17.09.2019 16:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Ermənistan-Azərbaycan münaqişəsi: israilli jurnalistlər təmas xəttində

 
 



THE JERUSALEM POST, İsrail
04.07.2019


Müəllif: Arye Qut

Bu ilin əvvəlində bir qrup israilli və amerikalı jurnalist Azərbaycana səfər edib. Səfər nəticəsində onlar regionun tarixi, həmçinin buradakı mürəkkəb geosiyasi vəziyyət haqda bir çox şey öyrəniblər.

Səfəri məhsuldar keçib. Bu bölgədəki mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Azərbaycanla İsrail arasında güclü əməkdaşlıq var. İki ölkə arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur. Bu gün İsraillə Azərbaycan arasında illik ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollardır. Enerji sektoru isə bu əlaqələrdə strateji dayaq rolu oynayır.

Əhalisinin 90%-i müsəlman olan Azərbaycanda rəsmi din islamdır. Burada müsəlmanların əksəriyyəti şiədir. Lakin Azərbaycan dünyəvi dövlətdir.

Yeri gəlmişkən, bu ölkənin xarici işlər naziri Elmar Məmmədyarov “The Jerusalem Post” nəşrinə açıqlamasında islam aləminə aid Azərbaycanın İsraillə ticarət, enerji və iqtisadi sahəsindəki son dərəcə konstruktiv və müsbət əlaqələrindən danışıb: “Bakı İsraillə əlaqələri dəstəkləyir. Yəhudilər əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda tarixən sülh və harmoniya şəraitində yaşayıb. Bu gün ölkəmizdə yaşayan yəhudilərlə İsrail arasında güclü bağlar var”.

Ümumiyyətlə, Azərbaycan xristian və yəhudi icması da daxil olmaqla, bir çox etnik və dini qrupun vətənidir. Azərbaycan cəmiyyəti etnik qruplar arasında sülhü 30 il əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan zaman belə, qoruya bilib.

Ölkənin ən böyük şəhəri olan paytaxt Bakıda möhtəşəm Heydər məscidini ziyarət etdik. Onun 95 metr hündürlüyüdə 4 minarəsi var. Günəşin bu memarlıq incisini işıqlandırdığı an kainatın mənəvi gücünü hiss etmək çətin olmur.

Bizi Heydər məscidində şiə və sünni imamlar, həmçinin Azərbaycan Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev və Alban Katolik kilsəsinin başçısı Robert Mobili daxil olmaqla, müxtəlif dini qrupların nümayəndələri qarşılayıb. Onlar hesab edirlər ki bütün dini qruplar arasında harmoniya mümkündür.

“Azərbaycan tarixən multikulturalizm üçün unikal məkan olub. Ölkəmizdəki dini qruplar arasında harmoniya hər zaman hiss olunur”, - deyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov bildirib.

Ermənistanla münaqişə

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycanın tolerantlıq ənənələri əsl sınaqla üzləşmişdi. Ermənistan da Azərbaycan ərazisinin 20%-ni, yəni Dağlıq Qarabağ və ona bitişik 7 rayonu elə həmin illərdə işğal edib. Nəticədə 30 min azərbaycanlı həyatını itirib, təxminən 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib. Münaqişə zamanı azərbaycanlılar 20-ci əsrin ən dəhşətli faciələrindən biri ilə üzləşib: onlara qarşı qorxunc soyqırım törədilib. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində 613 azərbaycanlı qətlə yetirilib. Bu zaman daha 487 nəfər yaralanıb, 1275 insan girov götürülüb.

Biz – bir neçə israilli və xarici jurnalist Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində də olduq. Oradan təxminən 27 il əvvəl işğal edilmiş Azərbaycan ərazilərini görmək mümkündür. Bizim dayandığımız yerdə cəmi 3 il əvvəl müharibə, ciddi hərbi əməliyyatlar baş verib – 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmənin hərbi təxribatının qarşısını alıb, Ermənistan silahlı qüvvələrinin mövqelərinə zərbələr endirərək vətəndaşlarının təhlükəsizliyini təmin edib.

