18.07.2019 17:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
FOTOREPORTAJ| Azərbaycan: Şərq mətbəxinə açılan qapı

 
 



CNN, ABŞ
01.07.2019


Müəllif: Kamilla Rzayeva

Azərbaycan mətbəxinin 2 min ildən çox tarixi var. Şərqlə Qərbin arasında yer alan bu ölkə qədim İpək Yolunun üzərində yerləşir. Odur ki, əsrlər boyu Azərbaycandan keçən tacirlər buraya müxtəlif ədviyyatlar gətirib, bu da ölkə mətbəxinin formalaşmasına öz təsirini göstərib.

Bu gün Azərbaycan mətbəxi Şərq mətbəxinin bir hissəsidir. Azərbaycan, Türkiyə və İran mətbəxləri bir-birinə qarşlıqlı təsir göstərib. Kabab ilə plov kimi yerli yeməklər doyumlu, kalorilərlə zəngindir. Burada müxtəlif meyvə-tərəvəzdən hazırlanan çox sayda yemək də var.

Beləliklə, Azərbaycan mətbəxi ilə tanış olaq.

Çay

Bu, ilk baxışdan məntiqsiz görünə bilər. Lakin azərbaycanlılar yayın istisində qaynar çay içməyi çox sevir. Onlar inanır bu, bədənin soyumasına yardım edir. Ölkədə kofe mədəniyyəti də inkişaf edib. Amma azərbaycanlılar günə məhz çayla başlayır. Onun bəzi bölgələrində çayı kəklikotu və ya darçınla da hazırlayırlar. Ocağın üzərinə qolulan samovarda hazırlanan çaya meşənin təravəti də qarışır.

Azərbaycansayağı səhər yeməyi

Azərbaycan yeməklərinin əksəriyyəti bölgələrə xas formada hazırlanır. Səhər yeməyi isə hər yanda eynidir. Bu zaman süfrəyə verilən müxtəlif qidaların “ulduzu” təzə bişmiş təndir çörəyidir. Səhər yeməyində bal, qaymaq, yağ-pendir və ya yumurta-pomidor yeyilməsindən asılı olmayaraq, xırçıldayan çörək süfrənin dəyişməz kompanentdir. Yeri gəlmişkən, yumurta-pomidor belə hazırlanır: pomidor xırda-xırda doğranı və tavada bişirilir. Onun şirəsi çısxıqdan sonra üzərinə yumurta əlavə edilir. Adi yumurta omletindən fərqli olaraq, yumurta-pomidir daha tutumlu olur.  

Kiçik tavada masaya qoyulan bu yemək də təndir çörəyilə yeyilir. Təndir çörəyi yumurta-pomidor qarışığı ilə həqiqətən ləziz kombinasiya yaradır. Bu zaman duzsuz keçi pendiri də yerinə düşür. O, duzluluğu azaldaraq, balans yaradır.

Səhər yeməyi üçün kükü də hazırlanır. Ona piroqa oxşayan omlet də demək olar. Kükü göyərtini sevən insanlar üçün gözəl variantdır. Keşniş, şüyüd, yaşıl soğan xırda-xırda doğranır və onun üzərinə 5-6 yumurta əlavə edilir. Bu qarışdıq tavada bişirilir.

Qutab

Əgər söhbət ayaqüstü qəlyanaltıdan gedirsə, Azərbaycansayağı dönərlər çox məşhurdur. Lakin ən yaxşı variant qutabdır. Lavaşda hazırlanan qutaba farş doldurulur. Qutabın vegetarian növləri də var: boranıdan, ispanaq, keşniş, yaşıl soğan və şüyüd kimi göyərtilərdən hazırlanan qutablar. Ay formasında olan göy qutabının hazırlanmasında yağdan istifadə edilmir.  

Hazır qutabın üzərinə sumaq əlavə olunur. Həm ət qutabı, həm də göy qutabının yanında ayran verilir. Ayran qatıq ilə sudan hazırlanır və içərisinı duz əlavə olunur. Əsl qutab qurmanları bu yeməyin digər növünü, yəni dəvə qutabını da sevir. Digər qutablarla müqayisədə daha kiçik ölçüdə olan bu qutab dəvə ətindən hazırlanır və “Corat qutabı” kimi tanınır.

