29.01.2020 17:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyanın Qarabağ açıqlaması və yeni qalmaqal
 
29.01.2020
ANAJ, İran
 

  MÜSAHİBƏ| İlham Əliyev: “OPEC+ çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır”
 
28.01.2020
ROSSİYA 24, Rusiya
 

  Azərbaycanın qədim, yeni və qeyri-adi inciləri
 
24.01.2020
Kamloops This Week, Kanada
 

  20 Yanvar Azərbaycanda ümumxalq hüzn günüdür
 
23.01.2020
Shabestan, İran
 

  Azərbaycan: Bakıda törədilımiş “Qara yanvar” faciəsindən 30 il ötür
 
21.01.2020
Notizie Geopolitiche, İtaliya
 

 
 
“Arsenal”ın yarımmüdafiəçisi Mxitaryanın məqsədi nədir?

 
 



Turquie News, Fransa
27.05.2019


Müəllif: Engin

UEFA Avropa Liqasının İngiltərənin iki təmsilçisi – “Arsenal”la “Çelsi” arasında oynanacaq finalının dostluq şəraitində keçməsi üçün Azərbaycan tərəfi həm “Arsenal” futbol klubuna, həm də UEFA-ya bütün lazımi zəmanətləri verib. Buna baxmayaraq, “Arsenal”ın futbolçusu Henrix Mxitaryan şəxsi təhlükəsizliyi səbəbilə Azərbaycana yollanmaqdan imtina edib.

“Turquie News” olaraq, biz burada idmanla siyasəti qarışdırmağa çalışanların çirkin təbliğatını görür, bu üzdən də Azərbaycanın Fransadakı səfirliyinin bununla bağlı bəyanatını paylaşırıq.

Mətbuat üçün bəyanat

“Arsenal” futbol klubunun erməni futbolçusu Henrix Mxitaryan komandasının UEFA Avropa Liqasının finalında “Çelsi” ilə keçirəcəyi qarşılaşmada iştirak etmək üçün Bakıya gəlməkdən öz təşəbbüsü ilə imtina edib. O, bundan əvvəl də iki dəfə Bakıya gəlməkdən imtina etmişdi. Erməni futbolçu 2015-ci ildə “Qəbələ” - “Dortmund”, 2018-ci ildə isə “Qarabağ” - “Arsenal” matçlarında iştirakdan boyun qaçırmışdı. 2018-ci ildə “Arsenal”ın kapitanı Bakıda keçirdiyi mətbuat konfransında bunu Mxitaryanın xəstəliyilə əsaslandırmışdı…

Beləliklə, Azərbaycan tərəfinin onun Bakıya gəlişinə icazə verməməsindən söhbət belə, gedə bilməz. Halbuki, Azərbaycana qanuni yolla gəlməkdən 2 dəfə imtina etmiş Mxitaryan Azərbaycanın işğal olunmuş ərazilərinə 3 qanunsuz səfər edib. O, qondarma Qarabağ rejimi tərəfindən medalla təltif də olunub. Bu, futbolçunun şəxsi siyasi baxışlarının olduğunu, onun buna daha böyük əhəmiyyət verdiyini göstərir. Halbuki, Mxitaryanın bu siyasi mövqeyi onun karyerasına təsir göstərir.

Bir sözlə, futbolçu Bakıya getməkdən şəxsi qərarı ilə imtina etsə də, guya bunun məcburiyyət olduğu haqda görüntü yaratmaq istəyir. Görünür, o, bununla publikaya işləməyə çalışır. Hər halda, Azərbaycanın bütün müvafiq orqanları onun təhlükəsizliyinə rəsmən zəmanət verib.

Görünür Mxitaryan 2015-ci ildə erməni idmançıların Bakıda keçirilmiş birinci Avropa Oyunlarında iştirak etdiklərini, üstəlik, tam təhlükəsiz şəraitdə şəhərdə gəzişdiklərini unudur. Bakıda gümüş medal qazanmış Gevork Manukyan isə Yerevana qayıtdıqdan sonra verdiyi müsahibəsində Bakıya səfəri haqda çox müsbət danışmışdı.

Bundan başqa, Mxitaryanın Bakıya gəlməkdən imtina etdiyi bu günlərdə Azərbaycan paytaxtında iki erməni idmançı var. Söhbət gimnastlar Harsevan və Duxik Canazyanlardan gedir. Onlar gimnastika üzrə Avropa Çempionatında iştirak edirlər. Hər iki gimnast özünü Bakıda təhlükəsizlikdə hiss etdiyini deyir.

Bu da son deyil. Ermənistanın İrs Partiyasının sədri Raffi Hovanistan hələ 2012-ci il noyabrın 22-23-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında iştirak etmək üçün Bakıya gəlmiş, burada hər hansı təhlükə ilə üzləşməmiş və rahat şəkildə vətəninə qayıtmışdı. 2014-cü il iyunun 28-də isə Ermənistan siyasi partiyalarının 28 üzvü – “Daşnaksutyun”un nümayəndəsi Aqvan Vardanyan, parlament üzvləri Artaş Gegamyan, Stefan Markaryan, Anait Qarparyan və “MFA Armania”nın təmsilçisi Vage Gevorkyan AŞPA-nın sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmişdilər.

İki il əvvəl – 2017-ci ildə Ermənistan parlamentinin nümayəndələri Armen Aşotyan ilə Mane Tandilyan da Bakıda olmuş, orada təşkil edilmiş beynəlxalq konfransa qatılmışdılar. O zaman erməni qonaqlar Bakıda gəzintiyə də çıxmış və bundan çox məmnun qalmışdılar. Bir sözlə, Azərbaycanda onların təhlükəsizliyinə heç bir təhdid olmamışdı!

“Sülh platforması” çərçivəsində bir çox erməni, o cümlədən Suzanna Çaqinyan, Vahe Avetyan Bakıya gəlib, orada bir sıra konfranslarda iştirak ediblər. Bu proses çərçivəsində Bakıda olmuş şəxslər arasında Yuru Sarkisov, Eduard Bağıryan, Rimma Sarkisova, Erik Xaçaturov və İrina Berçiryanın da adlarını çəkmək olar.

Bütün bunlarla yanaşı, bu gün Azərbaycanda 30 min erməni yaşayır.

Beləliklə, çoxsaylı həmvətənlərinin Azərbaycana təhlükəsiz şəraitdə gəlib-getdiyi, orada yaşadığı halda, Mxitaryanın öz təhlükəsizliyilə bağlı narahatlıq yaşamasına heç bir əsas yoxdur.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Turquie News

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az