05.04.2020 11:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

  Dağlıq Qarabağda keçiriləcək qeyri-qanuni seçkilər ləğv edilməlidir!
 
31.03.2020
Eurasia Review, ABŞ
 

 
 
FOTOREPORTAJ| Bakı şəhərinə bələdçi

 
 



NATIONAL GEOGRAPHIC, Böyük Britaniya
17.09.2019


Müəllif: Fəridə Zeynalova

“Buranı heç vaxt tərk etməyəcəyəm”, - deyə Musa nərd oynaya-oyunaya bildirir: “Şəhərin bu hissəsi çox dəyişməyib və bu üzdən mən buranı çox sevirəm”.

75 yaşlı pensiyaçı həyatı boyu Bakıda – İçərişəhərdə yaşayıb. O, çoxlu döngəsi olan, küçələrinə daş döşənmiş tarixi məhəllələrdən birində qalır. Musa bizimlə xalçanın üzərində əyləşərək söhbətləşir. O, ayaqqabılarını soyunaraq xalça üzərində bardaş qurub.

75 yaşlı pensiyaçı içərisinı bir dilim limon atdığı çayı asta-asta içir. Harasa köçməklə bağlı sualı narazılıqla qarşılayır.

Bizdən arxada köhnə, paslanmış “Lada” park edilib. Gur bığları olan iki kişi avtomobilə söykənib. Onlardan biri dindarların istifadə etdiyi təsbehin muncuqlarını çəkir, digəri bükülmüş qəzetin içərisindən günəbaxan tumu götürüb çırtlayır.

Başımızın üstündəki eyvanda hicablı qadın paltar asır, eyni zamanda, deyəsən, bizi dinləyir.

Tarixi 12-ci əsrədək uzanan möhtəşəm Qız qalası bizdən bir neçə metr aralıda yerləşir. Yaxınlıqdakı Kiçik Qala küçəsindənki səs-küyü belə, eşidirdik. Ənənəvi restoranlar, xalça dükanları bu küçədədir.

İçərişəhər Bakının ən sakit hissəsidir. Musa kimi bir çox insan buranı yaxşı tanıyır və sevir. Qədim İçərişəhərin divarlarından kənarda isə çox fərqli Bakı formalaşır. Bu şəhərdə 1991-ci ilə qədər – 70 ildən artıq dövrdə Sovet İttifaqının memarlıq nümunələri yaradılıb. Son onilliklərdə isə burada çox sayda yeni otel, memarlıq nümunələri və ticarət mərkəzləri tikilib. İndi, bütün bunlar yenidən dirçələn Bakının ayrılmaz hissəsidir.

İnsanların ən çox ziyarət etdiyi məkan olan Fəvvarələr meydanı 2010-cu ildə təmir olunub. Bu gün meydanda çoxlu butik, restoran və hər tərəfdə dincəlmək üçün skamya var. 2012-ci ildə Bakı “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi də edib. Yarış Xəzər dənizinin sahilində yerləşən “Baku Crystal Hall”da keçirilib. “Baku Crystal Hall” məhz “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üçün tikilmişdi.

Şəhərin görünüşü ondan sonra da dəyişməkdə davam edib. Məsələn, 2012-ci ildə Azərbaycan paytaxtında Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi inşa olunub. Abstrakt memarlıq quruluşuna malik bu dalğavari tikili Sovet dövründən qalmış çoxsaylı binanın olduğu şəhərin mənzərəsinə sanki yumşaq əlavədir.

Daha sonra Bakı Formula 1 yarışına ev sahibliyi etməyə başlayıb. Budan sonra, Azərbaycan paytaxtının potensialına UEFA şahid olub. Nəticədə burada Yay Olimpiya Oyunlarının keçirilməsi təklif edilib. Doğrudur, bu gün Bakıda Yay Olimpiya Oyunlarının keçirilməsi çətin olardı. Amma “Alov qüllələri”nin yerləşdiyi Bakı üçün fəth edilməyəcək zirvə yoxdur. 3 hündürmərtəbəli binadan ibarət “Alov qüllələri” gecələr 10 min LED ekranla işıqlandırılır. O, həm də Azərbaycanın “Odlar yurdu” olduğunun rəmzidir. Məsələ ondadır ki, qədim dövrdə bu ərazilərdə zərdüştlük dini geniş yayılmışdı. Bu dinə inanan insanlar məhz oda tapınırdı...

