17.09.2019 16:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Azərbaycan: Estoniyadan sonra elektron rezidentlik proqramını tətbiq edən ikinci ölkə

 
 



CoinMarketFeed, Hindistan
08.07.2019


Müəllif: İşita Çayxan

Azərbaycan Mərkəzi Bankı ani ödəniş sistemi və blokçeyn texnologiyasının köməiyilə “elektron hökumət” portalını, həmçinin ümumiyyətlə, özünün əməliyyat sistemini müasirləşdirməyə hazırdır.

Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev paytaxt Bakıda təşkil olunmuş “Fintex sammiti”ndə bank və ödəniş sistemindəki yeni tendensiyaları belə sadalayıb: innovativ sistemlər, maliyyə texnologiyaları və təhlükəsizlik. O, bu gün ani ödəniş sisteminin dünyanın ən qabaqcıl sistemlərindən olduğunu deyib: “Hazırda bu sistemdən dünyanın 50-dən çox ölkəsi istiafə edir”.

Texnologiyalardan istifadə ilə bank xərclərini minimuma endirmək mümkündür

“Araşdırmalar göstərir ki, bu gün maliyyə institutlarının 80%-i maliyyə texnologiyalarını tətbiq edir. Bu gün yeni texnologiyalardan istifadə edilməsi nəticəsində əməliyyat sistemləri avtomatlaşdırılır. Nəticədə bank xərcləri minimuma enir”, - deyə A.Qasımov vurğulayıb.

Onun sözlərinə görə, ölkəsində 2018-ci ilin sonunadək maliyyə texnologiyaları sahəsinə 30,8 milyard dollar investisiya qoyulub: “2011-ci ildə bu, cəmi 1,8 milyard dollar idi”.

Alim Quliyev Azərbaycan Mərkəzi Bankının blokçeyn texnologiyası sahəsində IBM şirkətilə əməkdaşlıq etdiyini də söyləyib: “Bu texnologiya Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılmasına öz yardımını göstərəcək. Bank sektorunda süni intellektdən və blokçeyn texnologiyasından istifadə müştərilərə daha yüksək səviyyəli xidmətin göstərilməsinə, təhlükəsizliyin daha yaxşı təmininə imkan verir”, - deyə Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini qeyd edib.

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə IBM arasında Anlaşma Memorandumu imzalanıb

“Trend” informasiya agentliyinin məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu il iyunun 12-də keçirdiyi mətbuat konfransında IBM şirkəti ilə gömrük xidmətlərində blokçeyn texnologiyasından istifadəyə dair Anlaşma Memorandumu imzaladıqlarını bildirib. Onun sözlərinə görə, blokçeyn texnologiyasından bütün yük daşımalarında istifadə edilməsi planlaşdırılır: “Bu texnologiyadan istifadə sayəsində bütün konteynerlər haqda məlumat birbaşa məlumat bazasına göndəriləcək”.

S.Mehdiyev bildirib ki, bununla da məlumat bazasından lazımi məlumatları onlayn şəkildə, hər hansı maneə ilə üzləşmədən əldə edilməsi mümkün olacaq: “Bu həm sahibkarlar, həm də gömrük orqanları üçün faydalı olacaq. Bu, gömrük xidmətlərinin keyfiyyətinin artırılmasına imkan verəcək”.

Azərbaycan hökumətinin inkişaf etdirməyə çalışdığı 3 əsas istiqamət

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli hökumətin 3 əsas sahədə innovasiyanı stimullaşdırmağa və rəqəmsal infrastrukturu genişləndirməyə çalışdığını söyləyib – Rəqəmsal Ticarət Qovşağında, “elektron hökumət” portalında və Mərkəzi Bankın əməliyyat sistemində. 

Rəqəmsal Ticarət Qovşağı nədir?

Bu rəqəmsal ticarət platforması dövlət orqanları ilə özəl şirkətləri, bankları birləşdirir, onlar arasında əlaqəni asanlaşdırır. Demək, Rəqəmsal Ticarət Qovşağı dövlət orqanları ilə özəl şirkətlər arasında əməkdaşlığa əsaslanan elektron platformadır. O, biznesmenlər üçün milli və beynəlxalq elektron xidmətlər təklif edir, həmçinin Azəbaycanın elektron maliyyə sistemini inkişaf etdirir.

