17.09.2019 16:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara

 
 



Eurolatio, Fransa
01.08.2019


Müəllif: Vüsalə Əliyeva

“Şanlı otuzillik” böyük iqtisadi və sosial dəyişikliklərin Avropanın tarixinə damğa vurduğu inqilabi dönəmdir. İnkişaf etmiş ölkələrin böyük hissəsi, o cümlədən Fransa “Şanlı otuzillik”də (1946-1975) görünməmiş iqtisadi inkişaf yaşayıb.

Azərbaycan da öz növbəsində, öz “Şanlı otuzilliy”inin sonuna yaxınlaşır. Sovet imperiyasının süqutundan keçən təxminən 30 ildə Azərbaycan quruculuq yolunda irəliləyir.

SSRİ İkinci Dünya müharibəsi zamanı ciddi itkilərə məruz qalsa da, müharibədən sonra ciddi iqtisadi uğurlar qazanmışdı. SSRİ-nin 1973-cü ilə qədər bəzi hallarda Qərbi Avropadan daha yüksək inkişaf tempi 1990-cı ildə başa çatıb və o illərdə ölkədə adambaşına düşən ÜDM-in həcmi 1973-cü ildəkindən də aşağı olub.

Avropanın Uzaq Şərqində azadlığa çıxmış Azərbaycan Respublikası

“Bakıya ilk səfərimi 2001-ci ildə etmişəm. O zaman Azərbaycan diasporu nümayəndələrinin qurultayına qatılmış Fransa təmsilçilərinin heyətində idim. Möhtəşəm ab-hava var idi. Bu şəhərin öz ruhu var. Mətbəxi isə əladır. Hansısa bazarda kürünün dadına da baxdıq…”, - deyə azərbaycanlı ailənin fransız gəlini Paskal Hacıbəyli bildirir: “Amma o vaxt Bakı indikindən fərqli idi. Bakı aeroportunda cəmi bir eniş zolağı var idi. Şəhərə aparan yollar bərbad idi. Xəzər dənizinin sahilindəki bulvar da abadlaşdırılmamışdı. Neft qurğuları sovet dövründən qalmışdı. Bakıya bu yaxınlarda etdiyim səfər zamanı isə şahidi olduğum böyük dəyişikliklər, qeyri-adi inkişaf məni təəccübləndirdi…”.

“Qara qızıl” ölkəsindən şaxələndirilmiş iqtisadiyyata

Fransa Milli Assambleyasının iqtisadi məsələləri komitəsinin üzvü, Yon bölgəsindən deputat, fermer Andre Vilye “Eurolatio”ya Bakı haqda bunları deyib: “Mən gözəl memarlığa malik möhtəşəm şəhər kəşf etdim. Bu ölkədə məni daha çox təsirləndirən isə hərtərəfli inkişaf oldu. Ölkənin regionları da paytaxtla eyni tempdə inkişaf edir”.

Azərbaycan ÜDM-də qeyri-neft məhsullarının payı davamlı şəkildə artır. Ötən il bu artım təxminən 9,1% olub. 1992-ci ildən sonrakı dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı 12% azalmışdısa, 1996-cı ildən bu sahədə daim artım qeydə alınır. 2015-ci ildə bu artım 6,6%-ə çatıb.

“Əməkdaşlığımızın tarixi cəmi 5 il olsa da, Azərbaycanla çox sıx əlaqələr qurmuşuq. Azərbaycanın qarşısına qoyduğu məqsədlər arasında öz tarixini yaşatmaq da var. Tarixən bu ölkənin bütün bölgələrində insanlar üzümçülüklə məşğul olub. Bu gün bu sahənin dirçəldilməsi əsas hədəflərdəndir. Bu, həmçinin ölkə rəhbərliyinin iqtisadiyyatı şaxələndirmək üçün siyasi iradəyə malik olduğunun göstəricisidir. Bu gün Azərbaycan şəhər və kəndlərinin birgə inkişafı üçün böyük səylər göstərilir”, - deyə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) baş direktoru Jan-Mari Oran bildirib.