Son illərdə Bakıda gənclər, yerli rəssamlar, incəsənətlə məşğul olan insanlar üçün müxtəlif platformalar yaranıb. Məsələn, keçmiş hərbi-dəniz bazası sərgi məkanına çevrilib, İçərişəhərdə qalereyalar açılıb, Bakının caz məktəbi isə yavaş-yavaş yenidən dirçəlməkdədir.

Mən 1990-cı illərdə Bakıda boya-başa çatmışam. Həmin vaxt Azərbaycan kommunizmin pəncəsindən yeni xilas olmuşdu. Bu gün isə Bakı hətta mənim üçün belə, sirli məkan olaraq qalır. Bu gün o, Azərbaycan, türk və rus dillərinin bir-birinə qarışdığı şəhərə çevrilib. Bakı həm dəbli, həm də ənənəvi şəhərdir. O, həm Asiya, həm də Avropa şəhəridir. Gündüzlər burada qədim İpək Yolu dövrünə aid memarlıq nümunələrini kəşf edə, gecələr isə bulvarda gəzərək, özünüzü böyük meqapolisdə hiss edə bilərsiniz.

Qədim şəhər

İçərişəhər kimi tanınan Qədim şəhər Bakının yaxşı qorunub saxlanmış hissəsidir. Onun tarixi orta əsrlərədək uzanır. Buradakı dar küçələr sizi bir zamanlar müdafiə qalası olmuş Qız qalasına aparır. Qız qalasına qalxın və şəhərin möhtəşəm mənzərəsini, gözəl limanı seyr edin. Daha sonra İçərişəhərin qədim divarları boyu gəzə və Şirvanşahlar Sarayına yollana bilərsiniz. Bu dini kompleks orta əsrlərdə Şimali Azərbaycanı idarə etmiş sülalənin evi olub. Sarayın həyətini, hamamını, zirzəmini və buradakı məscidi görməyə dəyər.

Bulvar

Gözəl Bakı Bulvarı və ya Dənizkənarı Milli Park bir əsrdən çoxdur yerli əhalinin ən çox ziyarət etdiyi məkandır. İnsanlar axşamlar, xüsusilə həftə sonları buranı gəzməyə çıxır. Son illərdə sahil zolağı təxminən 2 mil genişləndirilib. İndi, o, Bayraq meydanından Azadlıq meydanına qədər uzanır. Burada hər şeyə rast gələ bilərsiniz: hündürmərtəbli ticarət mərkəzlərindən tutmuş, “Şeytan çarxı”na qədər.

Azərbaycan Xalça Muzeyi

Ölkənin qədim xalçaçılıq ənənələri var. Xəzər dənizinin sahilində yerləşən üç mərtəbəli Xalça Muzeyi avstriyalı memar Frans Yantsın layihəsi əsasında tikilib. Bükülmüş xalça formasında olan bu memarlıq nümunəsi insanda dərin təəssürat yaradır. Minlərlə Azərbaycan xalçasının, milli geyimin, ənənəvi dulusçuluq məmulatının olduğu muzeyi ziyarət edin. Orada yerli rəssamların sərgilərinə də baş çəkin.

Müasir incəsənət

1960-cı illərdə hərbi-dəniz bazası kimi fəaliyyət göstərmiş binada bu gün YARAT Müasir İncəsənət Məkanı yerləşir. Qeyri-kommersiya təşkilatı olan YARAT 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunub.

