18.07.2019 17:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Bakıdakı futbol bayramı nə ilə yadda qaldı?

 
 



İzvestiya, Rusiya
01.06.2019


Müəllif: Yekaterina Vinnitsa

Britaniya mətbuatı keçmiş SSRİ ərazisində keçirilən daha bir böyük idman tədbirinə özünə xas neqativ münasibət sərgilədi. Bu dəfə hədəf Azərbaycan Bakı oldu. “İzvestiya” britaniyalıların ənənəvi iradlarını araşdırıb əmin olub ki, onların sözlərinə ümumiyyətlə əhəmiyyət verməmək də olar.  

Hər incə zövqə uyğun

UEFA Avropa Liqasının final matçında iki london komandası görüşdü: “Çelsi” və “Arsenal”. Oyundan bir neçə gün əvvəl britaniya KİV-i ağlaşma qurmuşdu ki, “Çelçi” rəhbərliyi UEFA-ya 2,5 min bilet qaytarıb. Üstəlik, “Arsenal” fanatları da komandalarını dəstəkləməyə yollanmayacaq. Demək, Bakını görünməmiş uçurum gözləyir və final uğursuzluğa məhkumdur. Bunlar onlayn və oflayn Britaniya mətbuatında hallandırılan tezislərin yalnız bir qismi idi. Əslində isə Azərbaycan dünyaya gözəl bir bayram bəxş etdi və onun dadı Olimpiya Stadionuna getmiş hər kəsin damağında qaldı.

Bədbin proqnozlara və matça 2,5 topdan artıq total verməyən bukmeker kontorlarının kotirovkalarına rəğmən, Bakı finalı çox maraqlı, ən əsası isə məhsuldar oldu. Özü də turnirin 2009-cu ildəki rebrendinqindən sonra ən məhsuldar final. Odur ki, Azərbaycan paytaxtına uçmağı baha və uzaq hesab edən xəsis britanyalılar özlərindən küssünlər. Əlbəttə, birinci hissə azarkeşlər üçün darıxdırıcı görünə bilərdi və insafən bu, belə idi. Lakin ikinci 45 dəqiqədə futbol qurmanları baxımlı oyunun şahidi oldular: belçikalı Azarın dublu, turnirin ən yaxşı bombardiri adını qazanmış fransalı Jirunun gözəl qolu və ötürməsi və nəhayət, karyerasının son oyununu oynayan əfsanəvi Peter Çexin göz yaşarı. “Sən Premyer-Liqanın ən uğurlu qapıçısısan. Əminəm ki, hansısa başqa bir qapıçının top buraxmadığı matçların sayına görə sənin rekordunu təkrarlamasına çox var. Səni gözü yaşlı görmək çox ağırdır. Karyeranı ən yüksək zirvəsində başa vurmaq üçün bu trofeyi udmağı nə qədər çox istədiyini də bilirəm. Mersi, mənim qəhrəmanım”, - deyə “Çelsi”nin keçmiş hücumçusu Didye Droqba özünün “İnstagram” səhifəsində yazıb və onun bu sözlərinə başqa heç nə əlavə etmək olmur.

Rəqəmlərin dililə

Britaniyalıların media-müharibədə istifadə etdikləri əsas arqumentlərdən biri stadiondakı boş yerləridir. Bəli, inkar etməyin mənası yoxdur: tribunada boş yerlər var idi. Bu, televiziya vasitəsilə də yaxşı görünürdü. Lakin gəlin rəqəmlərin dilinə və hüquqşünasların sevdiyi faktlara əsaslanaq. Beləliklə, UEFA-nın məlumatına görə, Olimpiya Stadionunun tutumu 69 870 nəfər olduğu halda, “Çelsi”nin qələbəsinə 51 370 azarkeş şahidlik edib. Bədbinlər deyəcək ki, azdır. UEFA rəhbərliyisə bunu “əla” qiymətləndirir. Qurum futbolun təkcə onun tanınmış mərkəzlərində deyil, bütün Avropada inkişaf etdirməyə çalışır.

Müqayisə üçün başqa maraqlı rəqəmlərə də nəzər salaq. Turnirin tarixində Bakı finalı stadiona gəlmiş azarkeşlərin sayına görə üçüncü olub. Bundan daha çox insan yalnız 16 may 2018-ci ildə Lion şəhərinin “Stad de Lümyer” stadionunda (59 500 yerlik tribunaya 55 768 tamaşaçı) Marsel “Olimpik”i ilə Madrid “Atletiko”sunun oyununu (0:3) və 2012-ci il mayın 9-da Buxarestin “Nasional” stadionunda (55 600 yerlik tribunaya 52 347 azarkeş) “Atletiko” (Madrid) ilə “Atletik” (Bilbao) arasında keçirilmiş ispan derbisini (3:0) izləyib. Lakin bu da son deyil.

