17.09.2019 16:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi

 
 



The Washington Times, ABŞ
25.06.2019


Müəllif: S.Rob Sobhani

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) Rusiya qazından həddindən artıq asılı olmasından narahatdır. O, bu məsələdə haqlıdır. Odur ki, ABŞ prezidentinin xarici siyasət komandasının Transxəzər kəmərinin tikintisini xarici siyasətinin prioritetlərindən biri kimi qəbul etməsi mühüm əhəmiyyət kəsb edir.

ABŞ tərəfindən ilk dəfə hələ 1996-ci ildə təklif olunmuş Transxəzər kəməri enerji resusrlarını daşıyacaq qlobal layihədir. O, Azərbaycanı Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya və Avropa ilə birləşdirəcək. 186 mil uzunluğunda olacaq və dənizin dibilə çəkiləcək bu boru xətti Türkmənbaşı şəhəri ilə Bakını birləşdirməlidir. Dəniz limanının olduğu Türkmənbaşı şəhəri Xəzərin şərq sahilində yerləşir.

Qazaxıstan və Özbəkistanın da qaz ehtiyatlarını nəzərə alsaq, Transxəzər boru xətti vasitəsilə Mərkəzi Asiya ölkələrindən illik 50 milyard kubmetrədək qazın nəqli mümkündür. O, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən “Cənub Qaz Dəhlizi” kəmərlər sisteminə birləşdirilə, beləliklə də Mərkəzi Asiya qazının Avropaya çatdırılmasını təmin edə bilər.

ABŞ və Avropanın dəstəklədiyi “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycandan başlayır. Bu gün onun vasitəsilə ildə 4 milyard kubmetr qaz nəql olunur. 2020-ci ildə bu göstəricinin 20 milyard kubmetrə çatacağı gözlənilir. Yeri gəlmişkən, Xəzər dənizinin dibilə çəkilərək Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək bu kəmərin tikintisi üçün 5 milyard dollarlıq investisiyaya ehtiyac duyulur. Bununla yanaşı, Transxəzər boru xətti layihəsinin 4 siyasi və iqtisadi üstünlüyü var.

Birincisi, Avropaya qaz tədarükünün şaxələndirilməsi qitənin enerji təhlükəsizliyini gücləndirəcək. Avropa Komissiyasının hesabatına əsasən, qitənin qaza ehtiyacının 69%-i idxaldan asılıdır. Bunun böyük hissəsi, yəni 37%-i və ya 155,7 milyard kubmetri Rusiyanın payına düşür. Moskva isə enerji tədarükündən siyasi alət kimi istifadə edir. Odur ki, Avropanın sabit və etibarlı qaz idxalının əsasını qoyması üçün yeni tədarükçülərə ehtiyac var. Bu gün Avropa ölkələrinin illik qaz tələbatı 401 milyard kubmetrdir. Trasxəzər kəməri vasitəsilə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkmənistandan illik 60 milyard kubmter qaz nəqli mümkündür. Bu, avropalıların sabit enerji təhlükəsizliyini təmin edilə bilər.

Trampın xarici siyasət komandasının Transxəzər kəmərini dəstəkləməsini zəruri edən ikinci səbəb Mərkəzi Asiya və Qafqaz regionunun inkişafı ilə bağlıdır. Vaşinqton xüsusilə, Mərkəzi Asiya ölkələrinin sabit iqtisadi inkişafında və bu regionda işsizliyinin aradan qaldırılmasında maraqlıdır. Bu gün Qazaxıstan, Özbəkistan və Türkmənistanın birgə ümumdaxili məhsulu 250 milyard dollar təşkil edir. Transxəzər boru xəttinin işə düşməsilə bu göstərici 5% artacaq. Yəni müsəlman ölkələri ümumilikdə illik əlavə 12,5 milyard dollar gəlir əldə edəcək.