Yerli rəssamların əl işlərini görmək istəyirsinizsə, İçəriçəhərdə yerləşən YAY qalereyasına və Kiçik QalArt qalereyasına baş çəkə bilərsiniz. Daha sonra Heydər Əliyev Mərkəzinə yollanın. Bu mərkəzi təkcə xarici görünüşünə görə də ziyarət etməyə dəyər.

Nizami küçəsi

İki mil uzunluğunda olan və piyadalar üçün nəzərdə tutulmuş bu küçədə butiklər, restoranlar, suvenir dükanları bir-birini əvəzləyir. Buradakı binalar həm barokko, həm də müasir memarlıq üslubunda tikilib. Bu küçədə yerləşən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mütəmadi olaraq “Leyli və Məcnun” və s. tamaşalar nümayiş etdirilir. Qeyd edək ki, bu poema hələ 12-ci əsrdə Nizami Gəncəvi tərəfindən qələmə alınıb. O, bir-birini sevən iki gəncin insanın qəlbini parçalayan hekayəsidir. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin bəzəkli fasadına isə gecə vaxtı baxmağı məsləhət görürəm.

“Odlar yurdu”

“Atəşgah” məbədini (Alov məbədi) də ziyarət edin. Bura bir zamanlar zərdüştlərin, hindlilərin və sikhlərin ibadət etdiyi məkan olub. Yanardağ da ölkənin alovlanan incisidir: bu təpənin artıq 4 min ildir ki, alovlandığı ehtimal olunur. Burada mənzərə insanı həqiqətən heyran edir. Bu məkan haqda Azərbaycana hələ 13-cü əsrdə səfər etmiş Marko Polo belə, məlumat veribmiş.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu

Rəqs edən insanların, başsız hamilə qadının, arxa ayaqları üzərində dayanmış keçinin rəsmi Qobustandakı qəribə petroqliflərdəndir. O, Bakıdan avtomobillə bir saatlıq məsafədə yerləşir. Qobustan həm də 400 palçıq vulkanının məskənidir. Yeri gəlmişkən, Azərbaycan palçıq vulkanlarının ən geniş yayıldığı ölkədir.

Qəlyanaltı məkanları

“Sehirli Təndir”

Xalçalarla bəzədilmiş bu sadə restoran Qədim şəhərdə yerləşir. “Sehirli Təndir” şəhərin azsaylı restoranlarındandır ki, yerli əhali belə, burada növbədə dayanır. Bu restoranda təndir çörəyindən başqa, dolma, motal pendiri, dovğa dadmaq olar.

“Passage 1901”

Bu restoranın yerində bir zamanlar üstü bağlı bazar fəaliyyət göstərib. “Passage 1901” restoranında kabab kimi ləzzətli ət yeməkləri və müxtəlif salatlar yeyə bilərsiniz. Buranın dekoru isə insana Sovet dövrünün evlərini xatırladır: kitablar, mebellər və s. Restoranda samovar çayı verilir, axşam saatlarında müğənnilər canlı musiqi ifa edir.

“Muğam klubu”

Açıq səmada fəaliyyət göstərən bu retoranda Azərbaycan mətbəxinin müxtəlif təamları təklif edilir. Məsələn, kabab, səbzi plob, qutab və s. Burada axşamlar Azərbaycan xalq musiqi olan muğam ifa edilir. Buradan yuxarı qalxsanız, suvenir dükanlarına baş çəkə bilərsiniz.

Miniatür Kitab Muzeyi

Bakı Miniatür Kitab Muzeyində minlərlə kiçik ölçülü kitab var. Burada 0,75x0,75 millimetr ölçülü kitaba belə, rast gələcəksiniz. Oraya yollansanız, özünüzlə böyüdücü götirməyi unutmayın.

Axşam saatlarında dincələ biləcəyiniz məkanlar

“ROOM”

Bu rahat məkan bir az hipster üslubundadır. O, sanki Bakının Londonun Şorediç məhəlləsində yerləşən şərab evlərinə cavabıdır. Fəvvarələr meydanının bir neçə metrliyində yerləşən “ROOM” restoranı yerlilərin gecə saatlarında toplaşdığı məkandır. Burada Azərbaycanla yanaşı, xarici ölkələrin də istehsalı olan şərablar təklif edilir.