Tamaşaçıların yüksək qiyməti

Finalın səhəri “Çelsi” - “Arsenal” görüşündə olmuş azarkeşlərlə və təcrübə mübadiləsi, həmçinin qiymətləndirmə üçün Bakıya gəlmiş digər federasiyaların təmsilçiləri ilə futbol bayramının təşkili haqda söhbətləşmək imkanımız oldu. Onların hamısından yalnız müsbət qiymət eşitdik. Hamı bir ağızdan sahildə fan-zonanın əla təşkil olunduğunu, qiymətlərin təəcübləndirəcək qədər əlverişliliyini, hətta qənaətcil rus azarkeşini belə, qorxutmadığını (özü də rublun indiki kursu ilə!), həmçinin bakılıların yaxşı xidmət təqdim etdiyini vurğulayırdı.

Əlbəttə, gözü götürməyənlər dərhal Henrix Mxitaryanın futbolkasını geymiş indoneziyalıların saxlanılmasını və elə “Arsenal”ın bu oyunçusunun Bakıya gəlməməsi faktını xatırladacaq. Lakin əslində hər şey sosial mediaya sızdırıldığı kimi deyil. Məsələn, həmin indoneziyalıları heç kəs saxlamayıb, onlarla sadəcə mümkün insidentlərin qarşısını almaq üçün şifahi izahat işi aparılıb. Mxitaryan? Start fitindən xeyli əvvəl Azərbaycan onun təhlükəsizliyinə diplomatlar səviyyəsində bütün zəmanəti vermişdi. Məsələn, Azərbaycanın idman naziri Azad Rəhimov emosional şəkildə demişdi: “Bəlkə biz onun ardınca özəl təyyarə göndərməli və ya onu Bakıya iki ədəd “F-16”nın müşayiəti ilə gətirməli idik? Bilmirəm, biz daha nə etməli idik”.

Xüsusən azarkeşlərin ehtiyatlandığını eşitmək çox təəccüblü idi. Çünki Azərbaycan indiyədək dəfələrlə erməni idmançıların iştirakı ilə böyük yarışlara ev sahibliyi edib və onların heç birində ciddi insident baş verməyib. Bəli, xırda xoşagəlməzliklər olsa da, ciddi insident qeydə alınmayıb.

Bakıda stadiona giriş-çıxışla bağlı da ciddi çətinlik olmayıb. Halbuki, tərifli Avropada belə hallara tez-tez rast gəlinir. Məsələn, Çempionlar Liqasının Berlin Olimpiya Stadionunda keçirilmiş “Barselona” - “Yuventus” matçı (3:1) zamanı azarkeşlərin çoxu yarım saat stadiona girə bilməmişdi. Bakıda keçirilən idman-əyləncə tədbirlərində isə ümumiyyətlə belə problem olmayıb.

Və UEFA

Əlbəttə, tamaşaçıların qiyməti çox vacibdir. Lakin Avropanın əsas futbol təşkilatının qiyməti də az əhəmiyyətli deyil. Adətən tərifi xəsisliklə edən UEFA prezidenti Aleksander Çeferin bu dəfə təşkilatçıların Avropa Liqasının finalına hazırlığını müsbət qiymətləndirib.

“Bakıda hər şey ideal təşkil edilib. Hər addımda qonaqpərvərlik hiss olunur. Düzünü desəm, mən iradları başa düşmür və heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlər üçün London və ya Romaya bilet almaq, orada mehmanxana sifariş etmək Bakıda və Bilbaoda olduğundan daha asandır. Lakin bu, o demək deyil ki, biz bu şəhərlərdə matç keçirməməliyik”, - deyə sloveniyalı funksioner bildirib.

Britaniyalıları UEFA prezidentinin sözləri də inandırmırsa, bəs nə inandıra bilər? Hərçənd, britaniyalıların xasiyyəti və fanatları başqa söhbətin mövzusudur. Onlar hətta Bakıda belə, dava sala biliblər ki, bu da “Avro-2016” zamanı Marseldəki iğtişaşların əsl səbəbkarları barədə şübhələri bir az da artırır. Hərçənd, bu, başqa söhbətin mövzusudur. İndiki mövzuya gəldikdə, bir daha qeyd etmək istərdik ki, Britaniya mediası və azarkeşlərinin bəyanatlarını başa düşmək olmur. Onlar öz iddialarının əsirinə çevrilərək, sağlam düşüncəni unutmağa hazırdırlar.

Bunu nəzərə almasaq, Avropa Liqasının finalı bir sıra səbəbə görə tarixə düşdü. Onlardan biri də “Çelsi” ilə “Arsenal”ın bizə bağışladığı gözəl futbol idi.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: İzvestiya


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az