Daha sonra Marağa kəndində yerləşən “Marağa” abidəsini ziyarət etdik. Bu abidə ermənilərin İrandan Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə hələ 1978-ci ildə ucaldılıb. “Marağa” 1980-ci illərin sonlarında, Dağlıq Qarabağ münaqişəsi alovlanan zaman ermənilər tərəfindən məhv edilib. Çünki o, ermənilərin Qarabağ regionunun yerli xalqı olmadığını sübuta yetirirdi. Lakin Azərbaycan tərəfi abidəni bərpa edib və bu gün də qoruyub saxlayır. “Marağa”abidəsi Dağlıq Qarabağın Azərbaycanın qədim, tarixi ərazisi olduğunu sübut edir.

Müdafiə nazirinin müavini ilə görüş

Tərtər və Cocuq Mərcanlılya səfərimiz zamanı Azərbaycan Ordusunun əsgərləri ilə görüşdük. Onlar deyir ki, Azərbaycanın Ermənistan üzərində həm şəxsi heyət, həm də silah-sursat baxımından üstünlüyü aşkardır. Lələtəpə yüksəkliyinə baş çəkən və buradan onu əhatə edən dərəyə baxan zaman gördük ki, bu yüksəkliyindən geniş ərazi nəzarət altında saxlanılır. Ermənilər bu yüksəkliyi 1993-cü ildə işğal etmiş, sonradan ərazidə mövqelərini gücləndirmişdi. Lakin Azərbaycan əsgərləri 2016-ci ilin aprelində çətin və qısa döyüş nəticəsində yüksəkliyi işğaldan azad edib. Bizə həmin hərbi əməliyyatlar və yüksəkliyin necə azad edildiyi haqda məlumat verildi.

Azərbaycanın müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bizə deyir ki, beynəlxalq təşkilatlar bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlardan çıxış edir: “Odur ki, ərazilərimizin işğaldan azad edilməsinə hazır olmalıyıq. Başqa sözlə, Azərbaycan Ordusunun hazırlığını və döyüş qabiliyyətini daha da artırmalıyıq. Doğrudur, biz qan tökülməsini istəmirik. Lakin başqa yol qalmazsa, Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə qadirdir”.

Onun fikrincə, 2016-ci ilin aprelində baş vermiş döyüşlər Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bir daha ortaya qoyub: “Azərbaycan bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, sülh yollu ilə həllini dəstəkləyir. Lakin münaqişə sülh yolu ilə həll edilməzsə, Azərbaycan ərazi bütövlüyünü digər vasitələrlə təmin etmək hüququndan yararlanacaq. Bir sözlə, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır”.

Aşağı Əbdürrəhmanlı kəndi

Aşağı Əbdürrəhmanlı kəndində dağıntılarla qarşılaşdıq: dağıdılmış evlər, məktəblər, bağçalar və yanmış torpaq. Bu “ruhlar kəndi”ndə sanki həyat donub. Ümid Mirzoyev bizə kəndin taleyi haqda danışıb: “Erməni vandalları doğma kəndimizdə evləri, digər tikililəri dağıdıb, yandırıb. Onlar qəbirstanlığımızı belə, dağıdıb və təhqir ediblər. Məzar daşlarındakı şəkilləri necə güllələdiklərini görə bilərsiniz. Onlar sanki dünyasını dəyişmiş azərbaycanlılardan da qorxurlar. Bu, işğalçıların qəzəbini, nifrətini və qorxusunu göstərir”.

Mirzoyevin oxuduğu məktəb, yaşadığı ev bu kənddədir: “Burada dadlı üzümlərin yetişdiyi məhsuldar torpaqlar var idi. Bu gün həmin torpaqlar minalı əraziyə çevrilib. Amma atamın son arzusunu yerine yetirmişəm – o, məndən kəndimizdəki qədim qəbirstanlıqda dəfn olunmasını istəmişdi”.

Cocuq Mərcanlı

Daha sonra geosiyasi mübahisənin növbəti qurbanı olan Cocuq Mərcanlı kəndinə yollandıq. Bu kənd də erməni işğalçıları tərəfindən tamamilə dağıdılıbmış. Lakin buradakı erməni qüvvələrinin məhvindən sonra Azərbaycan hökuməti kəndi bərpa edib.

