18.07.2019 17:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?

 
 



THE DIPLOMAT, Yaponiya
24.06.2019


Müəllif: Vasif Hüseynov

İki Cənubi Qafqaz ölkəsi – Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi 30 ildən çoxdur davam edir. Problemin həlli nəinki “dalana dirənib”, hətta çətin, mümkünsüz görünür. Münaqişənin kökləri 20-ci əsrin əvvəllərinədək uzanır. O, Sovet İttifaqının dağıldığı dövrdə, yəni 1980-ci illərin sonlarında güc yoluna əl atılması ilə alovlanıb. Regional geosiyasi qarışıqlıqdan istifadə edən Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib.

İşğal olunmuş ərazi beynəlxalq birlik tərəfindən bu gün də Azərbaycan ərazisi kimi tanınır. Tərəflər 1994-cü ildə Rusiyanın vasitəçiliyilə atəşkəs müqaviləsi imzalayıb. O vaxtdan Ermənistanla Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyilə danışıqlar aparır, sülh razılaşması imzalamağa çalışır. Minsk qrupuna Rusiya, ABŞ və Fransa həmsədrlik edir.

Lakin danışıqlar qeyd olunduğu kimi, “dalana dirənib”. Odur ki, ortaya məntiqli sual çırxır: son illərdə daha güclü qlobal oyunçuya çevrilmiş, lakin indiyədək hər hansı münaqişənin həllində vasitəçilik etməmiş Çin Ermənistanla Azərbaycanı Dağlıq Qarabağ probleminin həllinə təşviq edə bilərmi? Hər halda, münaqişənin həlli Cənubi Qafqazı Çinin qlobal layihələri üçün daha mühüm regiona çevirə bilər. Üstəlik, Pekin son illərdə Dağlqı Qarabağ münaqişəsinə cəlb olunmuş hər iki tərəflə iqtisadi əlaqələrini genişləndirir. Odur ki, Çin Qarabağ probleminin həllində vasitəçiliyə cəhd göstərərsə, bəlkə də irəliləyişə nail oluna bilər.

Cənubi Qafqazda Çinin iqtisadi maraqları

Cənubi Qafqaz regionu uzun müddət Çin üçün ciddi əhəmiyyət kəsb etməyib. 2000-ci illərin əvvəllərində Rusiya ilə Avropa İttifaqı (Aİ) bu regionun dpvlətlərilə bütün sahələrdə əlaqələri genişləndirirdisə, Pekin regionun siyasi və iqtisadi xəritəsində kölgədə qalmağa üstünlük verirdi. Bununla yanaşı, diqqətini daha çox Avropa bazarlarına yönəltmiş regin ölkələri də Çinə ciddi maraq göstərmirdi.

Lakin 2013-cü ildən, Çinin bu bölgəyə marağı sürətlə artmağa başlayıb. Bu maraq Pekinin “Bir kəmər, bir yol” təşəbbüsünə start verməsindən sonra yaranıb. Eyni vaxtda, region ölkələri də Çin investisiyalarının cəlbinə böyük maraq göstərməyə başlayıb və bununla da proses daha da sürətlənib.

Bu arada, Cənubi Qafqaz regionunun ətrafında yerləşən dövlətlərin (Türkiyə, İran, Rusiya) iqtisadi durumunun pisləşməsi onu daha cəlbedici bölgəyə çevirib. Nəticədə Çinin Cənubi Qafqaz iqtisadiyyatında nüfuzunu artırmaq üçün geniş imkanlar qazanıb.

Bu işdə mühüm rol oynayan amillər sırasında Cənubi Qafqaz regionunda həyata keçirilən böyük nəqliyyat layihələri də var. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çərçivəsində Ələt Azad İqtisadi Zonasının yaradılmasından və s. gedir. Məhz bu layihələr sayəsində regionun əhəmiyyəti daha da artıb. Onlar bölgəni Çinlə Avropa arasındakı ticari marşrutda mərkəzi bölgəyə çevirib.

Doğrudur, bu gün Çinlə Avropa arasında ticarətin 96%-i okeanklar, 4%-i isə Transsibir marşrutu (“Şimal dəhlizi”) ilə həyata keçirilir. Lakin bir sıra amillər Çinlə Avropanı “Orta dəhliz” adı ilə tanınan “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” layihəsinə investisiya qoymağa təşviq edir. “Orta dəhliz” “Şimal dəhlizi”ndən 2 min kilometr qısa və daha sərfəlidir. Bununla yanaşı, o, iqlimi daha mülayim olan ölkələrdən keçir. Bu marşrutun okean yolları ilə müqayisədə də bir sıra üstünlükləri var. Məsələn, Çindən Avropaya məhsullar bu marşrutla 15 günə nəql edilə bilər. Bu, məhsulların daşınma müddətinin təxminən 30% azalması deməkdir.

Aİ ilə Rusiya arasındakı gərgin münasibətlər də Pekinlə Brüsseli alternativ marşrutlara investisiya yatırmağa təşviq edir. “Şimal dəhlizi”ndən istifadə edilmədiyi halda məhz bu alternativlər faydalı ola bilər.

