23.08.2019 12:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
Dağlıq Qarabağ münaqişəsi Ermənistanı məhv edir

 
 



The National Interest, ABŞ
12.06.2019


Müəllif: Fuad Çıraqov

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton ötən ilin oktyabrında Cənubi Qafqaz regionuna səfər etmişdi. Həmin vaxt gündəmdəki əsas mövzulardan biri Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə yardım göstərmək idi. Bolton səfəri çərçivəsində regional təhlükəsizliklə bağlı bir neçə vacib məsələni qaldırmış, gələcəklə bağlı ümidli olduğunu bəyan etmişdi.

Con Bolton bir müddət sonra Ermənistan liderinin növbədənkənar parlament seçkisindəki qalibiyyətinin Yerevana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həlledici addımlar atmaq imkanı yaradacağını da söyləmişdi. Amma Ermənistanın baş naziri Nikol Paşinyan yüksək rütbəli bu amerika rəsmisinin fikirlərini rədd edib. “Bolton və ya başqası mənim adımdan danışa bilməz”, - deyə o, bildirib.

Halbuki, Boltonun mesajı kifayət qədər aydın idi: Vaşinqton Ermənistanın yeni hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha məsuliyyətli və qəti addımlar atacağına ümid edir, ondan bunu gözləyir. Çünki artıq 30 ildir davam edən bu münaqişə Cənubi Qafqaz regionunun inkişafına və təhlükəsizliyinə problem yaradır.

Bolton açıq-aydın deyir ki, bu münaqişənin həll olunmayacağı təqdirdə Ermənistanın yeni hökuməti üçün müstəqil xarici siyasət aparmaq, regional geosiyasətdə manevr etmək, balans yaratmaq çətin olacaq. Yeri gəlmişkən, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mils vəzifəsini tərk etməzdən əvvəl verdiyi son açıqlamalarından birində “bu münaqişənin reallığı” haqda danışmışdı: “Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli işğal altındakı bəzi ərazilərin geri qaytarılması tələb edir”. Bundan başqa, o, hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilənədək Ermənistan Rusiya ilə “xüsusi əlaqələr”i qoruyub saxlamaq məcburiyyətindədir. R.Mils xatırladır ki, bu əlaqələr 1990-cı illərin əvvəllərində, yəni məhz Dağlıq Qarabağa hərbi müdaxilə qərarı ilə möhkəmlənib.

Sabiq səfir Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvonun artıq Ermənistanın xeyirnə olmadığını da düşünür: “Çünki o, bu üzdən müxtəlif problemlərlə üzləşib: sərhədlərin bağlı olması, ölkəyə məhsulların daşınmasında problemlərin yaranması, insan resusrları və korrupsiyanın artması ilə bağlı risklər məhz Dağlıq Qarabağ münaqişəsindən qaynaqlanır”.

Həmin dövrdə baş nazir səlahiyyətlərini icraçısı olan Nikol Paşinyanın Riçard Milsə cavabı özünü çox gözlətməmişdi. İrana səfəri zamanı bu ölkədə yaşayan erməni icması ilə görüşən Paşinyanın görüşdə çəkdiriyi “selfi”də üzərində “1 düym də torpaq verməyəcəyik” sözləri yazılmışdı...

C.Boltonun dediklərinə Ermənistan və Rusiya KİV-nin reaksiyası da mənfi olub. Onlar Boltonun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “plan”ını belə, dərc ediblər. Bu məqalələrdə iddia edilir ki, Vaşinqton Tehranla mübarizədə Bakının dəstəyini qazanmağa çalışır və Dağlıq Qarabağ münaqişəsilə bağlı Yerevana təzyiqlərin məqsədi də məhz budur.

