12.11.2019 21:30
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar

 
 



Masala!, BƏƏ
16.07.2019


Müəllif: Lexa Menon

BƏƏ vətəndaşlarından hansına Bakıya səfər edəcəyinizi desəniz, reaksiyası təxminən belə olacaq: “ah, Bakı”. Çünki Azərbaycanın paytaxtı Bakını hər kəs tanıyır.

Azərbaycana uçuş müddəti təxminən 3 saatdır. Vizanı aeroporta çatar-çatmaz almaq olur. BƏƏ-dən oraya reys də çoxdur. Bir sözlə, Azərbaycanda münasib qiymətə ekzotik təcrübə yaşamaq mümkündür. Bir zamanlar Sovet İttifaqının tərkibində olmuş bu kiçik Avrasiya ölkəsində son illərdə turuzm bumu yaşanır. O, BƏƏ vətəndaşlarının da qısa müddətli istirahəti üçün ən məşhur istiqamətə çevrilib. 

Əgər Bakıya nə vaxtsa səfər etmisinizsə belə, oraya bir daha yollanmağa səbəb çoxdur. Odur ki, bu şəhərə səfər planınızı qurun!

Niyə Azərbaycan?

Xəzər dənizinin sahilində yerləşən, Gürcüstan, İran, Rusiya və Ermənistanla həmsərhəd olan Azərbaycanı bir səfərlə tanımaq mümkün deyil. Onun çox sayda çimərliyi, gecə klubları, möhtəşəm mətbəxi, heyranedici Qədim şəhəri, həmçinin dağları və meşələri var. Qədim və gözəl keçmişlə müasir dövrün vəhdəti Azərbaycanı sözün əsl mənasında möhtəşəm ölkəyə çevirib. Orada adət-ənənələr unudulmayıb. Çünki fikrini gələcəyə yönəltmiş Azərbaycan keçmişilə mübarizə aparmır. Bu ölkə dini müxtəlifliyilə də seçilir. Xalq isə son dərəcə səmimi və qonaqpərvərdir.

Beləliklə, Azərbaycanda kəşf olunmalı, sevməli çox şey var. Uzun sözün qısası, Azərbaycana diqqət yetirməklə, onu təkrar-təkrar kəşf edəcəksiniz.

Ziyarət olunmalı məkanlar

İçərişəhər

Səfərə ölkənin ən məşhur istiqaməti olan Bakıdan başlayın. Təmiz, geniş yollar, gözəl sahil, mikrorayonlar və möhtəşəm göydələnlər Bakının Sovet keçmişi ilə müasirliyini əks etdirir. Əgər Şərqlə Qərbin qovuşduğu əsl nümunəni görmək istəyirsinizsə və keçmişi özündə əks etdirən məkanları ziyarət etməyi sevirsinizsə, İçərişəhərə baş çəkin. Bura həqiqətən möhtəşəm məkandır. İçərişəhərə ilk baxışdan vurulacaqsınız.

Birincisi, burada Avropa üslubunda tikilmiş az sayda bina var. Oradakı tikililərin çoxu Sovet İttifaqı üslubundadır. Amma burada Asiya, daha dəqiq desək, Yaxın Şərq memarlıq üslubunun toxunuşunu da görmək mümkündür.

İkincisi, İçərişəhərdə müxtəlif surprizlərlə qarşılaşacaqsınız. Məsələn, müxtəlif qazıntılar... Bunların tarixi 12-ci əsrə uzanır. Qazıntıların aparıldığı hissələr o vaxtdan qorunub saxlanıb.

İçərişəhərdə daş döşənmiş dar küçələr də görəcəksiniz. Onların hər iki tərəfində qədim binalar yer alır. Bəzi binalar indi otel, bəziləri suvenir dükanı kimi fəaliyyət göstərir. İçərişəhərdə yerləşən qədim karvansara isə restorana çevrilib.

Şəhərin bu hissəsində Hindistan və Pakistanın təsirini gördükdə təəccüblənəcəksiniz. Səbə Cənubi Asiyadan çox sayda tacirin vaxtilə Azərbaycana səfər etməsidir.

Yeri gəlmişkən tarixi 12-ci əsrədək uzanan Qız qalasını da ziyarət edin. O, 15-ci əsrə aid Şivanşahlar sarayı ilə bərabər, Bakının əsas görməli yerlərindəndir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qız qalasının dar pilləkənləri ilə qalxın və şəhərin möhtəşəm mənzərəsindən zövq alın. Bəli, buranı ziyarət etməyə dəyər.

İçərişəhərdə Miniatür Kitab Muzeyinə də baş çəkə bilərsiniz. Burada Bhaqavat Qita və Hanuman Çalisa kitabları da saxlanır.

