17.09.2019 16:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Ermənistanın yəhudi problemi

 
 



THE JERUSALEM POST, İsrail
27.06.2019


Müəllif: Cessi Boqner

Məşhur tarixçi Robert Vistrixin bir zamanlar “bitmək bilməyən nifrət” kimi qiymətləndirdiyi bəla bu gün daha qorxulu müasir formasında dirçəlməyə başlayıb. Məsələn, Pitsburq və Paueydəki sinaqoqlarda isanların güllələnməsi dünyada çox sayda qəzetin manşetinə çıxmışdı. Digər tərəfdən, yəhudilərə qarşı zorakılıq, vandalizm və təhdid aktları haqda xəbərlərə demək olar ki, hər gün rast gəlinir. Amma onlar nədənsə diqqəti çox da cəlb etmir. Hər halda, 21-ci əsrdə antisemitizmin dirçəlməkdə olduğu açıq-aydın görünür.

Əlbəttə ki, bu gün antisemitizmin artdığı ilk növbədə ultrasağçı, ultrasolçu və islamçı ekstremistlər arasında nəzərə çarpır. Bununla yanaşı, yəhudilərə qarşı ənənəvi nifrət mənbələrindən biri nədənsə nəzərdən qaçırılır. Söhbət xristian antisemitizmindən gedir. Məsələn, erməni kilsəsinin 60 tələbəsi bu il iyunun əvvəllərində, yəni Şavuot bayramı ərəfəsində Yerusəlimdə antisemitizm aktı törətmişdi. Bu, xristianların yəhudilərə hücuma meyilli olduğunu bir daha nümayiş etdirmişdi. Xristianların yəhudilərə qarşı bu cür davranışlarının çoxəsrlik tarixi var. Bu hücum isə antisemitizmin Ermənistanda da “çiçəkləndiyinin” bariz nümunəsi idi.

Həmin hadisə həm yəhudi liderlər, həm də İsrail hökuməti üçün xəbərdarlıq olmalıdır. Hər halda, onlar qlobal əməkdaşlığa, müttəfiqliyə can atır. Doğrudur, Katolik kilsəsinin həyata keçirdiyi böyük islahatlar nəticəsində əsrlər boyu davam etmiş antisemitizm doktrinasına son qoyulmuşdu. Bununla yanaşı, xüsusilə, yevangelist icmasında xristian sionizm hərəkatının çiçəklənməsi xristian antisemitizminin tənəzzülə uğradığını deməyə əsas verirdi. Bununla paralel olaraq, islam terrorçuluğu ilə bağlı təhdidlər yaranmışdı. Üstəlik, ərəb-İsrail münaqişəsində gərginliyin artdığını da nəzərə alsaq, güman etmək olardı ki, İsrailin əhalisinin əksəriyyəti xristian olan ölkələrlə güclü müttəfiq olmaq şansı daha çoxdur. Lakin son illərdə aparılmış araşdırmalar, müxtəlif dəlillər göstərir ki, erməni cəmiyyətində antisemitizm sistemli şəkil alıb. Məsələn, “Pew” Araşdırmalar Mərkəzinin 2018-ci ildəki araşdırmasına əsasən, ermənilərin 32%-i yəhudiləri həmvətəni kimi qəbul etmir. Bundan əlavə, Antidiffamasiya Liqasının “Qlobal 100” adlı araşdırmsı göstərib ki, ermənilər müxtəlif antisemit streotiplərinin “çox güman ki, doğru” olduğuna inanır.

Ümumiyyətlə, müstəqilliyini 1990-cı illərin əvvəllərində qazanmış Ermənistan İsraillə o vaxtdan diplomatik əlaqələr qursa da, iki ölkə arasındakı əlaqələr yaxşı inkişaf etməyib. Xüsusilə Ermənistanın əhalisinin əksəriyyəti müsəlman olan qonşusu Azərbaycanla İsrailin münasibətlərinə nəzər saldıqda, Yerevan-Təl-Əviv əlaqələrin inşikaf etmədiyi aydın olur.

