heykəli. Bu, əhalisinin əksəriyyəti müsəlman olan ölkənin liberallığının kiçik nümunələrindəndir (Ramazan ayında insanların spirtli içki içməsi daha bir nümunə sayıla bilər).

Fəvvarələr meydanından şərqə hərəkət edin. Bu zaman şəhərin onlarla parklardan biri olan “Malakan” bağından Üzeyir Hacıbəyov küçəsinə çıxacaqsınız. Buradan təxminən 4 məhəllə aralıda turizm ofisləri var. Azərbaycanı daha yaxşı öyrənmək istəyirsinizsə, onlara müraciət edə bilərsiniz.

Küçə boyu hərəkəti davam etsəniz, Hökümət evinə çatacaqsınız.

1966-cı ildə keçirilmiş Dünya Çempionatı və onunla bağlı xatirələr

Futbol üzrə 1966-cı ildə keçirilmiş Dünya Çepionatının finalında İngiltərə ilə Qərbi Almaniya komandaları qarşılaşmışdı. “Rusiyalı yan xətt hakimi”nin İngiltərə yığmasının mübahisəli qolunu hesaba alması bu ölkəni dünya çempionu etmişdi. Həmin yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov idi. Bakının vaxtilə Leninin adını daşımış stadionu indi Tofiq Bəhramovun adınadır. Stadion dalğavari dizayna malik Heydər Əliyev Mərkəzindən çox uzaqda deyil. Bakı aeroportu kimi, bu mərkəz də Azərbaycanın keçmiş prezidentinin adını daşıyır (bu gün Azərbaycana onun oğlu rəhbərlik edir).

Amma Avropa Liqasının finalı burada deyil, daha böyük Bakı Olimpiya Stadionunda keçiriləcək.

Alov məkanları

184 nömrəli avtobusa minin və marşrutun son nöqtəsinədək gedin. Yol boyu Suraxanıdı onlarla neft buruğu görəcəksiniz. Marşrutun sonunda alov məbədinə çatacaqsınız. Məbədin mərkəzində əbədi alov yanır. Bura vaxtilə zəngin hindistanlı tacirlər tərəfindən tikilib və zərdüştlərin məbədi olub.

Nahar vaxtıdısa, burada yerləşən turistik restoranlara deyil, məbədin yaxınlığındakı “Nəfis dad” restoranına baş çəkin.

Məbəddən taksi ilə 15 dəqiqəlik məsafədə (gediş haqqı maksimum 10 manat – 5 funt sterlinq) Yanardağ yerləşir. Burada yerin səthi daim alovlanır. Maraqlıdır ki, bu məkan 1950-ci ildən, yəni diqqətsiz çobanın sönməmiş siqareti yerə atmasından sonra alovlanıb. Bu gün Yanardağ məşhur məkandır. O, əsas turizm istiqamətlərdən birinə çevrilib.

Azərbaycanın turizm şirkətləri bir neçə nəfərlik turlar da təklif edir. Sizi ingilis dilini bilən bələdçilər müşayiət edəcək. Bu turlar vasitəsilə yuxarıda sadalanan məkanları, həmçinin palçıq vulkanlarını, Qobustandakı petroqlifləri görə bilərsiniz. Mən bir günlük tura 140 dollar ödəmişəm.

Harada qalmaq olar?

Neft gəlirləri sayəsində Azərbaycanda çox sayda hündürmərtəbəli, gözəl otel tikilib. Ən yaxşı otellər isə İçərişəhərdədir. Buradakı otellərin özünməxsus çalarları var. Bundan başqa, İçərişəhərdəki otellərdə şəhərin fasiləsiz hərəkət edən nəqliyyatının səsindən də uzaq olacaqsınız. Məsələn, “Shah Palace” oteli. Kiçik həyəti də olan bu oteldə iki nəfərlik otağın qiyməti 200 manatdan (93 funt sterlinq) çox deyil. Amma bu qiymətə səhər yeməyi daxil edilmir. Kredit kartından əlavə məbləğin çıxmaması üçün nağd ödəniş etməyiniz də məsləhətdir.

“Museum Inn” oteli “Shah Palace”dən daha kiçik və daha ucuzdur. Burada iki nəfərlik otağın qiyməti 150 manat (70 funt sterlinq) və ya daha aşağıdır.

İçərişəhərin hüdülarından kənarda, Fəvvarələr meydanından şimalda, İslam Səfərli küçəsində münasib qiymətin təklif olunan “Baku Palace Hotel”ə də yollana bilərsiniz. Daha münasib qiymətə otaq sifariş vermək üçün +994 12 497 62 71 nömrəsi ilə əlaqə saxlamaq olar. Burada iki nəfərlik otağın qiyməti adətən 120 manatdır (56 funt sterliq).

