17.09.2019 16:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

  Azərbaycanın birinci xanımı... Mədəni irsin qorunmasına böyük töhfələr
 
09.09.2019
Əl-Cəridə, Küveyt
 

 
 
İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər

 
 



Nezavisimaya qazeta, Rusiya
10.09.2019


Müəllif: Fuad Axundov, politoloq

Əvvəlcə bir neçə kəlmə İrəvan xanlığı, İrəvan qalası və onun acı taleyi haqqında.

Xatırladaq ki, İrəvan qalası 1504-11-ci illərdə Səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən inşa edilib və elə onun şərəfinə də Rəvan adlandırılıb. Bir neçə əsr sonra Rusiyada şəhəri Erivan adlandırmağa başlayıblar. Bu fakt Böyük Sovet Ensiklopediyasında da əksini tapıb. Orada qeyd olunur ki, Erivan 1936-cı ildə Ermənistan SSR hökuməti tərəfndən Yerevan adlandırılıb (Böyük Sovet Ensiklopediyası, BSE. 2012).

İrəvan qalasının 1827-ci ildə rus qoşunları tərəfindən ələ keçirilməsindən sonra qaladan Tiflisə aparılmış çoxsaylı artefaktlar bir neçə il əvvəl Gürcüstanın Milli Muzeyində aşkarlanıb və bu il Bakıya gətirilib. 2019-cu ilin mayında isə Bakıda, Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyinin Azərbaycan və Şərq kolleksiyasından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılıb. Ekspozisiyaya 300 eksponat daxildir. Üç bölmədən ibarət sərgidə Qacarlar dövrünə aid Azərbaycan incəsənət nümunələri, İrəvan xanlığının Sərdar Sarayından götürülmüş əşya və rəsmlərdən ibarət kollesiya, rus foto işinin pioneri Dmitri Yermakovun (1846-1916-cı illər) İrəvan xanlığından bəhs edən fotoları nümaiş etdirilir.

Sərgiyə təqdim edilən incəsənət nümunələri arasında Fətəli şah Qacarın hökmdarlıq illərinə aid dünyaca məşhur rəsm əsərləri, miniatürlər, keramika nümunələri, metal əşyalar, xalçalar da var.

Avqustun 16-22-də İrəvan xanlarının xələfi Əmir Əli Sərdar İrəvani öz ailə üzvləri və qohumları ilə birlikdə Azərbaycana səfər edib. Tehran şəhərində anadan olmuş Əmir Əli Sərdar İrəvani hazırda Almaniyanın Ştutqart şəhərində yaşayır. O, “Robert Bosch” şirkətində mühəndis-konstruktor vəzifəsində çalışır və bir sıra ixtiraların müəllifidir.

Əmir Əli Sərdar İrəvaninin yeddinci nəsil ulu babası Hüseynəli xan İrəvanidir (təx. 1750-1780-ci illər). İrəvan qalasının bir çox memarlıq əsərləri, o cümlədər Göy Məscid məhz onun dövründə inşa edilib. Onun altıncı nəsil ulu babası isə 1796-1804-cü illərdə hakimiyyətdə olmuş Məhəmməd xan İrəvanidir. Bu xanın dövründə İrəvan xan sarayının yanında Güzgülü Zal və Yay İqamətgahı tikilib.  

İrəvan xanlarının xələfləri İrəvan xanlarının irsinin nümaiş etdirildiyi Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada onlara İrəvan xanlığına aid unikal artefaktlar göstərilib. Əmir Əli Sərdar İrəvani İrəvan xanlığının tarixinin qorunması və tanıdılmasındakı xidmətlərinə görə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərova dərin minnətdarlığını bildirib və bu nəcib işdə hərtərəfli dəstək verməyə hazır olduğunu deyib. İrəvan xanlarının xələfləri öz əcdadlarının orta əsrlərdə çəkilmiş portretlərinin fonunda şəkil çəkidiriblər.

Qeyd edək ki, Azərbaycana səfərləri çərçivəsində İrəvan xanlarının nəslinin davamçıları həmçinin Şəkiyə baş çəkib, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Şəki Xan Sarayı və şəhərin tarixi mərkəzilə tanış olublar. Qonaqlar həmçinin Şəki Keramika Mərkəzi və digər görməli yerləri də gəziblər.

Sonra onlar Gəncəyə üz tutub və oradakı orta əsr tikililəri, Nizami Gəncəvi məqbərəsi, Şah Abbas Məscidi, Cavad Xan Məqbərəsi və başqa orta əsr memarlıq abidələri ilə tanış olublar.

Qeyd edək ki, İranda hakimiyyətdə olan Qacarlar nəslindən olan İrəvan xanları Gəncə xanları ilə qohum olub. Onlar həmçinin Şəki, Naxçıvan, Bakı, Qarabağ və digər Azərbaycan xanları ilə qohum idilər.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Nezavisimaya qazeta


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az