17.09.2019 16:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
ABŞ, Azərbaycan və Ermənistan: Dağlıq Qarabağ münaqişəsindən İrana qarşı sanksiyalaradək

 
 



TasnimNews, İran
03.07.2019


ABŞ-ın Cənubi Qafqaza və onun problemlərinə daha çox diqqət ayırması Donald Tramp administrasiyası siyasətinin əsas istiqamətlərindəndir. Dağlıq Qarabağ münaqişəsilə bağlı fəallıq və İrana tətbiq olunan sanksiyalar da bu qəbildən olan işlərdir.

“Tasnim” xəbər verir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Manatsakanyan iyunun 19-20-də Vaşinqtonda Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüblər. Hər iki nazirin sözlərinə görə, Boltonla danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə edilib. Görüş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu tərəfindən təşkil edilmiş sammiti çərçivəsində baş tutub.

Bu, 2009-cu ildən bu yana ABŞ-da baş tutmuş ilk anoloji danışıqlardır. Danışıqlarda Con Boltonun şəxsən iştirak etməsi isə ABŞ-ın Cənubi Qafqaza marağının artığını təsdiqləyir.

Ağ Evin Cənubi Qafqaza diqqəti artırması əlbəttə ki, Rusiya ilə ABŞ arasında yaşanan son proseslərdən qaynaqlanır. Məsələn, bu yaxınlarda məhz Vaşinqtonla Moskva arasında əməkdaşlıq sayəsində Moldovada siyasi böhran aradan qaldırılıb. Bu mənada, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsilə bağlı da oxşar koordinasiyanın reallaşa biləcəyinə ümid yaranıb.

Artıq qeyd edildiyi kimi, Cənubi Qafqaza və onun problemlərinə diqqətin artırılması Donald Tramp hökuməti üçün prioritetlər sırasındadır. Bu siyasət xüsusilə Con Boltonun Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstana 2018-ci ilin oktyabrında etdiyi səfər, daha sonra Moskvaya baş çəkməsi, Rusiya prezidenti Vladimir Putinlə görüşməsilə ortaya qoyulub.

Yeri gəlmişkən, bu, 1997-ci ildən bu yana ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin Ermənistana ilk səfəri idi. Bolton Yerevanda ölkənin baş naziri postuna yeni seçilmiş Nikol Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli addımlar atmağa çağırmışdı. Bolton demişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Ermənistan və Azərbaycan üçün deyil, həm də ABŞ-ın maraqları baxımından vacibdir.

Onun bu bəyanatı Ermənistan daxilində hökumətə təzyiqləri artırmış, nəticədə Paşinyan Boltonla görüşdən bir müddət sonra keçirdiyi mətbuat konfransında bu sözləri demişdi: “Mənim yerimə nə o, nə də başqası qərar verə bilər. Onlar azərbaycanlıların Qarabağla bağlı mülkiyyət hüququna inanır və bunu mənə fikrimi öyrənmədən sırımağa çalışırlar”.

Bolton bu səfəri zamanı Ermənistanı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara qoşulmağa da çağırmışdı. Paşinyan buna belə münasibət bildirmişdi: “Boltona dedim ki, Ermənistan özü mühasirədə qalmış ölkədir və biz iki qonşumuz – Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələrə malik deyilik. Odur ki, digər iki qonşumuz olan İran və Gürcüstanla yaxşı əlaqələr qurmaqdan başqa yolumuz yoxdur. Çünki bu, Ermənistanın dünyaya çıxışını təmin edən yeganə yoludur”.

Bu arada onu da qeyd edək ki, Con Bolton, Elmar Məmmədyarov və Zöhrab Manatsakanyan arasında baş tutmuş görüş, eləcə də Məmmədyarovla Manatsakanın Minsk qrupunun həmsədrlərilə birgə apardıqları danışıqlar Ermənistanla Azərbaycan arasındakı ziddiyyətlərin həlli baxımından heç bir nəticə verməyib. Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin 3 saatlıq görüşdən sonra verdikləri birgə bəyanat yeni və ümidverici heç nə ilə fərqlənməyib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da təsdiqləyib. O, jurnalistlərə erməni həmkarı ilə görüşdən sonra verdiyi açıqlamasında Bakı ilə Yerevan arasında ciddi fikir ayrılıqlarının olduğunu söyləyib.

ABŞ-ın Cənubi Qafqaza təsirini genişləndirmək istəyinin daha bir səbəbi İranla yaşanmaqda olan ziddiyətdir. Vaşinqton İranla qonşu ölkələrin, xüsusilə Azərbaycanla Ermənistanın ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmasına dəfələrlə cəhd edib. Bu məsələ guman ki, Con Boltonun Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə Vaşinqtonda keçirdiyi görüşdə də müzakirə olunub. Hər halda, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans belə düşünür. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi Bolton üçün o qədər də əhəmiyyət daşımır və onun əsas hədəfi İrandır.

Lakin Ermənistan və Azərbaycan indiyədək rəhbərliyi ABŞ-ın İranla bağlı sanksiyalarına qoşulmağa maraq göstərməyib. Onlar Vaşinqtonun İrana mümkün hərbi hücumu üçün öz hərbi bazalarını amerikalılara vermək fikrində olmadıqlarını da dəfələrlə bəyan ediblər.

