12.11.2019 21:26
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
MÜSAHİBƏ| Azərbaycan müstəqil, çoxşaxəli xarisi siyasətini davam etdirir

 
 



Bernama.com, Malayziya
08.07.2019


Müəllif: R.Raviçandran

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəsinin öz milli maraqlarına əsaslanan müstəqil, çoxşaxəli, balanslaşdırılmış xarici siyasətini davam etdirdiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq arenadakı mövqeyini bundan sonra da qoruyub saxlayacaq.

Nazir Azərbaycanın xarici siyasətdəki prioritetlərini belə sadalayıb: ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və ölkənin beynəlxalq birliyin tanıdığı sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpası.

Bakının əsas prioritetlərindən biri də Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin, həmçinin dövlətlər, assosiasiyalar və beynəlxalq təşkilatlar daxil olmaqla, bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsidir. E.Məmmədyarov bu gün Bakının Azərbaycanı qlobal və regional səviyyədə nüfuzlu ölkəyə çevirən, transregional əməkdaşlığa töhfə verən genişmiqyaslı layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu xatırladıb. “Etibarlı müttəfiq kimi qəbul olunan ölkəmizin xarici siyasətdəki uğurları şübhəsiz ki, qonşularımızla, həmçinin digər dövlətlərlə qurulmuş balanslı əlaqələrə, bərabər səviyyəli dialoqa və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa əsaslanır”, - deyə Məmmədyarov qeyd edib.

Azərbaycanın xarici işlər naziri bunları “Bernama” informasiya agentliyinə Azərbaycanda diplomatik xidmətin yaradılmasının 100 illiyi münasibətilə verdiyi eksklüziv müsahibəsində bildirib. Nazirə dəyişkən qlobal geosiyasi şəraitdə Azərbaycanın xarici siyasətinin prioritetləri haqda da suallar ünvanlanıb.

Məmmədyarov Azərbaycanda diplomatik xidmətin yaradılmasının 100 illiyinin ölkənin diplomatiya tarixi və beynəlxalq münasibətlər baxımından mühüm anlam kəsb etdiyini vurğulayıb. O, 2019-cu ili Azərbaycanın diplomatiya tarixində əlamətdar il kimi xarakterizə edib: “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə ilk addımlarını düz 100 il əvvəl atıb”. Onun sözlərinə görə, AXC hökuməti Xarici İşlər Nazirliyinin yaradılması ilə bağlı tapşırığı 1919-cu il iyulun 9-da verib: “Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il avqustun 24-də imzaladığı sərəncamla, iyulun 9-u Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı elan olunub”.

“AXC çox çətin dövrdə yaranmışdı. Birinci Dünya müharibəsi yeni bitmiş, imperiyalar dağılmışdı. Azərbaycan isə müstəqillik qazanmışdı. O, müsəlman Şərqində respublika quruluşuna malik ilk dövlət idi. Amma qısa müddət sonra müstəqilliyini itirən Azərbaycan 70 il Sovet İttifaqının tərkibində qalmalı oldu. O, müstəqilliyinə bir də 1991-ci ildə qovuşub. İndi, Azərbaycan təxminən 30 ildir ki, regionda və dünyada mövqelərini davamlı olaraq gücləndirir”, - deyə nazir qeyd edib: “AXC fövqəldövlətlərin maraqlarının kəsişdiyi və əksər vaxtlarda açıq şəkildə toqquşduğu bölgədə yerləşirdi. Buna baxmayaraq, Azərbaycan xalqı azadlığını qorumaq uğrunda hər zaman güclü iradə nümayiş etdirib. Odur ki, dövlətçilik ənənələri azərbaycanlıların milli şüurunda o vaxtdan dərin iz buraxıb”.

“Müasir Azərbaycanın ümummilli lideri Heydər Əliyev gənclərə hələ 2001-ci ildə etdiyi müraciətdə bu məsələni xüsusi vurğulamış, demişdi ki, bizim ən böyük tarixi nailiyyətimiz məhz dövlət müstəqilliyimizin qazanmamızdır”, - deyə nazir əlavə edib.

“Tarix boyu bir çox vacib mərhələ keçmiş Azərbaycanı bu gün dünya necə qəbul edir?” sualına E.Məmmədyarov belə cavab verib: “Ötən yüz il Azərbaycan dövlətçiliyinin və respublikasının formalaşması, inkişafı baxımından tarixi mərhələ olub. Azərbaycan tarixinin respublika dövrü birdən-birə meydana gəlməyib. O, tarixi şəxsiyyətlər sayəsində tədricən yaranıb. Azərbaycan qədim İpək Yolunun üzərində yerləşirdi. Napoleon Bonapart demişdi ki, “coğrafiya taledir”. Azərbaycan öz nümunəsi ilə bu fikri bir daha təsdiqləyib. Azərbaycanlılar zəngin tarixi təməl üzərində artıq 19-cu əsrin sonlarında yeni cəmiyyətə, xalqa çevrilmişdi. Bu proses çox sayda Şərqi Avropa ölkəsində sinxron baş verirdi. Beləliklə, Azərbaycanda ilk parlament respublikası elan olunmuşdu. Milli Şuranın 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsində deyilirdi ki, Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, dinindən, sosial statusundan vә cinsindәn asılı olmayaraq, öz ərazisində yaşayan bütün vәtәndaşların siyasi hüquqlarını vә vәtәndaşlıq hüququnu tәmin edir. Sənəddə həmçinin qeyd olunurdu ki, Azәrbaycan Xalq Cümhuriyyәti bütün millәtlәrlә, xüsusilә qonşu millәtlәr vә dövlәtlәrlә mehriban münasibәtlәr yaratmaq әzmindәdir”.

