18.02.2020 13:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
FOTOREPORTAJ| Xəzərin incisi, Qafqazın tacı, alovlar şəhəri Bakı

 
 



Hürriyet, Türkiyə
30.09.2019


Müəllif: Ayşe Kərimova Gönen

Çox gec olsa da, nəhayət, gözlənilən baş verdi. 2019-cu il sentyabrın 1-dən iki qardaş ölkə – Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olundu. Bu, çox yaxınımızdakı gözəllikləri kəşf etməmiz üçün əla fürsətdir. Gedilməsi bu qədər asan, mədəniyyəti, dili, dini, yeməkləri, adət-ənənələri bizə bu qədər oxşar ikinci ölkə yoxdur. Paytaxt Bakı daha çox mədəniyyət və incəsənət turizmilə fərqlənir. Şəhərdə həyat 24 saat qaynayır. Onun gecələri çox parlaqdır. Bakı Xəzər dənizinin sahilindəki ən romantik şəhərdir. Şərqin əsrarəngiz tarixinə qərq olmaq istəyənlər mütləq Azərbaycana getməlidir. Bakıda görməli olduğunuz 10 məkan haqda danışacağıq...

1. Azərbaycan Milli İncəsənət Muzeyi

Bu, ölkənin ən böyük və əhəmiyyətli sənət muzeyidir. Bakının mərkəzində, Niyazi küçəsində yerləşən muzey 1936-ci ildə yaradılıb. O, dünyanın dörd tərəfindən gətirilmiş nadir sənət əsərlərinə ev sahibliyi edir. Muzeydə Türkiyə və Osmanlı dövrünə aid sənət əsərləri də nümayiş olunur.

2. Milli Azərbaycan Tarix Muzeyi

Tarix muzeyi Azərbaycanının ilk neft maqnatı, xeyriyyəçi Zeynalabdin Tağıyevin 1865-1904-ci illərdə tikdirdiyi şəxsi mülkündə yerləşir. 1920-ci ildə Sovet rejiminin qurulması ilə müsadirə olunmuş ev müxtəlif vaxtlarda hökumət müəssisə və təşkilatlarına verilib. Nəhayət, 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə o, Milli Azərbaycan Tarix Muzeyinə çevrilib.

İki hissədən ibarət muzeyin birinci hissəsində 2 milyon il əvvələ aid arxeoloji tapıntılar və 19-ci əsrə aid əsərlər nümayiş etdirilir. İkinci hissədə Azərbaycandakı xanlıqlar dövrü, Rusiya işğalı, həmçinin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinə aid eksponatlar yer alır.

3. Azərbaycan Milli Xalça Muzeyi

Xəzər dənizinə mənzərəsi olan muzeydə 4 mindən çox xalça nümayiş etdirilir. Azərbaycanda neftdən sonra ikinci böyük ixracat sektoru məhz xalçaçılıqdır. Bu gün Azərbaycan xalçaları Londonda Albert və Viktoriya, Vaşinqtonda Metropoliten Muzeyi kimi məşhur muzeylərdə nümayiş etdirilir.

4. “Villa Petrolea” - Nobel Qardaşları Muzeyi

2008-ci ildə istifadəyə verilmiş Robert, Lüdviq və Alfred Nobel Qardaşları Muzeyi İsveçdən kənarda yaradılmış yeganə Nobel muzeyidir. 1872-ci ildə Bakının neft ehtiyatları haqqında eşidən bu qardaşlar vaxt itirmədən Azərbaycana yollanıb, orada öz neft şirkətlərini yaradırlar. 1884-cü ildə Bakıda “Villa Petrolea” adlandırdıqları evin tikintisinə başlayıblar. Nobel qardaşlarının yaşadığı həmin ev indi muzey kimi fəaliyyət göstərir.

Muzeydə o dövrdə Nobel ailəsinə məxsus olmuş əşyalar, həmçinin bir çox məşhur sənətkarın şəxsi əşyaları və əsərləri nümayiş etdirilir.

