19.10.2019 10:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
FOTO| Bakıya səfər xərcləri

 
 



Pool Va Tejarat, İran
09.10.2019


Azərbaycanın paytaxtı Bakı Avropa qitəsinin ən şərq paytaxtı, Azərbaycanın ən böyük şəhəri və eyni zamanda, ən böyük limanıdır. Şəhər Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasında yerləşir və dünyanın neftlə zəngin bölgələrindən sayılır.

Bakının inkişaf templərini nəzərə alsaq, onun bir müddət sonra Asiyada yeni Dubaya çevriləcəyini düşünmək olar. Azərbaycan neft gəlirlərinin artması ilə, xüsusilə son illərdə tərəqqi yolunda sürətlə irəliləyir. O, artıq regionun ən populyar turizm bölgələrindən birinə çevrilib.

Dolların, hətta manatın bahalı valyuta olduğunu nəzərə alsaq, iranlılar üçün Azərbaycana və Bakıya səyahət nisbətən baha səfərlərdən sayılır. Buna baxmayaraq, çox sayda soydaşımız tətil zamanı (xüsusilə Azərbaycanda da təntənə ilə qeyd olunan Novruz bayramı günlərində) bu ölkəyə səfər etməyi xoşlayır. Həqiqət ondan ibarətdir ki, oraya daha sərfəli qiymətə turistlərin sıx olmadığı vaxtlarda yollanmaq olar. Bir sözlə, Bakıya səyahət etməyi planlaşdırırsanızsa, bu yazını mütləq oxuyun.

Bakı turu

Bakıya turla səfər xərcləri bir qədər azalda bilər. Bu turun qiyməti ilin fəsillərindən asılı olaraq, dəyişir. Hazırda Azərbaycan paytaxtına təyyarə ilə 3 günlük turun minimum qiyməti təxminən 3 milyon tüməndən başlayır. Bir həftəlik səyahət üçün 6 milyon tümənədək pul ödəmək lazımdır.

Bakı şəhəri təbii mənzərələri, tarixi yerləri, və istirahət-əyləncə məkanları ilə turizm üçün əlverişli mövqeyə sahib olduğundan, hər il çox sayda iranlı turisti də qəbul edir. Ölkədə təbii mənzərə gözəl olduğundan, Bakıya avtobomillə, avtobusla səyahət daha maraqlıdır. Bu zaman siz yol boyu Azərbaycanın təbii mənzərəsini seyr edə biləcəksiniz. Bakıya bu cür səfər 4 gün-3 gecə üçün 1,5-2,9 milyon tümənə başa gəlir.

Bakı otelləri

Bakıda qalmaq üçün yer tapmaq heç vaxt çətinlik yaratmır. Bu gözəl şəhərdə qonaqlar üçün hər növ hostel və qonaq evindən tutmuş, möhtəşəm lüks mehmanxanalara qədər hər bir şərait var. Otellərin qiyməti təbii ki, ulduzlarının sayından, imkanlarından asılı olaraq dəyişir. Hostellərə gəlincə, qiymətlər olduqca rasionaldır. Ümumi otaqlı hostellərdə 1 nəfərlik yeri təxminən 4 dollara almaq olur. Sizin üçün hostelin yerləşdiyi rayon, özəl otaq kimi amillər önəmlidirsə, qiymətin 30 dollaradək arta biləcəyini nəzərə almaq lazımdır.

Burada mənzil kirayəsi orada qalacaq insanların sayından deyil, qalacağınız gecələrin sayından asılıdır. Odur ki, Bakıya ailəvi və ya qrup halında səyahət edənlər üçün mənzil kirayələmək bir otaq tutmaqdan daha sərfəlidir. Bu halda şəhərdə qalmaq xərcləri kəskin azalır. Mənzil kirayəsi qiyməti bir gecə üçün 10 dollardan başlayır və orta hesabla 57 dollar təşkil edir.

Yaxşı və keyfiyyətli oteldə bir gecə qalmaq isə 40 dollardan başlayır. Əgər otel şəhərin mərkəzində və ya təbiətdə, çimərlikdə və ya xüsusi ərazilərdə yerləşirsə, qiymət daha yüksəkdir. Dördulduzlu sadə oteldə otaqlarının qiyməti 52 dollar civarındadır. Söhbət dördulduzlu, lakin lüks oteldən gedirsə, qiyməti 76 dollara qədər yüksələ bilər.  Ən yüksək qiymətlərdən birinə “Four Seasons Hotel Baku”da rast gəlinir. Burada nömrələrin qiyməti orta hesabla 290 dollardır.