“Beerbaşa”

Şəhərin mərkəzində yerləşən “Beerbaşa” kafesi Bakıda ən yaxşı pivənin təklif olunduğu yerdir. Oraya funikulyorla bir neçə dəqiqəyə çatmaq olar. İçərisində kiçik pivə zavodunun olduğu kafedə açıq, tünd pivələr, həmçinin dəniz məhsulları, fri kartof və alman üslubunda hazırlanan sosislər təklif edilir.

“Barrel Playground”

“Barrel Playground” açıq səma altında dizayn edilmiş klubdur. O, Bakının gecə həyatı üçün yeni konsepsiya təklif edir: dadlı kokteyllər, DJ-lərin maraqlı repertuarı, texno, elektro, caz musiqisi. Bu məkan yay gecələrində əylənmək üçün ideal variantdır. O, mövsümi fəaliyyət göstərir. 

Yerli sakinlərin istirahəti

Çay vaxtı

Bütün paytaxt boyu çayxanalar görə bilərsiniz. Burada çayın yanında əksər vaxtlarda mürəbbə təklif olunur. İçərişəhərdə yerləşən “Çay Bağı”nda çay içərkən dəniz mənzərəsini də seyr edə bilərsiniz.

Fəvvarələr meydanının arxasında yerləşən “Coffee Moffie” kafesi də məsləhətdir.

Çimərlik

Paytaxtın mərkəzindən avtomobillə 45 dəqiqəlik məsafədə, şəhərin şimal-şərqində Bilgəh çimərliyi yerləşir. Bura şəhərin ən məşhur çimərliyidir. Girişin pulsuz olduğu Bilgəh çimərliyində çətirlər və stulları kirayə götürmək mümkündür.

Hamam mədəniyyəti

Şəhərin ən autentik hamamını ziyarət etmək istəyirsinizsə, “Ağa Mikayıl Hamamı”na baş çəkin.

Şirniyyat

Azərbaycanda ən sevimli şirniyyatlardan biri şəkərburadır. Aypara formalı bu şirniyyat şəkər tozu və fındıqdan hazırlanır. Ona bir az hil də əlavə edilir. Paxlava da ölkə boyu yayılmış şirniyyat növüdür.Yayda isə paytaxtın hər yanında dondurma satanları görəcəksiniz. “Plombir” adlanan sadə, ləzzətli dondurmanın tarixi Sovet dövrünə gedib çıxır.

Caz

Sovet rəhbərliyinin qadağasına baxmayaraq, 1960-1970-ci illərdə Bakıda caz musiqisi bumu yaşanıb. Həmin vaxt bəstəkar Vaqif Mustafazadə Azərbaycan xalq musiqisi olan muğamla cazı sintez etmişdi.

Bazarlıq

Səs-küyün çox olduğu rəngarəng bazarlar paytaxt sakinlərinin gündəlik həyatının ayrılmaz hissəsidir. Bazarda satıcılar çox ucadan danışır, müştərilər qiyməti “öldürmək” üçün onlardan geri qalmır. “Yaşıl bazar” şəhərin ən böyük bazarıdır. Burada meyvələr, ədviyyatlar, turşular və s. satılır. “Keşlə” ilə “Təzə bazar” da yerli əhali arasında çox məşhurdur. Doğrudur, bazarlarda ingilis dilində danışan satıcılar azdır. Amma əl hərəkətləri kifayət edəcək.

Brend məhsullar

Əgər siz “Gucci” və “Dior” kimi brend məhsullar almaq istəyirsinizsə, Bulvarla paralel yerləşən Neftçilər prospektinə baş çəkin. Bu prospekt 1961-ci ildə azərbaycanlı neftçilərin şərəfinə adlandırılıb. Bu gün isə Neftçilər prospektində beynəlxalq brendlərin məhsullarının satıldığı mağazalar, həmçinin Hökumət Evi ilə Kukla Teatrı yerləşir.

