26.06.2019 10:04
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
MÜSAHİBƏ| Qəhrəman: “Küveyt regional və beynəlxalq siyasətə böyük təsirə malikdir”

 
 



Əl-Cəridə, Küveyt
13.06.2019


Müəllif: Adil Sami

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Küveyti Yaxın Şərq regionunun fəal dövləti sayır. Diplomat hesab edir ki, o, Əlahəzrət Əmir Şeyx Sabah əl-Əhmədin rəhbərliyi altında regional və beynəlxalq siyasətə böyük təsirə malikdir.

Qəhrəman “əl-Cəridə”yə müsahibəsində Küveytlə Azərbaycan arasında yaxın zamanda bir çox sahəni əhatə edəcək 12 sazişin imzalanacağını bildirib. Onun sözlərinə görə, bu sazişlər ölkəsilə Küveyt arasında ticarət, investisiya, turizm sahələrində səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Səfir deyir ki, iki ölkə arasında iqtisadi-ticari münasibətlərin inkişafında irəliləyiş olsa da, əlaqələrin səviyyəsi tərəfləri qane etmir. Hər iki dövlət daha çoxuna nail olmağa çalışır.

E.Qəhrəmanın sözlərinə görə, Azərbaycan tərəfi Küveytlə ticarət və investisiya mübadiləsi həcmini ikiqat artırmaq istəyir. Hazırkı həcm tərəflərin istəyinə tam cavab vermir.

Bu arada, bu il Küveytlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Diplomat 1994-cü ildən iki ölkə hökumətləri arasında əməkdaşlığın mükəmməl şəkildə davam etdirildiyini deyir, Azərbaycanın Küveytlə müxtəlif sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirməyə çalışdığını söyləyir.

- Küveytlə Azərbaycan arasında əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu il Küveytlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. 1994-cü ildən iki ölkə hökumətləri arasında əməkdaşlıq ən mükəmməl şəkildə davam etdirilir. Odur ki, Azərbaycanla Küveyt arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu fəxr və sevinclə qeyd edə bilərəm. Bu, iki ölkə rəhbərlərinin səylərilə mümkün olub. Bu istiqamətdə aparılan işlər ikitərəfli münasibətlərin daha böyük mərhələyə keçməsinə, müxtəlif sahələrdə özünəməxsus qardaşlıq əlaqələrinə çevrilməsinə töhfə verir.

Azərbaycan Küveytlə siyasi, iqtisadi, mədəni və başqa sahələrdə əlaqələrin daha da inkişafına çalışır. Bizim əlaqələrimiz artıq dostluq münasibəti mərhələsinə keçib. Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini 1991-ci ildə Sovet İttifaqının dağılması ilə əldə edib. O zaman Küveyt Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Bundan sonra iki ölkə arasında diplomatik münasibətlər qurulub. 2004-cü ildə Azərbaycanın Küveytdə, 2006-cı ildə isə Küveytin ölkəmizdə səfirliyi açılıb. Ötən dövrdə ölkələrimiz arasında qarşılıqlı rəsmi səfərlər həyata keçirilib.

Küveyt Qarabağ problemində Azərbaycan xalqının mövqeyinin dəstəklənməsində də mühüm rol oynayıb. Bildiyiniz kimi, Ermənistanın Qarabağı işğal etməsi nəticəsində 1 milyondan çox insan yurdundan qovulub, qaçqın və məcburi köçkünə çevrilib. Küveyt bu köçkünlərə saysız-hesabsız humanitar yardım göndərmiş, kömək etmiş dövlətlərdəndir. Küveyt hökuməti beynəlxalq təşkilatların Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamələrini də dəstəkləyir.

Vasitəçilik missiyası

- Küveytin regional və beynəlxalq problemlərin həllində vasitəçi rolunu necə qiymətləndirirsiniz?

- Küveyt Yaxın Şərq regionunda fəal dövlətdir. Əlahəzrət Əmir Şeyx Sabah əl-Əhməd ərəb-islam dünyasında tarixi rol oynayır. Küveyt ərəb dövlətlərilə bağlı müxtəlif problemlərin həllində, o cümlədən regional proseslərdə böyük rola malikdir. Yəni, ölkə əlahəzrət Əmir Şeyx Sabah əl-Əhmədin rəhbərliyi altında regional və beynəlxalq siyasətə böyük və fəal təsirə malikdir. O, ayrı-ayrı dövlətlər arasında baş verən böhranların, o cümlədən Körfəz böhranının həllində də vasitəçilik edir. Küveyt indiyədək qaçqın və köçkünlərə yardım məqsədilə keçirilən bir çox regional və beynəlxalq konfransa ev sahibliyi edib.

Küveyt dünyanın az qala hər yanına humanitar yardımlar göndərməsilə də tanınır. Bu, hər kəsə bəllidir. Fürsətdən istifadə edərək, Küveytə ölkəmizə müxtəlif məsələlərdə dəstək və yardım göstərdiyi üçün təşəkkürümü bildirirəm. Ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün də minnətdaram.