Doğrudur, Bakıda adi vaxtda turistlər üçün münasib qiymətə kirayə evlər çox deyil. Amma 2018-ci ildə Rusiyada keçirilmiş futbol üzrə Dünya Çempionatı vaxtı olduğu kimi, Bakıda da futbol fanatlarına münasib qiymətə kirayə ev təklif ediləcək.

Yeməyi harada yeməli?

Günə “Holiday Inn” otelinin restoranından başlaya bilərsiniz. Buranın 18-ci mərtəbədə yerləşən restoranında səhər yeməyi (“İsveç stolu”) 21 manatdır (10 funt sterliq). Restorandan Xəzər dənizinə və şəhərə gözəl mənzərə açılır. Burada Şərq, həmçinin Qərb mətbəxinə aid yaxşı hazırlanan yeməklər verilir.

Qoşa qala qapısından sağda, İçərişəhərdə yerləşən “Qaynana” restoranı isə nahar üçün uyğun yerdir. Orada ət və ya göy qutabı, həmçinin müxtəlif salatlar sifariş vermək mümkündür.

“Dalida” da ən yaxşı restoranlardandır. O, Fəvvarələr meydanının şimal-şərqində yerləşən binanın 3-cü mərtəbəsindədir (“Mak Donalds”ın yuxarısında). Orada nahar üçün plov da sifariş verə bilərsiniz. Bu, quzu əti, düyü, müxtəlif ədviyyat və  meyvə-tərəvəzlə hazırlanan yeməkdir. Qiyməti 14 manatdır (6 funt sterlinq).

İçkilər

“Dalida” spirtli içkilər baxımından da yaxşı restorandır. Orada “Xırdalan” pivəsi 4,50 manatdır (2 funt sterlinq). Əlimərdan Topçubaşov küçəsində yerləşən “Old School” kafesi isə Azərbaycanın hipster mədəniyyətinə yaxınlığının nümunəsidir. Kafe yüngül qəlyanaltı, yaxşı kofe, ekzotik içkilər təklif edir.

Şəhərdəki Qərb üslublu barlardan uzaq durun. Böyük Britaniya Xarici İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq belə, edib: “Şəhərin mərkəzində yerləşən Qərb üslüblu bar və klublarda gecələr zaman-zaman soyğunçuluq halları olur”.

Şopinq

Bu neft şəhərininin var-dövlətinə heyran olmaq istəyirsinizsə, “Port Baku”ya yollanın. Buradakı gözəl dizayn edilmiş dükanlarda bütün məşhur brendlərin ən yeni məhsulları satılır. “Port Baku”nun yaxınlığında yerləşən “Emporium Mall” da istisna deyil. Orada “Bentley” və “Ferrari” avtomobilləri sərgisinin keçirildiyi zallar belə, var.

Bakının memarlıq xüsusiyyətləri

Aeroport yolu ilə şəhərinin mərkəzinə doğru hərəkət zamanı yol kənarındakı binalara fikir verin. Məsələn, üst-üstə kublar şəklində tikilən bina Azərbaycan Vergilər Nazirliyinin ofisi olacaq. Daha sonra şüşə və poladdan tikilmiş, göz yaşı damcısına oxşayan bina görəcəksiniz.

Bakının ən gözəl tikilisi isə “Alov qüllələri”dir. Kompleksi təşkil edən firuzə rəngli 3 bina gündüzlər parlayır, axşam düşər-düşməz isə işığa bürünür. Bu, insanın gözlərini qamaşdırır.

“Alov qüllələri”ndən bir az kənarda, Xəzər dənizinin sahilində çiçəklənən gülü xatırladan “Waterfront”un tikintisi başa çatmaq üzrədir. Güman ki, onun layihəsi hazırlanan zaman Sidney Opera Teatrından ilhamlanıblar.

Azərbaycana səfər üçün viza almağa ehtiyac varmı?

Bəli. Xoşbəxtlikdən, bu gün Azərbaycana viza almaq daha ucuz və daha asandır. Bunun üçün “ASAN Visa” saytı vasitəsilə müraciət etmək və 21 dollar ödəmək kifayətdir. Bununla siz 3 iş günü ərzində, faktiki olaraq isə 24 saat ərzində viza ala bilərsiniz. 3 saat ərzində ekspres viza almaq istəyirsinizsə, 50 dollar ödəməlisiniz.

Böyük Britaniya Xarici İşlər Nazilriyi bəyan edib ki, “UEFA Avropa Liqasının 2019-cu il mayın 29-da keçiriləcək final mərhələsində iştirak etmək məqsədilə Azərbaycana səfər etmək üçün elektron viza müraicəti zamanı “Səfər məqsədi” bölməsində “Avropa Liqasının finalı”nı seçməyiniz xahiş olunur”.