Rəqəmsal Ticarət Qovşağının “Bir pəncərə” İxraca Dəstək Mərkəzi isə yerli istehsalçıların beynəlxalq bazara çıxmaq üçün lazımi sənədləri əldə etməsinə yardım göstərir. Buraya lisenziyaların, müxtəlif icazələrin, gömrük bəyannamələrinin əldə edilməsi, hətta dövlət subsidiyası üçün müraciət belə, daxildir. Nicat Əsədlinin sözlərinə görə, Rəqəmsal Ticarət Qovşağının ən faydalı xidmətlərindən biri elektron və mobil rezidentlik proqramıdır. “Azərbaycan Estoniyadan sonra elektron rezidentlik proqramını tətbiq edən ikinci ölkədir. Bundan başqa, ölkəmiz mobil rezidentlik proqramını tətbiq edən ilk dövlətdir. Bu xidmət Azərbaycan rezidenti olmayan şəxslərə bir gün ərzində onlayn şəkildə şirkət qurmağa və Azərbaycanın bütün elektron xidmətlərindən yararlanmağa imkan verir. Bunun üçün onlara lazım olan yeganə şey smartfondur. Beləliklə, həmin şəxslər yaşadığı ölkədən asılı olmayaraq, Azərbaycanda biznes qura bilir”, - deyə Nicat Əsədli vurğulayıb.

Fərid Osmanov isə “Cointelegraph”a açıqlamasında Azərbaycan prezidentinin ötən ilin sentyabrında “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzaladığını bildirib: “Bu, rəqəmsal bankinq sahəsinə texnoloji nailiyyətlərin tətbiqi ilə bağlı yol xəritəsidir”.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı rəqəmsal infrastruktura malik olan yeganə qurumdur: “Mərkəzi Bankda rəqəmsal infrastruktur Azərbaycan hökumətinin təşəbbüsü ilə yaradılıb. Sistem blokçeyn texnologiyasına əsaslanır. Azərbaycan hökuməti ümid edir ki, yeni maliyyə texnologiyalarının tətbiqi ilə iqtisadiyyatda qeyri-nəğd ödənişləri, həmçinin rəqəmsal xidmətləri stimullaşdıracaq. Bununla da vətəndaşlara daha şəffaf və əlçatan xidmət göstəriləcək”.

Mərkəzi Bankın 3 güclü xüsusiyyəti

F.Osmanovun sözlərinə görə, bu infrastrukturun yaradılmasında ən innovativ texnologiyalardan istifadə edilib: “Misal kimi, “Lenovo ThinkAgile HX7820 Appliance” avadanlığı və proqram təminatını göstərmək olar. O, “4-socket HX” sistemində istifadə olunan ilk proqramdır. Bu sistem “Skylake” nəslindən olan “Intel Xeon Scalable” prosessorları ilə işləyir. Platformanın virtuallaşdırılması üçün “Nutanix” nəslindən olan “Acropolis OS” seçilib. Sistem RDMA texnologiyasına əsaslanır. RDMA texnologiyasından ilk dəfə məhz bu sistemdə səmərəli istifadə olunub”.

Azərbaycan Avropada, Cənubi Qafqaz regionunda yerləşir. Ərazisi çox böyük olmayan bu ölkə müstəqilliyini 1991-ci ildə Sovet İttifaqının dağılması ilə qazanıb. O, Avropa İttifaqının üzvü deyil.

Azərbaycan əsas gəlir mənbəyi neft-qaz ixracıdır. Bununla yanaşı, bank, tikinti sahəsi ölkə iqtisadiyyatının inkişafına təkan verən sektorlardandır.

Azərbaycanın blokçeyn texnologiyasını tətbiqi istiqamətindəki addımları ölkədə daha effektli infrastrukturun yaradılmasına, şəffaflığın təmininə imkan verəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CoinMarketFeed


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az