Dağüstü park

Sovet dönəmində Kirov parkı adlanmış, bu gün Dağüstü park kimi tanınan bu məkan turistlər üçün ən məşhur istiqamətlərdən biridir. Qonaqlar burada şəkil çəkməyi çox sevir. Bu parkdan Bakıya, həmçinin Xəzər dənizinə açılan mənzərəni seyr edə, günəşin batmasından zövq ala bilərsiniz. Şəhərin görməli yerlərini gəzdikdən sonra günün sonunda məhz Dağüstü parkda sakitlik tapmaq olar.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi müasir Azərbaycanın memarlıq möcüzələrindəndir. Bəs onu qeyri-adi edən nədir? Heydər Əliyev Mərkəzi məşhur memar, Pritsker mükafatına layiq görülmüş Zaha Hadid tərəfindən dizayn edilib. Odur ki, əgər siz incəsənətlə və sərgilərlə maraqlanmasanız belə, bu mərkəzdən gözünüzü çəkə bilməyəcəksiniz. Yox, yaradıcı dünyanın vurğunusunuzsa, Heydər Əliyev Mərkəzi sizdə ikiqat xoş təəssürat yaradacaq.

Qəbələ

Bakıda gözəl dincələ, şəhərdən zövq ala bilərsiniz. Amma ölkənin ruhunu həqiqətən hiss etmək üçün paytaxtdan kənara çıxmalısınız. Məsələn, Qəbələ rayonuna gedin. Azərbaycanın ən qədim regionlarından olan Qəbələdə eramızdan əvvəl 3-cü əsrdən tutmuş, bizim eranın 18-ci əsrinə qədər tarixi olan abidələr var. Odur ki, arxeoloqlar bu regiona əbəs yerə məftun olmayıb.

Qəbələyə səfər həqiqətən çox gözəldir. Burada yaşıl, bənövşəyi çöllər, insanın ruhunu sakitləşdirən təpələr, qeyri-adi, kiçik kəndlər görəcəksiniz. Qəbələni Avropadakı kənd yerlərilə də müqayisə etmək olar. Lakin Avropadakı mənzərə Qəbələdəki qədər möhtəşəm deyil. Buradakı çəmənliklərin, meşələrin özlərinə xas gözəllikləri var.

Səhər oyanar-oyanmaz, Qəbələdə bir neçə məkanı ziyarət etməyi məsləhət görürəm. Məsələn, tarixi 15-ci əsrə uzanan Sufi Dərviş Məqbərəsinə, yəni “Diri Baba”ya yollana bilərsiniz. Bu məqbərə kiçik təpədəki mağarada yerləşir. Bundan əlavə, Cümə məscidinə və bir zamanlar bu regionu idarə etmiş Mustafa xanın ailəsinin dəfn olduğu məqbərələrə baş çəkin.

Dağa qalxmağa başladıqda landşaftın dəyişdiyini görəcəksiniz. Sonra Tufandağ kurortuna çatacaqsınız. Yüksəkliyi sevirsiniz? O zaman bu səfərdən zövq alacaqsınız!

Şəki

Şəki əsl incidir. O, qeyri-adi məkanlara malik, əsl səyyah istiqamətidir. Böyük Qafqaz dağlarının ətəyində yerləşən bu kiçik şəhərin zəngin memarlıq nümunələri var. Bundan əlavə, Qədim İpək Yolunun üzərində yerləşən Şəkinin mətbəxi ləzzətli, insanları möhtəşəm, təbiəti heyranedicidir.

İlk öncə Kiş kəndini ziyarət edin. Dağların arasında yerləşən bu sehrli kənddə sanki zaman dayanıb. Orada insan sanki başqa dövrə düşür. Kiş kəndi nağıllarda təsvir olunan məkanlara tam uyğundur: daş evlər, qədim kilsələr, kiçik kənd dükanları, qoca kişi və qadınlar. Kəndin mərkəzində yerləşən qədim Alban kilsəsini ziyarət etməyi unutmayın. Bu Alban məbədinin tarixi bizim eradan əvvəl 5-ci əsrə qədər uzanır. Burada dəfn olunmuş və arxeoloqlar tərəfindən aşkar edilmiş insan qalıqları bu günədək qorunub saxlanır. Onlar insanı həqiqətən heyrətləndirir. Məbədin hər bir hissəsinin öz tarixi var: xristianlığın yaranmasından tutmuş, regionda yayılmasına qədər.