Aİ “Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkənin (Ermənistan, Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan, Belarus) iqtisadiyyatının güclənməsi və nəqliyyat layihələrinin həyata keçirilməsi işinə 13 milyard avro vəsait ayırıb. Bu, Brüsselin “Orta dəhliz”ə marağının artdığını göstərən daha bir amildir.

Beləliklə, hadisələrin bu cür inkişafı Çinin Cənubi Qafqaz ölkələrilə əlaqələrini daha da dərinləşdirməsi üçün münbit şərait yaradır. Bundan əlavə, bölgə ölkələri və Çinin rəsmilərinin son qarşılıqlı səfərləri də münasibətlərin dərinləşməsinə impuls verib. Məsələn, Azərbaycan prezidenti İlham Əliyev bu il aprelin 25-28-də Pekində keçirilmiş “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Onun Pekinə səfəri çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında 821 milyon dollar dəyərində 10 razılaşma imzalanıb. Bu, Bakı ilə Pekin arasında ikitərəfli əlaqələrin inkişafı baxımından ciddi addımdır. Məsələ ondadır ki, bu sənədlərin imzalanmasınadək Çin Azərbaycana cəmi 779 milyon dollar investisiya qoymuşdu.

1990-cı illərin əvvəllərində iki ölkə arasındakı ticarət dövriyyəsi cəmi 1,5 milyon dollar olubsa, 2017-i ilə bu göstərici 1,3 milyard dollaradək artıb (Azərbaycanın xarici ticarətinin təxminən 6%-i).

Çinlə Gürcüstan arasındakı iqtisadi əlaqələrdə də oxşar inkişaf müşahidə olunur. 2018-ci ilin yanvarında onların arasında Azad Ticarət Sazişi də imzalanıb. Odur ki, Tbilisilə Pekin arasında əlaqələrin inkişaf perspektivi möhtəşəm görünür.

Çinin xarici işlər naziri son 23 ildə ilk dəfə olaraq ötən ay Tbilisiyə səfər edib. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, çinli nazir Van Yinin səfəri iki ölkə arasında ticarət, nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafına yönəlib. Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Çkitişvili isə “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək üçün Pekinə yollanmışdı. Çinin xarici işlər naziri Gürcüstana məhz bu səfərdən sonra gəlmişdi.

Maya Çkitişvili Pekinə səfəri zamanı Çinin nəqliyyat naziri Li Siaopenlə yük və sərnişin daşımaları haqda saziş imzalayıb. Gürcü nazir bu sazişi ikitərəfli əlaqələrin inkişafında böyük addım kimi qiymətləndirib.

Regionun ən kiçik iqtisadiyyata olan Ermənistan belə, Çinlə əlaqələrin inkişafında müəyyən uğura imza ata bilib. Yerevan uzun müddətdir ki, “Fars körfəzi - Qara dəniz” çoxşaxəli nəqliyyat və tranzit dəhlizinin yaradılması işinə Çin investisiyalarının cəlbinə çalışır. Bu layihə İranla Avropanı Emənistan və Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə birləşdirə bilər.

Ermənistanın dənizə çıxışı yoxdur. Üstəlik, onun Azərbaycanın Dağlıq Qarabağ regionu və bitişik rayonlarını işğal etməsi üzündən Azərbaycan və Türkiyə ilə sərhədləri də bağlıdır. Odur ki, Ermənistan “Fars körfəzi - Qara dəniz” çoxşaxəli nəqliyyat və tranzit dəhlizini bu məhdudiyyətləri aradan qaldırmaq üçün yeganə yol kimi görür.

Bu ilin mayında Ermənistanın baş naziri Nikol Paşinyanın da Çində olub. Baş nazir Çinə Asiya Sivilizasiyaları Dialoqu Konfransında iştirak etmək məqsədilə yollanmışdı. Bu, Ermənistanla Çin arasında ikitərəfli əlaqələrin inkişafına təkan verib. Çin lideri Si Cinpin Nikol Paşinyanla görüşü zamanı bildirib ki, ölkəsi Ermənistanda infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsi, tikintisi üçün investisiya yatırmağa hazırdır. Amma hələlik bununla bağlı konkret planlar yoxdur.

Beləliklə, Cənubi Qafqazın Avropa ilə Asiya arasındakı böyük iqtisadi potensiala malik nəqliyyat dəhlizində mərkəzi bəndə çevrilmək şansı var. Amma bunun üçün bölgənin potensialından tam istifadə olunması mümkün deyil. Səbəb region ölkələri ərtazisində davam edən münaqişələrdir. Məsələn, indiyədək həll olunmamış və çox vaxt eskalasiyanın təhlükəli həddə çatdığı Dağlıq Qarabağ münaqişəsi təkcə Ermənistan və Azərbaycan əhalisinin həyatını məhv etmir, həm də xarici investisiyalara təhlükə yaradır. Odur ki, region ölkələrilə iqtisadi əməkdaşlığı gücləndirməkdə olan, burada daha fəal qlobal oyunçuya çevrilməyə çalışan Çin Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynaya bilər.

