10.12.2019 22:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Azərbaycanda uzunömürlülüyün sirri dağ havasıdır?
 
10.12.2019
CNN, ABŞ
 

  Azərbaycan modernləşmək üçün növbədənkənar seçkiyə hazırlaşır
 
10.12.2019
EurActiv, Aİ
 

  Bakı-Yerevan: güclü ordu yoxsul ölkəyə qarşı
 
10.12.2019
ANAJ, İran
 

  Qışda Bakı
 
09.12.2019
Titrebartar, İran
 

  Avro-2020: Bakıya necə getmək olar?
 
09.12.2019
GOAL.COM, Türkiyə
 

 
 
Dünyanın ilk sənaye üsulu ilə neft hasil edən quyusu...

 
 



HABERTÜRK, Türkiyə
08.10.2019


Müəllif: Güntay Şimşek

Söhbət neftdən düşdükdə istər Türkiyədə, istərsə də bütünlükdə dünyada çox insanın ağlına ABŞ gəlir. Lap yaxınlığımızda yerləşən qardaş Azərbaycanı isə nədənsə yada salmırıq. Əlbətdə, bunun səbələri kifayət qədər çox ola bilər. Bilirik, ABŞ bu işlərin ictimaiyyətlə əlaqələr tərəfini, reklamını çox yaxşı görür. Hətta bununla əlavə dəyərlər, maddi mənfəət qazanır, eyni zamanda, insanların nəyi necə qavramasını sanki idarə edir...

Lakin biz gələk əsas məsələyə. Dünyada sənaye üsulu ilə ilk neft hasilatı 1846-cı ildə Bakıda, Bibiheybət adlanan ərazisində həyata keçirilib. Bu gün həmin quyunun başında bu ifadə yer alır: “The World’s First Industrially Drilled Oil Well, 1846”.

Digər tərəfdən, dünyada ilk mütəmadi neft istehsal edən quyunun 1861-ci ildə Pensilvaniya əyalətində işə başladığı haqda məlumat var. Həmin neft quyusunun yerləşdiyi Rouseville şəhərinin girişind asılmış löhvədə “Neft sənayesinin doğulduğu yerə xoş gəlmisiniz” yazılıb. Yeri gəlmişkən, ABŞ-ın müxtəlif şəhərləri arasında bu cür mövzülar, hekayələr uğrunda ciddi mübahisələr olur, rəqabət yaşanır. Məsələn, Ohayo və Şimali Karolina arasında “Aviasiya sahəsində ilkə kim imza atıb?” yarışı var. Dünyada ilk təyyarəni Daytonda, Ohayoda anadan olmuş və böyümüş Rayt qardaşları hazırlayıb. İlk uçuş isə Şimali Karolinanın Kitti Hauk sahillərində həyata keçirilib. Bu üzdən, Şimalı Karolinanın avtomobil nişanlarında “Uçuşda birinci” kimi tərcümə edilən “First in Flight” şüarı yazılır. Ohayo avtomobil nişanlarında isə “Aviasiyanın doğulduğu yer” mənasına gələn “Birthplace of Aviation” şüarı var. İndi siz deyin – haqlı olan kimdir?

Statusun müəyyənləşməsindən sonra Xəzərdə nə baş verəcək?

Bu geniş girişdən sonra, nəhayət, əsas məqsədimi deyim. Bu həftə 3 günlük səfərlə Bakıya, Azərbaycana getmişdim. Önəmli neft, təbii qaz, bir sözlə, enerji mənbəyi olan Azərbaycana. Dünya neftinin paytaxtı olan Bakıda nüfuzlu və səlahiyyətli şəxslərlə, eləcə də bu sahəyə illərini sərf etmiş monumental simalarla görüşdüm. Bakı-Tbilisi-Ceyhan neft borusu və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin başlanğıc nöqtəsi, dünyanın ən vacib enerji sahələrindən sayılan Sangəçal terminalında oldum. Bu, mənim üçün önəmli təcrübə oldu. Orada heç vaxt yadımdan çıxmayacaq, enerji haqqında yazarkən daim ağlıma gələcək məlumatları ilk mənbədən öyrəndim.

“SOCAR Tover”də “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri Vaqif Əliyevlə məzmunlu görüşüm də oldu. Cənubi Koreyanın memarlıq şirkəti tərəfindən hazırlanmış, “Külək-alov” konsepsiyalı bu bina səhv etmirəmsə, Qafqazın ən hündür binasıdır (200 metr). Vaqif Əliyevlə yalnız Türkiyədəki investisiyaları, “Star” Neftayırma Zavodu, PETKİM, TANAP, BTC, BTƏ kimi mövzülarda deyil, ümumlikdə regionumuzun enerji strategiyası haqda da söhbət etdik. Azərbaycanın təbii qazını Avropaya nəql edəcək TAP haqda, boru kəmərinin tikintisi zamanı ortaya çıxmış çətinliklər barədə məlumatları şəxsən Əliyevdən eşitdim. Xəzərin statusu məsələsinin tam həllindən sonra yeni enerji mənbələrinin kəşfi, işlənməsi planlarından xəbər tutdum.

