12.11.2019 21:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi

 
 



Ən-Nahar, Küveyt
08.08.2019


Müəllif: Şərif Saleh

İncəsənət özünü ən müxtəlif şaxələrdə ehtiva etsə də, söz hər zaman çəkidə ağır gəlib. Gözəl bir tablo önündə aldığımız misilsiz zövq əsnasında müəllif rəsmin estetikasının arxa fonunda qalır, haqqında məlumat verilməyənə qədər müəllifin şəxsiyyətini sorğulamır, çox vaxt onu tabloları arasında itiririk.

Söz isə elə bir qüvvə, elə bir dəyərdir ki, bizə çatdırmaq istədiyi məzmunla bərabər, sahibi haqda da məlumat verir. Söz bizi onu müzakirə etməyə, deyilənlə deyən arasında mütləq bağlılıq axtarmağa, qınamağa, sevməyə, haqqında əsrlər boyu danışmağa sövq edir.

Sözün möhtəşəmliyində bizi əsir edən, bütün yaradıcılığı boyunca yaradanla qulu arasındakı vasitəsiz əlaqəni öz irfani fəlsəfəsində əks etdirməyə çalışan, bəşərin dəyərsiz olmadığını dövrünün bütün cərəyanları və hökmranlarına sübut etmək istəyən gözəllik şairi, insan övladını ta yaradana qədər kamilləşdirməyə can atan ölməz Nəsimi!

Qoyduğu bəşəri problemlərlə munis duyğulardan tutmuş, haqsızlıq və zülmlə mübarizəyə qədər bütün tarix salnamələrinin mərkəzində dayanmış, sözün qüdrətini bir daha göstərmiş söz sahibi bizi bir suala cavab tapmağa təhrik edir:

Kimdir Nəsimi?

Seyid Əli ibn Seyyid Məhəmməd 1369-cu ildə Şamaxıda dövrünün tanınmış şəxsiyyətlərindən olmuş Seyyid Məhəmmədin ailəsində dünyaya göz açıb. Doğulduğu məkan və əsl adı ilə bağlı müxtəlif mənbələrdə müxtəlif fikirləri var. Bir çox tədqiqatçılar onun Şamaxıda, digərləri Bursa, Təbriz, Bakı, Diyarbəkir, Bağdad, hətta Şirazda doğulduğunu iddia edir. Əsasən, İmadəddin Nəsimi kimi tanınan filosof-ədib zamanının görkəmli alimlərindən elm öyrənib, klassik Şərq, qədim yunan fəlsəfəsinə dərindən vaqif olub, islamın və xristianlığın əsaslarını kamil şəkildə mənimsəyib. İlk şeirlərini məşhur sufi Hüseyn Həllac Mənsurun şərəfinə “Hüseyni” təxəllüsü ilə yazan şair daha sonra hürufiliyin banisi Fəzlullah Nəiminin təlimlərindən bəhrələnib, “Nəimi” təxəllüsü ilə həmahəng səslənən “Nəsimi” təxəllüsünü qəbul edərək, hürufilik təriqətinin fikirlərini təbliğ edən şeirlər yazmağa başlayıb. O, hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanımmış simalarından birinə çevrilib, şeirləri dildən-dilə düşüb.

Nəsimi özündən əvvəlkiləri sadalamır, təkrarlamır, onları elə estetik qüvvə ilə nəzmə cəkirdi ki, bu qədər lirika və bu qədər cəsarət, etirazin, küskünluyün bu qədər ustalıqla ifadəsi oxucunu heyran etməyə bilməzdi. Biz bəzən İmadəddin Nəsimini eşq şairi kimi qiymətləndirir və yaradıcılığının əsl mahiyyətini cox vaxt unuduruq. Lakin şübhəsiz ki, bu mahiyyət dövrunun soz sahiblərinə tam aydın idi.

Ey konul, Mənsur “ənəlhəqq” soylədi,

Həqq idi, həqqi dedi, həqq soylədi,

Mərifət sirrini mutləq soylədi,

Arif amənna- vəcəddəd soylədi.