Maraqlıdır ki, Mərkəzi Asiya və Qafqaz ölkələrinin çiçəklənməsi, həmçinin sabit iqtisadi inkişafı təkcə ABŞ-ın maraqlarına uyğun deyil. Bu, Rusiya üçün də faydalıdır. Çünki Rusiya ilə həmsərhəd olan ölkələrin inkişafı, bu ölkələrdə adambaşına düşən gəlirlərin artması Moskvanın bu ölkələrə daha çox məhsul tədarük edə biləcəyi anlamına gəlir.

Üçüncüsü, Transxəzər boru xətti Mərkəzi Asiyanın iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Bu bölgənin ölkələri bu layihədən kifayət qədər faydalanacaq. Məsələn, bu halda gənclərin iş tapmaq imkanları artacaq. Doğrudur, Mərkəzi Asiya ölkələrində işsiz gənclərin radikal islamçılara qoşulduğuna dair əsaslı sübutlar yoxdur. Amma hər halda, iqtisadiyyatın gücləndirilməsi, iş yerlərin yaradılması Mərkəzi Asiyanın radikal islamçıların əsas məskənlərindən birinə çevrilməsinin qarşısı alına bilər. Bu mənada bir vacib məqam da var: Vaşinqton Moskvanı inandırmalıdır ki, Mərkəzi Asiyadakı müsəlman ölkələrində dini ekstremizmin qarşısının alınması, onların iqtisadiyyatının inkişafı məhz Rusiyanın maraqlarına uyğundur. Rusiyanın Avropaya satdığı qazdan əldə etdiyi illik gəlirin cəmi 10%-i 2,3 milyard dollar deməkdir. Bu vəsait Özbəkistan, Qazaxıstan, Türkmənistan və Azərbaycana gəlsəydi, məsələn, Mərkəzi Asiya ölkələri onun hesabına təlimlər təşkil edə, alim və tələbələrin təqaüdünü artıra bilərdi.

Transxəzər kəmərinin sonuncu üstünlüyü isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı və sabit tərəfdaş kimi mühüm rol oynaması olacaq. ABŞ-ın mərhum dövlət xadimi Zbiqnev Bjezinski əhalisi 10 milyon olan bu dünyəvi müsəlman ölkəsini Xəzərin enerji resusrlarının ixracında “butulkanın tıxacı” kimi xarakterizə etmişdi. Həqiqətən də, Bakı ilə Vaşinqton ümumi hədəfi bölüşür: Xəzər dənizi hövzəsindən Avropaya enerji resusrlarının nəqli və bu sahənin davamlı inkişafı.

Bu qlobal enerji layihəsinin həyata keçirilməsi üçün ABŞ-ın atacağı ilk adddımlardan biri Azərbaycanla Türkmənistanın Xəzər dənizində yerləşən “Kəpəz/Sərdar” neft-qaz kondensat yatağının birgə işlənməsinə təşviqi ola bilər. Bu kiçik addım Türkmənistan, Qazaxıstan və Özbəkistanın layihənin icrasında Azərbaycanla əməkdaşlığına təkan olardı. Doğrudur, bu gün ABŞ şirkətləri diqqəti bu ölkədə şist neft-qaz hasilatına yönəldib. Amma Avropanın “Eni” kimi nəhəng enerji şirkəti və ya BƏƏ-nin “Adnoc”, Səudiyyə Ərəbistanının “Aramco” kimi enerji kampaniyaları Transxəzər boru xəttinin tikintisinə və istismarına rəhbərlik edə bilər.

ABŞ-ın eks-prezidenti Bill Klinton xarici siyasətdə ölkənin enerji maraqlarını hələ 1996-cı ildə əsas prioritet elan etmiş, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə açıq dəstək vermişdi. Bu gün həmin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə gündə 1 milyon barel Xəzər nefti Avropaya nəql olunur.

Transxəzər boru xəttinin inşası da Donald Tramp üçün prioritet olarsa, o, qlobal enerji təhlükəsizliyi məsələsində ciddi qələbə qazana bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az