İsraillə Azərbaycan arasındakı dərin əlaqələr təsadüf deyil. Azərbaycanda antisemitizm hallarına heç zaman rast gəlinməyib (bu ölkədə müasir dövrə xas antisemitizm də yoxdur). Bundan başqa, Azərbaydanda yaşayan yəhudi icmasının yaşı 2 min ildən çoxdur. O, bu gün də çiçəklənir. İsraildə isə çox sayda azərbaycanlıya rast gəlmək mümkündür.

Bəs necə olur ki, əhalisinin əksəriyyəti müsəlman olan ölkə yeganə yəhudi dövləti İsraillə sıx əlaqələrə malikdir, Ermənistan kimi xristian ölkəsi isə antisemitizm xəstəliyinə tutulub və İsraillə əlaqələrini qaydaya sala bilmir?

Birincisi, Azərbaycanda dini tolerantlıqla bağlı vəziyyət hər kəsə nümunə sayıla bilər. Orada dini tolerantlığın kökləri dinin dövlətdən düzgün formada ayrı tutulmasınadək uzanır. “Gallup” və “WI Network of Market Research” araşdırmalar mərkəzlərinin sorğusuna əsasən, Azərbaycan dünyanın ən dünyəvi dövlətlərdən biridir. Ölkə əhalisinin 97%-i müsəlman olsa da, Azərbaycan Konstitusiyasında dövlətin dünyəvi olduğu təsdiqlənir. Onun təhsil sistemi də dünyəvidir. Azərbaycanın hər hansı dini Konstitusiyasında əsas din kimi göstərməməsi əhalisinin əksəriyyəti müsəlman olan dövlətin dini azadlığı dəstəkləməsi baxımından böyük addımdır.

Ermənistana gəlincə, ölkədə Erməni Apostol Kilsəsinin böyük nüfuzu var. Onlar xristianlığı hələ bizim eranın 4-cü əsrində qəbul edib və xristianlığı rəsmi din kimi qəbul etmiş ilk dövlətlərdən sayılır. Odur ki, kilsənin Ermənistan dövlətçiliyinə təsiri bu günədək davam edir. Ermənistanın qəbul etdiyi “Vicdan azadlığı haqda qanun”a əsasən, kilsə dövlətdən ayrı olsa da, Erməni Apostol Kilsəsinin milli kilsə kimi rəsmi statusu var. Odur ki, Azərbaycandan fərqli olaraq, Ermənistan əsl dünyəvi dövlət deyil.

Eyni zamanda, qədim kilsələrdəki, xüsusilə Şərqi Provoslav Kilsəsindəki antisemitizm izlərilə bağlı narahatlıqlar hələ də qalır. Antidiffamasiya Liqası məhz bu üzdən bu kilsələrdən dini ibadətlərdə antisemitizmlə bağlı hissələrdən imtina olunmasını istəyir. O, kilsələri Supersessionizm ilahiyyatının öyrənilməsinə son qoymağı da çağırır.

Beləliklə, erməni kilsəsinin ölkədə əsas rol oynadığını nəzərə alsaq, Ermənistanın Holokostun tarixini dövlət səviyyəsində öz mövqeyinə görə yenidən yazmaq niyyəti, ölkə mətbuatındakı antisemit və antiisrail əhval-ruhiyyəsi, həmçinin erməni kilsəsi tələbələrinin Yerusəlimdə yəhudilərə hücumu təəccüblü deyil. Başqa sözlə, din dövlətdən sözün əsl mənasında ayrı deyilsə, dini nifrətin, dinlə bağlı mənfi düşüncələrin əhali arasında yayılma potensialı böyükdür.

Əhalisinin əksəriyyəti müsəlman olmasına rəğmən, dünyəvi dövlət olan Azərbaycanda belə vəziyyətə çətin rast gəlinsin. Bakı antisemitizmə qarşıdır. Onun İsraillə sıx iqtisadi və hərbi əlaqələri var.

Beləliklə, yəhudi və israilli liderlər vəziyyəti hər zaman diqqətdə saxlamalıdır. Hər hansı ölkəni dininə görə mühakimə etmək olmaz. Dini nifrət mənbələrilə bağlı ümumi qəbul olunmuş fikirlər əksər hallarda təsdiqini tapsa da, bəzən heç gözlənilməyən istiqamətdlərdə müttəfiq tapmaq mümkündür.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az