Sovet məhkəmə modelindən Qərb modelinə keçid

“İnanmaq istərdik ki, Sovet hüquqşünasları digər sahələrdə etdikləri kimi, bu sahədə də köhnəlmiş konsepsiyalardan tezliklə imtina edəcək, bununla da hakimlərin müstəqilliyi prinsipinin Sovet İttifaqında da qəbuluna öz töhfələrini verəcəklər”. Mişel Fridyef, Sovet hüquq təşkilatı, Beynəlxalq Müqayisəli Hüquq Jurnalı, 1962, 14-cü cild, №4, səh. 725-745.

Beləliklə, Sovet İttifaqının süqutu ilə Azərbaycana nümunəvi modeldən xeyli uzaq hüquqi sistem miras qalmışdı. Nəticədə quruculuq prosesində Azərbaycan məhkəmələri yeni, getdikcə daha tələbkar çağırışlarla üz-üzə qalmışdı. Nəhayət, zamanla tədbirlərin və xidmətlərin keyfiyyətini, səmərəliliyini artırmaq üçün mövcud olan siyasi iradə öz yerini çoxsaylı sərəncamlara, daha konkret tədbirlərə verib. Prezidentin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 2014-cü ildə imzaladığı sərəncam məhkəmə qərarlarının internetdə yerləşdirilməsinə yol açıb. Prezidentin 2018-ci il aprelin 3-də məhkəmə sisteminə dair imzaladığı digər sərəncam hakimlərin təhsili, şəffaflığın artırılması, inzibati prosedurlar və məhkəmə qərarlarının yerinə yetirilməsi üçün tələb olunan vaxtın qısaldılması vasitəsilə sistemin keyfiyyətinin, səmərəliliyinin artırılmasına yönəlmiş 40-dan çox tədbirin həyata keçirilməsini nəzərdə tutulurdu. 

Beynəlxalq əməkdaşlıq və “yaxşı qonşuluq” diplomatiyası

“Azərbaycanda aparılan islahatlar müxtəlif sahələrdə, həmçinin Avropa İttifaqı ilə əməkdaşlıqda bəhrəsini verməkdədir. Bu il biz Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın 10 illiyini qeyd etdik. Azərbaycan bu sahədə çox böyük irəliləyişlərə nail olub və “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində ən geniş müzakirələr mərhələsinə qədəm qoyub”, - deyə Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüi qeyd edib.

Bu gün NATO Azərbaycanda təsisatlar və müdafiə sektoru sahəsində hərtərəfli islahatları, o cümlədən Silahlı qüvvələrə demokratik və mülki nəzarətin gücləndirilməsi prosesini dəstəkləyir.

AŞPA-nın 2018-ci ilin yanvarında keçirilmiş qış sessiyası zamanı qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, Avstriyadan olan deputat Stefan Şennak demişdi: “Azərbaycan real zaman kəsiyində monitorinq hesabatlarını dərc etməklə öhdəliklərini yerinə yetirir. Hesabatların dərc olunması demokratikləşmə prosesinin göstəricilərindən biridir”.

Sovet bürokratiyasından daha çevik idarəçiliyə - ASAN

ASAN “Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi” mənasını ifadə edir. Burada hər şey tam yenidir. “ASAN Xidmət” dövlət xidmətlərinin yeni texnologiyaların tətbiqi ilə daha səmərəli, daha şəffaf, daha çevik şəkildə göstərilməsi, vətəndaşların xidmətlərə çıxışının daha da asanlaşdırılması məqsədilə ölkə prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılmış dövlət orqanıdır. Bu gün “ASAN Xidmət” mərkəzlərində 9 dövlət orqanı və 30-a yaxın özəl təşkilat tərəfindən 230-dan çox xidmət, o cümlədən doğum və nikah şəhadətnamələrinin qeydiyyata alınması, şəxsiyyət vərəqəsinin, pasportların və sürücülük vəsiqələrinin yenilənməsi həyata keçirilir. Yeni şəxsiyyət vərəqəsi və ya pasportlar tariflərdən asılı olaraq 1, 3 və ya 10 gün ərzində, yeni sürücülük vəsiqələri isə elə yerindəcə verilir.

