12.11.2019 21:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
MÜSAHİBƏ| Səfir: “Azərbaycanla Aİ arasında ticarət razılaşmasının əldə edilməsi üçün daha yaradıcı olmalıyıq”

 
 



EurActiv, Aİ
07.09.2019


Müəllif: Georgi Qotev

Azərbaycanın Avropa İttifaqındakı (Aİ) səfiri Fuad İsgəndərov deyir ki, Aİ ilə MERKOSUR ölkələri arasında ticarət sazişinin imzalanması üçün 20 il vaxt lazım gəlib. Amma o, bu qədər gözləmək istəmədiklərini vurğulayır. Səfir bunun üçün Avropa Komissiyasını “bürokratik anlayış”dan imtina etməyə çağırır. Azərbaycanın Aİ-dəki səfiri Fuad İsgəndərov bütün bunlar haqda “Euractiv” nəşrinin baş redaktoru Georgi Qotevlə söhbətləşib.

- Yay tətili başa çatıb və Brüsseldə, həmçinin Bakıda yəqin ki, yeni siyasi mövsümə start verilib. Bu gün ikitərəfli əməkdaşlıqla bağlı gündəmdə hansı yeniliklər var?

- Həqiqətən də, artıq yeni siyasi mövsümə start verilib. Üstəlik, Azərbaycanda yay tətili çox qısa olub. Hər halda, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ölkəmizə iyulun ortalarında səfər etmşdi. Bundan başqa, ikitərəfli sazişlə bağlı danışıqların son mərhələsi də yayın ortalarında baş tutmuşdu.

Danışıqlar prosesi daha da sürətləndiriləcək. Məsələn, sentyabrın 10, 11 və 12-si sazişin institusional və ticarət hissələrilə bağlı videokonfrans təşkil olunacaq. Hesab edirəm ki, bu, Azərbaycan tərəfinin danışıqlar prosesinə məqsədyönlü yanaşdığının yaxşı göstəricisidir.

Azərbaycanla Aİ arasında ikitərəfli əlaqələr genişlənir, daha da güclənir. Transadriatik qaz kəmərinin (TAP) tikintisinin yekunlaşması üzərində fəal çalışırıq. Hesab edirik ki, Azərbaycan qazı 2020-ci ildə Avropa bazarlarına tədarük olunacaq. Bakının yanaşması belədir: çox güclü iqtisadi təməlin yaradılması üzərində çalışmaq, bunun əsasında siyasi danışıqlar, dialoqlar qurmaq və əlbəttə ki, ikitərəfli razılaşmanı imzalamaq.

- Bəs siyasi sazişin Avropa Komissiyasının rəhbəri Yunkerin səlahiyyət müddətinin bitməsinədək paraflanması mümkündürmü?

- Danışıqlar prosesi başlayandan zamanla bağlı heç bir məhdudiyyət olmayıb. Yəni prosesdə əsas hədəf zaman deyil. Bizim yanaşmamız lap əvvəldən belə olub: Aİ-dəki dostlarla həm Azərbaycanın, həm də Aİ-nin maraqlarına uyğun hərtərəfli, strateji sazişin imzalanması. Azərbaycan Aİ ilə ikitərəfəli razılaşma haqda layihə təklifilə çıxış etmiş ilk ölkədir. Doğrudur, danışıqlara başlandıqdan sonra Aİ bu sənədə çox sayda dəyişiklik edib. Nəticədə Bakı yalnız öz təklifləri üzərində deyil, həm də Brüsselin təklifləri üzərində çalışıb.

Aİ-yə üzv olan Mərkəzi və Şərqi Avropa ölkələrilə bağlı razılaşmaları Brüssel hazırlayıb. Bunun əksi heç vaxt olmayıb. Başqa sözlə, biz belə addım atmış ilk ölkəyik. Bu mənada şəxsən mən Aİ-dəki dostlarımızı başa düşürəm. Onlar hər zaman müəyyən modellərdən istifadə ediblər. Azərbaycanla danışıqlarda isə bu yanaşma uğur qazanmayıb. Çünki Bakı məsələyə fərqli yanaşma ortaya qoyub. Amma bu yanaşma danışıqların ruhuna qətiyyən zidd olmayıb.

