17.09.2019 16:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
FOTOREPORTAJ| Azərbaycanın Naxçıvan bölgəsinə səyahət

 
 



Titreshahr, İran
26.08.2019


Naxçıvan Azərbaycanın şəhərlərindən biri və Naxçıvan Muxtar Respublikasının mərkəzidir. Naxçıvan İran sərhəddinə çox yaxın olduğundan, oraya səfər o qədər də çətin deyil.

Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Müxtəlif mənbələr onun tarixinin eramızdan 1500 il əvvələ gedib çıxdığını göstərir. Yerli rəvayətlərdən birinə görə, şəhər Nuhun dövründə yaranıb və şəhərin əsasını məşhur tufandan sonra Nuhun özü qoyub. Bu gün şəhərin cənub hissəsində bu Peyğəmbərin məzarını da görmək olar.

Naxçıvan daim şairlər və turistlər tərəfindən Şərqin ən gözəl şəhərlərindən biri kimi vəsf edilib. O, bu gün də diyarın zəngin tarixini əks etdirən çoxsaylı abidələr sayəsində cəlbedici turizm məkanı sayılır.

Xoşbəxtlikdən, İran vətəndaşlarının Naxçıvana səfər etməsi üçün ölkə səfirliyinə müraciət etməsi tələb olunmur. Onlar yalnız sərhəddə 15 günlük viza üçün müraciət etməlidirlər. Bir sözlə, Naxçıvan çoxları üçün əlçatan, ucuz və əlverişli səyahət istiqamətlərindəndir. Bu səyahəti asanlaşdıran cəhətlərdən biri odur ki, Naxçıvana yollanmaq üçün təyyarəyə minmək mütləq deyil. Oraya avtobus və ya şəxsi avtomobilinizlə də gedə, bu zaman yolun gözəlliyindən həzz ala bilərsiniz.

Yazını oxuduqdan sonra sizdə bu şəhərə səyahət etmək istəyi yarana bilər. Naxçıvan çox kiçik şəhər olduğundan, onun turistik məkanlarını maksimum 2 günə gəzmək mümkündür.

Əsas məlumatlar

Tehranla saat fərqi: +30

Rəsmi dil: Azərbaycan dili

Digər yayılmış dillər: fars, rus

Valyuta: Azərbaycan manatı (AZN)

Elektrik enerjisi növü: 230V/50Hz (C, F növlü iki ştepseli qoşulma)

Beynəlxalq telefon çıxışı kodu: +994

Naxçıvanın telefon perifeksi: 36

Təcili yardım nömrəsi: 112

İqlimi

İrana yaxın olan Naxçıvanın iqlimi bizim şimal-qərb vilayətlərimizin iqliminə çox oxşardır. Naxçıvanın yarımquru kontinental iqlimi, qısa, lakin soyuq qışları, uzun quru və çox isti yayları bir çox iranlı turistə tanışdır. Odur ki, oraya səyahət edərkən İranın şimal bölgələrindəki iqliminə uyğun geyim götürün.

Ümumi xərclər

Naxçıvanda mehmanxana çox deyil. Mövcud mehmanxanalar isə keyfiyyətli xidmətlər təklif edir. Şəhərin ən məşhur mehmanxanası mərkəzdə yerləşən, yüksək səviyyəli xidmət göstərən “Təbriz” mehmanxanasıdır. Bu oteldən şəhərin görməli məkanlarına, o cümlədən Möminə Xatun türbəsi, Köhnəqala, Nuh Peyğəmbər türbəsinə, şəhərin bazarlarına və s. maraqlı məkana piyada gedə bilərsiniz.

“Təbriz”də lüks otağın bir gecəlik qiyməti 190 dollar, bir yataqlı otağın qiyməti 60 dollar, iki yataqlı adi otağın qiyməti 100 dollardır. Mehmanxana beşulduzludur.

Daha bir beşulduzlu otel şəhərdən 10 kilometr məsafədə yerləşən, qiymətləri “Təbriz”lə demək olar, eyni olan “Duzdağ” mehmanxanasıdır. Üçulduzlu “Grand Hotel”də isə bir otaq 50 dollardır. O, hava limanından 3 kilometrlik məsafədə yerləşir.

Ərzaq qiymətləri

Naxçıvanda yeməklərin qiymətilə bağlı etibarlı və kifayət qədər mənbə olmadığından, sizə Bakıya səyahət bələdçisindəki qiymətləri təqdim edirik: fərq çox böyük olmamalıdır.

Ucuz restoranlarda bir dəfə yemək: 4,85 dollar

Üçulduzlu restoranlarda iki nəfərlik yemək: 27,30 dollar

Yeməyi özünüz bişirmək istəsəniz, Qərb və ya Asiya yeməklərinə üstünlük verməyinizdən asılı olaraq, 21-27 dollara 1 həftəlik ərzaq məhusllarını əldə edə bilərsiniz. Qiymətlər sağlam və yetkin insan üçün tələb olunan standart kalori və qida maddələri əsasında hesablanır. Buraya təzə çörək, ağ düyü, mal əti, yumurta, süd, toyuq döşü (dərisi soyulmuş və sümüksüz), yerli pendir, orqanik alma, banan, portağal, pomidor, kartof, soğan, kahı daxildir. Təbii ki, daha çox ərzaqa ehtiyacınız olarsa, daha çox pul xərcləməlisiniz.

