17.09.2019 16:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
FOTOREPORTAJ| Yalnız Azərbaycanda əldə edilə biləcək 21 nadir təcrübə

 
 



Titreshahr, İran
14.06.2019


Azərbaycan hər bir turistin həyatda ən azı bir dəfə səyahət etməli olduğu zəngin mədəniyyətə, füsunkar təbiətə malik ölkədir. Bəs orada hansı nadir təcrübələri qazanmaq olar?

Azərbaycan hər bir güşəsində alov nişanələri olan ekzotik ölkədir; palçıq vulkanları, qayalıqları və mühafizə olunan çoxsaylı təbiət qoruqları bu diyarın xüsusiyyətlərindəndir. Turistlər Azərbaycana səyahət edərkən bir çox yeniliklərlə tanış olmaq imkanı qazanır. Gəlin Azərbaycana yay səyahəti zamanı qazana biləcəyiniz unikal təcrübəyə nəzər salaq.

Atəşgaha baş çəkin

Od Azərbaycan mədəniyyətində olduqca böyük rol oynayır. Bu gün odun bu ölkə mədəniyyətinə minilliklər rəzində göstərdiyi təsiri hər yanda görmək mümkündür (Zərdüştlüyün rəmzlərindən tutmuş, müasir “Alov “qüllələri”nədək).

Atəşgah Bakının yaxınlığında yerləşir. O, bir zamanlar ibadət evi olmuş alov məbədidir. Bu gün bu məbəd Azərbaycanın turistik məkanlarından birinə çevrilib. Onu ziyarət etmədən, bu ölkəyə səyahət tamamlanmış hesab olunmur.

Yanardağı görməyə gedin

Siz indiyədək fasiləsiz alışıb yanan dağ görmüsünüz? Bakıda yerin altından fasiləsiz qaz sızması paytaxtın yaxınlığındakı Yanardağın alovlanmasına səbəbdir. Deyilənə görə, burada yerin səthinə sızan qaz 1950-ci illərdə bir nəfərin yerə siqaret atması ilə alovlanıb.

Neft vannası qəbul edin

Azərbaycanın mərkəzində, Gəncə yaxınlığında yerləşən Naftalan şəhəri neft vannaları ilə məşhurdur. Burada siz dünyanın ən qəribə SPA müalicəsini – neft vannasını sınaqdan keçirə bilərsiniz.

Bir çoxları iddia edir ki, Sovet hakimiyyəti dövründə populyarlaşmış bu vanna müxtəlif xəstəlikləri müalicə edə, ağrıları aradan qaldıra bilir. Odur ki, cəsarətli turistlər bu ekzotik müalicə növünü sınaqdan keçirə bilər. Narahat olmayın, bu vannada istifadə edilən neft avtomobil üçün olan neftdən fərqlidir.

Yanan su

Azərbaycan bulaqlarından birindən tərkibində metan olan su qaynayır. Bəli, düz oxudunuz. Paradoksal da olsa, bu fenomen Azərbaycanın ekzotik və füsunkar təbii gözəlliklərindəndir. “Yanar bulaq” adlanan bu kompleks İran-Azərbaycan sərhədi yaxınlığındakı Astara rayonunun cənubunda yerləşir. Bulaqdan tərkibində metan olan su qaynayır və qazın alovlanması nəticəsində su... yanır. Yerli əhali bu suyun şəfalı olduğuna inanır.

Palçıq vulkanları

Palçıq vulkanı püskürən zaman yerə səthinə qaynar lava deyil, soyuq palçıq axır. Bu, yeraltı təzyiqin palçığı yerin səthinə “itələməsi” nəticəsində baş verir. Bəzən bu palçıq kifayət qədər yüksəyə atılır.

Dünyadakı palçıq vulkanlarının üçdə birindən çoxu, o cümlədən 400 metrlik Torağay və 397 metrlik Kənizədağ vulkanları Bakı ətrafında yerləşir.

Qaya üzərində 40 min illik sənət əsəri

Bakının cənub-qərbində yerləşən Qobustanda turistlər 40 min illik tarixə söykənən qədim yaşayış məskənlərini ziyarət edə bilər. Milli park elan olunmuş bu ərazidə oyulmuş daşlar, qayalar və mağara divarlarına rast gələcəksiniz. Buranın insanların Buz dövründən sonrakı sığınacağı olduğu deyilir.

Qayadan ibarət musiqi aləti

Qaval daşı da Qobustan Milli Parkında yerləşir. Daşla ona zərbə vurduqda əsl qaval səsi eşidilir. Güman ki, qədim insanlar bu qayalardan dini mərasimlərdə istifadə edirmiş. Müasir insanlar isə bu qayadan sanki musiqili alətiymiş kimi istifadə edir.

Çay içməkdən zövq alın

Azərbaycanda çay içmək mədəniyyəti və ənənəsinin əsrlərlə yaşı var. Burada qonağa hər zaman mürəbbə ilə çay təklif olunur.