Çinin vasitəçilik səyləri

Pekinin qlobal iqtisadi əlaqələri genişləndirmək niyyəti “domino effekti” yaradıb. Onun bu niyyəti ölkə rəhbərliyinin vətəndaş və şirkətlərinin fundamental hüquqlarını qlobal səviyyədə qorumasını zəruri edir. Bu isə Çinin xarici siyasət prinsiplərinin dəyişməsinə yol açır. Hər halda, Pekin əvvəllər xarici ölkələrdəki münaqişələrə qarışmamağa çalışırdı. “Bir kəmər, bir yol” təşəbbüsü Çinin xarici siyasətində dəyişikliyi qaçılmaz edib. Çünki layihənin həyata keçirildiyi ölkələrdə lazımi siyasi sabitlik təmin olunmasa, o, iflasa uğraya bilər.

MERICS Araşdırmalar Mərkəzinin 2018-ci ildəki araşdırmaları göstərir ki, “Bir kəmər, bir yol” təşəbbüsünün elan olunmasından sonra Pekin bu marşrut üzərində yerləşən ölkələrdəki münaqişələrin həllində fəal rol oynamağa çalışır. Başqa sözlə, son illərdə Çin üzərinə beynəlxalq vasitəçilik missiyası götürməyə çalışır. Məsələn, artıq çinli diplomatlar da Əfqanıstan, Banqladeş, Suriya, İsrail kimi ölkələrdə münaqişələrin alovlanmasının qarşısının alınmasında, idarə olunmasında və ya həllində iştirak etməyə başlayıb. 2012-ci ilədək Pekin yalnız 3 münaqişənin həllinə vasitəçilik edirdisə, Si Cinpin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçildiyi həmin ildən sonra vəziyyət dəyişib. 2017-ci ildə Pekin 9 münaqişənin həlli prosesində vasitəçilik edib.

Bütün bunlar Çinin Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv iştirakına ümid yaradır. MERICS Araşdırmalar Mərkəzinin müəllifləri haqlı olaraq qeyd edirlər ki, “Bir kəmər, bir yol” layihəsinin marşrutu üzərində yerləşən dövlətlər arasındakı münaqişələrin həlli təkcə Çin investisiyalarının təhlükəsizliyini təmin etməyəcək, həm də Pekində məsuliyyətli qlobal güc imici yaradacaq. Bu, Si Cinpinin siyasi proqramına da uyğundur. Hər halda, Cinpin Çini onun yaranmasının 100-cü ildönümündə, yəni 2049-cu ildə fövqaldövlətə çevirəcəyinə söz verib.

Beləliklə, region ölkələrilə iqtisadi əlaqələrin güclənməsi Pekinə münaqişə tərəflərinə təsir göstərmək, bununla da münaqişələrin tezliklə həllinə təkan vermək imkanı yarada bilər. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsi üzündən böyük iqtisadi və siyasi çətinliklərlə üzləşmiş Ermənistanın Çin investisiyalarına çox ehtiyac duyur. Məsələn, yalnız “Fars körfəzi - Qara dəniz” çoxşaxəli nəqliyyat və tranzit dəhlizi layihəsinin dəyəri təxminən 10 milyard dollardır. Bu, təxminən Ermənistanın illik ÜDM-i deməkdir.

Odur ki, Çinin vasitəçiliyi münaqişələrin həlli prosesini canlandıra bilər. Çinin vasitəçiliyi ənənəvi olaraq, rəsmi və xüsusi səfirlərlə yüksək rütbəli hökumət nümayəndələrilə fəal qarşılıqlı əlaqələrə əsaslanır. Avropalı və amerikalı diplomatlar isə belə işlərdə yenilikçi strategiyalardan istifadə edir. Bu strategiya iki dövlətin xalqları və vətəndaş cəmiyyətləri arasında əlaqələrin qurulmasına hesablanıb. Amma bu, indiyədək real nəticə verməyib. Beləliklə, Çinin vasitəçiliklə bağlı yeni yanaşması münaqişə bölgələrində eskalasiyanın qarşısını ala, tərəfləri sülh razılaşmasının imzalanmasına yönəldə bilər.

Pekinin vasitəçilik potensialı Çinlə yanaşı, Aİ-nin də maraqlarına uyğundur. Çünki istər Çin, istərsə də Aİ aralarında yerləşən regionlarda sabitliyin qorunmasına, davamlı sülhə dəstək verir. Doğrudur, Aİ münaqişələrin həllində mühüm uğurlar qazanmayıb. Amma o, tərəfləri ümumi mövqeyə yaxınlaşdırmaq, kompromislərə getməyə həvəsləndirmək məqsədilə böyük resurslar xərcləyib, ciddi səylər göstərib. Məhz belə səylər Aİ ilə Çin arasındakı əməkdaşlığa yeni impuls verə bilər.

Bu mənada, Çinlə Rusiya arasındakı əməkdaşlıq da müsbət rol oynaya bilər. Doğrudur, Moskva ondan yan keçən layihələri ənənəvi olaraq, dəstəkləmir. Amma hazırkı beynəlxalq şərait Kremli Pekinlə əməkdaşlığa sövq edir. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı işarə ola bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE DIPLOMAT


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az