17.09.2019 16:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Azərbaycan “Arsenal”ın erməni yarımmüdafiəçisinin təhlükəsizliyilə bağlı narahatlıqları qəbul etmir

 
 



THE JERUSALEM POST, İsrail
27.05.2019


Müəllif: Arye Qut

Böyük Britaniyanıın “Arsenal” futbol klubu veteran erməni yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının mayın 29-da Bakıda “Çelsi”yə qarşı keçiriləcək final matçında iştirak etməyəcəyini açıqlayıb. Açıqlamada bildirilir ki, buna səbəb Ermənistanla Azərbaycan arasındakı etnik-ərazi münaqişəsi nəticəsində yaranmış “təhlükəsizlik məsələləri”dir.

“Arsenal”ın bəyanatı şəxsən məni çox təəccübləndirib. Çünki bu günədək Azərbaycanda ermənilər də daxil olmaqla, hər hansı idmançı etnik kimliyinə görə təhlükə yaşamayıb. Bununla yanaşı, Azərbaycanda təşkil olunmuş hər hansı beynəlxalq tədbir indiyədək hər hansı dövlətin vətəndaşına görə heç vaxt təxirə salınmayıb.

Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətini fərqləndirən xüsusiyyətlərdir. Bu gün bu ölkədə təxminən 30 min erməni sülh və təhlükəsizlikdə yaşayır. Onlar Azərbaycanda yaşamaqdan qorxmur.

Azərbaycan qonaqpərvərləyilə də tanınır. Hər halda, son illərdə Bakıda keçirilmiş yarışlarda çox sayda məşhur erməni idmançı iştirak edib. Məsələn, birinci Avropa Oyunlarının açılış mərasimində Ermənistan milli komandası stadionda təntənəli yürüş belə, edib. Erməni idmançılar Mxitaryanın da çıxış etməli olduğu həmin stadionda ölkələrinin bayrağını qaldırıblar...

Ümumiyyətlə, Azərbaycan rəhbərliyi heç zaman idmanı siyasətə qatmayıb. Odur ki, Avropa Liqasının finalı ilə bağlı qalmaqal sərf siyasi maraqlara xidmət edir. Bakı Avropa Liqasının finalına ilk dəfə ev sahibliyi edəcək. Gələn il isə bu şəhərdə Avropa Çempionatının oyunları keçiriləcək. Avropa Liqası finalının Bakının müasir stadionunda keçirilməsi postsovet məkanı üçün qeyri-adi hadisədir. Odur ki, bunu həzm edə bilməyən bəzi qüvvələr Mxitaryan amilindən istifadə edərək,  qalmaqal yaratmağa çalışır.

Dünyəvi demokratik ölkə olan Azərbaycan burada yaşayan yəhudi icması da daxil olmaqla, müxtəlif icmaları, etnik qrupları dəstəkləyir. Təəssüf ki, qonşu Ermənistan haqda bunu demək mümkün deyil. Bu gün Ermənistan tam monoetnik dövlətə çevrilib. Beynəlxalq təşkilatların, institutların bəyənatlarında Ermənistanın təcavüzkar siyasət yürüdən ölkələr arasında ilk sırada yer aldığını da yada salmaq lazımdır.

Ermənistan Azərbaycan ərazisinin Dağlıq Qarabağ və ona bitişik 7 rayonu daxil olmaqla, 20%-ni 27 ildir işğal altında saxlayır. Halbuki, bu bölgə beynəlxalq birlik tərəfindən də Azərbaycan ərazisi kimi tanınır. Ermənistanın bu torpaqları işğal etməsi zamanı orada yaşayan mülki azərbaycanlılar etnik təmizləməyə, dəhşətli qətliamlara məruz qalıb. 800 mindən çox azərbaycanlı doğma Dağlıq Qarabağ və ona bitşik 7 rayondan, 250 min azərbaycanlı isə Ermənistandan qovulub. Beləliklə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin sayı 1 milyonu ötüb.

Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan isə Ermənistanın işğalına və Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkməsinə baxmayaraq, bütün etnik və dini qruplara qucaq açıb. Əsrlər boyu təqiblərdən qaçan insanlar məhz Azərbaycanda sığınacaq tapıb.