Qədim kəndləri ziyarət edin

Quba Azərbaycanın şimalında, Dağıstanla sərhəd yaxınlığındakı kiçik şəhər ölkənin mühüm tarixinin bir hissəsidir. Quba adlı bu şəhərin yaxınlığında yerləşən,  min ildən çox yaşı olan dağ kəndlərini, xüsusilə Xınalıq kəndini görməyə dəyər. Burada 5 min ildir yaşayan Alban icmasını xüsusi qeyd etmək lazımdır. Buranın digər kəndlərinin də özünəməxsus mədəniyyəti, ənənəsi və dili var.

Ətrafa səpələnmiş neft buruqları

Azərbaycanın yaylaqlarında belə, neft nasoslarına rast gəlinir. Bu ənənəvi neft nasosları Bakıda “qara qızıl”ı XIX-cu əsrdə ilk neftin çıxarıldığı üsulla hasil edir.

Yəhudilərin yaşayış məskənini

Qubada, Qudyalçayın şimalında yerləşən Qırmızı qəsəbənin əhalisi tamamilə yəhudilərdən ibarətdir.

Dadlı plov

Azərbaycanın milli xörəklərindən sayılan plov çox dadlıdır. Onun hazırlanması zamanı düyünün üzərinə zəfəran səpilir, bu, yeməyi daha ətirli edir. Plovun üzərinə səbzi, ədviyyat və ət əlavə edilir.

Azərbaycanda ənənəvi restoranların bir çoxunda qiymət ucuzdur.

Azərbaycanlı qonaqpərvərliyi

Azərbaycan xalqı ilə İran xalqı arasında bir çox mədəni oxşarlıq var. Bunlardan biri də səmimi qonaqpərvərlik, insanlara isti münasibətidir. Yerli əhali turistlərə yardım etməyi çox xoşlayır.

Sirli qalanı ziyarət edin

Bakının İçərişəhər adlanan qədimi hissəsində silindrik formalı böyük bina və ya qala var. Onun yaşı dəqiq bilinmir. Söhbət Qız qalasından gedir. Bu qəribə tikili sirlərlə doludur. Bəziləri onun yaşının min ilə bərabər olduğunu deyir, digərləri əvvəllər müşahidə qülləsi, ondan əvvəlsə Zərdüşt məbədi olduğunu söyləyir.

Gözəl “Alov qüllələri”

Bakıda alov formasında olan 3 qüllə tikilib. Onun fasadının gözoxşayan işıqları binaları alov rənginə bürüyür. Gecə saatlarında qüllələr üzərindəki işıq şousu xüsusilə cazibədar görünür.

Dünyanın ən kiçik kitabları

Dünyanın ölçüsü yalnız 2 kvadrat millimetr olan ən kiçik kitabı Bakıdakı Miniatür Kitab Muzeyində saxlanır. Azərbaycan paytaxtına yollanmısınızsa, bu muzeyə də baş çəkin. Orada kiçik kitabları böyüdücü şüşə vasitəsilə xoumaq olur.

Xalça Muzeyi

Bakıdakı Xalça Muzeyi əslində, göründüyündən daha cazibədardır. Muzeyin binası bükülmüş xalça formasındadır. Onun inşasında müxtəlif nümunələrdən, dizaynlardan istifadə olunub.

Muzeydə xalça toxunması, mürəkkəb naxışlar və nümunələr, eləcə də xalçanın Azərbaycan mədəniyyətilə necə bağlı olduğu haqda məlumat əldə bilərsiniz.

Kollektiv təsərrüfat

Sovet Hakimiyyəti dövründə Azərbaycanda da kənd təsərrüfatı sahələri kollektivləşdirilmişdi. Burada hər kəs birgə işləyir, əkir-biçir, məhsulu birgə toplayırdı. Sovet İttifaqının dağılması ilə kollektiv təsərrüfat da ləğv olunsa da, İvanovka kəndi istisnadır. Etnik rus icmasının yaşadığı bu kənddə hələ də kollektiv təsərrüfat qalmaqdadır.

İnanılmaz iqlim müxtəlifliyi

Nisbətən kiçik ölkə üçün Azərbaycanda unikal müxtəliflik var. Dünyadakı 13 iqlim qurşağından 9-na bu ölkədə rast gəlinir. Nəticədə ölkənin müxtəlif bölgələrində fərqli mənzərələr və landşaft mövcuddur.

Vəhşi təbiəti izləməyə çıxın

Azərbaycanda vəhşi təbiətin də müxtəlifliyi inanılmazdır. Bu ölkəyə səyahət zamanı milli parklara gedib bir çox quş növü, ceyran, qurd, çaqqal, vəhşi pişik və bəbir görə bilərsiniz.

Nar festivalında iştirak edin

Nar Azərbaycanın rəmzlərindən biridir və ölkənin mərkəzindəki Göyçay rayonunda 70 növdən artıq nar yetişir. Hər il payızda rayon Göyçay Nar Festivalına ev sahibliyi edir. Festival zamanı narla bağlı müxtəlif yarışlar keçirilir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Titreshahr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az