Nəsiminin Azərbaycan türkcəsində yaratdığı fikir-sənət inciləri, fəlsəfi və bədii görüşləri başlıca yönəldici təsir gücünü islam dini qaynaqlarından alır. Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən sayılır. Bir hürufi sənətkarı olaraq, insana münasibət və ümumiyyətlə, insan konsepsiyası Nəsiminin poetik-fəlsəfi aləmində başlıca məsələdir. İnsan obrazı Nəsimi yaradıcılığında özünəməxsusluğu ilə seçilir. O, həm bəşəri, həm də ilahi keyfiyyətlərə malikdir. Ümumiyyətlə, bu Azərbaycan şairinin poetik dünyasındakı insan obrazı bütün orta əsrlər Qərb və Şərq ədəbiyyatındakı insan obrazlarından daha əzəmətli, ülvi və möhtəşəm görünür.

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam.

Zəngin yaradıcılıq irsi qoyub getmiş şair üç dildə – türkcə (Azərbaycan türkcəsində), farsca və ərəbcə yazıb. Şairin bizə türkcə və fars dilində yazdığı divanları gəlib çatıb. O, klassik poeziyanın müxtəlif bədii forma və janrlarında (qəzəl, qəsidə, müstəzad, tərcibənd, tuyuq, rübai, məsnəvi və s.) yazıb-yarafıb. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində fəlsəfi şerin əsasını qoyub.

İstər doğum tarixi, istərsə də yeri haqda muxtəlif mulahizələrin olduğu Nəsiminin ölümü ilə bağlı da fərqli fikirlər var. Bizə məlum olan versiyaya görə, şairin dərisi diri-diri soyulub. Doğrudur, bəzi mənbələr bunu inkar edir. Amma istənilən rəy şübhəsiz ki, xalqın ona sevgisindən qaynaqlanır. İstənilən halda, Nəsimi özünü bu və ya digər şəkildə ideyaları uğrunda fəda etmis eşq şairidir. Yaradıcılığının ana xəttində insan amili o qədər bariz və güclü idi ki, onun qətlinə fərman vermək üçün bəhanələrə ehtiyac qalmırdı...

Nəsiminin yaradıcılığındakı Allah sevgisi, ona yetişmə təşnəsi, bunun gətirdiyi abidlik mərtəbəsi göstərir ki, onun ideyalari bəlkə də bilərəkdən düzgün araşdırılmayıb. Başqa sözlə, sanki sözün zahirini bəhanə gətirərək, batinini diqqətdən kənarda saxlayıblar.

Təpədən dırnağa yaradanın əsəri olan, mahiyyət etibariilə sonradan qazandığı bütün günahlara rəğmən, ən gözəl biçimdə yaradılmış bəşər övladının yaşama və toxunulmazlıq haqqını “ənəlhəq”dən daha gözəl necə ifadə etmək olardı?!

Adı yüzillərdir Şərq xalqlarının yaddaşında həqiqət yolunda qəhrəmanlıq rəmzi kimi əbədiləşmiş şairin əsərləri bu gün də sevilərək oxunmaqda, tədqiq edilməkdədir. Azərbaycanda görkəmli ədəbiyyatşünas alimlərin, Nəsimişünasların bu günədək apardığı tədqiqatlar, çap olunmuş elmi araşdırmalar və kitablar Seyid İmadəddin Nəsimi şəxsiyyətinin və ədəbi irsinin xalq üçün nə qədər dəyərli olduğunun göstəricisidir. Nəsimi elə bir zirvə, elə bir abidədir ki, xalq şairi Rəsul Rza demiş, onun daha gözəl, daha dəqiq, daha uzunömürlü olmasına bir kərpic də, yüz kərpic də qoyanın zəhməti hörmət və təqdirlə yad edilməlidir.

Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 ili tamam olur. Bu səbəblə 2019-cu il Azərbaycanda ölkə  prezidentinin sərəncamı ilə “Nəsimi İli” elan edilib. Bu isə ölməz şairin mübarək ruhuna böyük xalqın və dövlətin ehtiramını, sevgisini bir daha ortaya qoyur.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Ən-Nahar

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az