18.07.2019 17:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Azərbaycan-ABŞ əlaqələrinə baxış

 
 



TasnimNews, İran
20.06.2019


Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlər Donald Trampın hakimiyyətə gəlişindən sonra müsbət mənada yeni müstəviyə keçib. O vaxtdan hər iki tərəf fikir ayrılıqlarından daha çox ümumi maraqlar üzərində dayanmağa çalışır.

“Tasnim” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp son iki il ərzində azərbaycanlı həmkarı İlham Əliyevə 6 təbrik məktubu göndərib. Bu məktublarda 3 əhəmiyyətli məqam diqqət çəkir: Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təminində, o cümlədən qlobal enerji bazarına enerji ixracında iştirakı, Trampın Azərbaycanda aparılan iqtisadi islahatlara dəstəyi və Cənubi Qafqazda regional rifahın, sabitliyin təminində Bakının rolu.

Donald Tramp İlham Əliyevə ünvanladığı məktublardan birində Azərbaycanla ABŞ arasındakı əlaqələri qarşılıqlı maraqlara əsaslanan güclü tərəfdaşlıq kimi səciyyələndirib.

Ümumiyyətlə, Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqton-Bakı əlaqələri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Münasibətlərdə xüsusilə Barak Obama dövründə yaranmış nisbi gərginlik aradan qalxıb. Yeri gəlmişkən, Obama dövründə yaranmış soyuqluğun səbəbləri ABŞ-ın daha çox Azərbaycanın daxili işlərinə diqqət yönəltməsi, erməni diasporu ilə daha sıx əməkdaşlığı, eləcə də Vaşinqtonun Türkiyə-Ermənistan sərhədinin açılmasına çalışması idi.

Bu gün isə Bakı Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini alqışlayır və indi, bu münasibətlər əsasən ümumi iqtisadi və təhlükəsizlik maraqları ilə məhdudlaşır. Tramp administrasiyasında da hesab edirlər ki, Azərbaycan ABŞ-ın regional siyasətində böyük əhəmiyyətə malikdir. Bu əhəmiyyət isə əlbəttə ki, bir sıra əsas amillərlə bağlıdır.

Məsələn, Tramp hökuməti Əfqanıstan və İraqdakı “sülhməramlı əməliyyatlar”I dəstəkləyən, ABŞ-ın təhlükəsizlik maraqlarının müdafiəsinə yardım edən ölkələrə dəstək verir. Bununla yanaşı, Vaşinqton Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmiminə də ciddi yanaşır və Azərbaycanın bu işə töhfəsini yüksək qiymətləndirir. Məhz bu üzdən ABŞ “Cənub Qaz Dəhlizi”ni İran şirkətlərinə yönəltdiyi sanksiyalardan kənar tutur. Halbuki, İran Milli Neft Şirkəti Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin əsas tədarükçüsü olan “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci fazasında 10%-lik paya sahibdir.

“Cənub Qaz Dəhlizi” boru xətti Xəzər dənizindən hasil edilən qazı Türkiyə vasitəsilə Avropaya çıxarır. Onun vasitəsilə ildə 6 milyard kubmetr Azərbaycan qazı Türkiyəyə nəql olunur. 2020-ci ildən bu boru ilə Avropaya hər il 10 milyard kubmetr qaz göndəriləcək. 2026-ci ildənsə onun nəql gücü 31 milyard kubmetrə çatdırılacaq. İranın enerji istehlakçılarına tətbiq edilmiş ABŞ sanksiyaları bu layihədən yan keçir.

Bundan başqa, Azərbaycan əsas rol oynadığı bir sıra regional layihə nəticəsində də ABŞ üçün geosiyasi əhəmiyyətə malikdir. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinə logistik dəstək işində xüsusi rol oynayır.

Azərbaycan xüsusilə enerji və nəqliyyat sektorunda əməkdaşlıq baxımından regionda əsas oyunçu olmaqla yanaşı, qlobal və regional qüvvələr arasındakı çəkişmələrin qurbanına çevrilməməyə çalışır. Son aylarda Rusiya hərbi rəhbərliyilə NATO təmsilçiləri, həmçinin ABŞ nümayəndələri arasında görüşlərə məhz Bakı ev sahibliyi edib. Eyni zamanda, Azərbaycanın İranla da münasibəti dəyişməzdir. O, cənub qonşusu ilə dostluq münasibətlərini qorumağa çalışır.

Bu il ABŞ-Azərbaycan münasibətlərindəki müsbət addımlardan biri də Li Litzenberqer kimi görkəmli diplomatın Bakıya səfir göndərilməsidir. İndiyədək ABŞ-ın Bakıdakı səfirlərinin ya müəyyən siyasi keçmişi, ya da enerji sahəsinə dair müəyyn fəaliyyəti olub.

Son dövrlərdə Bakı Vaşinqtondan işğal edilmiş Dağlıq Qarabağ bölgəsilə bağlı davam etməkdə olan Ermənistan-Azərbaycan danışıqlarına dair də yeni mesajlar alır. Məsələn, ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Mils ötən ilin oktyabrında bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, hər bir müharibənin sülh yolu ilə həlli işğal olunmuş ərazilərin boşaldılmasından keçir. O, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasının Qarabağ münaqişəsinin həlli məqsədilə hazırlanmış “Madrid prinsipləri”nin tələbi olduğunu da vurğulamışdı.

Bundan başqa, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bölgəyə 2018-ci ilin oktyabrında etdiyi səfəri çərçivəsində Yerevanda maraqlı bəyanatla çıxış etmişdi. “Hazırkı vəziyyətdə vacib olan Dağlıq Qarabağ münaqişəsi tərəflərini razı sala biləcək razılaşmanın tapılmasıdır. Çünki bu halda Ermənistanla Azərbaycan arasında sərhədlər açılacaq və əminəm ki, bundan sonra Ermənistan-Türkiyə sərhədinin açılması da mümkün olacaq”, - deyə o, bildirmişdi.

Obama administrasiyası isə Azərbaycanın narazılığına baxmayaraq, Türkiyə-Ermənistan sərhədinin Dağlıq Qarabağ münaqişəsi həlli olunmadan açılmasına çalışırdı. Boltonun bəyanatı göstərir ki, Tramp administrasiyası Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını Dağlıq Qarabağ münaqişəsinin həllilə şərtləndirir.

Bu arada bir məqam da qeyd edilməlidir. Ermənistanda ötən il “məxməri inqilab”la baş vermis hakimiyyət dəyişikliyi və Nikol Paşinyanın hakimiyyətə gəlişinin ardından Yerevan ABŞ-dan dəstək alacağına ümid edirdi. Lakin bu günədək bu cür birmənalı dəstək yoxdur. Bundan başqa, ekspertlər hesab edir ki, Paşinyanın Trampla bu ilin əvvəlinə planlaşdırılmış görüşünün təxirə salınmasının əsas səbəbi Ermənistanın Rusiyanın Suriyaya müdaxiləsini dəstəkləməsidir.

Beləliklə, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqton-Bakı əlaqələri müsbət məcrada irəliləyir. Doğrudur, iki ölkə arasında bəzi fikir ayrılıqları qalmaqdadır. Lakin onlar diqqəti fikir ayrılıqlarından çox ümumi maraqlara yönəltməyə çalışır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az