23.08.2019 13:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır

 
 



TasnimNews, İran
15.07.2019


Ermənistanla Azərbaycan işğal altındakı Dağlıq Qarabağın gələcək statusu ilə bağlı diplomatik əlaqələri intensivləşdirsə də, gərginliyin qaçılmazlığını nəzərə alaraq, parallel olaraq hərbi imkanlarını da genişləndirir.

“Tasnim” xəbər verir ki, Türkiyə və Azərbaycan Silahlı qüvvələri baharın sonlarında – mayın 1- 3-də Bakı ətrafında, iyunun 7-11-də isə Naxçıvan Muxtar Respublikasında birgə hərbi təlim keçirib. Bu təlimlərdə məqsəd iki ordu arasında koordinasiya və qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması, birgə döyüş əməliyyatlarına hazırlıq, Azərbaycan hərbçilərinə Türkiyə Ordusunun silahlarında istifadə təliminin keçirilməsi olub.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib ki, ölkəsinin Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməsi regionda sabitliyin əsas amilidir. Onun sözlərinə görə, bu gün iki ölkənin silahlı qüvvələri istənilən tapşırığı yerinə yetirməyə hazırdır.

Türkiyə ilə Azərbaycanın “bir millət, bir ordu” prinsipinnən çıxış etdiklərini deyən Türkiyənin müdafiə naziri Hulusi Akar isə hərbi təlimləri iki ölkənin yerinə yetirməyə qadir olduğu missiyanın nümunəsi adlandırıb.

Ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərinin sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Bu il onlar 13 birgə təlim keçirməyi nəzərdə tuturlar. 2018-ci ildə yalnız 7 belə təlim olmuşdu.

Son aylarda Azərbaycan Ordusunun zabitləri, o cümlədən Naxçıvan Muxtar Respublikasında yerləşən qoşunlar davamlı olataq Türkiyədə hərbi təlimlərə də qatılırlar. Bu təlimlərdə Azərbaycan hərbçilərinə mürəkkəb coğrafi şəraitdə ağır əməliyyatlar aparmağın yolları öyrədilir. Hərbi təlimlərdə isə türkiyə Azərbaycanla terrorçuluqla mübarizə təcrübəsini bölüşür.

Bu arada Azərbaycanın müdafiə naziri tezliklə Pakistan Ordusu ilə də birgə hərbi təlim keçirəcəklərini bildirib. Bununla yanaşı, Azərbaycan tərəfi özünün xüsusi hərbi təlimlərini də gücləndirib. Bu ilin mart və iyun aylarında Azərbaycan Silahlı Qüvvələri bir neçə böyük və xüsusi hərbi təlimlər keçirib. Təlimlərdə Azərbaycan hərbçiləri zenit-raket sistemləri, artilleriya, hava hücumundan müdafiə sistemləri, tanklar, peyk texnologiyaları və pilotsuz uçuş aparatlarından istifadə ilə düşmən hücumlarının dəf edilməsi sahəsində məşq ediblər.

Zakir Həsənov Azərbaycan Ordusunun yeni üsullar vasitəsilə mübarizə aparmağı öyrəndiyini, yeni silahlar, taktiki üsullar və döyüş hazırlığının sınaqdan keçirildiyini bildirib. Düşmən Ermənistan ordusunun döyüş silah-sursatındakı dəyişiklikləri nəzərə alan Azərbaycan tərəfi son 3 ildə genişmiqyaslı əməliyyatların, gecə və gündüz əks-hücumların aparılması üçün optimal və effektiv metodları sınaqdan keçirib. Bundan əlavə, Azərbaycanın hərbi hissələri müxtəlif əməliyyat və strateji hallarda, o cümlədən çətin dağlıq ərazilərdə və ağır iqlim şəraitində müxtəlif təlim məşqləri keçirib. Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı qüvvələr müntəzəm təlim və mühəndis-texniki fəaliyyət nəticəsində düşmənin mümkün hücumları qarşısında daha cəld, sürətli və çevik reaksiya vermək bacarığına yiyələnib. Bu hərbi təlimlər Ermənistan silahlı qüvvələrinin mümkün hücumlarının qarşısını almaq məqsədilə maksimum oxşar şəraitdə aparılır. Bu zaman Azərbaycan Ordusunun təlim meydanlarında erməni tərəfinin müdafiə xətlərinin maketi belə, qurulur.

