19.10.2019 10:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi

 
 



Ən-Nahar, Livan
10.07.2019


Müəllif: Əli Avvadə

Livanlıların Türkiyə və Şarm əş-Şeyxə axışdığı bir vaxtda Azərbaycana getmək macəradır. Çünki o anda çox az məlumatlı olduğu ölkəyə düşürsən…

Azərbaycan islam xarakteri və Avropa mədəniyyətilə qarışmış “Odlar yurdu”dur. Ölkə 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqil olub. O, qısa müddətdə özünə kapital axını cəlb edib, bu gün isə xüsusilə turizm sektorunu canlandırmağa çalışır.

Xəzər dənizinin sahilində yerləşən Azərbaycan coğrafi baxımdan 3 regiona bölünür: Xəzər dənizinin sahilləri ölkənin şərq sərhədləridir. Böyük Qafqaz dağları ölkənin şimalı boyu uzanır. Ölkənin mərkəzi düzən ərazilərdir.

Azərbaycan şərqdən Xəzər dənizi, şimaldan Rusiya Federasiyası, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənubdan isə İranla həmsərhəddir. Ölkədə Arktik Skandinaviya iqlimi hakimdir. Sibirdən gələn soyuq hava kütlələri ölkəyə daxil olur. Atmosfer təzyiqi xüsusən Asiyanın ortalarında yerləşən regionlarda yüksəkdir. Qafqaz dağları silsiləsi ölkəni şimaldan gələn soyuq hava kütlələrindən qoruyur.

Azərbaycanın paytaxtı Bakı şəhəridir. Nizami küçəsi şəhərin ən məşhur görməli yerlərindəndir. Buradakı tikililər keçmişlə indinin sintezindən ibarətdir. Küçə boyu restoranlar, ticarət köşkləri, dükanlar, gecə klubları düzülüb. Burada yorulmadan gecəni gündüzə qatmaq olur. Şəhərin bəzi binaları müasir Avropanı xatırladır. Bəzi binalar isə klassik üslubda tikilib. Memarlıq həvəskarısınızsa, Nizami küçəsinə mütləq baş çəkin.

“Nakhal” şirkətinin təşkil etdiyi mediaturun ilk dayanacağı Bakıdakı Dağüstü park idi. Bura Bakıda ən çox sevilən məkanlardandır. Burada piyada gəzişməkdən, təmiz havadan və dənizin sakitliyindən həzz almaq imkanınız olacaq.

Şəhidlər Xiyabanını ziyarət də paytaxta gələnlərin əsas seçimlərindəndir. Burada Sovet Ordusu tərəfindən törədilmiş “Qanlı yanvar” qırğını qurbanlarının məzarları yer alır. İnsanlar şəhidlərin xatirəsinə ucaldılmış “Əbədi məşəl” kompleksi ətrafında toplaşır, xatirə fotoları çəkdirir.

Burada paytaxtın mənzərəsi də əla görünür. Müasir binaların və göydələnlərin yaxınlığında özünəməxsus tarixi ilə seçilən İçərişəhər yerləşir. Burada zaman insanı sanki ötən əsrlərə, daha dəqiq desək, miladi təqvimilə yeddinci əsrə qaytarır. İçərişəhərdə avtomobillərə demək olar ki, rast gəlinmir. Hər yanda qalalar, dar dalanlar… Hər tərəfdə şəhərin özünəməxsus mədəniyyətini tanıtmaq üçün turistləri gözləyən dükanlar. Burada yerli, sovet, İran, türk və başqa mədəniyyətlərin təsirlərini görmək mümkündür.

İçərişəhərdəsinizsə, Qız qalasına baş çəkin. O, Bakıda, ümumiyyətlə Azərbaycanda turistlərin ən çox üz tutduğu tanınmış məkanlardan biridir. Qız qalasının zirvəsindən şəhərə baxmaq həqiqətən zövqvericidir. Əfsanəyə görə, şah qızının sevdiyi oğlana ərə getməsinə razı olmadığından, onu bu qalaya saldırıb. Sonda qız özünü buradan dənizə ataraq intihar edib. Tikili bu səbəbdən Qız qalası adlanır.

Qalanın yaxınlığında İçərişəhərin daha bir incise – Şirvanşahlar sarayı yerləşir. O, Bakı şəhərinin qədim rəmzlərindəndir. Bina 15-ci əsrdə, Bakının Şirvanşahlar dövlətinin mərkəzi olduğu zaman tikilib. Saray Bakıda dövrümüzə yaxşı halda çatmış azsaylı qədim binalardandır. O, Azərbaycan memarlığının incilərindən biri kimi 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb. Saray heyrətamiz quruluşu, müxtəlif təyinatlı otaqları və çoxsaylı eksponatları ilə seçilir.

Atəşgah məbədi

Məbəd şəhərin mərkəzindən 30 kilometr aralıda, Suraxanı qəsəbəsində yerləşir. Tarixi 18-ci əsrə gedib çıxır. Bakı qədimdən İpək Yolunun üzərində yerləşirdiyindən, hindistanlı tacirlər buraya ədviyyatlar, taxta məmulatları və s. gətirirlərmiş. Ümumiyyətlə, Şərq ölkələrindən tacirlərin buraya gəlişi adi hal imiş. Bu gün məbəddəki sərgidə müxtəlif heykəllərlə, daş oyma nümunələri ilə, eləcə də qədim zamanlarda məbədə gəlmiş şəxslərə aid geyimlər, şəxsi əşyalarla tanış ola bilərsən.

Azərbaycan rəngarəng təbiətilə də seçilirdi. Bəzi hissələr dağlıqdırsa, yaxınlıqda neft-qaz qoxuyan dəniz görünür. Yeri gəlmişkən, neft bu ölkənin əsas gəlir mənbəyidir. İkinci gəlir mənbəyi turizmdir. Hökumət bir çox beynəlxalq tədbirlərin təşkililə daha çox turist cəlb etməyə çalışır. Məsələn, UEFA Avropa Liqasının bu il baş tutmuş “Arsenal” - “Çelsi” finalı Bakıda keçirilib. Bakı bir neçə ildir Formula 1 yarışlarına da ev sahibliyi edir.

Burada diqqət çəkən məqamlardan biri də küçələrin təmizliyidir. Şəhərdə yerə zibil atmaq qadağandır. Amma paytaxtdan uzaqlaşdıqca, xüsusilə bazarlarda vəziyyət tədricən dəyişir…

Sonda bir məqamı da qeyd edim. Növbəti səfərinizi Azərbaycana edəcəksinizsə, bilməlisiniz ki, bu ölkədə bir çox yeməyə cəfəri qatılır – ayrana belə. Səbəbini soruşsanız, cavab almayacaqsınız. Ya bu ləziz yeməkləri dadmalı, ya da “fastfood” restoranlarına getməlisiniz.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Ən-Nahar

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az