Məmmədyarov deyir ki, AXC hökumətinin məhz bu cür fəaliyyəti, həmçinin xarici ölkələrlə qarşılıqlı əlaqələri sayəsində respublikanın müstəqilliyi 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında de-fakto tanınmışdı: “Təəssüf ki, 1920-ci il aprelin 28-də 11-ci Qızıl Ordu Azərbaycanı işğal etdi və nəticədə AXC süquta uğradı. Bununla da onun müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınması prosesi dayandı. Bu, AXC-nin Millətlər Liqasına qəbul edilməsinə də mane oldu”.

Nazir Azərbaycanln müstəqilliyini bir də 1991-ci ildə bərpa etdiyini xatırladıb: “O, 1992-ci il martın 2-dən BMT-nin tamhüquqlu üzvüdür. Lakin ölkəmiz 20-ci əsrin əvvəllərində olduğu kimi, müstəqilliyini bərpa etdikdən sonra da Ermənistanın hərbi təcavüzü ilə üzləşmişdi”.

E.Məmmədyarov bildirib ki, Azərbaycan ərazilərinin qeyri-qanuni, gücdən istifadə yolu ilə işğalı Xocalı soyqırımı daxil olmaqla, genişmiqyaslı etnik təmizləmə və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunub: “Bakı təxminən 30 ildir ki, ərazi bütövlüyünü bərpa etmək, məcburi köçkünlərin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionuna, ona bitişik rayonlara qayıdışını təmin etmək uğrunda mübarizə aparır”.

E.Məmmədyarovun sözlərinə görə, ölkəsi xarici hərbi təcavüzlə üzləşməsinə rəğmən, balanslı, çoxşaxəli xarici siyasət yürüdür: “Bu xarici siyasət Bakının beynəlxalq nüfuzunu, beynəlxalq birlik üçün əhəmiyyətini artırır.“Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı faydalı və bərabər səviyyəli əməkdaşlığı inkişaf etdirir. Bununla o, xarici əlaqələrini, əməkdaşlığı genişləndirir, milli inkişaf yolu ilə gedir. Xüsusilə qonşu ölkələrlə (əlbəttə ki, Ermənistan istisna olunmaqla) əməkdaşlıq uğurla inkişaf edir”.

E.Məmmədyarov ölkəsinin “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” logistika layihələrinin həyata keçirilməsi üçün tranzit imkanları təklif etdiyini söyləyib: “Əlbəttə ki, ölkəmiz zəngin enerji potensialından da istifadə edir. Azərbaycanın ən əsas gəlir mənbəyi uzun müddətdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Artıq “Cənub Qaz Dəhlizi” layihəsinin icarası da başa çatmaq üzrədir”.

E.Məmmədyarovun sözlərinə görə, Bakı Xəzər dənizi hövzəsində yerləşən ölkələrlə də dialoqda fəal iştirak edir: “Nəticədə ötən il “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Bu Konvensiya Xəzərin sülh, əməkdaşlıq, mehriban qonşuluq bölgəsinə çevrilməsinə imkan yaradır. Bütün bunlar bizə qlobal iqtisadi inkişafın qarşısını alan maneələri minimuma endirmək imkanı verir”.

Nazir hesab edir ki, Azərbaycanın daxili potensialı onun müxtəlif beynəlxalq təşkilatlarda və təşəbbüslərdə uğur qazanmasına imkan verir: “Məsələn, ölkəmiz 2012-2013-cü illərdə BMT Təhülkəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bununla yanaşı, Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş seçkidə 176 səs toplayaraq, 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının üzvü statusunu qazanıb. 2019-cu ildən etibarən isə Azərbaycan dünyanın ikinci ən böyük beynəlxalq platforması olan Qoşulmama Hərəkatına sədrlik edəcək. Hərəkata yaxın keçmişdə qoşulmuş ölkənin sədrliyi nümunəvi haldır”.

Azərbaycanın beynəlxalq aləmdəki rolu və yeri haqda danışan nazir qeyd edib ki, ölkəsi qlobal gündəmin müəyyənləşməsində də rol oynayır. Bundan başqa, Bakı şəhəri son dövrlərdə mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqa töhfə verilməsi işində aparıcı platformalardan birinə çevrilib: “2008-ci ildə məhz Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə start verilmiş “Bakı prosesi” humanizm dəyərlərinə qlobal səviyyədə töhfə verilməsi üçün ən effektli platformaya çevrilib”.

E.Məmmədyarov hesab edir ki, azərbaycanlı diplomatlar son 100 ildə keçilmiş çətin yolla qürur duya bilər. “Prezident İlham Əliyevin 2018-ci ildə keçirilmiş Qlobal Bakı Forumunda dediyi kimi “həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir””, - deyə Azərbaycanın xarici işlər naziri bildirib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Bernama.com

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az