5. Şirvanşahlar Sarayı və İçərişəhər

Şirvanşahlar Sarayı Şirvanşahlar sülaləsinin padşahı İbrahim Xəlilullahın dövründə – XV əsrdə inşa edilib. O, Bakının İçərişəhər adlanan hissəsində, qala divarları arasında yerləşir. Yeri gəlmişkən, İçərişəhərdə aparılmış arxeoloji qazıntılar qala divarları arasında ilk həyatın eramızın I əsrinə təsadüf etdiyini göstərir.

6. Qız qalası

Bakının və ümumilikdə Abşeron yarımadasının ən möhtəşəm, ən sirli memarlıq abidəsi... Onun birinci hissəsinin antik dövrdə, ikinci hissəsinin isə 12-ci əsrdə tikildiyi təxmin edilir. Müasir dövrdə muzey olaraq istifadə olunan qüllədə bir çox sənətkarın əsərləri nümayiş olunur.

7. Bakı Müasir İncəsənət Muzeyi

Bu, Azərbaycanın ilk müasir incəsənət muzeyidir. Prezidentin xanımı Mehriban Əliyevanın rəhbərliyilə qurulmuş muzeydə mindən çox müasir sənət əsəri var.

8. Atəşgah Zərdüştlük Məbədi

Bakıdan təxminən 30 kilometr aralıda, Abşeron yarımadasındakı Suraxanı qəsəbəsində yerləşən Atəşgah 1713-cü ildə inşa edilidib. Yer səthinə təbii qazın sızması ilə əbədi alovun yandığı bu məkan inanclılar üçün atəş məbədinə çevrilib. Qədim dövrlərdə zərdüştlər ziyarətə məhz buraya gəlirlərmiş. Ziyarət vaxtı dünyasını dəyişmiş insanlar məbədin içərisindəki quyuda yandırılırmış.

9. Qobustan Dövlət Qoruğu

Dağ keçidlərinin çox olduğu bu ərazi 2007-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Neolit dövründən qalma 6000-dən çox yüksək keyfiyyətli qaya rəsmlərinin olduğu Qobustan Bakının 65 kilometrliyində yerləşir. Buradakı qayalar üzərində insan fiqurları, atlar, öküzlər, marallar, ov səhnələri və dini mərasimlər çəkilib. Ən təəccüblüsü isə onların arasında gəmi rəsminin də olmasıdır!

10. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Azərbaycanda opera sənəti 1908-ci ildə bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası ilə başlayır. Onun üçün bina 1911-ci ildə inşa edilib. Burada indiyədək Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arkhipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko və Monserrat Kabalye kimi dünya şöhrətli sənətkarlar səhnəyə çıxıblar. Bakıya getsəniz, opera tamaşasına baxmanız məsləhətdir.

İdeal hədiyyələr

Bakının mərkəzindəki Nizami küçəsi hədiyyə almaq üçün ideal məkandır. İçərişəhərdə də bir çox hədiyyə mağazası var. Oradan əl işi olan kiçik xalçalar, milli geyimlər və aksesuarlar ala bilərsiniz.

Yerli məhsul olan “Azərçay” dünya markasına çevrilməkdədirsə, Azərbaycan konyakları artıq dünya markaları ilə rəqabət aparır. Yerli məhsul olaraq, “Old Baku” konyakını dadmanız məsləhətdir.

Nə yeməli, nə içməli?

Şıxov qəsəbəsində, Xəzərin tam sahilindəki balıq evlərinə mütləq baş çəkin. Orada xüsusilə Nərə balığının kababını yeyin.

Azərbaycanda çay içmək xüsusi mərasimdir. Orada “Çay dəstgahı” adlanan çay süfrələri dəbdədir. Bunun üçün İçərişəhərin qala divarlarının yanındakı çay evlərinə gedin.

Azərbaycanın çox gözəl şərabçılıq emalatxanalarına da baş çəkə bilərsiniz.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Hürriyet

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az