23.08.2019 12:58
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yoluna yanaşması

 
 



TasnimNews, İran
07.06.2019


Türkiyə, Azərbaycan və Rusiya rəsmiləri Ankarada keçirdikləri görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından istifadə, yüklərin bu marşrutla tranzit həcminin artırılması sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

“Tasnim” xəbər verir ki, Türkiyə, Azərbaycan və Rusiya rəsmiləri bu ilin mayında Ankarada keçirdikləri görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından istifadə, yüklərin bu marşrutla tranzit həcminin artırılması sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilir ki, bu üçtərəfli əməkdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolu xəttilə daşımaları artıracaq, yüklərin Rusiyadan başlayaraq, Qafqaz və Anadolu vasitəsilə son ünvana tranzitinə imkan yaradacaq.

Rusiya tərəfinin açıqlamasında isə deyilir ki, üç ölkə arasında imzalanmış memorandum sayəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti Rusiyanın Trans-Sibir dəmir yolu xəttilə birləşdiriləcək və beləliklə, bu xətt Rusiyanın şərq limanlarına çatacaq.

Bu, Avrasiya regionunda malların daşınması və tranziti baxımından çox vacib addımdır. Region ölkələrinin bənzər layihələr həyata keçirildiyini nəzərə alsaq, bu, onlar arasında rəqabətə də səbəb olacaq. Hər halda, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şərqdən Qərbə və əksinə malların tranziti baxımından Rusiyanın Trans-Sibir dəmir yolunun əhəmiyyətini xeyli artırır.

Ankarada keçirilmiş görüşdən və anlaşma memorandumunun imzalanmasından əvvəl Rusiya Dəmir Yolları İdarəsinin baş direktoru Oleq Belozyorov Bakıya yollanmışdı. Orada Azərbaycan prezidenti İlham Əliyev və bu ölkənin Dəmir Yolları İdarəsinin rəhbəri Cavid Qurbanovla görüşən Belozyorov “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutu (İran da daxil olmaqla) və Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulması perspektivlərini müzakirə etmişdi. O, Bakıda keçirdiyi görüşlərdən sonra verdiyi açıqlamada demişdi ki, 2019-cu ilin birinci rübündə Azərbaycan-Rusiya dəmir yolları arasında daşımaların həcmi 25% artıb. Belozyorov ölkəsinin yükləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttilə daşımağa hazır olduğunu da söyləmişdi. Rusiya Dəmir Yolları İdarəsinin rəhbəri Bakıya səfəri zamanı Trans-Sibir dəmir yolu xəttilə Çindən Azərbaycana konteyner tranziti üzrə müntəzəm sistemin yaradılmasını, eləcə də Bakıda müvafiq distribütor mərkəzinin yaradılmasını təklif etmişdi.

Görüşlərin yekununda isə Rusiya ilə Azərbaycan arasında Bakı-Tbilisi-Qars dəmir yolunun infrastrukturundan istifadə edərək, “Şimal-Cənub” dəhlizi, eləcə də Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə nəqliyyat axınının artırılmasına dair əməkdaşlıq haqqında memorandum imzalanmışdı.

Belozurov ilə Qurbanov elə həmin gün Ankaraya uçaraq, qeyd olunan üçtərəfli memorandumu imzalamaq üçün türkiyəli həmkarları Əli İhsan Öygünlə bir araya gəlmişdilər.

Bundan başqa, “Rusiya Dəmir Yolları” ASC ilə Türkiyəyə məxsus bir şirkət Bakı-Tbilisi-Qars dəmir yolu xətti boyunca nəqliyyat imkanlarını genişləndirmək üçün birgə investisiyanın yatırılmasına dair qərar qəbul edib.

Üçtərəfli görüşdə Rusiya tərəfi Gürcüstan sərhəddindən Türkiyənin Qars şəhərinə qədər Rusiyanın standartlarına uyğun 76 kilometrlik yeni dəmir yolu xəttinin çəkilməsini də təklif edib. Məsələ ondadır ki, hazırda Türkiyənin dəmir yolları eninə görə Avropa standartlarına uyğundur. Rusiyanın təklifinin reallaşdırılması qatarların Gürcüstan-Türkiyə sərhəddini fasiləsiz keçməsinə imkan verəcək. Bununla da Qars şəhərinədək vaqonların şassisinin dəyişdirilməsinə ehtiyac qalmayacaq.

Maraqlıdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bir vaxtlar Çindən malların qəbulu baxımından Rusiyanın Trans-Sibir dəmir yolu xəttinə ciddi rəqib kimi qiymətləndirilirdi. Lakin bir müddət sonra Rusiya öz məhsullarını Türkiyə bazarına daha tez ixrac etmək, bu ölkənin Aralıq dənizindəki limanlarına çıxış qazanmaq məqsədilə Bakı-Tbilisi-Qars xəttindən istifadə etmək qərarına gəlib. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov hələ 2018-ci ilin əvvəlində, yəni Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışından bir neçə ay sonra bildirmişdi ki, hər ay Rusiyaya məxsus təxminən 70 min ton metallurgiya məhsulu məhz bu yolla Türkiyəyə göndəriləcək. Qurbanov Rusiyanın Bakı-Tbilisi-Qars vasitəsilə taxta məhsullarının ixracı və qida mallarının idxalında maraqlı olduğunu da demişdi. Ötən yay isə Rusiyanın dünyanın ən böyük polad istehsalçılarından olan Maqnitoqorsk Metallurgiya Kombinatı öz məhsullarını Türkiyəyə test olaraq, bu yolla göndərmişdi.

Ümumiyyətlə, Türkiyə Rusiya üçün ən böyük polad bazardır. Bu ölkənin Rusiyadan illik polad idxalının həcmi 5-6 milyon tondur. Bununla yanaşı, Rusiyadan Türkiyəyə hər il milyonlarla ton digər mallar, xüsusilə kömür, taxıl və gübrə ixrac edilir. Bu malların daşınması, həmçinin Rusiyanın Cənub-Şərqi Avropanın bir sıra ölkələrilə ticarət daşımaları indiyədək Ukrayna vasitəsilə həyata keçirilib. Rusiya-Ukrayna münasibətlərində yaranmış gərginlik üzündən bu marşrutda bir çox məhdudiyyət üzə çıxıb. Odur ki, Rusiya Ukraynadan yan keçən alternativ marşrutlar axtarışındadır. Daha bir alternativ Qara dənizlə Novorossiysk limanına birbaşa yoldur. Lakin bu marşrutla daşıma həcmi azdır. Bu üzdən o, Moskva üçün ciddi maraq kəsb etmir. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolu Rusiyanın Türkiyə və Cənub-Şərqi Avropa bazarlarına çıxışı üçün yeni imkanlar açır.

Bu arada, Rusiya, Türkiyə və Azərbaycan arasında yeni əməkdaşlıq memorandumunun imzalanmasını bəzi region ölkələri narahatlıqla qarşılayıb. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin üç əsas tərəfdaşlarından biri olan Gürcüstanın baş naziri Mamuka Baxtadze bunu tənqid edib. Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan və Türkiyə arasında imzalanmış beynəlxalq saziş bu dəmir yolu layihəsinə digər tərəflərin qoşulmasının bütün tərəflərlə razılaşdırılmasını zəruri edir.

Gürcüstanın baş naziri Türkiyənin Qars şəhəri istiqamətində Rusiya standartları əsasında yeni bir dəmir yolu xəttinin inşası ideyasını da pisləyib.

Üçtərəfli memorandumun imzalanmasını Gürcüstanın iqtisadiyyat naziri də tənqid edib. O, hesab edir ki, tərəflərdən heç birinin layihədə dəyişiklik etmək hüququ yoxdur.

Amma Tbilisinin bu reaksiyası Gürcüstan ərazisindən Rusiya mallarının daşınmasına icazə verilməyəcəyi anlamına gəlmir. Hər halda, hazırda Gürcüstan Rusiya ilə Ermənistan arasındakı ticarətin əsas marşrutu sayılır.

Beləliklə, Rusiya mallarının tranziti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maksimum gücü ilə işləməsinə imkan yarada bilər. Layihənin birinci fazasında bu yolla ildə 5-6 milyon ton yükün daşınacağı gözlənilir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az