Xərclərə qənaət

Naxçıvana 1-2 günlük səfər edirsinizsə, yemək xərclərini azaltmaq üçün özünüzlə müəyyən konserv və s. götürə bilərsiniz. Çünki bu şəhər İrana çox yaxındır.

Turistik məkanlar

Möminə Xatun türbəsi: bu abidə Naxçıvanın rəmzi də sayıla bilər. Kərpicdən tikilmiş, 26 metr hündürlüyündə olan, firuzəyi plitələrlə və Kufi xəttilə bəzədilmiş bu abidə şəhərin əsas turistik yerlərindən biridir. Abidə XII əsrə aiddir. Atabəylər sülaləsinin qurucusu Şəmsəddin Eldəniz həyat yoldaşı ilə birlikdə burada dəfn olunubmuş. Lakin 1950-ci illərdə onların nəşi Sankt-Peterburqa aparılıb. Bu gün türbədə sadəcə, onların məzarlarının foto və rəsmlərini görmək olar.

Kərpic bina gözəl formalı səkkizbucaqlı konstruksiyadan ibarətdir. Naxçıvana səyahət zamanı oraya mütləq baş çəkin.

Əshabi-Kəhf ziyarətgahı

Yəqin ki, mağara səhabələrinin hekayəsini, başlarına gəlmiş qəribə hadisələri bilirsiniz. Müqəddəs şəxslərin məşhur mağarada təxminən 300 il yuxuya getdiyi haqda çox əfsanə söylənilir. Lakin bu günədək əlamətləri səmavi kitablarda göstərilmiş mağara ilə tam uyğun yer tapılmayıb. Naxçıvan əhalisinin inancına görə, həmin yer Əshabi-Kəhf ziyarətgahıdır. Mağara şəhərdən təxminən 18 kilometr aralıdır.

Deyilənlərin nə dərəcədə doğru olub-olmadığı dəqiq məlum olmasa da, mağaranın gözəlliyi həqiqətən danılmazdır. Naxçıvana səfər zamanı bu məkana da mütləq baş çəkin.

Daş qoçlar

Daş qoçlar tarix qədər qədimdir. Bu, keçmişdə yaşamış insanların inancının göstəricisidir. Qədim dövrlərdə bu qoçlar güc və bərəkət rəmzi sayılıb. Bəzən onları pis ruhları uzaqlaşdırmaq, ölüləri qorumaq üçün qəbiristanlıqlara belə, yerləşdirirlərmiş.

Bu daş qoçlar Möminə Xatun türbəsi yaxınlığında görmək olar. Onların yerləşdiyi muzey parka bənzəyən açıq havada yaradılıb. Oradan Ağrı dağının möhtəşəm mənzərəsi də görünür.

Naxçivan Dövlət Xalça Muzeyi

İran xalçası çox məşhur olduğundan, bəlkə də sizdə bu muzeyi ziyarət etməyə ciddi həvəs yaranmayacaq. Lakin oraya yollansanız, həm tarixi, həm də estetik baxımdan gözoxşayan xalçalar sizdə xoş təəssürat yaradacaq. 1998-ci ildə yaradılmış muzeydə müxtəlif xalçalar, kilimlər, toxuculuq ləvazimatları, müxtəlif əsrlərə aid fərqli xalça naxışları sərgilənir. Orada müxtəlif növ parça, çanta, xurcun və toxuculuq avadanlıqlarını da görə bilərsiniz.

Batabat gölü

Mülayim iqlimi və şirin suyu, zəngin və gözəl bitki örtüyü olan Babatat gölünə mütləq baş çəkin. O, Kiçik Qafqaz dağlarından 62 kilometr şimal-şərqdə yerləşir. Gölün ətrafında tikilmiş qonaq evləri, müxtəlif restoranlar istirahət, asudə vaxtın keçirilməsi, əyləncə üçün gözəl imkandır.

Gölün suyunda karbonat, kalsium və digər minerallar olduğundan, o, bir çox xəstəliklərin (xüsusilə mədə-bağırsaq xəstəliklərinin) müalicəsi üçün çox faydalı sayılır. Gölə aparan yol bu görməli yerin gözəlliyini ikiqat artırır.

Hüseyn Cavid məqbərəsi

Hüseyn Rasizadə Azərbaycanın Naxçıvanda anadan olmuş, Hüseyn Cavid təxəllüslü ilə tanınan böyük şairlərindəndir. Bu görkəmli dramaturq və şairin Azərbaycan tarixində özünəməxsus yeri var. Onun Naxçıvan şəhərindəki məqbərəsini mənəvi dəyəri ilə yanaşı, incəsənət və memarlıq baxımından da ən azından bir dəfə görməyə dəyər. Abidə Əcəmi memarlıq üslubunda inşa edilib. Böyük şairin həyat yoldaşı və qızı binanın yuxarı və aşağı sərdabələrində dəfn ediliblər. Binanın inşasında Rasim Əliyev kimi böyük memar və Ömər Eldarov kimi heykəltaraşlar böyük rol oynayıb.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Titreshahr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az