Yemək xərcləri

Bakıda lüks və sadə restoranlar, “fast food” və kafelərin sayı-hesabı yoxdur. Şəhərə turist axınının artırması üçün çox iş görülür. Bunlardan biri də turistik ərazilərə yaxın restoranların sayının durmadan çoxalmasıdır. Lakin onların bəzilərində, xüsusilə Nizami küçəsi və Fəvvarələr meydanda yerləşən restoranlarda yerli mətbəx üçün qiymətlər yüksəkdir. Lakin səfərdən əvvəl bir qədər araşdırma aparmaqla, Bakıda yerli mətbəxin o qədər də baha olmadığını, uyğun qiymətə geniş çeşiddə yemək yeyə biləcəyinizi görəcəksiniz.

Məsələn, əlverişli qiymətə yemək təqdim edən bir restoranda salat və əsas yeməyin qiyməti təxminən 8 dollardır. Bəzi restoranlarda eyni yeməyi yarı qiymətə də sifariş etmək mümkündür. Bakıdan kənarda da bir nəfərin yeməyi 4-5 dollardan baha deyil.

Bakıda kifayət qədər çox olan “fast food” yeməkxanalarında turistlər daha ucuz yeyə bilər. Bundan başqa, şəhər otellərinin əksəriyyətində səhər yeməyi xidmətə daxildir. Onun qiymətə daxil olmadığı otellərdə belə, səhər yeməyini 2,7 dollara təklif olunur. Bir sıra qonaq evində isə şam bir nəfər üçün cəmi 5-5,5 dollara başa gəlir. Bu, yemək xərclərinin xeyli azalmasına kömək edir.

Nəqliyyat xərcləri

Bakı o qədər də böyük şəhər deyil. Burada ictimai nəqliyyat sistemi kifayət qədər effektiv işləyir. Taksi və avtobusla yanaşı, metro, mikroavtobus, velosiped və elektrik qatarı kimi seçimlər mövcuddur. İctimai nəqliyyatda xidməthaqqı isə son dərəcə ucuzdur. Metro və avtobusda bir tərəfli gedişhaqqı cəmi 0,12 dollardır. Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakı şəhərinin mərkəzinə gedən avtobusda gediş haqqı təxminən 0,90 dollar təşkil edir. “BakıKart” adlanan elektron biletin qiyməti gediş yükləməklə birlikdə 1,17 dollardır. Üstəlik, bu kartla bütün avtobus və metro xətlərindən istifadə etmək mümkündür.

Tehran-Bakı reysi üzrə təyyarə biletinə gəlincə, qiymət 1 100 000 - 4 500 000 tümən arasında dəyişir. Səfərinizi Tehran-Bakı marşrutu ilə quru yolla planlaşdırırsınızsa, unutmayın ki, avtobus biletinin qiyməti 280 min tüməndir.

Bakının görməli yerləri

Bakının turstik məkanlarında qiymətlər Azərbaycanın digər şəhərlərindəkindən əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, Bakıda muzeylərə, əsas turizm obyektlərinə giriş qiyməti Qərbi Avropa ölkələri səviyyəsinə yaxındır. Bu, təxminən 3,8- 8,2 dollar arasında dəyişir. Muzeylərə, Qız qalası və Şirvanşahlar sarayı kimi bir çox məkana giriş təxminən 5,90 dollardır. İctimai nəqliyyatdan istifadə edərək “Atəşgah” məbədinə gediş qiyməti 10 dollardan ucuz, Azərbaycan Xalça Muzeyinə giriş isə təxminən 4 dollara başa gəlir. “Dalğa Beach Arena” akvaparkına giriş adi günlərdə 30 dollar, şənbə və bazar günləri isə 41 dollardır.

Şəhəri, turistik məkanları ictimai nəqliyyatla gəzmək bir qədər çətindir. Odur ki, səyahətinizi asanlaşdırmaq üçün müxtəlif şirkətlərin gündəlik turlarından istifadə edə bilərsiniz. Bu, təxminən 27,3 dollara baş gələcək. Amma bu qiymətə turizm məkanlarına giriş pulu daxil deyil.

Bakıdan Qobustana təxminən 70 dollara turlar təşkil edilir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Pool Va Tejarat

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az