Halbuki, Azərbaycanın işğal altındakı ərazisində yaradılmış, Ermənistanın “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax” adlandırdığı qurum bütün beynəlxalq təşkilatların sənədlərində Şərqi Avropanın “boz bölgə”lərindən biri kimi göstərilir. Ermənistan elitasi, həmçinin Azərbaycanın işğal altındakı ərazisində qurulmuş rejim “DQR”in müstəqilliyinin tanınması, oradakı hakimiyyətin qanuniləşdirilməsinə nail olmaq üçün müxtəlif rıçaqlar, platformalar axtarır. Tanınmamış dövlətlərlə “diplomatik əlaqələr”in qurulması da bu səylərə daxildir. Məsələn, qondarma dövlətin “xarici işlər naziri” Masis Mayilyan müstəqilliklərini elan etmiş separatçı Donetsk və Luqansk “xalq respublikaları” ilə əlaqələrin qurulması planından danışır. Yeri gəlmişkən, “DQR”in Gürcüstan ərazisində qurulmuş 2 separatçı qurumla əməkdaşlığı, ermənilərin xüsusilə Abxaziyadakı fəaliyyəti Tbilisini çox hiddətləndirib. Gürcüstan prezidenti Salome Zurabaşvili Ermənistana rəsmi səfəri zamanı buna etirazını açıq dilə gətirib. O, deyib ki, “Dağlıq Qarabağ”dan “Cənubi Osetiya” və ya “Abxaziya”ya səfərlər Gürcüstana qarşı bədxah münasibətin göstəricisidir.

Ermənistan Azərbaycanın işğal altındakı ərazisində yaradılmış “DQR”i hər cəhddə “üçüncü tərəf” kimi göstərməyə çalışır. Halbuki, Yerevanın özünün bu qondarma qurumla əlaqəsi hər zaman mürəkkəb və qaranlıq olub. Ermənistan bir tərəfdən “DQR”in müstəqil qurum olduğunu iddia edir. Digər yandan isə özü belə, onun müstəqilliyini tanımır. Bundan başqa, Ermənistanla “DQR”in rəhbərliyi son onilliklərdə bir-birinə o qədər inteqrasiya edib ki, artıq onları ayırmaq mümkün deyil.

Yeri gəlmişkən, Ermənistanın son iki prezidenti Dağlıq Qarabağ əsilli olub. Onlar siyasi karyeralarına Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərindən kənarda, Azərbaycana qarşı müharibə ilə başlayıblar. 1990-cı illərin əvvəllərində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Dağlıq Qarabağ”dan yüksək rütbəli rəsmiləri hökumətində təmsil olunmaları üçün Ermənistana çağırmışdı. Sonda məhz həmin qrup Ter-Petrosyanı istefaya məcbur etdi. Çünki prezident 1998-ci ildə tərəfləri Dağlıq Qarabağ münaqişəsilə bağlı kompromisə və sülhə çağırmış, üstəlik, xalqı bu qrupun niyyətindən xəbərdar etmişdi. Ermənistanın birinci prezidenti başa düşürdü ki, Azərbaycanla münaqişə həll edilmədən, Ermənistanın demokratik və iqtisadi inkişafı mümkün deyil. Onu istefaya göndərmiş qrup 2018-ci ilə, yəni Nikol Paşinyanın kütləvi etirazlar nəticəsində hakimiyyətə gəlişinədək ölkəyə rəhbərlik edib...

Bir sözlə, “DQR” adlı qondarma qurumu Ermənistan yaradıb. Nikol Paşinyanın oğlu bu yaxınlaradək Ermənistanın Dağlıq Qarabağda yerləşən hərbi hissəsində xidmət edirdi. Ümumiyyətlə, son 30 ildə Yerevan Azərbaycanın işğal altındakı ərazisində hərbi gücünü və qeyri-qanuni iqtisadi fəaliyyətini genişləndirib. O, bölgəyə hərbi texnika və hərbçilər yerləşdirib, orada zaman-zaman genişmiqyaslı hərbi təlimlər keçirir. Bütün bunlara rəğmən, Yerevan işğalçı olmadığını, Azərbaycan ərazisində silahlı qüvvələrinin yer almadığını iddia edir. Halbuki, erməni tərəfinin cəbhə bölgəsində itirdiyi əsgər və zabitlərin əksəriyyəti Ermənistandan olan çağırışçılardır. Azərbaycanın işğal altındakı ərazisində yaşayan ermənilər Ermənistanın verdiyi pasportları daşıyır. Bu, onlara istədikləri ölkəyə rahat səfər imkan verir. Qondarma qurumun büdcəsi isə Ermənistanın vergiləri və onun ayırdığı yardımlarla formalaşır. Ermənistandakı kimi, qondarma qurumda da valyuta dramdır...

