23.08.2019 13:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

  Türkiyədən Gürcüstana yüklər yeni dəmir yolu ilə çatdırılır
 
29.07.2019
TasnimNews, İran
 

 
 
İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış

 
 



TasnimNews, İran
02.08.2019


Fransanın ticarət sektoruna aid nümayəndə heyətlərinin, eləcə də iqtisadi blokda çalışan rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri, eyni zamanda, Bakının onlara diqqəti tərəflərin iqtisadi-ticari əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu göstərir.

“Tasnim”in məlumatına görə, iyulun 29-da Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib. Nümayəndə heyəti əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Fransaya ötən il etdiyi səfəri xatırladan İlham Əliyev fransalı həmkarı Emmanuel Makronla ikitərəfli əlaqələrin inkişafına dair konstruktiv və səmərəli danışıqlar apardığını bildirib.

Əliyev ticarət əlaqələrinin, həmçinin iki ölkənin iş adamlarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb, iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən fransız şirkətlərinin sayı durmadan artır. Azərbaycan prezidenti iki ölkənin investisiya sahəsində əməkdaşlığını da yüksək qiymətləndirib.

Fransalı nazir isə Bakıya səfərinin əməkdaşlığın perspektivlərilə bağlı danışıqlar aparmaq üçün əlverişli imkan yaratdığını deyib, bunun ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə kömək olacağına ümidini dilə gətirib.

Bakıda gedən sürətli inkişaf və tərəqqiyə heyran qaldığını deyən nazir Fransanın Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Görüşdə Bakının Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi bir daha ifadə olunub, tərəflər münaqişənin sülh yolu ilə həllinə dair fikir mübadiləsi aparıb.

Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya sahələrində mövcud əməkdaşlıq və gələcəkdə görüləcək işlərdən də danışılıb.

Daha sonra Brüno Lö Mer Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb. Xanım Əliyeva Parisə 2019-cu ilin martında etdiyi səfər zamanı Brüno Lö Mer ilə görüşdüyünü xatırladıb, nazirin Bakı səfərinin uğurlu olacağına əminliyini fadə edib. Bakı-Paris münasibətlərinin dostluq və qarşılığa söykəndiyini deyən Mehriban Əliyeva iki ölkə arasındakı siyasi əlaqələri də yüksək qiymətləndirib.

İkitərəfli münasibətlərin inkişafında iqtisadi əlaqələrin xüsusi rolunu, həmçinin mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayan Əliyeva münasibətlərdəki dinamikanı əlaqələrin daha da genişləndirilməsi baxımından vacib amil adlandırıb. Azərbaycanın birinci vitse-prezidenti ölkəsində son illərdə aparılan əsaslı iqtisadi islahatlardan da bəhs edib. O, bu islahatların məqsədinin iqtisadiyyatın şaxələndirilməsi olduğunu söyləyib, özəl sektorun rolunun artırılmasının əhəmiyyətini vurğulayaraq, bu sahədə Fransanın təcrübəsindən istifadə etmək niyyətində olduqlarını bildirib.

Azərbaycana ilk dəfə gəldiyini deyən Brüno Lö Mer isə bu ölkənin Cənubi Qafqazda xüsusi mövqeyə malik olduğunu vurğulayıb. O, Fransa və Azərbaycan şirkətləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir hesab edir ki, ümumiyyətlə, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları genişdir.

Görüşdə qeyri-neft sektorunda icra olunan layihələrdən, Fransa və Azərbaycan şirkətləri arasındakı işgüzar münasibətlərdən də danışılıb.

Brüno Lö Mer Azərbaycanın maliyyə naziri Samir Şiərifovla da görüşüb. Şərifov Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının iqtisadi, maliyyə, insan resursları və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə çalışdığını bildirib.

Şərifovun sözlərinə görə, tərəflər Azərbaycan hökuməti ilə Fransa bankları tərəfindən maliyyələşdirilə biləcək birgə nəqliyyat layihəsinin reallaşdırılması imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, 2020-ci ildə fransız şirkətləri Ələt Azad Ticarət Zonasında fəaliyyətə başlayacaq.

Nazir Şərifov Bakının Parislə çoxtərəfli əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, fransız şirkətlərinin Azərbaycanda istehsal sahələrinə sərmayə qoymasına geniş imkanlar yaradılıb. Nazir hesab edir ki, fransız şirkətləri Azərbaycanla ticarət əlaqələrindən istifadə edərək, region ölkələrinə mal və xidmət ixracını genişləndirə bilər ki, bu da öz növbəsində, həmin şirkətlərin rəqabət qabiliyyətini artırar.

İki ölkənin müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensiala sahib olduğunu Brüno Lö Mer də təsdiqləyib. Fransalı nazir ölkəsinin Azərbaycanla enerji, neft və qaz, bərpa olunan enerji mənbələri, eləcə də müdafiə sənayesi sahələrində birgə layihələrin reallaşdırılmasında maraqlı olduğunu qeyd edib.

Qeyd edək ki, bu səfərdən bir müddət əvvəl, iyulun 11-də Bakıda Azərbaycan-Fransa iqtisadi forumu da keçirilmişdi. Forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2019-cu ilin ilk beş ayında iki ölkə arasında ticarət dövriyyəsi həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artdığını demişdi. Onun sözlərinə görə, Azərbaycan bu günədək Fransa iqtisadiyyatına 2,6 milyard dollar sərmayə qoyub.

Fransanın Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi isə 2,2 milyard dollardır. Mustafayev bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 45 Fransa şirkəti çalışır. Onlar sənaye, nəqliyyat, tikinti, telekommunikasiya və s. sahələrində fəaliyyət göstərir. Neftayırma zavodlarının modernləşdirilməsi və bərpası içində də fransız şirkətləri fəaldır.

Fransız şirkətlərini Azərbaycana sərmayə qoyuluşunu artırmağa dəvət edən Mustafayev deyib ki, onlar Azərbaycanda yaradılmış imkanlardan faydalana bilər.

Azərbaycan Cənubi Qafqazda Fransanın əsas tərəfdaşıdır. Fransanın bu bölgə ilə ticarət dövriyyəsinin 62,4%-i məhz Azərbaycanın payına düşür.

Fransa həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az