Azərbaycan ABŞ ilə birgə maraqlar və ümumi narahatlıq doğuran məsələlər ətrafında əməkdaşlığı vacib sayır. Bununla yanaşı, Bakı bu əməkdaşlığın Tehranla kifayət qədər yaxşı olan münasibətlərinə problem yaratmasını istəmir. Çünki Azərbaycanla İran arasında yaranacaq gərginlik onun cənub qonşusu ilə birgə həyata keçirdiyi “Şimal-Cənub” kimi milyardlarla dollar dəyəri olan beynəlxalq nəqliyyat dəhlizi layihəsini təhlükəyə atacaq. Digər tərəfdən, İranda ciddi qeyri-stabillik olarsa, bu, Azərbaycana da sıçrayacaq.

Boltonun Yerevana ABŞ-ın İranla bağlı sanksiyalarına qoşulması üçün təzyiq göstərməsi Ermənistan rəhbərliyi tərəfindən də məmnunluqla qarşılanmayıb. Yeri gəlmişkən, bu, Boltonun Cənubi Qafqaza səfərinin əsas məqsədini bir daha ortaya qoyur. O, İranı təcrid vəziyyətinə salmaq üçün Gürcüstan, Ermənistan və Azərbaycanın dəstəyini istəyib. Doğrudur, Bolton Tbilisi və Bakıda ümumi məzmunlu bəyanatlar səsləndirib, ABŞ rəsmilərinin ənənəvi mövqeyini təkrarlayıb. Yerevanda isə amerikalı qonaq təxribat dolu fikirlər söyləyib. Bu, ev sahibini incidib və bu inciklik hələ də davam edir.

Ermənistan İranla bağlı məsələlərə çox həssas yanaşır. Çünki onun qonşu Azərbaycanla münaqişə yaşaması qərb və şərq sərhədlərinin (Azərbaycan və Türkiyə ilə) bağlanmasına səbəb olub. Nəticədə Yerevan İranla sərhədə çıxış yolu kimi baxır. Vaşinqton da indiyədək Ermənistanın bu mövqeyinə anlayışla yanaşıb. Boltonun fikirləri isə bu “göz yumma”nın başa çatacağının anonsu sayıla bilər. O, “Azadlıq” radiosuna müsahibəsində Tehrana qarşı təzyiqlərin artması fonunda İran-Ermənistan sərhədinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. “Biz İrana qarşı təzyiqləri gücləndirmək niyyətindəyik. Çünki İranın beynəlxalq arenadakı davranışlarını qeyri-konstruktiv sayırıq. Bu, dəyişməlidir”, - deyə C.Bolton qeyd edib. Bolton Ermənistanın İrana ehtiyacını anladıqlarını deyib. Amma eyni zamanda, bildirib ki, bu vəziyyətdən çıxış yolu Azərbaycanla sülhə nail olunmasıdır: “Mövcud vəziyyət Ermənistan-Azərbaycan probleminin həllinin vacibliyini göstərir. Əgər bu baş verərsə, Azərbaycan və Türkiyənin Ermınistanla sərhədi dərhal açılacaq”.

Texniki baxımdan bu, doğrudur. Lakin Ermənistan Azərbaycana güzəştə getməyi mövcudluğu üçün təhlükə sayır. Bununla yanaşı, ABŞ-ın Ermənistana İranın təcrid duruma salınması məqsədilə etdiyi təzyiqlər erməni ictimaiyyəti tərəfindən mənfi qarşılanır. Bu yerdə bir məqam da nəzərə alınmalıdır: Ermənistan İranla enerji sahəsində əməkdaşlıq etməklə Rusiyadan enerji asılılığını azaltmağa çalışır.

İran parlamentinin Büdcə planlaşdırılması komissiyasının üzvü Hadi Qəvvami bu günlərdə İranla Ermənistanın Araz və Meğri azad iqtisadi zonalarına investisiya yatırılması üzrə əməkdaşlığının vacibliyini bildirib: “Əgər biz Araz və ya Meğri azad iqtisadi zonasında 200 min barel gücündə neft emalı zavodu yarada bilsək, bu, ölkəmizə böyük gəlir gətirəcək. Sanksiyalar şəraitində bu, ölkəmiz üçün yaxşı fürsət olardı”.

Yerevan-Vaşinqton münasibətlərinə kölgə salan daha bir məqam Ermənistan hökumətinin Suriyaya qoşun göndərmək qərarıdır. ABŞ bunu Rusiyanın Suriyaya müdaxiləsinin dəstəklənməsi kimi qiymətləndirir.

Beləliklə, Tramp hökumətinin İrana təzyiqləri Azərbaycan və Ermənistan tərəfindən dəstəklənmir. Bununla yanaşı, regional sabitlik, terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq və ya enerji təhlükəsizliyi kimi məsələlər ABŞ-ın Cənubi Qafqaz ölkələrilə əməkdaşlığını gücləndirə biləcək məsələlərdir. Əlbəttə ki, Vaşinqtonun bu ölkələrlə münasibətləri genişlənməkdə maraqlı olması Bakı, Yerevan və Tbilisi tərəfindən alqışlanacaq. Amma söhbət konkret olaraq, bitmək bilməyən Dağlıq Qarabağ böhranından gedirsə, problemin həllinə hələ ki, Vaşinqtonun birbaşa müdaxiləsi də kömək etmir.

Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1992-ci ildə o, hərbi toqquşmalara çevrilib. Müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan tərəfindən işğal olunub. 1994-cü ilin mayında münaqişə tərəfləri arasında atəşkəs sazişi imzalanıb. O vaxtdan ATƏT-in Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupunun vasitəçiliyilə aparılan sülh danışıqları bu günədək heç bir nəticə verməyib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az