Kiş kəndindən avtomobillə qısa müddətdə Şəkinin mərkəzinə çatmaq olar. Burada rastınıza çayxanalar, karvansaralar, qədim evlər və digər görməli yerlər çıxacaq. Şəhərin səs-küyündən rahatlıq tapmaq üçün uyğun yer buradır. Əsl ideal istirahət!

Azərbaycan təcrübəsi

Bakıya neçə günlüyə getdiyinizdən asılı olmayaraq, Qobustan dövlət tarixi-bədii qoruğuna baş çəkməsəniz, Azərbaycan səfəriniz tam olmayacaq. Qoruq paytaxtın ətrafında yerləşir. Qobustana yollansanız, həyatınızda görmədiklərinizi görməyə hazır olun!

Palçıq vulkanları

Coğrafiya dərslərindəki palçıq vulkanları, yaxud lavalar haqda məlumatları xatırlayırsınız? Azərbaycanda möhtəşəm palçıq vulkanları təcrübəsi qazana bilərsiniz. Dünyada 700-800 palçıq vulkanı var. Onların təxminən yarısı məhz Azərbaycanda yerləşir. Palçıq vulkanlarının yerləşdiyi səhralıq regiona çatmağın yeganə yolu köhnə avtomobil kirayə götürməkdir. Həmin avtomobil sanki müharibədən təzə çıxmış kimi də görünə bilər. Lakin olar ziqzaq yolları asanlıqla keçməyinizə yardımçı olacaq. Nəticədə bu, sürrealist təcrübədi və onu yaşamağa dəyər. Açıq, geniş, boz ərazidə kiçik palçıq vulkanlarını görəcəksiniz. Bir az da yuxarı qalxa, onları lap yaxından izləyə bilərsiniz. Burada sement rəngli, maye halında olan palçıq köpüklənir və bir neçə saniyədən sonra partlayır. Bu zaman qorxmayın. Lavadan fərqli olaraq, palçıq vulkanı soyuqdur. Hətta ona toxuna bilərsiniz. Palçıq vulkanlarının güman ki, dəri üçün faydaları var.

Qobustan qayaüstü rəsmləri

Tarixi sevən şəxslər növbəti məkanla tanış olsun. UNESCO tərəfindən qorunan bu yarımsəhra bölgədə çoxsaylı qayalar görəcəksiniz. Bəs onların əhəmiyyəti nədir? Bu qayaların tarixi çox qədimdir. Onların üzərində qeyri-adi rəsmlər görəcəksiniz: kişi, rəqs, heyvan, öküz döyüşləri, müharibə və gündəlik həyat rəsmləri. Bu rəsmlərin tarixi eramızdan əvvəl 5-20 mininci illərə qədər uzanır. Burada təxminən 6 min qayaüstü rəsm var. Onların bəziləri 40 min illik tarixə malikdir. Məndən bunun hansı illər olduğunu soruşmayın. Yalnız onu deyə bilərəm ki, bu, bizim düşüncəmizin hüdudlarından kənardır.

“Atəşgah” – Alov məbədi

Güman ki, ölkənin komunist keçmişi Azərbaycanda dinin aparıcı rol oynamasına imkan verməyib. Lakin burada müxtəlif mədəniyyətlərin harmoniya şəklində mövcudluğu Azərbaycanın onun ən maraqlı xüsusiyyətlərindəndir.

“Atəşgah” məbədi çox unikal tarixi abidədir. Siz heç bir ölkədə buna bənzər abidə görə bilməzsiniz. O, hərfi mənada “alov evi” deməkdir. 19-cu əsrədək bu məbədinin ətrafındakı qayalardan qaz sızırmış. İlk baxışdan elə görünürdü ki, yer heç bir kənar təsir olmadan yanır. Odur ki, bura atəşpərəstlər üçün müqəddəs məkan hesab olunurdu. Burada məbəd 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində tikilib. Burada indi də belə Novruz bayramı zamanı qədim atəş ayinləri həyata keçirilir.

“Atəşgah” məbədi dünyanın bu hissəsində zərdüştlüyün necə yarandığını göstərir. Maraqlıdır ki, qədim dövrlərdə Cənubi Asiyadan buraya gəlmiş tacirlər sayəsində məbəddə atəşpərəstliklə hinduizm bir-birinə qarışıb. Hətta bu gün belə, “Atəşgah”da hinduizm rəmzləri, ilk növbədə Şiva ilə Qaneşin heykəli var. Bu, əhalisinin əksəriyyəti müsəlman olan ölkədədir. Bu haqda düşünün...

Yanardağ da insanda qeyri-adi təəssürat yaradır. Burada yer fasiləsiz alışıb yanır. Əlbəttə ki, bunun elmi izahı var. Amma təpənin necə yandığını görən zaman elm yada düşmür.

