23.08.2019 12:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan

 
 



Titreshahr, İran
18.07.2019


Qobustan Azərbaycanın şərqində yerləşən dağlıq, təpəlik ərazidir. Bura sanki özündə sivilizasiyasını əks etdirən şəkilli kitabdır.

Qobustan indi quraqlı ərazi olsa da, 40 min il əvvəl yaşıllıq, ağaclarla zəngin bölgə imiş. Son buz dövründən sonra buradakı mağarada yaşayan insanlar ıtrafda maral, keçi ovlayır, çəmənliklərdən qida toplayır, Xəzər dənizindən balıq tuturlarmış. Arxeologiya və tarixlə maraqlananlar Azərbaycan turu çərçivəsində bu əraziyə mütləq baş çəksinlər. Burada insan sanki keçmişə səyahət edir, o dövrün insanının həyatı haqda məlumatlanır.

İlk insan sivilizasiyasının meydana gəlməsindən sonra şərqdən və qərbdən buraya üz tutmuş insanlar Qobustandakı mağaralarda məskunlaşıb. Onlar bir neçə nəsil burada yaşayıb. Qobustan qayaları üzərində onların buraxdıqları izləri bu gün də görmək mümkündür. Belə “əsər”lər Qobustan Milli Parkının mərkəzində, 537 hektarlıq unikal açıq muzeydə yerləşir. Burada “Petroqliflər” kimi tanınan 6000-dən çox daş və qaya üzərində oyma qeydə alınıb. İllər ərzində bu ərazidə aşkarlanmış digər əşyalar da var.

Antik sənət formaları

Milli Parkın nümayəndəsi Rəhman Abdullayev deyir: “Qayaüstü rəsmlər insan sivilizasiyasına aid ən qədim sənət əsərləridir. O zaman musiqi, rəqs, incəsənət və rəssamlıq varmış. Bu günə yalnız divar üzərindəki qayaüstü rəsmlər gəlib çatıb. Bunun aşkarlanması tarixdə bir çox dəyişikliyə yol açıb”.

Bu sığınacaqlar min illər boyu insanların yaşayış məskəni, eyni zamanda, ibadət yeri olub. Müxtəlif ayinlər, əcdadlara və dağlara ibadət bu mağaralarda edilib.

Qayaüstü oymalarda döyüşçülər, bədəninə xal vuran qadınlar, öküz, maral və keçi, balıqçılıq səhnələri və s. aydın görünür.

Əsrlər ərzində baş verən iqlim dəyişikliyi bölgənin orijinal bitki örtüyü və canlılarını məhv edib. Lakin əcdadlarımızın gördüklərini görə bilməsək də, eşitdiklərini dinləyə bilərik...

“Oxuyan” daşlar

Milli Parkın girişindəki “Qaval daşı” Qobustanda tapılmış 4 “oxuyan daş”dan biridir. 2 metr hündürlüyü olan bu ağır qayaya kiçik daşları vurduqda, ondan qəribə səs çıxır. Bu gün Qobustana üz tutan turistlər bu ibditai “musiqi aləti”ni səsləndirə, bununla da minilliklər əvvəl bu ərazidə yaşamış insanların dinlədikləri səsi eşidə bilir.

Abdullayev qayanın ortasında yaranmış kasa formalı boşluğa işarə edərək deyir: “Bu suxurların hər birinin öz əlamətləri var. Onlardan uzun illər istifadə olunub. Bu qayanı daha uca səs çıxarması üçün kiçik daşların üzərinə qoyublar”.

Qobustandakı ən məşhur qaya rəsmlərindən biri Azərbaycanın milli rəqslərindən olan “Yallı”nı oynayan rəqqasların rəsmidir. “Yallı” rəqsi zamanı iştirakçılar  əl-ələ verərək, dairəvi hərəkətlər edir. Güman ki, “Qaval daşı”ndan da bu zaman istifadə olunurmuş.

Dəniz izi

Qayaların üzərində qayıq, balıq rəsmlərini də görmək mümkündür. Demək, bir zamanlar Xəzər dənizi indikindən daha böyük imiş və bu əraziyədək uzanırmış. Oradakı 3 təpə də əslində, adaya bənzəyir.

Qobustanda aşkar olunmuş ən maraqlı oymalardan biri də qaya üzərində həkk olunmuş və Tunc dövrünə aid hesab olunan “58 boşluq” oyunudur.

Üst Paleolit (daş) dövründə Xəzər dənizi Qara dənizlə birləşik olub və bu, Avropanın digər bölgələrindən uzun səyahətlər üçün daha geniş imkanlar açıb. Qobustandakı qayaüstü rəsmlərin bəzilərində də 40 nəfərlik qayıqlar əks olunub.

Bundan başqa, qayaların üzərindəki ən qədim oymalarda maral və vəhşi atların, eləcə də nəhəng heyvanların kütləvi ovu təsvirləri də var. Ov şəkli Pleistosen dövrünün sonunda (təxminən 11 min il əvvəl) baş vermiş iqlim dəyişikliyilə fərqli hala gəlib. Həmin dövrə aid oymalarda artıq qaban, quş və ceyran şəkillərinə rast gəlinir.

Qobustan qayalarında eramızdan əvvəl 4000-2500-ci illərədəkki dövrü əhatə edən rəsmlər də var: rəqslər, qurbanlıq səhnələri, cadugərlik mərasimləri və s. Bürünc dövrünə aid rəsmlərdə isə yenə də heyvanlar, dağ maralı, həmçinin insanları daşıyan ikitəkərli arabalar əks olunub.

Orta əsrlərdə onlar müxtəlif qəbilə nişanələri, at ovu də ümumiyyətlə, daha dəqiq səhnələrlə əvəz olunub.

Son illərdə bu ərazidəki qayalar üzərində daha 500-dək oyma aşkarlanıb. Onların ən maraqlısı artıq adını çəkdiyimiz, Tunc dövrünə aid “58 boşluq” adlı oyundur. Bütün bunlarla yanaşı, ərazi hələ də tam araşdırılmayıb. Odur ki, Qobustanda hələ aşkar olunacaq çox sirr var.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Titreshahr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az