17.09.2019 16:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Azərbaycan-Türkiyə: nümunəvi dostluq əlaqələri

 
 



DAILY SABAH, Türkiyə
22.07.2019


Müəllif: Xəzər İbrahim (Azərbaycanın Türkiyədəki səfiri)

100 il əvvəl Azərbaycanın Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Paris Sülh Konfransına yollanmaq üçün Fransaya viza almalı idi. Onlar bunu 3 ay İstanbulda gözləmiş, istəklərinə nail olmaq üçün mübarizəni məhz İstanbulda aparmışdılar. Bundan sonra onlar yeni elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqilliyinin tanıdılması işində Fransada da çətinliklərlə qarşılaşmışdılar...

Ermənilərin apardığı anti-Azərbaycan təbliğatı, vaxt qıtlığı, lazımi resusrların olmaması və s. – hər şey onların əleyhinə işləyirdi. Amma bütün bunlara baxmayaraq, onlar ABŞ prezidenti Vudro Vilsonla görüşə bilmişdilər. Vilson sonralar Azərbaycan nümayəndə heyəti haqda bunları yazmışdı: “Azərbaycandan gözəl görünüşlü, çox hörmətli bir qrup kişi gəlmişdi. Onlardan ölkələrinin harada yerləşdiyini soruşmağa cəsarət etmədim. Sonra gizlicə ölkənin harada yerləşdiyinə baxdım. Onun çiçəklənən bölgə olan Cənubi Qafqazda yerləşdiyini, qədim və böyük sivilizasiyaya malik olduğunu qətiləşdirdim”.

Bu gün Azərbaycan daha da çiçəklənir. Ölkəmiz bu günədək Türkiyə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyub.

Bu gün Azərbaycan mədəniyyəti dünyada tanınır. Bu yaxınlarda ölkəmizin Şəki şəhərinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Diplomatiyaya gəlincə, böyük əcdadlarımızın məşəlini bu gün də ucada saxlayırıq. İndi, Azərbaycan nəinki bütün dünyada tanınır, həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilir, zaman-zaman müxtəlif beynəlxalq təşkilatlara sədrlik edir. Azərbaycan qlobal oyunçuların görüşdüyü məkana çevrilib.

Bu gün Azərbaycanla Türkiyə ən vacib qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilir. Onlar üçtərəfli və çoxtərəfli regional formatlarda əməkdaşlıq edir. Əslində, son 30 ildəki Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq münasibətlərə nümunə olmalıdır.

Türkiyənin diplomatik ofislərinin qapıları Azərbaycanın diplomatik missiyasının üzünə açıqdır. Mən bunun başqa nümunəsini bilmirəm. Bir ölkənin prezidenti başqa dövlətin maraqlarını öz ölkəsinin maraqları kimi qoruyur. Məsələn, Ermənistan prezidenti 2014-cü ildəki çıxışı zamanı Türkiyəyə qarşı ittihamlar səsləndirmiş, dərhal da Azərbaycan prezidenti İlham Əliyevdən cavabını almışdı: “Türkiyə nümayəndələri burada deyil, amma mən buradayam və cavabınızı da verəcəyəm!”.

Mənim üçün Türkiyədəki diplomatik təcrübə çox unikaldır. Bu möhtəşəm ölkədə səfir olduğum ilk gündən etibarən başa düşdüm ki, bundan sonra başqa dövlətdə diplomatik missiyanın rəhbəri ola bilməyəcəyəm. Türkiyədə təxminən 20 aydır fəaliyyət göstərirəm. Burada ziyarət etdiyim 30 regionun hər birində məni həmvətənləri kimi qarşılayıblar. Türkiyədə özümü heç vaxt yad hiss etməmişəm. Əminəm ki, dostum, həmkarım – Türkiyənin Azərbaycandakı səfiri də mənim hislərimi bölüşür.

Bakı ilə Ankara arasındakı bu sıx münasibətlər mədəni əlaqələrə (ölkələrimiz arasında dil, yaxud mədəniyyət sahəsində baryerlər yoxdur), təhsil sahəsindəki münasibətlərə (10 minlərlə tələbə qarşılıqlı olaraq, Azərbaycan və Türkiyədə təhsil alır), müdafiə sahəsində əməkdaşlığa (hərbçilərimiz, əsgərlərimiz birgə təlimlər keçir, bir yerdə xidmət edir) və etibara əsaslanır. Ölkələrimiz arasındakı bu sıx münasibətlərin təməlində isə ən əsası, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəstəklədiyi “bir millət, iki dövlət” anlayışı dayanır.

Qarşımızda hələ uzun yol var. Bu il iyulun 9-da Azərbaycanın diplomatik xidmətinin yaradılmasının 100-cü ildönümü qeyd olunub. Bundan sonra da 9 iyullar olacaq. Odur ki, hər il – 10 il, 100 il, 1000 il sonra belə, əldə etdiyimiz uğurlarımızı xatırlamalıyıq. Əminəm ki, bundan sonra da çox sayda uğur əldə edəcəyik. Çünki Azərbaycanın güclü rəhbərliyi, güclü diplomatik xidməti var. Bütün bunların Azərbaycanı daha çiçəklənən ölkəyə çevirəcəyinə, regionda sabitliyin bərqərar olmasına töhfə verəcəyinə, dünya ölkələri arasında inteqrasiyaya yardım göstərəcəyinə əminəm. Bunların Türkiyə ilə bərabər həyata keçiriləcəyinə isə şübhə etmirəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DAILY SABAH


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az