Problemin həlli üzrə danışıqlar prosesinə gəlincə, Ermənistanın danışıqlar formatının dəyişdirilməsinə, qondarma qurumun müstəqil tərəf kimi təqdim olunmasına cəhdləri vaxt itkisindən, tarixi və hüquqi faktların manipulyasiyasından, substantiv danışıqlardan yayınmaqdan başqa bir şey deyil. Masis Mayilyanın bu yaxınlarda yazdığı məqalə və onun digər platformalardakı bəyanatları da bu strategiyanın bir hissəsidir. Bu, qətiyyən doğru yanaşma deyil. Mayilyan iddia edir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni (822, 853, 874 və 884) pozur. Bununla o, sözügedən qətnamələrin məğzini təhrif edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək açıq mətnlə göstərilib. Bununla yanaşı, sənədlərdə işğalçı qüvvələrin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb olunur.

Bu arada, Ermənistan ötən ilki hakimiyyət dəyişikliyindən sonra qondarma qurum üzərində nəzarəti itirməyə başlayıb. Dağlıq Qarabağ faktiki olaraq, Ermənistanın köhnə rejimin nəzarətindədir. Onlar bu regiondakı gücündən bu gün də istifadə edir. Ermənistanın yeni hökumətilə qondarma qurum arasında əlaqələrin zəif olduğunu göstərən daha bir hadisə bu ilin mayında baş verib. Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Paşinyanın ciddi cəhdlərinə rəğmən, məhkəmə zalından azadlığa buraxılıb. Bu, “DQR”in indiki və keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Qukasyanın zamin durmaları, müvafiq girov ödəmələrilə mümkün olub. Maraqlıdır, “əcnəbilə” Ermənistan məhkəmələrində zamin dura bilərlərmi? Axı faktiki olaraq, onların Ermənistan vətəndaşı olub-olmadıqları aydın deyil.

Tərəflər arasında münasibətlər bu yaxınlarda daha da gərginləşib. Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin məhkəmə sistemindəki problemlərə dair keçirilən müşavirədə keçmiş rejimi Qarabağdakı əlaqələrindən istifadə edərək hökumət və baş nazir haqda saxta xəbərlər yaymaqda günahlandırıb. Baş nazir iddia edib ki, onlar hərbi əməliyyatlar yolu ilə təxribata əl ata, bəzi əraziləri Azərbaycana verə və bunun məsuliyyətini yeni hökumətin boynuna qoya bilər. “Bu, xəyanətdir və belə səylərin qarşısını almaq üçün ciddi addımlar atılacaq”, - deyə Paşinyan qeyd edib.

Baş nazirin bu bəyanatı onun əvvəlki fikirlərilə zidyyət təşkil edir. O, əvvəllər Dağlıq Qarabağ ermənilərinin adından danışa bilməyəcəyini deyirdi. Paşinyan yalnız “DQR”in təhlükəsizliyinə zamin durduğunu söyləyirdi...

Qayıdaq münaqişənin həlli prosesinə. Ermənistanın baş naziri siyasi gələcəyinə təhlükə yaradacaq güzəştlər haqda danışmır və bu istiqamətdə addımlar atmır. Görünür, buna Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yaranmış təhlükəli dövr mane olur. Hər halda, Paşinyan Sarqsyan/Koçaryan dövründə olduğu kimi, danışıqlar prosesinin ləngidilməsi taktikasından istifadə edir. Problemin həlli 1994-cü ildə atəşkəs müqaviləsinin imzalanmasından bu yana, yəni 25 ildən çoxdur ki, məhz bu taktika nəticəsində “uğurla” uzadılır. Paşinyan da irəli getmək, sülhün yaradılması üçün səylər göstərmək əvəzinə, danışıqlar formatının dəyişdirilməsinə və qondarma qurumun nümayəndələrinin danışıqlarda iştirakına çalışır. Halbuki, ATƏT-in Minsk qrupu son bəyanatlarından birində baş nazirin bu təklifini rədd edib. Bəyanatda deyilir ki, Bakı ilə Yerevan arasında ATƏT-in Minsk qrupunun həmsədrliyi altında fasiləsiz və birbaşa dialoqun aparılması əsas element olaraq qalır.