Ümumiyyətlə, Bakı beynəlxalq, regional, qlobal əməkdaşlıq istiqamətində hər zaman vacib addımlar atır. Azərbaycan birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları daxil olmaqla, çox sayda beynəlxalq tədbirə ev sahibliyi edib. Bu arada, Mxitaryanın Azərbaycana gəlməkdəm imtinasını israilli idmançıların Səudiyyə Ərəbistanda keçirilən yarışlara qatılmaması ilə müqayisə edənlər səhvə yol verir. Çünki israillilərin bu ölkəyə səfəri qadağandır. Erməni idmançılar və rəsmilərinin Azərbaycana səfərinə isə heç bir qadağa yoxdur.

Yeri gəlmişkən, Azərbaycan tarixində antisemitizmə heç zaman rast gəlinməyib. Yəhudilərlə azərbaycanlılar hər zaman sülh və harmoniya şəraitində, çiyin-çiyinə yaşayıblar. Azərbaycan yəhudilərin antisemitizm və milliyyətçilikdən əziyyət çəkmədiyi ikinci ölkədir (İsraildən sonra).

Bu gün əminlikə demək olar ki, nə Mxitaryanın, nə də hər hansı xarici turistin Azərbaycana səfəri təhlükəlidir. Başqa sözlə, Mxitaryan erməni millətçilərinin intriqalarına qoşulmasına rəğmən, möhtəşəm gözəlliyə malik Bakıya rahatlıqla səfər edə bilər. Buna Azərbaycan hökuməti və ölkənin Böyük Britaniyadakı səfiri də zəmanət verib. AFFA-nın baş katibi Elxan Məmmədov son onilliklərdə çox sayda erməni idmançının Azərbaycanda keçirilmiş beynəlxalq yarışlara qatıldığını, bu zaman hər hansı insidentin baş vermədiyini xatırladıb.

Mxitaryanın “Çelsi” ilə qarşılaşma üçün rahatlıqla Bakıya gələ biləcəyini Azərbaycan Xarici İşlər Nazirliyi də bəyan edib.

Elxan Məmmədovun sözlərinə görə, Azərbaycan hökuməti Mxitaryanın Bakıya səfərilə bağlı UEFA-ya da zəmanət verib: “Mxitaryanın təhlükəsizliyi və qorunması ilə bağlı heç bir problem yoxdur. Biz “Arsenal” klubu Henrix Mxitaryanın Bakıya gətirilməyəcəklərinə dair bəyanatından məyusuq. “Arsenal” klubu, Mxitaryan və onun ailəsi tərəfindən birgə qəbul edilmiş bu əsassız qərardan təəssüflənirik”.

“Futbolçunun şəxsi qərarını başa düşürük. Lakin bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan qarşılaşmaya ev sahibliyi edəcək ölkə olaraq, UEFA-nın da tələb etdiyi kimi, Mxitaryanın təhlükəsizliyinə zəmanət verir. Azərbaycanın zəmanətini şübhə altına qoymaq üçün heç bir əsas yoxdur. Son onilliklərdə çox sayda erməni idmançı heç bir insident yaşamadan Azərbaycanda keçirilmiş beynəlxalq yarışlarda iştirak edib. Hesab edirik ki, təəssüf doğuran bu məqam böyük idman bayramına kölgə salmayacaq. Hər iki komandanın  Bakıya gəlişini səbirsizliklə gözləyirik”, - deyə AFFA-nın baş katibi bildirib.

Bir sözlə, Ermənistan rəhbərliyilə əlbir olan erməni diasporu Azərbaycanın beynəlxalq imicinə və nüfuzuna ləkə salmağa çalışır. Onlar öz xalqını və beynəlxalq ictimaiyyəti qorxutmaq istəyir. Halbuki, ermənilərin bu iddialarının heç bir əsası yoxdur. Odur ki, futbolçular Bakıya çatar-çatmaz, bu yalanlar “sabun köpüyü” kimi partlayacaq. Başqa sözlə, bu böhtanlarla dolu hücumlar Azərbaycan xalqının tolerantlığına zərbə vurmayacaq. Əksinə, Xəzər dənizi dalğalarının gözəl Abşeron yarımadasının qayalarına dəyərək yox olduğu kimi, bu yalanlar da iflasa uğrayacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az