Mənsə hesab edirəm ki, sadəcə “turizm” bölməsini də seçə bilərsiniz.

Hansı valyutadan istifadə etməlisiniz?

Ölkənin milli valyutası manatdır. O, AZN kimi də təqdim edilir. Bu, turistlərdə bəzən çaşqınlıq yaradır. Qeyd edək ki, 1 funt sterliq 2,15 manatdır. Aeroporta çatan zaman pulunuzun yalnız bir hissəsini dəyişin. Çünki funt sterlinqin manata aeroportda dəyişdirilməsi sərf etmir. Pulunuzun qalan hissəsini Bakının müxətlif hissələrində yerləşən valyutadəyişmə məntəqələrində dəyişə bilərsiniz.

Azərbaycanlılar hansı dildə danışır?

Azərbaycan dilində. O, türk dilinə çox yaxındır. Qocalar arasında ən çox yayılmış dil rus, cavanlar arasında isə ingilis dilidir.

“Çay pulu” verməlisinizmi?

Dəbdəbəli restoralarda bir neçə manat “çay pulu” vermək normaldır. Bakıda ümumi hesabın 10%-i qədər “çay pulu”nun istəndiyi restoran çətin tapıla. Odur ki, “çay pulu” verməsəniz, heç kəs etiraz etməyəcək.

Vaxt fərqi

GMT +4

Böyük Britaniyadan Azərbaycana uçuş

Bakı “Emireyts” və “Stemford Bric” stadionlarından çox uzaqda yerləşir. Bakı Madridlə eyni en dairəsində, lakin Bağdaddan da şərqdə yerləşir. Bakı ilə London arasındakı məsafə 2469 mildir.

AZAL Xitrou aeroportundan Bakıya çərşənbə axşamı, cümə axşamı və şənbə günləri “Boeing 787” təyyarələri vasitəsilə uçuşlar təklif edir. Uçuşlar saat 22:05-də başlayır və 5 saat 30 dəqiqə davam edir. Yəni təyyarə Bakı aeroprtuna saat 06:35-də çatır. Londondan Bakıya gediş-gəliş biletinin qiyməti 500 funt sterlinqdən başlayır. Amma bu istiqamətdə biletlər artıq tükənib.

Mən Bakıya Luton şəhərindən Budapeşt vasitəsilə, “Wizz Air” aviaşirkətilə səfər etmişəm. Gediş biletinə cəmi 110 funt sterlinq ödəmişəm.

İctimai nəqliyyat

Aeroportdan şəhərin mərkəzinə getmək üçün ən ucuz vasitə “Airport Express” avtobuslarıdır. Onlar aeroportdan hər yarım saatdan bir çıxır. Gedişhaqqı 1,50 manat, yəni 70 pensdir.

Doğrudur, Bakı metrosunda istiqamətlər məhduddur. Amma o, kifayət qədər effektli və etibarlıdır. Ən çox istifadə edilən stansiya “İçərişəhər” və “28 may”dır. “İçərişəhər” stansiyası Qədim şəhərin cənub-qərb hissəsinə çıxır. “28 may”dan isə Dəmir Yolu vağzalına getmək olar.

Paytaxtda ictimai nəqliyyatdan istifadə üçün “BakyCard” alın. Ona 5 manat (2 funt sterlinq) ödəməniz kifayətdir. Kartda istədiyiniz vaxt əlavə pul yükləyə bilərsiniz.

Ən möhtəşəm mənzərənin açıldığı məkan

Bakının ən qədim şiə məscidi – Bibiheybət şəhərin cənubunda yerləşir. 13-20 əsrlərə kimi qorunub saxlanılmış məscid Sovet İttifaqı dövründə dağıdılmış, yerində avtomobil yolu çəkilmişdi. 1998-ci ildə o, bərpa olunub.

Bibiheybət məscidinin ətrafından Xəzər dənizinə açılan möhtəşəm mənzərəni seyr edin...

Məlumatlı şəxsin məsləhəti

Azərbaycan ucuz qiymətlərin təklif edildiyi aviaşirkətlər şəbəkəsinə daxil deyil. Amma qonşu Gürcüstan bu şəbəkəyə qoşulub. Odur ki, Azərbaycandan qayıdan zaman Tbilisiyə gedən qatara mindim (“SV” vaqon 25 funt sterlinq). Oradan avtobusla Kutaisiyə yollandım (5 funt sterlinq), Kutaisidən isə “Wizz Air flight” vasitəsilə Lutona uçdum (26 funt sterlinq).

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: INDEPENDENT


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az