17.09.2019 16:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi qeyd olunur

 
 



JEWISH JOURNAL, ABŞ
27.08.2019


Müəllif: Dürdanə Ağayeva

Qadınların həyatı heç vaxt asan olmayıb. Əsrlər boyu bütün dünyada həyatın ən vacib və fundamental sahələrində hüquqlarımız məhdudlaşdırılıb. Nəhayət, ötən əsrdə qadınların həyatını kökündən dəyişən mühüm hadisələr baş verir...

Doğrudur, dünyada qadınlar bu gün də ciddi problemlərlə üzləşir. Amma bu gün qadınların əksəriyyəti azadlıqdan faydalana da bilir. İndi, bir çox ölkədə qadın hüquqları qanunlarla, Konstitusiya ilə qorunur. Bir sözlə, müasir dövrdə qadınlara münasibət müsbət mənada dəyişib. Bu gün onların imkanları və əhəmiyyəti qəbul edilir, dəstəklənir.

Azərbaycanda qadınlara azadlıq verilməsi tendensiyası daha tez başlayıb. 2019-cu il iyulun 21-də ölkəmizdə qadınların səsvermə hüququnun tanınmasının 100 illiyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanda zərif cins nümayəndələri üçün tam və bərabər hüquqların təmini seçki hüququnun verilməsindən də əvvəl başlayıb. Sadəcə olaraq bu, rəsmən 1919-cu il iyulun 21-də təsbit edilib. Həmin gündən ölkədə 20 yaşdan yuxarı qadınlara səsvermədə iştirak etmək, ictimai vəzifələrə seçilmək hüququ tanınıb. Bu haqda qanun Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamenti tərəfindən qəbul edilib.

1918-ci ildə qurulmuş və müsəlman dünyasında ilk dünyəvi dövlət olan AXC cinsindən, irqindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının bərabər hüquqlara malik olduğunu elan etmişdi. 1919-cu ilin iyulunda qəbul olunmuş qanunda isə azərbaycanlı qadınlara səsvermə hüququnun tanıdığı daha konkret göstərilmişdi. Bununla da Azərbaycan qadınlara səsvermə hüququ vermiş ilk ölkələrdən birinə çevrilmişdi.

Maraqlıdır ki, Azərbaycan bu tarixi nailiyyətə dünyanın bir çox ölkələrindən əvvəl, hətta bu addımı 1920-ci ildə atmış ABŞ-dan belə, öncə imza atıb. Üstəlik, Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olduğunu nəzərə alsaq, bunun nə qədər unikal addım olduğu daha aydın ortaya çıxır. Azərbaycan müsəlman dünyasında qadınlara səsvermə hüququ vermiş ilk dövlətdir!

Ümumiyyətlə, Azərbaycanda müxtəlif azadlıqların təmini, əhalinin inkişafı istəqamətində addımlar tarix boyu atılıb. Bütün bunlar isə sonda qadınlara səsvermə hüququnun verilməsinə gətirib çıxarıb. Azərbaycanda hələ o dövrlərdə başqa unikal qərarlar də qəbul olunub. Məsələn, burada 3 min ildir ki, yəhudi icmasına qucaq açılıb və o, hər an müdafiə olunur. Bu gün də Azərbaycanda bütün yəhudilər, yəni həm yerli yəhudi icması, həm də vaxtilə Avropa, Yaxın Şərq və ona bitişik regionlardakı təhlükələrdən və təqiblərdən qaçaraq Azərbaycana sığınmış yəhudilər qorunur.

Ümumiyyətlə, Azərbaycan yeniliyə hər zaman açıq olub. Söhbət Azərbaycan xalqının konkret olaraq digər xalqlara münasibətimizdən gedirsə, onun bu xüsusiyyəti də çox gözəldir. Bu gün Azərbaycanda yəhudilər, xristianlar, bəhailər və digər etnik-dini azlıqlar sülh şəraitində yaşayır, onların bütün hüquqları təmin olunur. Ölkəmiz xarici qonaqları – tələbələri, biznesmenləri, turistləri də hər zaman xoş qarşılayır.

Paytaxt Bakıya səfər edən qonaqlar şəhərdəki məşhur “Azad qadın” heykəlinə tez-tez baş çəkir. Möhtəşəm sənət əsəri olan bu heykəl nəzərləri gələcəyə yönəlmiş və çadradan xilas olmuş gözəl, məğrur və qüdrətli Azərbaycan qadınının rəmzidir. O, həmçinin cəmiyyətimizin qadına münasibətini təcəssüm etdirir.

Azərbaycanda qadınlar üçün yaradılan şərait gündən-günə yaxşılaşır. Bu, ölkənin beynəlxalq reytinqinə də öz müsbət təsirini göstərir. Məsələn, Dünya İqtisadi Forumunun 2018-ci ildə yaydığı Qlobal Gender Fərqi İndeksində Azərbaycan iqtisadi iştirak və imkanlar kateqoriyasında təkcə öz qonşuları Gürcüstan və Ermənistanı deyil, həmçinin Avstriya, Fransa, Böyük Britaniya, Belçika, Niderland, İspaniya, Yunanıstan, Polşa və s. daxil olmaqla, Avropa İttifaqı üzvü olan bir çox ölkəni geridə qoyub. Qadınların təhsil səviyyəsi kateqoriyasında isə Azərbaycan ABŞ daxil olmaqla, bir çox inkişaf etmiş ölkələri qabaqlayıb.

Yetkinlik yaşına çatmamış qızı olan ana kimi deyə bilərəm ki, qızım tədricən öz şəxsi həyatını qurmağa başlayır. Bu günkü ümumi dəyərlər sistemi ona əlavə güc verir.

Beləliklə, bu il biz Azərbaycan qadınının azadlığının təmini baxımından dönüş nöqtəsi sayılacaq hadisənin, yəni qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyini qeyd edirik. Bu gün ölkəmizin cəsur lider qadınları yeni-yeni sədləri dəf edib.

Bu gün şəxsən bizim ailəmizdə də hər il qeyd olunur. Həmin gün siyasətimizi, incəsənətimizi, səhiyyəmizi, ədəbiyyatımızı və s. formalaşdıran qadınlarımız haqda danışırıq. Bu gün Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyeva, zərif cinsin parlamentdə təmsil olunan 21 üzvü, Ali Məhkəmənin yəhudi hakimi Tatyana Qoldman daxil olmaqla, çox möhtəşəm lider qadınları var.

Dünyanın müxtəlif yerlərində qadınların hələ də əziyyət çəkdiyi, hüquqlarının pozulduğu bu günümüzdə bizim bu dəyərlərimizin daha çox yayılması üçün dua edirəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az