19.10.2019 10:53
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Fransanın ədliyyə orqanları Arnuvillə Xocavənd arasındakı “Dostluq haqqında xartiya”nı qeyri-qanuni sayaraq ləğv edib

 
 



Turquie News, Fransa
10.06.2019


Fransanın ədliyyə orqanları Arnuvil şəhəri ilə Azərbaycan Respublikasının 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin inzibati bölgələrindən olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı qeyri-qanuni sayaraq, ləğv edib.

Bu, tarixi qərardır. Çünki o, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qeyri-qanuni rejimlə guya həmrəylik nümayiş etdirən, bitərəflik prinsipinə bilərəkdən məhəl qoymayan bəzi merlərin, ayrı-ayrı yerli hakimiyyət orqanlarının özbaşınalığına son qoyur.

Serji-Pontuaz inzibati məhkəməsi xartiyanı “Fransanın beynəlxalq öhdəliklərinə uyğun gəlmədiyi”, “yalnız dövlətin müstəsna səlahiyyətinə aid xarici siyasətlə bağlı olduğu” üçün ləğv edib.

Əlbəttə, burada söhbət heç də kimsənin bu bölgənin sakinlərilə dostluğunun, həmrəyliyinin qadağan olunmasından getmir. Lakin hər bir mer və ya digər icra hakimiyyəti orqanı yalnız yerli hakimiyyət orqanlarının (Yerli hakimiyyət orqanlarının fəaliyyətinə dair Ümumi Məcəllə, maddə L 1115-1) xarici fəaliyyətini tənzimləyən qanunlarla deyil, həm də Fransa Respublikasının ikitərəfli və beynəlxalq öhdəlikləri çərçivəsində, onlara riayət etməklə fəaliyyət göstərməlidir.

Fransa ilə Azərbaycan hələ 1993-cü il dekabrın 20-də dostluq, anlaşma və əməkdaşlıq haqqında Saziş imzalayıblar. Tərəflər bu sənədin ikinci maddədəsilə, “sərhədlərin toxunulmazlığı prinsipinə hörmət etməklə, beynəlxalq təhlükəsizliyin təmini, münaqişələrin qarşısının alınması və dövlətlərarası əlaqələrdə beynəlxalq hüququn aliliyinin təmini üçün səylərin birləşdirilməsi” öhdəliyi götürüb.

Konkret olaraq Fransanın beynəlxalq öhdəliklərinə gəlincə, əvvəla BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Paris tərəfindən də dəstəklənən 4 qətnaməsini yada salmaq lazımdır. Həmin sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət bir daha təsdiq olunur. Qətnamələrdə erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilir.

Bundan başqa, xalqların öz müqəddəratını təyin etmək hüququndan suveren dövlətin milli birliyini, ərazi bütövlüyünü pozmaq məqsədilə istifadənin, bu zaman insanların bir bölgədən zorla çıxarmasının, etnik təmizləməyə məruz qalmasının yolverilməzliyi də məlumdur. Başqa sözlə, beynəlxalq hüququn bu prinsiplərinə riayət olunması vacibdir.

İşğal olunmuş ərazilərdən qovulmuş yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına, evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüququnun ən qısa zamanda bərpasını tələb edən insan hüquqlarına, beynəlxalq humanitar hüququn prinsiplərinə də hörmətlə yanaşılmalıdır. Dağlıq Qarabağdan 40 mindən çox azərbaycanlının zorla çıxarıldığı hər kəsə bəllidir. Bu, 1989-cu ilə olan məlumata əsasən, bölgədə yaşayan əhalinin təxminən 24%-i deməkdir. 1992-1993-cü illərdə isə işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan daha 700 min azərbaycanlı qovulub.

Belə bir şəraitdə bəzi fransız merlərin və hakimiyyət orqanlarının özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış, Fransa dövləti tərəfindən tanınmayan separatçı “Dağlıq Qarabağ Respublikası”nın yerli hakimiyyət orqanları kimi təqdim edən qüvvələrlə “Dostluq haqqında xartiya” imzalaması Fransanın beynəlxalq imicinə böyük zərbə vurur, xalqlar arasında anlaşmanın təməllərini sarsıdır, beynəlxalq diplomatik əlaqələrin ahəngdar inkişafına təhdid yaradır.

1997-ci ilin yanvarından ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransanın öhdəlikləri qeyri-qanuni xartiyaların ləğvini, münaqişənin həlli üçün qəti mövqe nümayişini zəruri edir. Hər halda, uzun müddətdir davam edən bu çıxılmaz vəziyyət artıq təkcə Ermənistan və Azərbaycanda deyil, bütünlükdə Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə təhdiddir. Münaqişənin ədalətli həlli Cənubi Qafqaz regionunun davamlı inkişafına və geniş regional əməkdaşlığa əlverişli şərait yaradardı. Bundan isə yalnız region ölkələri deyil, həm də avropalı tərəfdaşlar, o cümlədən Fransa yararlana bilər.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Turquie News

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az