Problemin kökünə gəlincə, o, Ermənistan SSR Ali Sovetinin 1989-cü ildə qəbul etdiyi qərara qədər uzanır. Həmin qərara əsasən, Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti qeyri-qanuni olaraq Ermənistan SSR-ə “birləşdirilir” (miaçum – erməni dilində). Bu, Ermənistanın 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqilliyi haqda Bəyannaməsinin preambulasında da əksini tapıb; 1989-cu il dekabrın 1-də “Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi qərarı” Ermənistan dövlətçiliyinin əsas prinsiplərindən biri kimi təsdiq olunub. Ermənistanın Müstəqilliyi haqda Bəyannamə isə 1995-ci il iyulun 5-də qəbul edilmiş Ermənistanın Konstitusiyasının preambulasında təsdiqlənib.

Göründüyü kimi, qondarma qurumun müqəddəratını təyin etmək hüququ əvvəllər Ermənistan üçün maraqlı olmayıb. Yerevanın əsas məqsədi Azərbaycan ərazisinin işğalı olub. Yerevan sonradan anlayıb ki, bu, ona beynəlxalq arenada problem yaradacaq. Nəticədə, daha “cəlbedici” variant tapılıb: müqəddəratını təyinetmə hüququ. Yerevan bu yolla işğalçı damğasından yaxa qurtarmağa çalışır.

Bu gün ermənilər bir-birinə zidd iki variant arasında, başqa sözlə, tələdə qalıb. Söhbət beynəlxalq məsələlərlə daxili qanunvericilik arasında yaranmış ziddiyyətdən gedir. Ermənistan “DQR”i müstəqil qurum kimi təqdim etməyə çalışsa da, daxili məsələlərin həllində tez-tez anneksiya qərarına istinad olunub. Odur ki, Yerevan “DQR”i müstəqil tərəf kimi göstərmək üçün əvvəlcə qanunvericilik aktlarını tam dəyişdirməlidir. Bu, hüquqi mübahisələrə son qoyulmasının yeganə yoludur.

Bundan başqa, Ermənistan Konstitusiyasına görə, prezident bu ölkənin vətəndaşı olmalı, ən azı 10 il bu ölkədə yaşamalıdır. Amma Robert Koçaryan bu tələblərə cavab vermirdi. O, Ermənistanda doğulmayıb və bu ölkənin vətəndaşlığını almaq üçün müraciət etməyib. Ermənistanda 2003-cü ildə keçirilmiş prezident seçkisindən əvvəl 6 müxalif namizəd məhkəmədən Koçaryanın pasportunun ləğvini belə, tələb etmişdi. Çünki o, Ermənistan vətəndaşı olmayıb. İddiaçılar deyirdilər ki, ikili vətəndaşlığı istər Ermənistan Konstitusiyası, istərsə də “DQR” “konstitusiyası” qadağan edir. Koçaryan qanuna əsasən Azərbaycan vətəndaşı idi demək, Ermənistan prezidenti ola bilməzdi...

Bu gün bütün diqqət Paşinyanın üzərindədir və bütün gözləntilər ondandır. Baş nazir xalqını və ölkəsini qaçılmaz uçurumdan xilas edə biləcəkmi? Yoxsa Paşinyan əksinə, ölkəsinin dağılmasına, aram-aram məhv olmasına imkan verəcək? ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Milsin qeyd etdiyi kimi, vaxt Ermənistanın və erməni xalqının xeyrinə işləmir. Azərbaycan bu ölkəni bütün regional enerji, nəqliyyat, infrastruktur layihələrindən kənarda saxlayıb. Bununla yanaşı, dənizə çıxışı olmayan Ermənistanın sərhədlərinin 83%-i 20 ildən çoxdur bağlıdır. Bu, ölkənin iqtisadi və demoqrafik potensialına dağıdıcı təsir göstərir. Üstəlik, Bakı tərəflərin substantiv danışıqlara başlamasınadək bu siyasəti davam etdirəcək.

İndi, hər kəs bir məsələni yaxşı başa düşməlidir: nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, Ermənistan tam demokratik ölkə olmayacaq, onun iqtisadiyyatı inkişaf etməyəcək. Onu hətta ən yaxşı islahatlar, həmçinin erməni lobbisi belə, xilas etməyəcək.

Beləliklə, Ermənistan hökuməti və Tramp administrasiyası substantiv danışıqlara və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə nail olmalıdırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hər kəs əməl etməli, beynəlxalq hüququ və ərazi bütövlüyü ilə bağlı məsələləri hər kəs bir də nəzərdən keçirməlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The National Interest


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az