23.08.2019 12:58
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
Əfqanıstan-Azərbaycan əlaqələrinə baxış

 
 



TasnimNews, İran
26.07.2019


Əfqanıstanın hədəfi Orta Asiya və Qafqaz ölkələrinə birləşməklə, Avropa bazarlarına çıxışı asanlaşdırmaqdırsa, Azərbaycan öz mallarını Əfqanıstan vasitəsilə Cənub və Cənub-Şərqi Asiyaya çıxarmaqda maraqlıdır.

“Tasnim” xəbər verir ki, bu günlərdə Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupun iclası keçirilib. Görüşdə Əfqanıstan tərəfi iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində, qarşılıqlı ticarət həcminin artırılmasında maraqlı olduğunu bəyan edib.

Əfqanıstanın iqtisadiyyat naziri, eyni zamanda prezident Əşrəf Qaninin müşaviri Məhəmməd Humayun Qayomi ölkəsilə Azərbaycan arasında investisiya sahəsində əməkdaşlıq üçün yaxşı potensialın olduğunu söyləyib. O, Azərbaycan tərəfinin Əfqanıstan iqtisadiyyatına sərmayə yatıracağına ümidini ifadə edib. Nazir deyib ki, hazırda ölkəsi xarici investisiyaların cəlbi üçün əlverişli imkanlar yaratmağa çalışır. O, azərbaycanlı iş adamlarını da Əfqanıstan iqtisadiyyatına sərmayə qoymağa çağırıb.

Qayomi hesab edir ki, iki ölkənin özəl sektorları arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var və tərəflər müxtgəlif sahələrdə əməkdaşlıq edə bilər. Bununla yanaşı, qarşılıqlı ticarətdə potensialdan tam da istifadə olunmayıb: “Əfqanıstanla Azərbaycan arasında qarşılıqlı ticarətin genişləndirilməsi çox əhəmiyyətlidir”.

İşçi qrupun iclasında tərəflər ticarətin genişləndirilməsi, rabitə, nəqliyyat, tikinti materiallarının istehsalı, malların daşınması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə həmçinin Əfqanıstanla Azərbaycanın bütün sahələrdə əlaqələrinin genişləndirilməsi üçün real imkanlara malik olduqları vurğulanıb.

İclasın sonunda iki ölkə arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla Əfqanıstanın iqtisadiyyat naziri, birgə işçi qrupun həmsədri Məhəmməd Humayun Qayomi imza atıblar.

İki ölkə arasında iqtisadi əlaqələrin mövcud durumundan söz açan Sahib Məmmədovun sözlərinə görə, 2018-ci ildə onların arasında ticarət dövriyyəsinin həcmi 37% artıb. Üstəlik, 2019-cu ilin ilk 5 ayı ərzində bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 15% çoxalıb.

Məmmədov bildirib ki, Azərbaycanla Əfqanıstan arasında iqtisadi-ticari əməkdaşlığa dair 15 sənəd imzalanıb. Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupun yaradılması da eyni məqsəd güdür. Nazir müavini hesab edir ki, iki ölkə hava nəqliyyatı, logistika və tranzit sahələrində əməkdaşlıq üçün böyük imkanlara malikdir. Konkret olaraq yüklərin daşınmasında əməkdaşlığın genişləndirilməsi baxımından Lapis-Lazuli yolunun əhəmiyyətini vurğulayan Məmmədov hazırda Azərbaycanda 15 Əfqanıstan şirkətinin fəaliyyət göstərdiyini də vurğulayıb.

Sahib Məmmədov toplandının ardından jurnalistlərə verdiyi açıqlamada Əfqanıstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya həcminin 1,5 milyon dollar olduğunu bildirib. O, əməkdaşlıq imkanlarının daha geniş olduğunu söyləyib: “Yaxın vaxtlarda Azərbaycanın “ASAN Xidmət” təcrübəsi Əfqanıstanda təqdim ediləcək. Hesab edirik ki, işçi qrupun da vasitəsilə müxtəlif əməkdaşlıq imkanlarından istifadə etmək lazımdır”. Məmmədovun sözlərinə görə, Azərbaycanın İqtisadiyyat Nazirliyi azərbaycanlı iş adamlarının, özəl sektorun Əfqanıstanda həyata keçirilən layihələrdə, o cümlədən tikinti, infrastruktur və s. sahələrdə iştirakını genişləndirməyi planlaşdırır.

Bakının əfqanıstanlı tərəfdaşları Azərbaycana cəlb etmək səylərindən də danışan Sahib Məhmədov deyib: “Xarici investorların iqtisadiyyatımızın müxtəlif sektorlarına cəlb olunması məqsədilə müxtəlif işlər görülüb, o cümlədən sənaye və texnologiya parkları yaradılıb. Bütün bunlar Azərbaycanda davam edən köklü islahatlarla, potensial tərəfdaşlarla işgüzar əlaqələrin genişləndirilməsinə yönəlib”.

Bu gün Əfqanıstanın hədəfi Orta Asiya və Qafqaz ölkələrinə birləşməklə, Avropa bazarlarına çıxışı asanlaşdırmaqdır. Bu mənada Əfqanıstanla Azərbaycan arasında hava yolları xidmətləri haqqında sazişin imzalanması iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi baxımından vacib addımdır.

Ümumiyyətlə, Əfqanıstan mallarının ixracı və daşınması ölkənin illər ərzində qanlı müharibələr meydanı olması, qeyri-sabitlik girdabında boğulması üzündən çətin olub. Amma səbəb həm də onun coğrafi mövqeyidir. Ölkənin dənizə çıxışı yoxdur və bu üzdən, ixrac üçün İran və Pakistanın imkanlarından istifadə etmək məcburiyyətindədir. Odur ki, Kabul dünya bazarlarına çıxış üçün alternativ yollar araşdırır. Bakı-Kabul münasibətləri isə xüsusilə son illərdə əhəmiyyətli dərəcədə dərinləşib. İndi, hər iki ölkə mövcud imkandan yaxşı istifadə etməyi planlaşdırır. Bu məqsədlə Əfqanıstandan Avropaya Türkmənistan, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə tranzit dəhlizinin yaradılması əsas hədəflərdəndir. Söhbət Lapis-Lazuli layihəsindən gedir.

Yeri gəlmişkən, Azərbaycan da öz mallarını Əfqanıstan vasitəsilə Cənub və Cənub-Şərqi Asiyaya çıxarmaqda maraqlıdır.

Bu arada, Azərbaycan hərbi qüvvələrinin Əfqanıstanda xidmət çəkdikləri də qeyd olunmalıdır. Azərbaycan Silahlı Qüvvələri NATO missiyası çərçivəsində 2002-ci ildən Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirake dir. Hazırda bu missiyada Azərbaycanın 120 hərbçisi, həmçinin 2 hərbi həkimi və 6 qərargah zabiti yer alır. Onlar jandarm qüvvələri kimi, Əfqanıstanın bir sıra şəhərlərində xidmət aparır. Əvvəl Azərbaycan Əfqanıstanda 94 hərbçilə təmsil olunurdusa, 2018-ci ilin əvvəlindən onların sayı 120 nəfərə çatdırılıb.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az