Bütün bunlarla yanaşı, biz son 2 ildə, yəni çox qısa vaxtda hər iki tərəfin maraqlarına uyğun model tapa bilmişik. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Bununla yanaşı, tərəflər heç zaman vaxt azlığından narahat olmayıb. Doğrudur, Aİ bizə sazişlə bağlı danışıqların hazırkı Komissiyasının səlahiyyət dövründə yekunlaşdırılmasını təklif etmişdi. Amma hər halda, məhz bu Komissiyanın dövründə əlaqələrimiz mühüm dərəcədə inkişaf edib. Əlbəttə ki, danışıqların da indiki Komissiyasının səlahiyyəti dövründə başa çatması yaxşı olardı. Amma mahiyyət etibarı ilə əsas hədəfimiz bu deyil.

- Avropa Komissiyasının rəsmiləri hədəfə çatmağın mümkün olduğunu deyir. Bununla yanaşı, onlar müəyyən əngəllərin olduğunu da deyirlər. Söhbət xüsusilə sazişin ticarətlə bağlı hissəsindən, o cümlədən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsindən gedir...

- Azərbaycan ÜTT-yə üzv olmaq üçün danışıqlar aparır. Üzvlüklə bağlı qərar verməzdən əvvəl ölkələr arasında xüsusilə ÜTT çərçivəsində ticarət əlaqələrində nələrin baş verdiyini dəqiqləşdirməliyik.

- ÜTT-nin böhran yaşadığını demək istəyirsiniz?

- Bu gün ÜTT-nin gələcəyi və onun qaydaları haqda qızğın müzakirələrin aparıldığını görürük. Belə bir şəraitdə bu təşkilata qoşulmaq düzgün olarmı? Hesab edirik ki, ÜTT-yə üzvlük qərarının təşkilatın gələcəyilə bağlı tam aydın təsəvvürün yaranmasından sonra verilməsi daha yaxşı olardı.

Sazişin ticarətlə bağlı hissəsinə gəlincə, Aİ-dəki tərəfdaşlarımızla konkret məsələlərin həlli vacibdir. Odur ki, hərtərəfli həll yollarının tapılması üçün daha çox çalışırıq.

- Tərəflər arasındakı ikitərəli münasibətlərdən söhbət açdınız. Amma belə şayiələr gəzir ki, danışıqlara üçüncü tərəflər mane olur. Bu haqda nə deyə bilərsiniz?

- Aİ regiondakı bəzi ölkələrdə saziş imzalayıb və ya paraflayıb. Azərbaycanla isə bu, baş verməyib. Bilirsiniz bu nəyə bənzəyir? Sanki evin pəncərələrini qurursan, lakin ona qapı qoymursan. Bu gün regionda nəqliyyat, enerji və digər layihələrin Azərbaycandan yan keçərək həyata keçirildiyini təsəvvür edə bilərsinizmi? Yeri gəlmişkən, Donald Tusk ölkəmizə son səfəri zamanı Azərbaycanın təkcə Şərqlə Qərbin deyil, həm də Şimalla Cənubun birləşdirilməsində mühüm rol oynadığını bəyan etmişdi. Artıq bunun keyfiyyətcə yeni ölçü olduğunu söyləyə bilərik. Bu, regional tərəfdaşlarımızın həyata keçirilən təşəbbüslərdən faydalanmasına yardım göstərə bilər. Beləliklə, deyə bilərik ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın birləşdirici rolunun mühüm əhəmiyyət kəsb etdiyi başa düşülür.

Bu nöqteyi-nəzərdən Azərbaycan Aİ üçün təkcə ikitərəfli səviyyədə deyil, həm də regional səviyyədə mühüm ölkə ola bilər. Təkcə ötən il iki məsələ – təhlükəsizlik və nəqliyyat haqda danışıqlar aparmışıq. Bu danışıqlar Aİ-dəki tərəfdaşlarımızın təşəbbüsü ilə həyata keçirilib. Hesab edirəm ki, bütün bunlar əlaqələrimizdə mühüm aspektlərdən biridir.