Bələdçimiz deyir ki, azərbaycanlılar Azərbaycan ərazilərinin işğal olunduğunu bütün dünyanın bilmsini istəyirlər. Onlar istəyirlər ki, 1 milyon qaçqın və məcburi köçkünün problemlərindən bütün dünya xəbərdar olsun.

Əli Həsənovla görüş

Səfərimiz zamanı görüşdüyümüz Azərbaycan nümayəndələri onlara dəstəyinə görə bir çox xalqa təşəkkür edirdilər. Ümumi mövzusu isə bir idi: Azərbaycan güclü, müstəqil dövlətdir və Cənubi Qafqazın lider ölkəsidir.

Bu ölkə həqiqətən də həyata keçirdiyi geoiqtisadi və nəqliyyat layihələri sayəsində regionda və onun hüdudlarından kənarda sülhə, çiçəklənməyə töhfə verir.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəsi ilə İsrail arasındakı əlaqələri yüksək qiymətləndirir. “Azərbaycanla İsrail siyasi, iqtisadi, hərbi-texniki sahədə əməkdaşlıq edir. Benyamin Netanyahu 1997-ci ildə, yəni ilk baş nazirliyi dövründə Azərbaycana səfər etmiş və Heydər Əliyevlə görüşmüşdü. O, ölkəmizə səfər edən ilk yüksək rütbəli İsrail rəsmisi olub”, - deyə Ə.Həsənov qeyd edib.

Onun sözlərinə görə, həmin tarixi səfərdən sonra iki dövlət arasında əlaqələr inkişaf etməyə başlayıb: “2016-cı ilin dekabrında baş nazir Netanyahu Azərbaycana yenidən rəsmi səfərə gəlmişdi. Bu, Bakı ilə Təl-Əviv arasındakı sıx əlaqələrin nümayişi idi. Bu gün bu əlaqələr daha da dərinləşib. Netanyahunun Azərbaycana və onun prezidentinə isti münasibət göstərdiyini, hörmət etdiyini bilir və bunu yüksək qiymətləndiririk. İsralin neftə olan tələbatının 65%-ni Azərbaycan təmin edir. Bununla yanaşı, Azərbaycan İsraildən yüksək texnologiyalar idxal edən əsas ölkələrdən biridir. Uzun müddətdir israilli mütəxəssislər Azərbaycanda müxtəlif sahələrdə çalışır. İsraildə isə böyük azərbaycanlı icması yaşayır. Onlar İsrail cəmiyyətinə yaxşı inteqrasiya olub və ölkəmizi ləyaqətlə təmsil edirlər. Ailələr arasındakı münasibətlər daxil olmaqla, müxtəlif əlaqələr, həmçinin Bakıda, Qubada – unikal xüsusiyyətə malik olan Qırmızı qəsəbədə yaşayan yəhudi icması ölkələrimizi daha da yaxınlaşdırır. Azərbaycanla İsrail arasında əlaqələrin daha da dərinləşməsi, güclənməsi üçün səylərimizi davam etdirəcəyik”.

Hikmət Hacıyevlə görüş

Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdük. O, Azərbaycanın unikal statusa malik olduğunu və Azərbaycanla İsrail arasındakı əlaqələrin strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra İsraillə xüsusi əlaqələr qurub. İsrail ölkəmizin müstəqilliyini tanımış ilk dövlətlərdən olub. İki ölkə arasında iqtisadi-ticari, siyasi, hərbi, mədəni sahələrdəki əlaqələr əla səviyyədədir. Bununla yanaşı, Azərbaycanla İsrail arasında birbaşa uçuşlar həyata keçirilir. Bu, əlaqələrimizin əla və sabit olduğunu göstərir”.

H.Hacıyev Azərbaycanın beynəlxalq birliyin məsuliyyətli üzvü olduğunu söyləyib: “Hər zaman zarafatla deyirəm ki, xəritəyə baxsanız ölkəmizin qərbdən şərqə doğru uçan “qartal”a oxşadığını görəcəksiniz. Odur ki, onun bir “qanad”ını kəssəniz, o uça bilməyəcək. Bizə hər iki qanad lazımdır”.

Vacib və etibarlı müttəfiq olan Azərbaycanın xarici siyasətindəki əsas prioritetlər sırasında Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həlli və İsraillə strateji əlaqələrin qorunması da var.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az