Türkiyə və Azərbaycan ordularının Naxçıvan Muxtar Respublikasında ötən ay keçirdiyi birgə hərbi təlim zamanı Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri Bakıdan şimal-qərbdə yerləşən Qəbələ şəhərində bir araya gəlmişdilər. Onlar regiondakı hərbi və siyasi vəziyyəti müzakirə ediblər. Görüş zamanı Gürcüstanın müdafiə naziri Levan Asuriya gürcü ordusunun da Türkiyə ilə Azərbaycanın birgə təlimlərinə qoşulmaq arzusunu dilə gətirib. Doğrudur, gürcü hərbmiləri bu ölkələrlə üçtərəfli təlimlərdə indiyə qədər də iştirak edib. Amma indi, Gürcüstan konkret olkaraq iki ölkənin taktiki hərbi təlimlərinə qatılmaq niyyətindədir. Azərbaycan mətbuatı bununla Tbilsinin Ermənistanla bağlı nisbi tərəfsizliyə son qoya biləcəyini yazır.

Maraqlıdır ki, Azərbaycan Ordusunun son birgə təlimlərindən cəmi bir neçə həftə sonra qarşı tərəf, yəni Ermənistan münaqişə bölgəsi olan Dağlıq Qarabağda geniş hərbi təlimlər keçirib. Bütün bunların fonunda isə Bakı ilə Yerevan arasında yeni hərbi toqquşmaların başlayacağı təqdirdə Ermənistan ordusunun Naxçıvan bölgəsində yeni cəbhə aça biləcəyinə dair ehtimallar səsləndirilməyə başlayıb. Üstəlik, bu genişmiqyaslı hərbi təlimlər Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəs rejiminin pozulması halları ilə müşayiət olunub. Mayın sonlarında Ermənistan ordusunun snayperləri iki Azərbaycan əsgərini hədəfə alıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, həmin snayperlər Ermənistan hakimiyyəti tərəfindən mükafatlandırılıb. Yerevanın bu addımı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən pislənib. Nazirlik bunun iki ölkə arasında aparılan danışıqlara zərbə vurmaq məqsədi daşıdığını bəyan edib.

Az sonra Azərbaycanın qoşunların təmas xəttində uçuş aparan təlim təyyarəsinin Ermənistanın hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alındığı, lakin vurulımadığına dair də məlumat yayılıb. Ermənistanın müdafiə aziri isə xüsusi qüvvələrini cəbhə xəttinə yönləndirdiklərini açıqlayıb.

Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri David Tonoyanın bir müddət əvvəl elan etdiyi “yeni müharibə, yeni ərazilər” doktrinası bu ölkənin müdafiə strategiyasından qarşı tərəfi çəkindirmək strategiyasına keçdiyi anlamına gəlir. Demək, onlar Azərbaycan ərazisində xüsusi kəşfiyyat əməliyyatları apara bilərlər.

Yeri gəlmişkən, David Tonoyan Ermənistan siyasi elitasının militarist qanadına aid edilir. O, ABŞ-a bu ilin martında etdiyi səfəri zamanı Bakının Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı təklif etdiyi “sülh naminə ərazi” formulunu tənqid atəşinə tutmuşdu. Nazir bunu “nəticəsi sıfıra bərabər düstur” adlandırmışdı. Bu təklifə əsasən Ermənistanın əvvəlcə Azərbaycan ərazilərini geri qaytarmalıdır. Tonoyan buna cavab olaraq, yeni ərazilərin əldə olunması üçün yeni müharibəyə belə, hazır olduğunu deyib. O, bildirib ki, Ermənistan öz ordusunun hərbi imkanlarını artıraraq, köhnəlmiş “səngər-səngər” müdafiə strategiyasını yeni “fəal çəkindirmə” strategiyası ilə əvəzləməyə çalışır.

Bundan sonra Ermənistan silahlı qüvvələri Ermənistan-Rusiya birgə əməliyyat komandanlığı çərçivəsində Rusiya ordusunun 102-ci hərbi bazasında yerləşən hərbi birləşmələrlə birgə hərbi təlim də keçirib.

Bunların fonunda Azərbaycanın Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Ermənistan rəhbərliyi ölkə ictimaiyyətinin diqqətini daxili siyasi çəkişmələrdən yayındırmaq məqsədilə gecə vaxtı cəbhə bölgəsində təxribatlara cəhd edir. Bu üzdən Azərbaycan Ordusuna Ermənistanın mümkün təxribatlarına müvafiq cavab verilməsi tapşırılıb.

Bununla yanaşı, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsinə düzəliş edərək, müdafiə xərclərini 4,6% artırıb.

Bir sözlə, hazırda təmas xəttindəki vəziyyət 2016-cı ilin aprelində baş vermis dörd günlük müharibədən əvvəlki şəraiti xatırladır. Bakı Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini pozmaq niyyətində olduğunu deyir və bundan narahatlığını ifadə edir. Beləliklə, Cənubi Qafqazda müharibənin bərpası ehtimalı artmaqdadır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az