Çay mərasimi

Çay mərasiminə qatılmadan Azərbaycanı tərk etməyin. Kəndlərin yanından keçən zaman yol kənarlarında çayxanaları görəcəksiniz. Bu yerlərdə çay mərasimi çox mürəkkəb prosesdir. Bu zaman süfrəyə ləbləbi, şokolad, qənd, limon dilimləri, ətirli çay və mürəbbə qoyulur. Mürəbbə bu için “ulduz”udur. Azərbaycan mürəbbəsi haqda çox danışmaq olar. Azərbaycanlılar demək olar ki, bütün meyvələrdən mürəbbə hazırlayır. Onlar bir az yumşaq, bir az şirin olur. Odur ki, çay için, ləbləbi, şokolad yeyin, amma mürəbbəni də mütləq dadın.

Yeyib-içməli məkanlar

“Cız-bız”  (İçərişəhər)

Qədim dövrün ab-havasının olduğu bu restoranda ləzzətli Azərbaycan mətbəxi təklif olunur. Manqal salatını mütləq dadın. O, badımcan, pomidor və bolqar bibərindən hazırlanır. Məsləhət gördüyüm növbəti yemək qutabdır. O, Hindistanın parata yeməyinə bənzəyir. Qutab çəkilmiş ətdən, yaxud boranıdan hazırlanır.

“Karvansara” (Şəki)

Hansı restoranda qeyri-adi nahar etmək olar? “Karvansara”da! Tarixi 18-ci əsrə uzanan, bir zamanlar karvansara kimi fəaliyyət göstərmiş bu məkan bu gün otel-restorana çevrilib. Bura Şəkinin incisidir. “Karvansara” otel-restoranı Azərbaycanın şimalında, dağların arasında, 1000 illik tarixə malik olan kənddə yerləşir. Bu kənd ona xüsusi bir sehr əlavə edir. Restoranın menyusu geniş deyil. Lakin bir tikə kabab belə, sizi “cənnət”ə apara bilər.

“Çayki” (Bakı)

“Çayki” restoranının zalının gözəl interyeri var. Burada da Azərbaycan mətbəxi təklif olunur. Ləzzətli yeməklərin hazırlandığı “Çayki”dən Xəzər dənizinə möhtəşəm mənzərə açılır. Odur ki, buranı ziyarət etməyi unutmayın. Bu restoranda hazırlanmasında müxtəlif ədviyyatlardan istifadə olunan ləzzətli lülə kababı yeyə bilərsiniz.

“Derya Fish House” (Bakı)

“Derya Fish House” Xəzər dənizinin sahlində, açıq səma altında yerləşən gözəl restorandır. Burada qızardılmış farel yeyə bilərsiniz.

“Şamaxı” (Şamaxıda, Qəbələyə gedən yolda yerləşir)

Yol kənarında yerləşən restoranlara getmək çox maraqlıdır. Yerləşdiyi bölgənin şərəfinə adlandırılmış “Şamaxı” restoranı da istisna deyil. Bu restoran meyvə bağında yerləşir. Odur ki, gözəl ağacların və meyvələrin olduğu yaşıl bağda yemək yeyə bilərsiniz. Orada piti yeməyinizi məsləhət görürəm. O, düz 8 saata bişir. Pitinin hazırlanmasında quzu ətindən, kartofdan, noxuddan, gavalıdan istifadə olunur.

Hansı otellərdə qala bilərsiniz?

“Shaki Palace Hotel”, (Şəki)

“Shaki Palace Hotel” dağların arasında yerləşən heyranedici oteldir. Burada SPA, həmçinin təpələrə mənzərənin açıldığı restoran, gözəl hovuz var. Onun yaxınlığında karvansara yerləşir. Bu kəndə bir günlük də olsa gedin. Burada dağları seyr etməkdən həzz alacaqsınız.

“Qafqaz Sahil Baku Hotel”, (Bakı)

Bakının “Ağ şəhər” adlanan müasir hissəsində qalmaq istəyirsinizsə, “Qafqaz Sahil Baku Hotel” yaxşı variantdır. Aeroporta yaxın olan bu oteldə xidmət yaxşıdır. Buradan şəhərə gözəl mənzərə də açılır.

Azərbaycana necə çatmaq olar? Ölkənin milli valyutası nədir?

Dubaydan Bakıya AZAL vasitəsilə uçmaq olar. Bu, 3 saatlıq yoldur. BƏƏ ilə Azərbaycan eyni saat qurşağında yerləşir.

Ölkənin milli valyutası manatdır. 1 manat 2,16 dirhəmə bərabərdir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Masala!

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az