- Azərbaycan gözəl təbiəti, unikal iqlimilə turistləri cəlb edir. Ötən il Küveytdən ölkənizə nə qədər turist gedib?

- 2018-ci ildə ölkəmizə 29 min küveytli turist gəlmişdi. Küveytdə rezident kimi qalan başqa xalqların nümayəndələri buraya daxil deyil.

Azərbaycan həqiqətən, gözəl təbiəti, müxtəlif iqlimli regionları ilə seçilir. Dünyada mövcud olan 13 iqlim qurşağından 9-na Azərbaycanda rast gəlinir. Odur ki, turizm gözəl və əsrarəngiz ölkəmizin milli gəlirinin əsas mənbələrindəndir.

Bundan başqa, Azərbaycan Küveytdən o qədər də uzaq deyil. Səfər təyyarə ilə 2 saata yaxın çəkir. Biz hər yerdən, xüsusilə Küveytdən gələn turistləri salamlayırıq.

- Küveytli turistə hansı mühüm güzəştlər təqdim edilir?

- Küveytlilər Azərbaycana vizanı ölkəmizin aeroportuna çatar-çatmaz ala bilir. Onlar elektron viza da əldə edə bilər.

Sazişlər

- İki ölkə arasında imzalanmış mühüm sazişlər haqda nə danışa bilərsiniz?

- İki ölkə arasında müxtəlif sahələrdə bir sıra əməkdaşlıq sazişləri imzalanıb. İndiyədək 19 belə sazişə imza atılıb. Onların arasında iki ölkə hökumətlərinin ticarət sahəsində əməkdaşlıq sazişi, gənclər və idman sahəsində əməkdaşlıq sazişi, turizm sahəsində əməkdaşlıq sazişi, iqtisadi və texniki əməkdaşlıq sazişi, hökumətlər arasında hava əlaqəsi ilə bağlı əməkdaşlıq sazişi, həmçinin siyasi, mədəni və iqtisadi sahələri əhatə edən bir çox müqavilələr var.

Azərbaycan prezidentinin Küveytə bir neçə il əvvəl etdiyi səfər zamanı iki ölkə arasında 8 müqavilə imzalanıb. Yaxın zamanlarda isə daha 12 sənədin imzalanması nəzərdə tutulur.

İmzalanmış sazişlər ölkələr arasında ticarət, investisiya, turizm sahələrində səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

- Küveytlə Azərbaycan arasında əlaqələrin qurulmasından 25 il keçsə də, ticarət mübadiləsinin həcmi çox azdır. Səbəb nədir? Ticarət mübadiləsinin həcmini artırmaq üçün hansısa iş aparılırmı?

- Azərbaycanla Küveyt arasında fəal siyasi dialoq çox yaxşı səviyyədədir. İqtisadi əməkdaşlığın səviyyəsini isə daha da artırmaq istəyirik. Ticarət mübadiləsinin həcmi, qarşılıqlı investisiyalar, müxtəlif sahələrdə ortaq fəaliyyət xalqlarımızın mənafeyi baxımından böyük əhəmiyyət daşıyır.

Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələr inkişaf etsə də, onun mövcud səviyyəsi tərəfləri qane etmir. Biz daha çoxuna nail olmaq istəyirik. Azərbaycan tərəfi Küveytlə ticarət və investisiya mübadiləsi həcmini ikiqat artırmağı arzulayır. Bir sözlə, hazırkı vəziyyət tərəfləri qane etmir. Çünki bu əlaqələrin inkişafı üçün potensial var.

Böyük investisiya imkanlarına malik Küveytlə iqtisadi əməkdaşlığın genişləndirilməsi çox vacibdir. Azərbaycan sürətlə inkişaf edir, Azərbaycan istehsalı olan istehlak malları Küveytə ixrac olunur. Beləliklə, ölkələr arasında iqtisadi və ticari əməkdaşlığın inkişafı üçün təklif və tövsiyələr verilməlidir.

- Azərbaycanın inkişaf etmiş səhiyyə sektoru var. Misal kimi, Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu göstərmək olar. Gələcəkdə Küveytlə Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığı necə görürsünüz?

- Bəli, ölkəmizdə yüksək keyfiyyətli tibbi xidmət göstərən mərkəzlər var. Bir nümunəni siz qeyd etdiniz. Küveytlə Azərbaycan arasında səhiyyə, tibb sahəsində əməkdaşlığın qurulması iki dost ölkənin əlaqələrinin daha sürətlə inkişafına müsbət təsir edə bilər.

Hesab edirik ki, iki ölkə arasında təhsil sahəsində də əməkdaşlıq sazişi imzalanmalıdır. Diplomlarımızın qarşılıqlı tanınmaması küveytli tələbələrin Azərbaycanda təhsil almasına mane olur. Bundan başqa, fikrimcə, təbiblərimizin, digər tibb işçilərimizin Küveytdə işləməsi üçün də yaxşı şərait var.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəridə


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az