18.07.2019 17:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
TANAP-ın tikintisi başa çatıb

 
 



NEWS.ru, Rusiya
03.07.2019


Müəllif: Mixail İzmaylov

Azərbaycan, Aralıq Dənizi hövzəsi və Avropa üçün müstəsna əhəmiyyətə malik Transanadou qaz kəmərinin (TANAP) tikintisi başa çatıb. Onun sayəsində iyulun 1-dən avropalılar Azərbaycan qazı ala biləcək.

“Mavi yanacağ”ın nəqli üçün hazır vəziyyətinə gətirilmiş TANAP “Cənub Qaz Dəhlizi” meqalayihəsinin tərkib hissəsidir. SOCAR-dan verilən məlumata görə, ilkin olaraq layihənin ümumi dəyəri 11,7 milyard dollar qiymətləndirilsə də, onun reallaşdırılması zamanı alqı-satqıların daha əlverişli şərtlərlə həyata keçirilməsi, TANAP-ın idarəetmə səmərəliliyinin artırılması nəticəsində işləri bundan xeyli ucuz başa gətirmək mümkün olub. Bununla da kəmərin tikintisinə 7 milyard dollardan az vəsait sərf olunub.

Bu ilin sonunadək TANAP-la 3 milyard kubmetr qazın nəql olunacağı gözlənilir. Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qaz Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə, Yunanıstana çatdırılacaq. Kəmərin təntənəli açılışı 2018-ci ilin iyun ayında baş tutub.

Gələcəkdə TANAP-ın Transadriatik kəmərinə (TAP) birləşdirilməsi nəzərdə tutulub. Nəticədə gələn ilin əvəlindən bu kəmərlə Avropa İttifaqına qaz tədarükünə başlanılmalıdır. TANAP-ın ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edəcək. Onun 6 milyard kubmetrə yaxını Türkiyəyə, qalanı isə Avropaya çatacaq. Gələcəkdə boru kəmərinin gücü ildə 31 milyard kubmetrədək arta bilər. Artıq avropalı istehlakçılarla yaxın 25 ildə TANAP vasitəsilə 200 milyard dollarlıq qazın alqı-satqısı ilə bağlı ilkin razılıq əldə olunub.

TAP-a gəlincə, onun ilkin ötürmə gücü ildə 10 milyard kubmetr təşkil edir. Amma onun iki dəfə artırılması da mümkündür. Bu kəmərin tikintisinin 4,5 milyard dollara başa gələcəyi bildirilir. Bir müddət əvvəl amerikalı konqresmen Devin Nunes Avropanı Rusiyanın təzyiqlərinə davam gətirmək üçün Transadriatik qaz kəmərini dəstəkləməyə çağırmışdı. O, Rusiya qazından asılılığın məhz TAP vasitəsilə azaldılmasını təklif edir.

2018-ci ilin avqustunda Xəzəryanı dövlətlərin başçıları dənizin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Bölgə üçün tarixi əhəmiyyət daşıyan bu sənəd üzərində iş 1996-cı ildən aparılırdı. Konvensiyanın imzalanması nəticəsində Transxəzər qaz kəmərinin (Xəzərin dibi ilə) çəkilərək TANAP-a qoşulmasına mane olan bütün əngəllər də aradan qaldırılıb.

Gələcək tərəfdaşlıq

Ekspertlər “Qazprom”un Azərbaycan qazı ilə TAP vasitəsilə svop əməliyyatı həyata keçirəcəyini istisna etmir. Son illər həm Avropada, həm də Türkiyədə “mavi yanacağ”a tələbat sürətlə artır. Bu baxımdan Rusiyanın “Türk axını” layihəsi ilə TANAP nəinki bir-birinə rəqib olmayacaq, əksinə, onlar bir-birini tamamlayacaq. Türkiyənin enerji təhlükəsizliyi və sabitliyi üçün bu kəmərlərin hər biri vacib rol oynayacaq. Bakıda isə dəfələrlə vurğulayıblar ki, TANAP “üçüncü tərəfin üzünə də açıqdır”.

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov da “Türk axını” ilə nəql olunacaq qazın TAP vasitəsilə Avropaya çatıdırlmasının mümkünlüyünü bildirib. Onun fikrincə, “cənub dəhlizi”nin qaz nəqli sistemindəki Türkiyə-Balkanlar-İtaliya konfiqurasiyası bazarların likvidliyini artırır, qazın nəqli və bölüşdürülməsi məsələsində çevikliyin təmininə imkan verir. Nazir vurğulayıb ki, bu layihənin reallaşdırılmasından bütün maraqlı tərəflər faydalana biləcək. Eyni zamanda o, hesab edir ki, “Türk axını”nın TAP-a alternativ olduğunu demək mümkün deyil. Enerji təhlükəsiziyi və sabitlik üçün onların hər biri vacib rol oynayacaq.

Öz növbəsində, Rusiyanın enerji naziri Aleksandr Novak bildirib ki, Rusiya qazı TAP-la yanaşı, Bolqarıstan, Serbiya, Macarıstandan keçməklə Avstriyaya (Baumqartendəki qazpaylayıcı mərkəzə) və ya “Poseydon” layihəsi çərçivəsində də nəql edilə bilər. Nazirin sözlərinə görə, çox şey vaxitə Bolqarıstan ərazisindən keçməli olan “Cənub axını” kəmərinin tikintisini faktiki olaraq əngəlləmiş Brüsselin mövqeyindən asılı olacaq.

Bu zaman nəzərə alınmalıdır ki, Türkiyə qaz tranzitinin əhəmiyyətli hissəsini öz əlində cəmləşdirə bilsə, bu Avropa üçün əlavə çağırış olacaq. Bu halda Avropa Ankaranın fikrilə hesablaşmaq məcburiyyətində qalacaq. 2017-ci ilin yekunlarına görə, Türkiyədə təbii qaz istehlakı əvvəlki illə müqayisədə 16% artaraq, 63,5 milyard kubmetrə çatıb. Cənubi Avropa üçün birnöv qaz qovşağına çevrilmiş Türkiyə təkcə tranzitdən pul qazanmayacaq, həm də qiymətlərin formalaşmasına təsir göstərə biləcək.

Bu arada, Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası və 2019-2022-ci illər üzrə proqnozlara əsasən, Bakı qaz nəqlini tədricən artırmağı düşünür. Nazirlər Kabinetinin hesablamalarına görə, 2019-cu ildə bu göstərici 23,5 milyon ton, 2020-ci ildə 28,3 milyon ton, 2021-ci ildə 33,8 milyon ton, 2022-ci ildə isə 36,1 milyon ton olacaq.

“Wood Mackenzie”nin proqnozuna görə, 2035-ci ildə Avropada qaza tələbat artaraq, 546 milyard kubmetrə çatacaq və bu baxımdan TAP nə Türkiyə, nə də Avropa bazarında “Qazprom”a rəqib olacaq. Əksinə, söhbət daha çox tərəfdaşlıqdan gedə bilər və analitiklər hesab edir ki, bu tərəfdaşlıq getdikcə dərinləşəcək.

Moskva İdarəetmə Məktəbinin Energetika Mərkəzinin analitki Sergey Kapitonov “News.ru”ya müsahibəsində qeyd edib ki, TANAP vasitəsilə Bolqarıstan özünün qaza tələbatının üçdə birini, Yunanıstan beşdə birini, İtaliya isə 10%-ni təmin edə biləcək.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NEWS.ru


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az