Qeyd edim ki, Xəzər dənizinin hqüuüi statusuna dair sənədə Rusiya prezidenti Vladimir Putin cəmi bir neçə gün əvvəl imza atıb. Vaqif Əliyevlə bu məsələni də müzakirə etdik. Həmin sənədə əsasən, Xəzəryanı ölkələr olan Qazaxstan, Azərbaycan, Rusiya, İran və Türkmənistanın dənizindəki suverenliyi, müstəsna hüquqlarını və yurisdiksiyasını tanınır.

Beləliklə, enerji istehsal edən və satan, eyni zamanda neft-qaz boru kəmərlərinə sahib olan Azərbaycan zaman keçdikcə daha da önə çıxacaq. Digər Xəzəryanı ölkələrdə hasil olunan neft və təbii qaz da dünyaya BTC və TANAP kimi borularla çatdırıla bilər.

Görüşdə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dövründə, elə onun təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi”nin 25 illiyi, “Star” Neftayırma Zavodunun işə düşməsinin birinci ildönümü ilə bağlı da əhatəli söhbət etdik. Onunla müsahibəmi bu həftə “Habertürk” və “BloombergHT”də izləyə biləcəksiniz.

Doğsan yaşında iş başında olan “abidə”

Bakıya səfər proqramımda əhəmiyyətli bir ad da var idi: Xoşbəxt Yusifzadə. Elm adamı, akademik, sahə adamı, bir çox ilklərə imza atmış əməkdar və fədakar. Doğsan yaşına çatmış, lakin hələ də işə piyada gedən, davamlı olaraq yeni neft və qaz ehtiyatları haqda düşünən mühəndis və geoloq. Hələ 1950-ci illərdə “Azneft”də (indiki SOCAR) dəniz dibinin kəşfiyyatına, hasilatına cavabdeh filialın aparıcı mühəndisi, bu gün isə SOCAR prezidenti Rövnəq Abdullayevin bir nömrəli müavini.

Yusifzadə vaxtilə prezident İlham Əliyevlə ARDNŞ-da birlikdə işləyib. Mərhum Heydər Əliyev deyirdi ki, “Azərbaycanda Xəzər dənizini Xoşbəxt Yusufzadə qədər tanıyan ikinci şəxs yoxdur”. O, həqiqətən də bu tərifə layiqdir. Xosbəxt Yusufzadədən Azərbaycanın neft və təbii qaz ehtiyatları haqda vacib məlumatlar aldım. O, həm də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan Azərbaycan neftinin dünya bazarına çıxması istiqamətində aparılmış beylənxalq işlərdə ciddi rol oynamış şəxsdir.

Ondan ölkədən ilk neftin nəql olunduğu Bakı-Supsa xətti, həmçinin BTC haqda müəyyən məlumatlar aldım. Xoşbəxt Yusifzadə haqda çəkilmiş “Fədakar” filmini isə birnəfəsə izlədim. Allah sağlam və uzun ömür versin.

Bakıda polşalı neftçi

Dünyada sənaye üsulu ilk neft hasilatının gerçəkləşdirildiyi Bibiheybət yalnız bu ilklə yadda qalmayıb. Dünyada dənizdəki yataqdan ilk neft də burada hasil olunub. O zaman neftin tapıldığı ərazi Xəzər suyunun altında olduğundan, belə yataqdan hasilat üçün lazımi texnika isə olmadığından, bu işdə ciddi çətinliklər yaranıbmış. Bu zaman çarəni polşalı mühəndis Pavel Pototski tapıb. 1879-cu ildə Peterburqda doğulmuş Pototski bu sahədəki biliklərinə görə 1910-cu ildə Bakıya dəvət edilib. Məhz onun planı ilə Bibiheybət dağından götürülən torpaqla dənizin həmin hissəsi doldurub. O, dünyada böyük maraq doğurmuş, araşdırma mövzu olan işi – dəniz yatağından neft hasilatını 1923-cu ildə bacarıb. 82,5 metr dərinlikdəki yataqdan neft çıxarmağı bacaran Pavel Pototski 41 yaşında görmə qabiliyyətini itirib. Amma o, işini ömrünün sonunadək davam etdirib.

Pavel Pototski 1932-ci ildə dünyasını dəyişib. O, öz vəsiyyətinə əsasən, Xəzər dənizinin sahilində dəfn olunub.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABERTÜRK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az