Manqal salatı

Azərbaycan mətbəxində xüsusi diqqət çəkən salatlardan biri manqal salatıdır. Onun hazırlanmasında badımcan, bolqar bibəri və pomidordan istifadə olunur. Onlar manqalda qızardılır. Onu Qafqazsayağı qril də adlandırmaq olar.

Daha sonra qızardılmış tərəvəzlər yaşıl soğan, keşniş, şüyüd, reyhan və zeytun yağı ilə qarışdırlır. Manqal salatı əksər hallarda masaya soyuq halda verilir. Ona daha çox kababın yanında rast gəlinir. Azərbaycanlılar hesab edir ki, bu salat ağır ətin həzminə yardım göstərir.

Dovğa

Dovğa yeməyinin əsasını qatıq təşkil edir. Mövsümdən asılı olaraq, onu həm isti, həm də soyuq halda yemək olar. Dovğanın hazırlanmasında düyü, noxud və müxtəlif göyərtilərdən istifadə edilir. Bu yeməyi hazırlayan zaman durmadan qarışdırmaq lazımdır. Bu, düyünün göyərtiyə yapışmasına imkan vermir.

Toyuq ləvəngisi

Toyuq ləvəngisi ilk baxışdan adi toyuq qrilinə bənzəyə bilər. Lakin onun çox ləzzətli sirri var. Ləvəngi qızardılmış soğan, qoz, kişmiş, qurudulmuş gavalı və albalıdan hazırlanır. Bu qatışıq sonda toyuğun içərisinə doldurulur. Ləvənginin hazırlanmasında qozdan çox istifadə edilir, gavalı isə həddindən artıq turş olur. Odur ki, qoz və gavalı ilə bərabər, sadalanan digər komponentlərdən istifadə vacibdir.

Ləvəngini balığa da doldurmaq mümkündür.

Dolma

Azərbaycan mətbəxi müxətlif dolma növləri ilə zəngindir. Onların arasında ən məşhuru yarpaq və “üç bacı” dolmalarıdır.

Yarpaq dolması çəkilmiş ətin üzüm yarpağına bükülərək aşağı dərəcədə bişirilməsilə hazırlanır. Onu süfrəyə sarımsaqlı qatırla da verirlər. “Üç bacı” dolması isə badımcan, bolqar bibəri, pomidor və çəkilmiş ətdən hazırlanır. Çəkilmiş ət bu tərəvəzlərin içərisinə doldurulur. Yemək öz şirəsində bişirilir.

Azərbaycanda belə ağır yeməklərin əksəriyyəti süfrəyə qatıqla verilir. Çünki qatıq həzmə yardım edir.

Desert

Azərbaycanda ən sevimli şirniyyatlar martda, yəni Novruz bayramı günlərində hazırlanır. Məsələn, romb şəklində olan paxlava ölkənin ən sevimli şirniyyatlarından biridir. O, bütün Yaxın Şərqdə yayılıb. Azərbaycan üslubunda hazırlanan paxlava, xüsusilə Şəki paxlavası bu şirniyyat növünün digər növlərindən daha yumşaq və yağlı olur.

Şorqoğalı isə müxtəlif ədviyyatların əlavə olunduğu, lay-lay hazırlanmış çörəyə bənzəyir. Onun həm şirin, həm də duzlu hazırlamaq olar.

Azərbaycanda ən məşhur şirniyyatlardan biri şirin çörəkdir. Bu çörəyin içərisində qoz və kişmiş olur.

Qoz mürəbbəsi isə burada süfrəyə çayla verilən ən dadlı təamlarındandır. Bu mürəbbənin hazırlanmasında qabığı bərkiməmiş yaşıl qozdan istifadə edilir. O hazırlanan zaman qoz tədricən qaralmağa başlayır və sonda tünd qəhvəyi rəng alır.

Sonda, azərbaycanlıların bütün il boyu gözlədiyi ən qeyri-adi qida kombinasiyası – qarpız, pendir və təndir çörəyi. Doğrudur, bu, qəribə səslənə bilər. Lakin onları birlikdə daddıqda hər şeyi anlayacaqsınız.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNN


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az