“Şərq tərəfdaşlığı” ölkələrinin hər biri mühüm əhəmiyyətə malikdir. Lakin genişmiqyaslı real layihələr məhz Azərbaycan tərəfindən həyata keçirir. Bu layihələrə qoşulan ölkələr isə bir-birinə daha möhkəm bağlanır, onların arasında qarşılıqlı asılılıq yaranır. Məsələn, “Cənub Qaz Dəhlizi” layihəsi. Bu layihəyədə yer alan ölkələrə baxın: 2 Aİ üzvü – İtaliya ilə Yunanıstan, üzvlüyə 2 namizəd – Türkiyə ilə Albaniya, Aİ ilə Assosiativ Saziş imzalamış 1 ölkə –  Gürcüstan və Azərbaycan.

- Belə çıxır ki, ikitərəfli saziş üçün “bilet”i Azərbaycan alsa da, qatarda başqaları gedir?

- Xeyr. Sadəcə olaraq sizin bu yaxınlarda yaydığınız məqaləni xatırladıram. Məqalədə Komissiya rəsmisinə istinadən yazırsınız ki, Azərbaycan razılaşma imzalamaq istəyir, amma “əvəzini vermək” istəmir. Yeri gəlmişkən, istinad etdiyiniz rəsmi şəxsin adını da açıqlamırsınız. Lakin biz adımızı gizlətmir, açıq və aydın deyirik: Azərbaycanın Aİ-yə ödəməli olduğu borc yoxdur. Bununla yanaşı, “əvəzini vermək” kimi ifadələrin danışıqlar prosesindəki problemlərin hərtərəfli həlli üçün uğurlu ifadə olduğunu düşünmürəm.

- Bürokratik əngəlləri aradan qaldırmaq mümkün olacaqmı?

- Bu gün “bürokratik anlayış”la hərəkət etmək düzgün deyil. İndi, daha çox yaradıcı olmalıyıq. Dünya sürətlə dəyişir. Qlobal proseslər elə sürətlə gedir ki, “bürokratik anlayış”lar işə yaramır.

Bəs Bakı ilə Brüssel arasında sazişin imzalaması üçün nə etmək lazımdır? Düşünürəm ki, hər iki tərəf üçün qarşılıqlı faydalı olacaq güzəştli həll yolu tapılmalıdır. Yeri gəlmişkən, Brüssel ilə MERKOSUR ölkələri arasında saziş imzalandıqdan sonra Aİ-yə üzv olan ölkələrin necə sevindiyini xatırlayıram. Çünki tərəflər arasında danışıqlar prosesi 20 il davam etmişdi. Biz əlbəttə ki, bu qədər gözləmək istəmirik. Çünki sazişin imzalanması hər iki tərəfin maraqlarına uyğundur.

- Hesab edirəm ki, Avropa Komissiyası Azərbaycanın bu mürəkkəb regionda sabitləşdirici rolunu yüksək qiymətləndirir. Bununla yanaşı, qurum müsəlman ölkəsi olan Azərbaycanın digər dinlərə açıq, tolerant münasibətinə böyük dəyər verir. Fikrinizcə, Azərbaycanın bu müsbət keyfiyyəti nə qədər əhəmiyyətlidir?

- Bu, bizim seçdiyimiz siyasətdir. Azərbaycan bu siyasəti həyata keçirir və bu sahədə fəaliyyətini genişləndirir. Biz xalqları bir-birinə daha da yaxınlaşdırmaq məqsədilə multikulturalizmi, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edirik.

- Ermənistanla danışıqlarda irəliləyiş varmı?

- Təəsüf ki, biz erməni tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət səyini görmürük. Erməni məmurların son təhrikedici bəyanatları vəziyyəti daha da mürəkkəbləşdirib. Bu, həmçinin onu göstərir ki, Ermənistanın indiki hökuməti də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması yolunu davam etdirir. Lakin biz siyasi həlli tapmaq ümidimizi itirmirik.

- Fikriniczə, Aİ münaqişənin həllinə yardım göstərə bilərmi?

- Aİ qəbul etdiyi Qlobal Strategiyada Azərbaycan daxil olmaqla, bütün tərəfdaşlarının ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini, beynəlxalq sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bəyan edib. Biz bunu yüksək qiymətləndiririk. Aİ-nin bu aydın mövqeyinə sadiq qalacağına inanırıq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EurActiv

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az