Antikvar məhsullar

Antikvar məhsullar sevən şəxslər İçərişəhərə yollanmalıdır. Autentik Azərbaycan incilərini məhz burada tapmaq mümkündür. Məsələn, Qubada istehsal olunan kilimlər və ya ənənəvi samovarlar, dulusçuluq məmulatları və s.

Harada qalmalı?

“Sahil Hostel & Hotel”

Ərazisi böyük olan, lakin münasib qiymətə otaqların təklif olunduğu bu rəngarəng hostel Bulvardan bir neçə metr məsafədə yerləşir. Ümumi otaqlarda 10 nəfər qala bilər. Burada həmçinin hamamı və eyvanı olan ayrıca otaqlar da var.

“Seven Rooms Boutique Hotel”

Bu otel İçərişəhərdə, Qız qalası, Şirvanşahlar Sarayı və Bakının ən yaxşı restoranlarından birinin yaxınlığında yerləşir. Onun otaqları işıqlı, müasir və rahatdır. Burada səhər yeməyi üçün pulsuz “İsveç masası” təklif olunur.

“Four Seasons Hotel Baku”

Bakının ən yaxşı otel olan “Four Seasons Hotel Baku” Neftçilər prospektində yerləşir. Otelin girişinin döşəməsi belə, mərmərdəndir. Onun möhtəşəm pilləkənləri, çilçıraqları insanı valeh edir.

Bakıya necə çatmaq olar?

AZAL ABŞ-ın Hitrou Beynəlxalq Hava Limanından Heydər Əliyev Beynəlxalq Hava Limanına həftədə 3 dəfə birbaşa uçuşlar təklif edir. “Turkish Airlines” və “Emirates” kimi aviaşirkətlər vasitəsilə isə ABŞ-dan Azərbaycana birbaşa çatmaq mümkün deyil.

Aeroportdan Bakının mərkəzinə “Aero Express” avtobusları ilə yollana bilərsiniz. Biletin qiyməti 1,50 manatdır. Hava limanından şəhərin mərkəzinə təxminən yarım saata çatmaq mümkündür. Taksi bu yolu təxminən 20 manata aparır.

Bakıda çoxsayda avtobus marşrutu, həmçinin metro və taksi sistemi fəaliyyət göstərir. Amma şəhəri kəşf etmək üçün ən yaxşısı piyada gəzməkdir. Əcnəbi qonaqlar şəhəri dolaşmaq üçün 24, 72 saatlıq və ya 1 həftəlik “BakuCard”dan istifadə edə bilər. Bu kart vasitəsilə muzeyləri, şəhərin müxtəlif görməli məkanlarını pulsuz və ya güzəştli qiymətlərlə ziyarət etmək mümkündür. Bununla yanaşı, kart sahibləri ictimai nəqliyyatdan da onun vasitəsilə istifadə edə bilir. Kartların qiyməti 20 manatdan başlayır.

Bakıya nə vaxt səfər etmək olar?

Bakıda yayda havanın hərarəti müsbət 40 dərəcədən yüksək olur. Odur ki, Azərbaycan paytaxtına səfər üçün ən yaxşı vaxt aprel-iyun, sentyabr-oktyabr aylarıdır. Bu aylarda yağış az olur, hava sərin keçir. Martda isə bütün ölkə Novruz bayramını qeyd edir.

Bakı haqda daha çox məlumat əldə etmək üçün “azerbaijan.travel” saytına daxil ola bilərsiniz.

Bakıya hansı turla səfər etmək olar?

“Intrepid Travel” Azərbaycanla Gürcüstana 20 günlük tur təklif edir. Bu tura 3 günlük Bakı səfəri də daxildir. Qiymətlər adambaşı 2475 funt sterlinqdən başlayır. Buraya otel qiyməti, əyləncə, nəqliyyat və yemək daxildir. Biletpulu buraya daxil deyil.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NATIONAL GEOGRAPHIC

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az