Əlavə xidmətlərə bank və sığorta xidmətləri, hüquqi, tibbi, turizm və hava nəqliyyatı xidmətləri daxildir. Mərkəzlərin hər birində gündəlik təxminən 2500 sakin xidmətlərdən istifadə edir. Bu gün hökumətin məqsədi bu çevik, səmərəli və şəffaf idarəçilik sistemini ölkənin bütün şəhərlərində tətbiq etməkdir.

İki kosmik peyk

“Azərbaycan karbohidrogen ehtiyatlarına malik ölkədən iqtisadiyyatı şaxələnmiş ölkəyə çevrilib. Bu gün ölkə iqtisadiyyatının bütün sahələri, o cümlədən kosmik sənaye inkişaf edir. Bir sözlə, Azərbaycan ötən dövrdə böyük iqtisadi dəyişikliklərə nail olub”, - deyə Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr üzrə Komissiyanın üzvü Jan-Mari Bokel bildirib.

2010-cu il mayın 3-də yaradılmış “Azərkosmos” Azərbaycanın və bütünlükdə Qafqazın teleradio və telekommunikasiya xidmətləri göstərən ilk peyk operatorudur. Azərbaycana məxsus “Azerspace-2” peyki ötən il sentyabrın 25-də Fransız Qvianasında yerləşən Kuru kosmodromundan “Arianespace” şirkətinin “Ariane 5 ECA” raket daşıyıcısının köməyilə orbitə buraxılıb. Azərbaycanın birinci peyki “Azerspace-1” isə eyni kosmodromdan 2013-cü il fevralın 5-də orbitə buraxılmışdı.

Bu ilin əvvəlində Azərbaycan tarixində ilk dəfə olaraq, dünyanın 18 ölkəsinə göstərdiyi peyk telekommunikasiya xidmətlərinə görə 16,1 milyon dollar mənfəət əldə edib.

Kişilərlə qadınlar arasında bərabərlik fundamental hüquq kimi

Qadın hüquqları bölünməz və bəşəri insan hüquqlarının ayrılmaz hissəsidir. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin vitse-prezidenti Nikol Amelin bu haqda fikirlərini “Eurolatio” ilə bölüşüb. O, bildirib ki, Azərbaycan qadın hüquqlarının, kişilərlə qadınlar arasında bərabərliyin inkişafına böyük diqqət yetirir və bu istiqamətdə mühüm tədbirlər görür. Bu mənada Azərbaycan digər müsəlman ölkələri üçün əsl nümunədir.

Sovet İttifaqının süqutu dövründə Azərbaycanda avtomobil idarə edən qadınlar ölkə əhalisinin 1%-dən də azını təşkil edirdisə, 30 il sonra belə qadağalar, maneələr tam aradan qalxıb. Artıq bu məsələ hökumətin gündəliyində belə, yoxdur. Bu gün əsas məsələ ictimai nəqliyyatda qadınların rolunu artırmaq üçün yeni mexanizmlərin işlənib hazırlanmasıdır.

Yeni çağırışlar

Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan il ərzində həyata keçirilən islahatların sayına görə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hesabatda deyilir ki, Azərbaycan bir ölkənin ticarət üçün əlverişli olması üçün vacib sayılan 10 əsas islahatdan 8-ni reallaşdırıb. Bu göstəriciyə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında birincidir.

Beləliklə, bu “Şanlı otuzilliy”in sonlarında ölkə quruculuq dövründən yeni bir dövrə – daha iddialı islahatlar, səmərəli vergi nəzarəti sistemi, maksimum şəffaflıq mərhələsinə qədəm qoymağa hazırlaşır.

“Azərbaycan islahatların həyata keçirilməsində böyük uğurlar qazanıb. Amma o, hələ gənc ölkədir və qarşıda görüləcək çox iş var”, - deyə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger yerli mediaya bu yaxınlarda verdiyi açıqlamasında bildirib.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eurolatio


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az